İnkişafın
yeni mərhələsi yaşanır
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs ölkəmizdə ictimai sabitliyə nail olunması ilə yanaşı, iqtisadi inkişafı da şərtləndirdi. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" XXI əsrin əvvəlində qüdrətli, varlı və güclü Azərbaycanın təməli oldu. Bu müqavilənin ölkəmizin iqtisadi inkişafındakı rolu əvəzedilməzdir. Amma Azərbaycanın inkişafında ən əsas şərt məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulan davamlı, inkişafı hədəfləyən, qətiyyətli siyasi kursdur.
2003-cü ildə Prezident İlham Əliyevin dövlət başçısı seçilməsi ilə bu siyasi kurs modernləşdirilərək davam etdirildi. Bu isə qısa zaman kəsiyində ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsinə səbəb oldu. Məhz Prezident İlham Əliyevin inkişaf konsepsiyası əsasında bütün sahələrdə uğurlara imza atılması istiqamətində fəaliyyəti bu gün Azərbaycanın dünyanın diqqət mərkəzində olmasında müstəsna rol oynayır. Son dövrlər sosial-iqtisadi sahələrdə əldə olunan nailiyyətlər, xüsusən regionların əsaslı inkişafına nail olunması yönündə aparılan işlər, yeni infrastrukturların qurulması, iş yerlərinin açılması Azərbaycan dövlətinin bugünkü tablosunun əsas ştrixləridir. Bu mənada iki mərhələdə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları xüsusi əhəmiyyət kəsb edir. Fevralın 28-də "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans isə ölkəmizin əldə etdiyi inkişaf yolunun əyani nümayişinə çevrildi.
Ümumiyyətlə, 2011-ci il ölkəmizin həyatında bütün istiqamətlər üzrə uğurlu dövr kimi xarakterizə oluna bilər. Keçən il Azərbaycan iqtisadi cəhətdən daha da inkişaf etdi, siyasi cəhətdən isə böyük bir uğura imza atdı - BMT TŞ-yə qeyri-daimi üzv seçildi. 2011-ci ildə Avropanın bir sıra ölkələri iqtisadi böhran yaşasa da, Azərbaycanın düzgün istiqamətlənmiş iqtisadi qüdrəti daha da gücləndi. Bunu təsdiq edən faktlar olduqca çoxdur.
Bu gün bütün ölkə kimi, Qusar rayonu da yenidənqurma və inkişaf mərhələsini yaşayır. Prezidentin rayona etdiyi hər bir səfər əhali tərəfindən sevinclə qarşılanır və ölkə başçısının Qusara diqqət və qayğısının sübutu kimi dəyərləndirilir.
Müasir Azərbaycanın indiki inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu gün regionun lider dövləti olan ölkəmizin inkişaf konsepsiyası dövlət başçısının rəhbərliyi altında uğurla həyata keçirilir. Prezident görülən işlərlə hər zaman şəxsən tanış olur, onların açılış mərasimlərində iştirak edir, dəyərli məsləhətlərini və göstərişlərini verir. Prezident həm də xalqın problemləri ilə maraqlanır, onların həll edilməsi üçün konkret tapşırıqlar verir, tədbirlər görür. Bu mənada dövlət başçısının Qusara son səfəri də mühüm əhəmiyyət daşıyır.
Hər zaman Prezidentin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyən Qusar əhalisi bu dəfə də dövlət başçısını yüksək sevgi və hərarətlə qarşıladı. Çünki qusarlılar bilirdilər ki, bu səfərin də arxasında konkret quruculuq işləri, yeniliklər durur. Cənab İlham Əliyevin iştirakı ilə Qusar Rayon Mərkəzi Xəstəxanasının açılışı oldu. 170 çarpayılıq xəstəxana müasir avadanlıqlarla təchiz olunub. Prezident İlham Əliyevin açılışını etdiyi bu sağlamlıq ocağı həm də dövlətin səhiyyə sahəsinin müasirləşdirilməsi istiqamətində gördüyü işlərin tərkib hissəsidir. Ümumiyyətlə, qısa zaman ərzində Qusarda Olimpiya İdman Kompleksi açılıb, 20-yə yaxın məktəb binası tikilib və təmir edilib. Bütün bunlar Prezidentin Qusar rayonuna diqqətinin və qayğısının təzahürüdür. Dövlət başçısının səfəri çərçivəsində Qusarda Şahmat Mərkəzi də istifadəyə verildi. Bu, "İdman ili"ndə qusarlılar üçün böyük töhfədir. Prezident İlham Əliyevin tapşırığı ilə tikilən Şahmat Mərkəzində şahmat bölmələri ilə yanaşı, xarici dil və kompyuter kursları da fəaliyyət göstərir. Kompyuter otaqlarında idmançılar internet vasitəsilə şahmat oynamaq imkanı əldə ediblər. Mərkəzdə zəngin kitabxana da yaradılıb ki, burada gənclər tanınmış şahmat ustalarının müəlliflik etdikləri kitablarla tanış olur, şahmatın sirlərini daha dərindən öyrənirlər.
Qusara səfəri zamanı dövlət başçısı Heydər Əliyev Mərkəzinin də açılışında iştirak etdi. Müstəqil ölkəmizin memarı Heydər Əliyevin adını daşıyan mərkəzdə ümummilli liderin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotoşəkillər, sənədlərin surətləri saxlanılır. Dövlət başçısı buradakı internet mərkəzi, iclas zalı və elektron kitabxana ilə də tanış oldu.
2011-ci il Qusar rayonunda əsaslı tikinti və abadlıq işləri ilə də yadda qalıb. Bu dövr Prezidentin tapşırığı və göstərişləri ilə Qusar rayonunda yeni sosial obyektlər tikilib, iqtisadiyyatın inkişafı istiqamətində önəmli tədbirlər həyata keçirilib. Məlumdur ki, ölkəmizdə sahibkarlıq fəaliyyətinin genişlənməsi istiqamətində mühüm addımlar atılır. Bu addımlar Qusar rayonunda da sahibkarlığın inkişafına öz töhfəsini verir. Ötən il rayonda sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib. 2011-ci ildə rayonda fəaliyyət göstərən sahibkarların 13 layihəsinə 185 min, 2004-2011-ci illər ərzində isə 114 layihəyə 8531,8 min manat güzəştli kredit verilib. Bu layihələrin həyata keçirilməsi nəticəsində 1028 yeni iş yeri açılıb. Digər fakt: ötən il Qusar rayonunda istehsal olunan sənaye məhsulunun 21,3, kənd təsərrüfatında istehsal olunan məhsulun 97,1, əhaliyə göstərilən pullu xidmətlərin 78, nəqliyyat sektorunda göstərilən xidmətlərin 100, pərakəndə əmtəə dövriyyəsinin 99,8, yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin 95,4 faizi özəl sektorun payına düşüb. Çubuqlu kəndi ərazisində 2010-cu ildə inşasına başlanılan 4 min tonluq meyvəsaxlama soyuducu anbar binasının 2 min tonluq hissəsi, Samur qəsəbəsində 800 tonluq soyuducu anbar istifadəyə verilmiş, Yeni həyat kəndində daha bir 2000 tonluq anbar binasının tikintisi başlanmışdır.
Prezident hər çıxışında vətəndaşların elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatına xüsusi yer verir. Bu istiqamətdə Qusarda da bir sıra tədbirlər həyata keçirilir. Hazırda Urva kəndində Cağar-Çibir kanalının Qusar qolu üzərində 1Mvt gücündə "Qusar-1" kiçik su elektrik stansiyası tikilir. Rayonun bir sıra kəndlərində aparılan qazlaşdırma işləri isə 2011-ci ildə başa çatdırılmışdır. İndi rayonun sərhədyanı kəndlərinin qazlaşdırılması üçün tədbirlər görülür. Rayonun içməli su təminatı məsələsi də artıq öz həllini tapır. Qusar şəhərində yeni su xətləri çəkilmiş, Yuxarı Ləyər-Qusar magistral su kəmərlərində təmir işləri görülmüş, Gicanoba və Samur qəsəbəsinin Tahircal palasa yaşayış massivində subartezian quyuları qazılmış, Düztahir və Böyük Muruq kəndlərində su bulaqları tikilmişdir.
Ölkə başçısının Qusara olan xüsusi diqqəti sayəsində 2011-ci ildə rayonda abadlıq-quruculuq işləri daha geniş miqyasda həyata keçirilmişdir. "Şahdağ" Qış-Yay Turizm Kompleksinin, Bakı-Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədinə kimi olan beton yolun rayon ərazisindən keçən 16 kilometrlik hissəsinin tikintisi, Düztahir, Əcəxur və Yuxarı Ləyər kəndlərində mərasim evlərinin inşası, Həzrə-Zuxul və 39 kilometrlik Qusar-Əniğ-Ləzə yolunun əsaslı təmiri davam etdirilmiş, Böyük Muruq kəndində 180 yerlik məktəb binası istifadəyə verilmiş, İmamqulukənd kəndində mərasim evinin, Urva, Əniğ, Əcəxur, Gican, Yuxarı Qələnxur, Cağarqışlaq, Ləyərqışlaq və Gedəzəyxur kəndlərində yeni məktəb binalarının tikintisinə başlanılmışdır.
Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi altında atılan addımlar, görülən işlər xalqımızın daha firavan yaşamasına xidmət edir. İnanırıq ki, gələcək illərdə görüləcək işlər bu inkişafın daha yüksək səviyyədə təminatına yol açacaq və 2012-ci il də dövlətimiz, xalqımız üçün uğurlu olacaq. Cari ildə də Azərbaycan qarşısına qoyduğu hədəflərə çatacaq. Bunun üçün bütün imkanlar var: Prezident İlham Əliyevin timsalında güclü, iradəli, praqmatik düşüncəli LİDER, sürətli və sabit inkişaf edən iqtisadiyyat, maliyyə vəsaiti, hakimiyyəti dəstəkləyən xalq iradəsi.
Azər BADAMOV,
Milli Məclisin deputatı
Azərbaycan.- 2012.- 17 mart.- S. 8.