Görkəmli alim Bəkir Nəbiyev son
mənzilə yola
salınmışdır
Martın 16-da görkəmli ədəbiyyatşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müşaviri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, əməkdar elm xadimi, "Şöhrət" və "İstiqlal" ordenli, AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Bəkir Nəbiyev son mənzilə yola salınmışdır.
AzərTAc xəbər verir ki, vida mərasimində hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Mərhumun cənazəsi AMEA-nın binasında matəmsayağı bəzədilmiş salonda postament üzərinə qoyulmuşdu. Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından, Heydər Əliyev Fondunun kollektivi adından əklillər düzülmüşdü. Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər qoyulmuşdu.
Salonda
həzin matəm musiqisi səslənirdi.
Akademik Bəkir Nəbiyevin həmkarları, dostları,
tanışları, tanınmış
elm və mədəniyyət xadimləri axın-axın akademiyanın binasına gəlir, görkəmli alimə və gözəl insana son borclarını verirdilər.
Matəm mitinqini AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açaraq müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Bəkir Nəbiyevin ədəbiyyatşünaslıq elminin və ədəbi fikrin inkişafındakı xidmətlərindən
danışmış, onun Azərbaycan ədəbiyyatı sahəsində
elmi məktəb yaratdığını vurğulamışdır.
Alim bütün mənalı ömrünü ədəbiyyat
elminin, mədəni düşüncəmizin inkişafına
sərf etmişdir.
M.Kərimov demişdir ki, Bəkir Nəbiyev çıxışlarında Azərbaycan
dilinin bütün zənginliyini, gözəlliyini
onu dinləyənlərə
asanlıqla çatdırırdı.
O, həm klassik, həm də müasir ədəbiyyat haqqında dəyərli əsərlərin müəllifi
idi. Görkəmli alim zəngin
yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına böyük
töhfələr vermişdir.
Bəkir Nəbiyev Azərbaycan ədəbiyyatının və
ədəbi tənqidinin
görkəmli nümayəndələrindən,
Azərbaycan elmi fikrinin qüdrətli simalarından biri idi. Ədəbiyyatın elə bir sahəsi yoxdur ki, Bəkir Nəbiyev orada sözünü deməmiş
olsun. Onun ədəbi fikirləri
ədəbiyyatşünaslığımız
üçün həmişə
qiymətli mənbə
olaraq qalacaqdır.
M.Kərimov vurğulamışdır ki,
görkəmli alimin qoyub getdiyi zəngin
ədəbi irsi daim yaşayacaq, xalqımıza, elmimizə
xidmət edəcək,
nəsillərdən-nəsillərə ötürüləcəkdir.
Vida mərasimində çıxış
edən AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi,
akademiyanın müxbir
üzvü Kamal Abdullayev, Azərbaycan Yazıçılar Birliyinin
sədri, xalq yazıçısı Anar,
akademik Vasim Məmmədəliyev, AMEA Nizami
adına Ədəbiyyat
İnstitutu direktorunun
müavini, akademiyanın
müxbir üzvü Teymur Kərimli Bəkir Nəbiyevin ədəbiyyatşünaslıq elminin inkişafındakı
xidmətlərindən, çoxşaxəli
fəaliyyətindən, ədəbi
irsinin əhəmiyyətindən danışmışlar.
Bildirilmişdir ki, Bəkir Nəbiyev XX əsr Azərbaycan ədəbiyyatşünaslıq
elminin görkəmli
nümayəndəsi, yorulmaz
tədqiqatçı, fədakar
alim və tənqidçi kimi ədəbiyyatımızın
tarixində əbədi
qalmaq haqqını qazanmış insanlardandır.
Mərhumun ailəsi adından
çıxış edən
yaxın qohumu,
professor Nazim İmanov alimin xatirəsinə
göstərilən hörmət
və ehtirama görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirmişdir.
Sonra görkəmli
alimin cənazəsi
son mənzilə yola salınmışdır.
Mərhum Fəxri xiyabanda torpağa tapşırılmışdır.
Allah rəhmət eləsin!
Azərbaycan.- 2012.- 17 mart.- S. 9.