Əsir, girov və itkinlər problemi

 

 Bizim vətəndaşların öz torpaqlarına qayıtmaq hüquqları vardır. Milyondan artıq Azərbaycan vətəndaşının fundamental hüquqları təmin edilməlidir. Bizim ərazi bütövlüyümüz bütün beynəlxalq ictimaiyyət, ölkələr tərəfindən dəstəklənmişdir.  Ermənistan hökuməti başa düşməlidir ki, XXI əsrdə bir dövlətin beynəlxalq müstəvidə tanınmış ərazisini işğal edən digər dövlət cəzasız qala bilməz.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

İş saatı başlayan kimi otaqdakı nisbi sakitliyi telefon zəngi pozur. Yaşlı qadın sanki ötən əsrdən gələn yorğun və nisgilli səslə: "Salam, ay bala, yenə də yuxumda görmüşəm. Axı, bu gün onun ad günüdür. Dedim, bəlkə oğlumdan xəbər var. Ağlamaqdan gözlərimə ağ gəlib, amma gözləməkdən yorulmamışam. Hec olmasa məzarı olsaydı...". Cavab verilir: "Onun məzarı Vətən torpağıdır, ay ana! O torpaq ki, indi düşmən tapdağındadır. Ali Baş Komandanımızın əmri ilə tezliklə onu düşməndən azad edəcəyik. Onda oraya Sizinlə birlikdə gedəcəyik və hər qarışına çiçəklər düzüb onun uğrunda həyatını qurban verənləri yad edəcəyik. Bax, o zaman qəlblərimiz və o torpaqda indi sərgərdan gəzən ruhlar rahatlıq tapacaq".

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun iş saatı 20 ildir ki, bu və ya buna bənzər notlarla başlayır, bu cür notlarla da bitir. Artıq 20 ildir ki, itkin düşmüş yaxınlarını gözləyən insanlar onlar barədə təxminən bu fikri söyləyirlər: "Heç olmasa məzarı olsaydı...". Bəli, bu, Ermənistanın Azərbaycana təcavüzünün nəticəsində yaranmış humanitar problemin ağır bir təzahürüdür. 20 ildir ki, mövcud status-kvonu qorumağa çalışan Ermənistan bununla həm insanlığa və bəşəriyyətə qarşı törətdikləri cinayətləri gizlətməyə çalışır, eyni zamanda, itkin düşmüş şəxslərin sonrakı taleyinin aydınlaşmasına mane olurlar. Bu gün taleyi müəyyən olunmamış hər iki tərəfə məxsus şəxslər hazırda Ermənistanın işğal etdiyi Azərbaycan Respublikasının ərazilərində itkin düşdükləri üçün onların sonrakı taleyini də məhz orada aydınlaşdırmaq zəruridir. Bunun üçün də mövcud status-kvonun dəyişdirilməsi, başqa sözlə, münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipi əsasında həlli vacibdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin də mövqeyi məhz bundan ibarətdir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş beynəlxalq bayram tədbirinin açılışında ölkə Prezidenti bu məsələ ilə bağlı mövqeyini bir daha açıqlayaraq bildirmişdi: "Biz danışıqlarda maksimum dərəcədə konstruktiv mövqe nümayiş etdiririk. Lakin bunun müqabilində biz Ermənistanın destruktiv mövqeyi ilə üzləşirik. Biz belə bir qənaətə gəlirik ki, Ermənistan danışıqları maksimum dərəcədə uzatmaq niyyətindədir. Sonuncu görüşlərimiz də onu nümayiş etdirir ki, onların gündəliyində olan yeganə məsələ sülhün bərqərar olunmamasıdır. Status-kvonun saxlanması prosesi uzatmaq məqsədi daşıyır. Lakin mən qeyd etmək istərdim ki, status-kvo qəbuledilməz bir vəziyyətdir. ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin rəhbərləri də qeyd etmişlər ki, status-kvo vəziyyəti dəyişilməlidir. Bu da beynəlxalq ictimaiyyət tərəfindən Ermənistan rəhbərliyinin ünvanına güclü mesajdır".

Məlumdur ki, dövlət komissiyası statistika idarəsi deyil, amma təəssüf ki, burada da əsasən rəqəmlərlə işləyirik. Zahirən bu rəqəmlər quru görünə bilər. Bəlkə də ifadə edilərkən heç bir hiss də oyatmaz. "4053 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır". Ancaq bu say sadəcə rəqəm deyil, hər bir sayın arxasında sınmış və yarımçıq qalmış bir insan taleyi dayanır. 90-cı illərdən əvvəl, itkin düşmüş şəxslər problemini "Böyük Bətən müharibəsi" dediyimiz İkinci dünya müharibəsi ilə bağlı filmlərdə seyr edər, bir də yaşadığımız bölgələrdəki ağsaqqal və ağbirçəklərdən eşidərdik. Ancaq fərqinə o qədər də varmazdıq, çünki bir problemi yaşamasan, onu dərk etmək çətindir. Görünür, bu taleyi xalqımız və onunla bərabər dövlət komissiyasının əməkdaşları yaşamalı imiş. Bu problemlə işləmək bizim Vətən tərəfindən müəyyənləşdirilmiş missiyamızdır. Təsadüfi deyil ki, hələ dövlət komissiyasının sədri təyin edildikdən sonra keçirilən ilk iclaslardan birində milli təhlükəsizlik naziri Eldar Mahmudov bildirmişdir: "Proses ağır zəhmət, eyni zamanda, məsuliyyət və peşəkar yanaşma tələb edir. Ona görə də ciddi hazırlıq işləri aparılmalı, dəqiq fəaliyyət xətti və strategiya müəyyənləşdirilməlidir". Bu fikir əslində, komissiyanın İşçi qrupu üçün müəyyən edilmiş "yol xəritəsi" idi.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 1993-cü ilin yanvar ayında yaradılmışdır. Azərbaycan müstəqillik əldə edərkən bir çox dövlət qurumlarının yaradılması zərurət olsa da, bu cür qurumun yaradılması barədə düşüncələr belə ola bilməzdi. Kimsə belə bir qurumun yaradılmasını arzu da etməzdi. Ancaq bu qurum zamanın, daha doğrusu, Ermənistanın Azərbaycan ərazilərinə olan əsassız və ədalətsiz iddiasının və bu iddiadan doğan qanlı münaqişənin tələbi idi.

Nəzəri olaraq bu problemlə bağlı fəaliyyəti üç mərhələyə bölə bilərik. Birinci mərhələni komissiyanın yaranmasına qədər olan müddət - 1988-ci ilin əvvəlindən 1992-ci ilin dekabrına qədər olan dövr təşkil edir. Bu mərhələni sadəcə pərakəndə yanaşma və ya xaos dövrü də adlandıra bilərik. Həmin dövrü xarakterizə edən əsas cəhət ondan ibarət idi ki, münaqişə qızışdıqca qurbanlar artır, ancaq yaxınları barədə məlumat ala bilməyən insanlar onların sonrakı taleyi barədə məlumat almaq üçün müraciət etməyə ünvan tapa bilmirdilər. Yaranmış vəziyyətdən isə ayrı-ayrı qüvvələr və ya fərdlər yararlanırdılar. Təəssüf ki, bu cür qüvvələr insanların düşdüyü vəziyyətdən istifadə edərək onları alver obyektinə çevirirdilər. Belə vəziyyətlə üzləşən insanlar bir çox hallarda ümidlərini tamam itirirdilər. Düzdür, hərdən onların köməyinə keçmiş Sovet Ordusunun bölgədə olan hərbçiləri "çatırdı". Ancaq bu, məsələnin həllini çox vaxt daha da mürəkkəbləşdirirdi. Lakin Allahdan ümid heç vaxt kəsilməz. Bir çox vətəndaşımız həmin illərdə itkin düşmüş yaxınlarını axtarmaq və ya düşmənin nəzarətində olan ərazilərdə qalmış şəhidlərimizin meyitlərini almaqda kömək göstərmək üçün o illərdə Naxçıvan Muxtar Respublikasında yaşayan və işləyən ümummilli liderimiz Heydər Əliyevə müraciət etdiklərini minnətdarlıqla xatırlayırlar. Onların hazırda dövlət komissiyasının o illərə aid rəsmi sənədlərində də əks olunmuş ifadələrinə əsasən, ümummilli liderimiz nə qədər çətin də olsa, insanlara kömək etmək, üzləşdikləri humanitar problemə yardımçı olmaq üçün hətta dəfələrlə Ermənistanın o vaxtkı Prezidenti T.Petrosyana şəxsən zəng etmiş və vətəndaşımızın əsir-girovluqdan azad edilməsinə, şəhidlərimizin meyitlərinin alınmasına nail olmuşdur. Əlbəttə, düşmən bir ölkənin rəhbərinə müraciətlə bağlı qərar qəbul etmək göründüyü qədər sadə deyildi, ancaq ümummili liderimiz bu addımları gözü yaşlı anaların, çarəsiz ataların imdadına çatmaq üçün atmışdı. Onun bu fəaliyyəti hər birimiz üçün böyük humanizm nümunəsidir.

İkinci mərhələ 1993-cü ilin yanvarından 1994-cü ilin may ayına - atəşkəsə qədər olan dövrü əhatə edir. Bu dövrü xarakterizə edən cəhətlərdən biri də 1993-cü ilin aprel ayında Azərbaycan Respublikasının 12 avqust 1949-cu il tarixli Cenevrə konvensiyalarına qoşulması və bu sənədlərdən irəli gələn öhdəlikləri öz üzərinə götürməsidir. Azərbaycan Respublikasının Cenevrə konvensiyalarına qoşulması, onların tələblərinin milli qanunvericilikdə əks etdirməsi (implementasiyası) zərurətini yaratmışdır. Bunun üçün 1995-ci ildə "Mülki şəxslərin müdafiəsi və hərbi əsirlərin hüquqlarının qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, bir sıra digər normativ aktlarda bu müddəalardan irəli gələn məqamlar öz əksini tapmışdır. Qeyd olunanları nəzərə alsaq, problemin həlli ilə bağlı bu mərhələni stabilləşmə mərhələsi də adlandırmaq olar. Ancaq burada "stabilləşmə" ifadəsi çox nisbidir. Çünki cəbhədə intensiv hərbi əməliyyatlar gedir, ərazilər işğal edilir, unsanlar şəhid olur, əsir-girov və itkin düşürdülər. Belə şəraitdə həm müraciət edən insanları qəbul edib dinləmək, onların ifadəsini sənədləşdirmək, eyni zamanda, yeni yaranmış qurumun işini təşkil etmək çox çətin məsələ idi. Əsas problem yaradan cəhət isə maddi-texniki bazanın demək olar ki, olmaması idi. Bütün bunlara baxmayaraq, dövlət komissiyasının 1993-cü ilin mart ayında yaradılmış işçi qrupu elə həmin ilin may ayında "Azərbaycan" qəzetində əsir, girov və itkin düşmüş vətəndaşlarımızın ilk siyahısını dərc etdirə bilmişdi.

Nəhayət, üçüncü mərhələ - atəşkəsdən bu günə qədər olan dövrü əhatə edir. Bu mərhələnin özünü isə iki yarımmərhələyə bölmək olar. Birinci yarımmərhələ 1994-2004-cü illər, ikinci yarımmərhələ isə 2004-2012-ci illərdir.

Bu mərhələnin birinci dövrünü stabilləşmə dövrü adlandıra bilərik. Ancaq siyahılarla bağlı komissiyanın təsis edilməsindən başlayan müddətdən yaranmış problemin həll edilməməsi, o cümlədən səmərəli işin təşkili üçün zəruri maddi-texniki bazanın yaradılmaması və kadrların düzgün seçilməməsi istənilən nəticənin əldə olunmasına maneçilik törətmişdir. 

Yuxarıda qeyd etdiyimiz dövrlərə qısa nəzər saldıq. Əslində, 20 il ərzində davam edən humanitar problemi və onunla bağlı göstərilən fəaliyyəti kiçik bir yazıya sığışdırmağı düşünmürük. Ancaq 2004-2012-ci illərdəki fəaliyyətə nisbətən geniş nəzər salacağıq. Çünki bu dövrü çəkinmədən praqmatik və sistemli yanaşma mərhələsi adlandırmaq olar.

Bu dövr Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2004-cü il tarixli sərəncamı ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri təyin olunması ilə start götürmüşdür. Sədr həmin dövrdə əvvəlcə prioritet təşkil edən məsələlərin müəyyənləşdirilməsini, kadr probleminin həllini və maddi-texniki bazanın yaradılmasını əsas amil kimi seçdi.

Göstərildiyi kimi, bu dövrdə ən əsas vəzifə itkinlərlə bağlı dövlət komissiyasındakı siyahıda dəqiqləşmənin həlli və bu siyahı ilə Beynəlxalq Qızıl Xaç Komitəsində (BQXK) olan analoji siyahıdakı fərqin aradan qaldırılması idi. Komissiya sədri bu işi fəaliyyətə başladığı ilk günlərdən etibarən işçi qrupunun qarşısında vacib vəzifə kimi qoymuşdur. O, bildirirdi ki, əvvəlcə siyahılarda dəqiqləşmə aparılmalı və axtarış obyektləri tam müəyyənləşməlidir. Bu həm də humanitar problemin miqyasının dəqiqləşməsi üçün vacib idi. Sonrakı mərhələdə aydın oldu ki, bu, uzaqgörən siyasət və dəqiq müəyyən edilmiş strateji xətt idi. Çünki 2008-ci ilin aprel ayında BQXK-nın Azərbaycandakı nümayəndəliyi ilə dövlət komissiyası arasında "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə" çərçivə sazişi imzalanmışdır. Çərçivə sazişindən irəli gələn məsələlərin həllində dəqiqləşdirilmiş siyahı vacib amildir. Çünki sazişin əsas məqsədi münaqişə nəticəsində itkin düşmüş şəxslərlə bağlı ətraflı məlumatların toplanmasından, gələcəkdə naməlum meyit qalıqlarının ekspertizası və identifikasiyası zamanı bu məlumatlardan istifadədən ibarətdir. Başqa sözlə, itkin düşmüş şəxslərlə bağlı toplanmış məlumatlar, naməlum meyit qalıqlarının ekspertizası zamanı əldə olunacaq məlumatlarla tutuşdurulacaq və meyit qalığının kimə aid olduğu müəyyənləşdiriləcəkdir.

Beləliklə, siyahılarda dəqiqləşmə işinin başlanmasından keçən müddətdə 1045 nəfərin taleyinə aydınlıq gətirilərək adları itkin düşmüş şəxslərin siyahısından çıxarılmışdır. Onlardan 386 nəfərinin sağ , 312 nəfərin hərbi əməliyyatların gedişində həlak olduğu və meyitlərinin tanınaraq dəfn edildiyi, 332 nəfərin adının siyahıdan təkrar keçdiyi, 15 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşdüyü (komissiyanın axtarış-araşdırma obyekti olmadığı) müəyyənləşdirilmişdir. Bundan başqa, 2280 itkin barədə komissiyanın işçi qrupu tərəfindən toplanmış və dəqiqləşdirilmiş məlumatlar BQXK-ya göndərilmişdir. Qeyd etmək yerinə düşər ki, hazırda siyahılarda dəqiqləşmə işi demək olar ki, başa çatmaq üzrədir. Ancaq münaqişənin xarakteri elədir ki, hər gün yeni-yeni məlumatların ortaya çıxması mümkündür. Təsadüfi deyil ki, bu müddət ərzində yaxınlarının və aidiyyəti qurumların komissiyaya müraciət etmədiyi 122 nəfərin hərbi əməliyyatların gedişində itkin düşməsi faktı aşkarlanmış və qeydiyyata götürülmüşdür. Hazırda 1 mart 2012-ci il  tarixə olan məlumata əsasən, 4053 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. BQXK-da bu rəqəm hazırda 3746 nəfər təşkil edir. Bu qurum tərəfindən 2004-cü ildə komissiyaya təqdim edilmiş siyahıda isə itkin düşmüş şəxs kimi 2557 nəfərin adı qeydiyyatda olmuşdur. Deməli, 1189 nəfər azərbaycanlının əlavə olaraq BQXK-da itkin düşmüş şəxs kimi qeydiyyata alınmasına bu illərdə nail olunmuşdur. Bu, qurumla aparılmış birgə işin və əməkdaşlığın nəticəsində mümkün olmuşdur.

Eyni zamanda, dövlət komissiyasının səyləri nəticəsində göstərilən dövr ərzində əsir və girov götürülmüş 22 nəfər BQXK-nın vasitəçiliyilə azad edilmişdir. Bundan başqa, aparılmış araşdırmaların nəticəsi olaraq adları 2004-cü ilə qədər dövlət komissiyasının siyahısına düşməmiş 53 nəfərin 1989-1993-cü illərdə əsir və girov götürülməsi və azad edilməsi faktı müəyyən edilərək qeydiyyata alınmışdır. Hazırda 1 mart 2012-ci il  tarixə olan məlumata əsasən, 1400 nəfər əsir və girovluqdan azad edilmiş şəxs kimi komissiyada qeydiyyata alınmışdır. Qeyd etmək lazımdır ki, bu müddətdə həmçinin Azərbaycan ərazisində saxlanılmış 21 erməni və 1 meyit də qarşı tərəfə qaytarılmışdır.

 Məlumdur ki, Ermənistanın danışıqlarda tutduğu qeyri-konstruktiv mövqeyə görə münaqişənin həllinin uzanması, eyni zamanda, Ermənistan hərbçilərinin mütəmadi şəkildə atəşkəsi pozması ilə bağlı Azərbaycan hərbçiləri və mülki şəxslərin (o cümlədən uşaqların) həlak olması halları davam edir. Komissiya 2004-cü ildən keçən müddət ərzində həlak olaraq düşmən nəzarətində qalmış 5 nəfərin (3 hərbçi, 2 mülki) meyitini alaraq yaxınlarına təhvil vermişdir. Həm ciddi, həm də böyük ictimai rezonans doğurmuş hal isə 2010-cu ilin yayında Ermənistan hərbçilərinin hücumunu dəf edərkən şəhid olmuş hərbçilərimizin meyitlərinin uzun müddət Ermənistan tərəfindən qaytarılmaması olmuşdur. Onlara qarşı qeyri-insani hərəkətlərə yol verilməsi isə daha çox narahatlıq yaratmışdır. Bu faktlar Ermənistanın beynəlxalq humanitar hüquq normalarına əməl etmədiyini bir daha təsdiqləyir.

Bu prosesdə dövlət komissiyası gərgin anlar yaşamışdır. Yaxınlarını itirmiş insanlar demək olar ki, hər gün komissiyanın işçi qrupunda qəbul olunmuş, onlara görülən işlər barədə ətraflı məlumatlar verilmişdir. Bu şəxslərə çatdırılan məlumatlarla yanaşı, həm də mənəvi-psixoloji dəstəyin verilməsi işin vacib tərəfi idi. Həmin vaxt çox çətin və mürəkkəb bir situasiya yaranmışdı. Ancaq oktyabr ayında Rusiya Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxanda keçirilmiş görüşü məsələnin həllinə öz töhfəsini vermişdir. Həmin görüşdə Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyası prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatı imzalanmış və bundan sonra komissiya çox vacib olan meyitlərin və girovun qaytarılması prosesini həyata keçirmişdir.

Bu hadisələr baş verən andan məsələ ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daim diqqət mərkəzində olmuşdur. Şəhid hərbçilərimiz - Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərinin alınması ilə bağlı onun tərəfindən bütün göstəriş və tapşırıqlar verilmişdi. Beləliklə, Həştərxan bəyannaməsinə uyğun olaraq, eyni zamanda, dövlət komissiyasının və beynəlxalq təşkilatların birgə səyləri, müntəzəm aparılan danışıqlar səmərə vermiş, nəticədə 2010-cu ilin noyabr ayının 6-sında şəhid hərbçilərimizin meyitləri Ermənistandan alınaraq cənab Prezidentin göstərişi ilə Bakı şəhərindəki İkinci şəhidlər xiyabanında dəfn olunmuşdular. Dəfn mərasimində ölkə rəhbəri iştirak etmişdir.

Yuxarıda qeyd etdiyimiz kimi, 2008-ci ildə BQXK-nın Azərbaycandakı nümayəndəliyi ilə dövlət komissiyası arasında "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə" çərçivə sazişi imzalanmışdır. Saziş imzalandıqdan sonra zəruri olan ilk iş itkinlər barədə məlumatların toplanması  idi ki, bu iş BQXK-nın köməyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri tərəfindən həyata keçirilmişdir. Məlumatları toplamaq üçün BQXK tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllü qruplarına təlim-kurslar keçirilmişdir. Layihə üç mərhələdə həyata keçirilmişdir. Birinci mərhələdə 2008-ci ilin iyun ayından 2009-cu ilin aprel ayınadək təlim keçmiş 24 könüllü Bakı və Sumqayıt şəhəri və Abşeron rayonunda yaşayan 1389, ikinci mərhələdə cəmiyyətin müvafiq rayon bölmələrinin 26 könüllüsü 2009-cu ilin fevral ayından 2010-cu ilin yanvar ayınadək Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Gəncə, Göygöl, Mingəçevir, Goranboy, Yevlax, Tərtər, Ağdam, Füzuli, Ağcabədi, Beyləqan, Bərdə rayonlarında yaşamış 991, üçüncü mərhələdə isə Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Zaqatala, Balakən, Şəki, Qax, Ucar, Zərdab, Ağdaş, Göyçay, İsmayıllı, Qobustan, Şamaxı, Hacıqabul, Sabirabad, Saatlı, Masallı, Lənkəran, Yardımlı, Lerik, Biləsuvar, Astara, Cəlilabad, Salyan, İmişli, Qəbələ, Kürdəmir, Ağsu, Neftçala rayon bölmələrinin təlim keçmiş 36 könüllüsü 2009-cu ilin dekabr ayından 2010-cu ilin dekabr ayınadək bu rayonlar üzrə 1110 itkin barədə məlumatlar toplamışlar. Göstərilən müddətdə  ümumilikdə 3490 sorğu anketi toplanılaraq BQXK-ya təhvil verilmişdir.

26 yanvar 2011-ci il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə dövlət komissiyası arasında imzalanmış "AnteMortem / PostMortem məlumat Bazasının istifadəsi" üzrə Proqram Təminatı Müqaviləsinə uyğun olaraq, toplanmış məlumatların elektron məlumat bazasına daxil edilməsi işi dövlət komissiyasının BQXK tərəfindən əvvəlcədən təlim keçilmiş əməkdaşları tərəfindən aparılmalıdır. Ötən ilin sonlarından etibarən bu işə start verilmiş, artıq 337 nəfər barədə məlumatlar bazaya daxil edilmişdir. Bu iş BQXK-nın köməyi ilə davam etdirilir. Lakin qeyd olunan işlər qarşıda duran vəzifənin həyata keçirilməsinin ilkin mərhələsidir. Çərçivə sazişinə əsasən, sonrakı mərhələlərdə itkin düşmüş şəxslərin yaxın qohumlarından qan nümunələrinin götürülməsi və müvafiq qan bankının yaradılması, bankın və naməlum sümük qalıqlarının beynəlxalq aləmdə qəbul olunmuş qaydada saxlanması üçün müasir tələblərə uyğun laboratoriyası olan xüsusi mərkəzin  yaradılması zəruridir.

Dövlət komissiyasının qərarına uyğun olaraq bu məsələ ilə bağlı 2011-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanmışdır. Ölkə Prezidenti bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göstəriş vermiş və məsələnin icrası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə tapşırılmışdır. Ilkin məlumata görə, yeni mərkəzin Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin bazasında yaradılacağı planlaşdırılır. Yaradılacaq qurum Milli Təhlükəsizlik Nazirliyi ilə sıx işgüzar münasibətdə işləyəcək. Hazırda qan nümunələrinin toplanması və bankın yaradılması üşün BQXK ilə müzakirələr davam etdirilir.

Bu illərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq əlaqələri də nəzərə çarpacaq dərəcədə inkişaf etmiş, komissiya sədri Eldar Mahmudov tərəfindən bir sıra önəmli görüşlər keçirilmiş, danışıqlar və müzakirələr aparılmışdır.

2004-cü ildə BQXK-nın Azərbaycandakı nümayəndəliyinin səlahiyyət müddəti başa çatmış və yeni təyin olunmuş rəhbəri, 2005-ci ildə BQXK-nın Şərqi Avropa üzrə Əməliyyat İdarəsinin başçısı və qurumun Azərbaycandakı nümayəndəliyinin rəhbəri, 2006-cı ildə BQXK-nın prezidenti və qurumun Avropa üzrə əməliyyat bölməsinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi və həmin komitənin katibi, 2007-ci ildə BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri və Avropa Şurasının İnsan hüquqları üzrə komissarı,  2008-ci ildə Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri və BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri, 2009-cu ildə ölkəmizdə səfərdə olmuş Belçika Krallığının senatoru və onun rəhbərlik etdiyi nümayəndə heyəti, BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri, 2010-cu ildə Kiyev Milli Aviasiya Universitenin Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq hüquq kafedrasının müdiri, Müstəqil Dövlətlər Birliyi Antiterror Mərkəzinin koordinatoru, BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısı, 2011-ci ilin fevral ayında "Terror qurbanları Fransa Assosiasiyası"nın baş direktoru və onun köməkçisi və macar tarixçi alim, antropoloq dövlət Komissiyasının sədri tərəfindən qəbul edilmiş və müzakirələr aparılmışdır. Keçirilən hər bir görüşdə komissiya sədri qonaqlara dövlət komissiyasının keçdiyi yol, xüsusən də, son illərdə aparılmış işlər, əldə edilmiş uğurlar, itkinlər, əsir və girovlar problemi ilə bağlı Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe barədə ətraflı məlumatlar vermiş, işğal nəticəsində törədilmiş cinayət, əsir və girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktlarını onların diqqətinə çatdırmışdır. Bildirilmişdir ki, Ermənistanın Azərbaycana  təcavüzü zamanı işğalla yanaşı, beynəlxalq hüquq normaları da pozulmuş, terror, soyqırımı, insanlığa və bəşəriyyətə qarşı cinayətlər törədilmişdir.

Həmçinin 2004-2011-ci illər ərzində dövlət komissiyası ölkə daxilində və xaricdə keçirilmiş bir sıra önəmli tədbirlərdə təmsil olunmuş, iştirakçılara Ermənistanın Azərbaycana təcavüzü nəticəsində etnik təmizləmə, soyqırımı, insanlığa və bəşəriyyətə qarşı törədilmiş digər cinayət əməlləri barədə geniş məlumatlar verilmişdir. Qeyd etmək lazımdır ki, "Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və etnik təmizləmə siyasətini əks etdirən hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması üçün ardıcıl və məqsədyönlü iş aparılması ilk dəfə dövlət komissiyasının qarşısında ümummilli liderimiz Heydər Əliyevin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında 1 mart 2001-ci il tarixli sərəncamı ilə müəyyənləşsə də, bu iş 2004-cü ildən sonra daha güclü, düşünülmüş və sistemləşdirilmiş şəkildə həyata keçirilməyə başlanmışdı. Bu sahədə son illərdə aparılmış işlərin miqyası genişdir. İşlər demək olar ki, dünyanın əksər ölkələrində aparılmışdır. Ölkə daxilində isə əsasən, təhsil müəssələrində geniş tədbirlər və elmi konfranslar təşkil edilmişdir. Ümumiyyətlə, 2004-2012-ci illər ərzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşəbbüsü və iştirakı ilə 20-dən cox  dildə hazırlanmış yüz mindən artıq təbliğat vasitəsi respublikamızın xarici ölkələrdəki səfirlik və nümayəndəliklərinə, diaspor təşkilatlarına, dünyanın tanınmış elm ocaqlarına və kitabxanalarına, politoloq və konfliktoloqlara, xarici dövlət və ictimai xadimlərinə göndərilmiş, keçirilmiş tədbirlərdə yayılmışdır.

Ermənistanın təcavüzü ilə birlikdə yaranmış əsir, girov və itkinlər problemi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. İsveçrənin Davos şəhərində keçirilmiş "Dünya İqtisadi Forumu" çərçivəsində 26 yanvar 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenberqerlə keçirdiyi  görüş və apardığı müzakirələr bu diqqətə daha bir əsasdır. Ona görə də vətəndaşlarımız əmin olsunlar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş hər bir insanımızın sonrakı taleyi aydınlaşana qədər komissiya Vətən və dövlət tərəfindən onun qarşısında qoyulmuş missiyanı həyata keçirəcəkdir.

 

 

Eldar SƏMƏDOV,

Əsir və itkin düşmüş, girov götürülmüş

vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

İşçi qrupu rəhbərinin müavini, AMEA-nın

Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun

dissertantı

 

 

Azərbaycan.- 2012.- 17 mart.- S. 7.