UNESCO-nun Müasir mədəniyyət kontekstində dünya dinləri: dialoq və qarşılıqlı anlaşmanın yeni perspektivləri beynəlxalq kollektiv monoqrafiyası nəşr olunmuşdur

 

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının məlumatına görə, UNESCO-nun Moskva  və Almatı ofisləri və Rusiya Kulturologiya İnstitutunun Sankt-Peterburq bölməsinin dəstəyi ilə "Müasir mədəniyyət kontekstində dünya dinləri: dialoq və qarşılıqlı anlaşmanın yeni perspektivləri" beynəlxalq kollektiv monoqrafiyası nəşr olunmuşdur. Vəsait Rusiya Federasiyası, Şərqi Avropa, Mərkəzi AsiyaQafqaz regionunun təcrübəsinə əsaslanmaqla, UNESCO-nun prioritet istiqamətlərindən olan mədəniyyət kontekstində islam və xristianlıq arasında dialoqun fundamental əsaslarının tədqiqinə həsr edilmişdir.

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasından AzərTAc-a bildirmişlər ki, kitabda digər ölkələrin nüfuzlu mütəxəssisləri ilə yanaşı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun "Azərbaycanda dinlərarası dialoqun tarixi, problem və perspektivləri", eləcə də AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor, Milli Məclisin elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyevanın "Müasir mədəniyyət kontekstində dinlərarası dialoq: Azərbaycanda islamçılıq və xristianlıq"  mövzusunda tədqiqat işləri çap olunmuşdur.

Məqalələrdə Azərbaycanda dinin yaranması və inkişafı, eləcə də ölkəmizdə mövcud olan dini dözümlülük və dinlərarası dialoqun digər dövlətlər üçün nümunə olduğu qeyd edilir. Məqalələrdə göstərildiyi kimi, mədəniyyətlər və dinlər arasında dialoq mədəni müxtəlifliyin qorunması üçün əsas şərtlərdən biridir. Azərbaycanda "Dini azadlıq haqqında" Qanunun qəbul edilməsi və son illərdə ölkəmizdə bu mövzuda keçirilən tədbirlər, o cümlədən "İslam sivilizasiyası Qafqazda" Beynəlxalq Simpoziumu, Dünya Dini Liderlərinin Bakı Sammiti, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bildirdiyi kimi, son illərdə Azərbaycanda dini abidələrin təmir-bərpasının aparılması, yeni məscid, kilsə və sinaqoqların tikilməsi ölkəmizin regionda tolerantlığın bariz nümunəsi olmasının əyani sübutudur.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu istiqamətdə həyata keçirdiyi fəaliyyət məqalələrdə xüsusi vurğulanır.

Qeyd olunmalıdır ki, UNESCO ilə əməkdaşlıq çərçivəsində "Müasir mədəniyyət kontekstində dünya dinləri: dialoq və qarşılıqlı anlaşmanın yeni perspektivləri" beynəlxalq monoqrafiyasının hazırlanması və nəşri üzrə fənlərarası elmi-tədqiqat layihəsinin həyata keçirilməsi ilə əlaqədar bir sıra görüşlər keçirilmiş, görüş və müzakirələrin nəticəsində qeyd olunan kitab ərsəyə gəlmişdir.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur və növbəti cildlərin çap olunması planlaşdırılır.

 

 

Azərbaycan.- 2012.- 17 mart.- S. 9.