Xilaskarlıq
missiyası
Heydər ƏLİYEV: "Bu dövləti biz qurduq, biz də
yaşadacağıq"
Olum ya ölüm?!
Hadisələr sürətlə öz kulminasiya nöqtəsinə yaxınlaşırdı. R.Cavadovun göstərişi ilə martın 12-dən 13-nə keçən gecə Elçin Əmiraslanovun başçılıq etdiyi XTPD-in Qazax rotası dövlətə qarşı silahlı qiyama başlayaraq Qazax RİH binasını, rabitə qovşağını, polis şöbəsini zəbt etdi, şəxsi heyətə məxsus silah və sursatı ələ keçirərək tərəfdaşlarına payladı. Cinayətkar dəstə Ağstafada rayon polisinin ciddi müqavimətinə rast gəldikdən sonra Tovuz rayonunun sərhədində yerləşən "Cavanşir" restoranını ələ keçirərək, burada nəzarət postu yaratdı.
Bir gün sonra hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində adı gedən rayonlarda hadisələr lokallaşdırılmış, qanunazidd əməllərə yol vermiş 180-dən çox adam həbs olunmuşdu.
Bakıda isə hadisələr XTPD-nin 8-ci km-də yerləşən bazasında cərəyan edirdi. Burada dörd istiqamətdə hücumu nəzərdə tutan hərbi plan işlənib hazırlanmışdı. Ən müxtəlif müasir silah və texnika ilə silahlanmış cinayətkar dəstə Prezident Aparatının, Ali Sovetin və Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin binalarını zəbt etməli, Daxili İşlər Nazirliyini ələ keçirməli idi.
Bəli, 1995-ci ilin martında yenicə dirçəliş yoluna qədəm qoymuş dövləti yenidən zorla, silah gücünə devirmək, hakimiyyəti ələ keçirmək cəhdi oldu. Həm xaricdən dəstəklənən dairələr, həm də antimilli müxalifət qüvvələri silahlı bir qurumun - Xüsusi Təyinatlı Polis Dəstəsinin ətrafında cəmləşmişdilər. Təəssüflər olsun ki, onları birləşdirən torpaq itkisi, vətən sevgisi, qəribçilikdə əsir qalmış ana-qız-gəlin qeyrəti deyildi. Onların iradəsini idarə edən zəif və xəstə hisslər idi, hakimiyyətin bir də geri dönə biləcəyi ilə bağlı irreal və əflatuni xülyaları idi. Öz şəxsi, firqə mənafelərini ümummilli mənafelərdən üstün tutan və millətin o ağır günündə hakimiyyət uğrunda döyüşə qalxan bədxah və rəzil qüvvələr bu gün - tarixin öz bətnindən süzüb keçirdiyi ötən 17 ilin yüksəkliyindən necə də yazıq və miskin görünürlər.
"İstəmirəm
azadlığı qram-qram..."
Millətini və xalqını qardaş qırğınına sürükləyənlər şəxsiyyət və zaman məfhumlarını unutmuşdular. Hər şeyə 1988 və 90-cı illərin barrikada eyforiyası, 92-ci ilin şanlı "Mayıs inqilabı"nın sərməstliyi və 93-ün iyun fitnəkarlığı prizmasından baxmağa çalışırdılar. Ancaq tarix onunla "çilingağac" oynamağa girişən "küçə adamları"nın "dərsini" verdi.
Həmişə sülh, barış tərəfdarı olan ümummilli lider Heydər Əliyev ölkə üçün belə bir taleyüklü məqamda - martın 15-də milli televiziya ilə Azərbaycan vətəndaşlarına müraciət etdi: "Müstəqilliyimizə qarşı olan təzyiqlər təkcə ayrı-ayrı dairələrin təzyiqi deyil. Təəssüf ki, Azərbaycanın öz içərisindən çıxan adamların, vəzifə hərislərinin də müstəqilliyimizə zərbə vurmaq cəhdlərinin şahidisiniz. ...Bütün bu mühafizəkar qüvvələr, Azərbaycanın müstəqilliyinə təcavüz etmək əzmində olan qüvvələr birləşirlər. Çünki görürlər ki, Azərbaycan artıq dördüncü ildir müstəqil dövlət kimi yaşayır, bütün bu təzyiqlərə sinə gərir və möhkəm dayanmışdır".
Dövlət başçısı öz müraciətində XTPD-çiləri emosiyalara uymamağa, silahı yerə qoymağa çağırdı, onların qohumlarına, aşkar, ya gizli dəstəkləyənlərə bildirdi: "Xüsusi Təyinatlı Polis Dəstəsi... Azərbaycanın erməni təcavüzündən qorunması üçün yaradılıb. Ancaq onu yaradanlar Rövşən Cavadov deyil, başqaları olublar. O dəstələr vuruşublar, döyüşüblər, fəaliyyət göstəriblər, şəhid veriblər. Bunlar hamısı xalqın tarixində əks olunub. Mən şəhidlərin ruhu qarşısında bu gün də baş əyirəm".
XTPD sindromu birdən-birə yaranmamışdı. Bir vaxtlar döyüşən cəbhədə erməni yaraqlılarının canına vəlvələ salan, qurbanlar verən "OMON" sonradan hərəkətlərinə heç bir qoruq-qaytan qoymayan başıpozuq cinayətkar dəstəyə çevrildi. Rəsmən DİN-ə tabe olsa da, XTPD üzvləri faktiki şəkildə nazirin göstərişlərinə əməl etmir, mafioz qruplara xidmət göstərir, öz mənfəətlərini götürür, müxtəlif cinayətlər törədirlər.
Dövlət başçısı bəyan etdi ki, onların qanunsuz əməllərinin qarşısı alınmadığına, alicənablıq edib güzəştə getdikləri, bəzi hallarda vəziyyəti gərginləşdirməmək xatirinə cinayətlərinə qanunun tələbləri nöqteyi-nəzərindən və bütün sərtliyi ilə qiymət verilmədiyindən qudurmuşlar. Və bunun nəticəsi kimi, hesab etmişlər ki, dövlət çevrilişi də edə bilərlər.
Heydər Əliyev müraciətində birmənalı şəkildə elan etdi ki, Azərbaycan dövlətini son damla qanınadək qoruyacaq, bu nailiyyətimizə təcavüz edən adamların cəzasını da qanun çərçivəsində verəcəkdir. Əmin olduğunu bildirdi ki, xalqın müdrikliyi, inamı, müstəqilliyə bağlılığı bu dəfə də bizi çətin vəziyyətdən çıxaracaqdır.
Elə həmin gün daxili işlər naziri Ramil Usubov dövlət başçısına müraciət edərək, Rövşən Cavadovun nazir müavini kimi vəzifəsinin öhdəsindən gəlmədiyi, dəfələrlə xəbərdarlıq edilsə də, müvafiq nəticələr çıxarmadığı, XTPD-ni özünün və ayrı-ayrı adamların çirkin və şəxsi niyyətlərini həyata keçirmək üçün alətə çevirdiyi üçün vəzifəsindən azad etməsini xahiş etdi. Ölkə Prezidenti Heydər Əliyev ona həvalə olunmuş sahələrdə işi bərbad vəziyyətə saldığına, xidməti vəzifəsinin öhdəsindən gəlmədiyinə görə, qanuna zidd olaraq siyasətə qoşulduğuna və Konstitusiya dövlət quruluşunun zorakılıqla devrilməsinə cəhd göstərdiyinə, habelə bu məqsədlə XTPD üzvlərini və digər cinayətkar ünsürləri cəlb etdiyinə görə Rövşən Cavadovu tutduğu vəzifədən azad etdi.
Əfv etmək qəlbin böyüklüyüdür
Mart ayının 16-da ulu öndər Heydər Əliyev DİN-in keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin bazasında yerləşən sabiq əməkdaşlar haqqında fərman imzaladı. Bu sənəddə ölkə başçısı humanizm prinsiplərini rəhbər tutaraq silah və sursatını könüllü təhvil verən əməkdaşların cinayət məsuliyyətinə cəlb olunmamasını və onlar haqqında qanunvericiliklə nəzərdə tutulan digər tədbirlərin tətbiq edilməməsini qərara almışdı. Ən ali ideallar naminə bəzən cinayətkarı da bağışlamağı bacaran Heydər Əliyev humanizm prinsiplərini rəhbər tutaraq silahlı müxalifətə, daha doğrusu, mütəşəkkil cinayətkar dəstəyə qarşı daha bir humanist addım atdı.
Təəssüflər olsun ki, ölkə prezidentinin bu addımını qiymətləndirməyə qarşı tərəfin ağıl və düşüncəsi kifayət etmədi. İş o səviyyəyə çatmışdı ki, R.Cavadov nazirin XTPD-nin ləğvi ilə bağlı sərəncamını icra etməkdən imtina etdi. Elə həmin gün azğınlaşmış cinayətkar dəstənin Nizami Rayon Polis İdarəsinə silahlı basqını baş verdi. Məqsəd silah ələ keçirmək, xalqın gözünü qırmaq idi. RPİ-nin rəisi Sahib Mirzəyevin başçılığı ilə polislər güclü müqavimət göstərdilər. Təxminən yarım saat çəkən atışma nəticəsində iki polis yaralandı, bir OMON-çu məhv edildi. XTPD dövlətin və onun polisinin gücünü gördü.
Prezident radikal addımlar atmaq istəmirdi. Lakin əfsuslar
olsun ki, qarşıdakı qüvvələr
bunu humanistlikdən doğan jest deyil, geriləmə, zəiflik,
mövqelərin laxlaması
kimi başa düşürdülər. Bu qənaətlərinə inandılar, əmin oldular və uduzdular. Xalq ayağa qalxdı,
müstəqilliyinə uzanan
xain əllərə,
dövlətçiliyinin fidan
cücərtilərinə təcavüz
edənlərə nifrətini
bildirdi, ölkə başçısından təsirli
və qəti tədbirlər görməsini
tələb etdi.
Qan çanağı
Rövşən Cavadov 1994-cü ilin oktyabr ayında olduğu kimi, yenə də naşı siyasətbazların,
mafioz qruplaşmaların
əhatəsində idi. 8-ci km-dəki məkr yuvasını ən müxtəlif adamlar "ziyarət" edirdilər.
Başabəla polkovnik xarici
ölkələrin jurnalistlərinə
bu hakimiyyəti devirəcəyi, ölkədə
yeganə real qüvvənin
özü olduğu barədə sərsəm
açıqlamalar verirdi.
Həmin ağır günlərdə dünyanın böyük dövlətlərindən ABŞ, Rusiya və Türkiyə rəsmi bəyanat verərək Azərbaycan Prezidentinin birmənalı olaraq dövlətçiliyin, insan hüquq və azadlıqlarının qorunmasına yönəlmiş hərəkətlərini dəstəklədiklərini bildirirdilər.
Dövlətçiliyin taleyini martın 16-dan 17-nə keçən gecə həll etdi. Əslində bu cinayətkar ünsürlərin dövlət üçün hər hansı bir təhlükə təşkil edə biləcəyini düşünmək absurd olardı. Amma əsas məqsəd qanın qarşısını almaq, qardaş qırğınına yol verməmək idi. Rövşən Cavadov və tərəfdaşları bunu başa düşmədilər... və çox tezliklə necə böyük səhvə yol verdiklərini dərk etdilər.
Martın 17-nə keçən gecə XTPD-çilər 8-ci km-dəki bazanı mühasirəyə almış Silahlı Qüvvələrin nizami dəstələrinə qarşı ən müxtəlif silahlardan istifadə etməklə şiddətli atəş açdılar. Gecə saat 4-dən etibarən hökumət qoşunları ətraf ərazilərdə mövqe tutmuş azğın bandit dəstələrini öz "mağarasına" doğru sıxışdırmağa başladı. Martın 17-si saat 11.40 radələrində məğlub olduqlarını görən "omon"çuların təslim olmaqdan başqa çıxış yolları qalmadı. Toqquşma nəticəsində 49 nəfər həlak olmuş, 109 nəfər yaralanmışdı. Həmin cinayət işi üzrə 514 nəfər cinayət məsuliyyətinə cəlb olunaraq, ədalət mühakiməsi tərəfindən layiqli cəzasını aldı.
Düşmən dəyirmanına su tökənlər
Konkret müqəssirlər məlumdur. Onları üzə çıxarmaq sırf prosessual məsələ olsa da, həm də hər birimizin vətəndaşlıq borcudur.
Lakin həmin cinayətkar əməlin təşkilatçıları, təhrikçiləri və icraçıları ilə yanaşı, dəstəkləyənləri və təəssübkeşləri də vardı. Belə ki, "omon"çular Qazaxda özbaşınalıq törədərkən elə bilirdilər ki, Xalq Cəbhəsi eyni vaxtda Naxçıvanda hakimiyyəti ələ keçirəcək, Lənkəran və digər rayonlar ayağa qalxacaq. Belə bir məlumat vardı ki, Bakıda AXC-nin mərkəzi təşkilatlarından bütün dayaq dəstələrinə "bir nömrəli hazırlıq" əmri verilmişdi.
Hələ o vaxt ölkə Prezidenti
Heydər Əliyev mart hadisələrini
1994-cü il oktyabr çevriliş cəhdinin davamı, kompleks halında düşünülüb
hazırlanmış məkrli oyunun bir hissəsi adlandırdı.
Təəssüf doğuran bir məqam da ondan ibarətdir ki, dövlətin bütövlüyü, toxunulmazlığı üçün ciddi bir təhlükənin yaşandığı, hakimiyyətə gəlməyin antikonstitusion metodlarının işə düşdüyü bir məqamda vətəndaş həmrəyliyi nümayiş etdirmək, bölücülük, təfriqəçilik meyillərini qətiyyətlə pisləmək əvəzinə ayrı-ayrı siyasi partiyalar, ictimai-siyasi təşkilatlar mobil və mütəşəkkil cinayətkar qruplardan, quldur dəstələrindən öz çirkin, absurd hakimiyyət iddialarını yeritmək məqsədilə istifadə etdilər. Onlar unutmuşdular ki, xalqın dəstəyinə, insanların güvəninə söykənməyən hər hansı bir iddia iflasa məhkumdur.
Ulu öndər Heydər Əliyev bu cür naqis davranış və əxlaq formasını çox dəqiq və dolğun səciyyələndirmişdi: "Bunlar hamısı onu göstərir ki, guya müxalifətdə duran bəzi partiyalar üçün dövlət, xalq, millət qiymətli deyil. Ancaq öz şəxsi hikkələri, niyyətləri, çirkin hərəkətləri qiymətlidir".
Neçə-neçə həmvətənimizin nahaq ölümü ilə nəticələnən bu qanlı cinayət hadisəsində Müsavat partiyasının adı hallandı. Görəsən, hakimiyyət uğrunda sivil mübarizənin vacibliyindən, problemlərin həllində silahlı qarşıdurmanın bir metod kimi qeyri-məqbulluğundan ağızdolusu danışan İsa Qəmbərov partiya üzvlərinin bu cinayətə bağlılığını necə izah etdi? İzah edə bilsə idi, 2003-ün oktyabrında törətdiyi iğtişaş da baş verməzdi.
Həmin günlərdə ölkə başçısı hamını şər qüvvələrə qarşı səfərbər olmağa çağıraraq deyirdi: "Heç kəs hesab etməsin ki, hər şey bitmişdir. Azərbaycanın dövlətçiliyinə qəsd edən qüvvələr təkcə XTPD-nin bazasında olan adamlar deyil. Onları istiqamətləndirən, onlara havadarlıq edən, maliyyələşdirən, cinayətkar yola sövq edənlər var".
1995-ci il martının qarğaşalı və həyəcanlı günlərində ölkə prezidenti Heydər Əliyev siyasi hakimiyyətinin və şəxsi həyatının kredosuna, manifestinə çevrilmiş prinsipial mövqeyini ortaya qoydu. Bu mövqe uzun illərin gərgin mübarizə sınağında bərkimiş, məhək daşına çevrilmiş, damla-damla toplanmış təcrübə ilə cilalanmış, beynəlxalq kürsülərdən müdafiə edilmiş, əsas qayəsi xalqına təmənnasız xidmət idealı ilə yoğrulmuş, yeganə meyarı düzgünlük, ədalət və aydınlıq olan mövqe idi: "Siz mənim mövqeyimi bilirsiniz: Azərbaycanın müstəqilliyi, dövlətçiliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, xalqımızın rifah halı - budur mənim mövqeyim. Azərbaycanın bu ağır vəziyyətdən çıxarılması, respublikanın demokratiya yolu ilə getməsi, demokratik islahatların aparılması, demokratik seçkilərin keçirilməsi, demokratik Konstitusiyanın qəbul olunması - budur mənim mövqeyim. Mən bu mövqeyimlə yaşayıram, bundan sonra da bu mövqe ilə fəaliyyət göstərəcəyəm. Bütün dünyaya bəyan edirəm ki, heç bir qüvvə məni, xalq tərəfindən seçilmiş qanuni Azərbaycan prezidentini öz mövqeyimdən çəkindirə bilməz".
* * *
Hər bir insan, xalq yaşadığı və övladlarına əmanət qoyduğu tarixini özü yazır. Əməlləri, idealları ilə!
Siyasi mübarizə tarixi də elədir. Onun müntəxabatına düşməyə iddialı hadisələr kəskin mübarizədə qazanılmış təcrübəyə söykənir. Həmin prizmadan yanaşsaq, ümummilli lider Heydər Əliyevin müdrikliyi sayəsində silahlı çevriliş yolu ilə, qeyri-konstitusion yolla hakimiyyətə gəlmək praktikasına və xülyalarına birdəfəlik son qoyuldu.
1995-ci ilin mart ayında Azərbaycan öz dövlətçiliyini qoruya bildi. Bu dövlətin iradəsi nümayiş etdirildi. Artıq 17 ildir ki, biz haqq yolundayıq, ədalət tərəfdarıyıq. Və bu yolda bizə mane olmağa cürət edən olsa, qarşısında Azərbaycan dövlətinin gücünü görəcəkdir!
Xalid NİYAZOV
Azərbaycan.- 2012.- 17 mart.- S. 8.