Milli Təhlükəsizlik Nazirliyi müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanmasında təqsirli bilinən mütəşəkkil dəstənin üzvlərini yaxalayaraq ifşa etmişdir

 

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində, kompyuter informasiyasına qanunsuz daxil olaraq müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanmasında təqsirli bilinən mütəşəkkil dəstənin üzvləri yaxalanaraq ifşa edilmişlər.

MTN-in ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, Azərbaycan Respublikasının vətəndaşları - Musayev Rəhman Sahib oğlu, Abdullayev Elçin Tariyel oğlu, Zəkiyev Emin Tahir oğlu, Dadaşlı Mikayıl Elşad oğlu və qeyriləri mütəşəkkil dəstə tərkibində internetdən istifadə etməklə qanunla qorunan kompyuter informasiyasına qanunsuz daxil olub onların surətlərini əldə edərək 2008-2011-ci illər ərzində həmin informasiyalar vasitəsilə ayrı-ayrı fizikihüquqi şəxslərə məxsus elektron bank hesablarından böyük məbləğdə pul çıxarmış və onların mənafeyinə külli miqdarda ziyan vurmaqla həmin pul vəsaitini gizli olaraq talamışlar.

Müəyyən edilmişdir ki, özgənin əmlakını gizli talamaq məqsədilə Rəhman Musayev Elçin Abdullayev, Emin Zəkiyev, Mikayıl Dadaşlı və qeyrilərindən ibarət mütəşəkkil dəstə yaratmışdır. Rəhman Musayevin dəstə üzvləri arasında apardığı vəzifə bölgüsünə əsasən, onun özüElçin Abdullayev xarici ölkə vətəndaşlarına məxsus plastik kartlara aid məlumatların internetlə qanunsuz əldə edilərək Emin Zəkiyevə, Mikayıl Dadaşlıya və qeyrilərinə verməyi öhdəsinə götürmüşdür. Həmin məlumatlar əsasında özgənin gizli talanmış əmlakını, yəni pul vəsaitlərini Bakı şəhərində fəaliyyət göstərən ayrı-ayrı mağaza və şirkətlərin hesabına köçürüb müxtəlif çeşidli məişət avadanlığının, mobil telefon aparatlarının və digər qiymətli əşyaların alınaraq satışının təşkilini Emin Zəkiyevlə Mikayıl Dadaşlıya tapşırmışdır.

Dəstə üzvləri Bakıdan internet şəbəkəsinə qoşularaq, Rusiya Federasiyasının Moskva şəhərində qeydiyyatdan keçirilmiş internet saytına daxil olub, həmin səhifədən yenə də internetlə ABŞ ərazisində fəaliyyət göstərən müxtəlif bankların müştərilərinə məxsus elektron hesablar barədə məlumatlar əldə etmişlər. Dəstə üzvləri bu məlumatlardan yararlanaraq 2011-ci ilin fevral-iyun ayları ərzində həmin hesabların sahiblərindən gizli olaraq onların 6 min 180 manat pullarını talayıb digər elektron hesaba köçürmüşlər. Gizli olaraq pulları oğurlanmış xarici ölkə vətəndaşlarının xidmət banklarının tələblərinə əsasən, Rəhman Musayev və qeyrilərinin qanunsuz fəaliyyəti nəticəsində əldə edilmiş həmin məbləğ Azərbaycan bankları tərəfindən qeyd olunan kartların sahiblərinin hesablarına ödənilmişdir ki, bununla da həmin banklara külli miqdarda ziyan dəymişdir.

Rəhman Musayev, Elçin Abdullayev, Emin Zəkiyev, Mikayıl Dadaşlı və qeyriləri internetlə qanunsuz olaraq xarici ölkə vətəndaşlarının "Visa" və "Mastercard" elektron plastik kartlarındakı məlumatlar vasitəsilə onlara məxsus bank hesablarından yenidən 9 min 298 manat götürmüş, sonradan internetlə bir şirkətin hesabına köçürmüş və qaimə-faktura əsasında həmin şirkətdən 2 ədəd "Apple İphone 4-32 gb", 4 ədəd "Black berry 9780", 6 ədəd "Black berry 9780 White", 4 ədəd "Black berry 9800" markalı bahalı mobil telefon aparatları almış və sonradan bu telefon aparatlarını real dəyərindən ucuz qiymətə müxtəlif şəxslərə satmışlar.

Qanunazidd fəaliyyətlərini davam etdirən mütəşəkkil dəstə üzvləri 2011-ci ilin may ayında xarici ölkə vətəndaşlarının elektron plastik kartlarına aid qanunsuz olaraq internetlə əldə etdikləri informasiyadan istifadə etməklə, həmin kartların sahiblərinin xarici ölkələrdəki bank hesablarından gizli surətdə yenidən 10 min 682 manat çıxarıb Bakı şəhərində fəaliyyət göstərən digər şirkətin hesabına köçürməklə müxtəlif markalı mobil telefon aparatları sifariş verərək götürməyə cəhd etmişlər.  Lakin həmin vaxt Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən xarici kartlarla ödəmələrin aparılması müvəqqəti məhdudlaşdırıldığından dəstə üzvləri iradələrindən asılı olmayaraq, qeyd olunan ödəmələri həyata keçirə və mobil telefon aparatlarını əldə edə bilməmişlər.

Buna baxmayaraq, dəstə üzvləri internetlə qanunsuz olaraq xarici ölkə vətəndaşlarının elektron plastik kartlarındakı məlumatlar vasitəsilə həmin şəxslərə məxsus bank hesablarından daha 15 min 900 manat çıxarmış və Bakı şəhərində fəaliyyət göstərən bir neçə mağazanın hesabına pul köçürərək müxtəlif çeşidli qiymətli mallar əldə etmişlər. Elçin Abdullayev 5 min 228 manat məbləğində hətta özünün toy mərasimi üçün Bakı şəhərindəki restoranlardan birinin müxtəlif çeşidli güllərlə bəzədilməsini Emin Zəkiyev vasitəsilə paytaxtda fəaliyyət göstərən şirkətlərdən birinə sifariş etmişdir.

Mütəşəkkil dəstənin üzvləri növbəti hüquqazidd əməlin törədilməsinə cəhd edərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən xüsusi əməliyyat planı əsasında cinayət başında yaxalanmışlar.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.3-cü,  (mütəşəkkil dəstə tərəfindən kompyuter informasiyasına qanunsuz daxil olma ilə külli miqdarda ziyan vurma), 177.3.1-ci və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama), 29.177.3.1-ci, 29.177.3.2-ci, (mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaya cəhd), 194.2.1-ci və 194.2.4-cü (mütəşəkkil dəstə tərəfindən bilə-bilə cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı almaya satma) maddələri ilə cinayət işi başlanılmışdır. Rəhman Musayev, Elçin Abdullayev, Emin Zəkiyev və Mikayıl Dadaşlı təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Mütəşəkkil dəstə tərəfindən bu illər ərzində törədilmiş qanunazidd əməllərlə bağlı toplanmış materiallar, eləcə də çoxlu sayda sübutlar müxtəlif hüquqifiziki şəxslərə vurulmuş zərərin miqdarının yüz dəfələrlə artıq olacağını ehtimal etməyə əsas verir.

Cinayətin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 17 mart.- S. 9.