Milli özünüdərkin fəlsəfəsi
Bütün dövrlərdə milli ideyanın, özünüdərkin tərənnümçüsü filosoflar, şairlər, yazarlar, bir sözlə adil insanlar olub. Əl-Fərabi, İbn-Sina, Fəridəddin Əttar, Mahmud Şəbüstəri, Nizami Gəncəvi, Cəlaləddin Rumi, Nəimi, Nəsimi, Həllac Mənsur, Sədi, Hafiz, Əhvədi, Füzuli, Saib Təbrizi, Nəbati, Hüseyn Cavid, Məhəmməd Hadi, Şəhriyar daha kimlərE? Tarix boyu da bu kamil insanlar özünüdərkin daha çox poeziyada inkişafına görə çarmıxa çəkilib, dərisi soyulub, edam kötüyündə başı kəsilib. Amma ənənələr davam edib.
Sonralar boyumuza biçilən dar ağaclarını poeziyasında "Bar ağacı"na çevirən Bəxtiyar Vahabzadə özünüdərkin tərənnümçüsü olub. Bu, özünüdərk carçıları dar ağacına salam verib, çarmıxından meyvə toplayıblar. Nə etsinlər, Hüseyn Cavid dar ağacına daş ata bilərdimi?!
Söylədiyimiz fikirlər Vaqif Allahverdiyevin "Bəxtiyar Vahabzadə yaradıcılığında milli özünüdərkin bədii-fəlsəfi ifadəsi" kitabında təsdiqini tapır. Girişdə deyildiyi kimi, Azərbaycan poeziyasının, eləcə də milli düşüncə tariximizin ən parlaq simalarından biri Bəxtiyar Vahabzadədir. Onun yaradıcılığında, poeziyasında türkcənin rişələrinə hələ dar ağaclarının çiçəkləndiyi dövrlərdə rast gəlmək olurdu. O, əlləri əsə-əsə türkçülüyün mənşəyindən yapışsa da, zirvəsini yaradıb. Böyük şairimiz Bəxtiyar Vahabzadənin şeirləri çağdaş poeziyamızın böyük hadisəsi idi. Bu şeirlər zamanla, dövrün dramatik qayğı və həyəcanları, mürəkkəb oyunları ilə nəfəs alırdı. Onun təfəkküründə zaman yaddaşı xüsusilə güclüdür. Şairin bütün hiss və həyəcanları konkret zaman hüdudunda verilir. Lirikası isə düşüncə miqyasına, istinad ünvanlarına və qaynaqlarına görə milli lirikadır. Əksər şeirlərində lirik qəhrəmanın mənsub olduğu xalqı özünüdərkə, milli şüurun oyanışına, qan yaddaşının bərpasına, milli intibaha çağırır. Çünki poeziya həyatdır, canlı varlıqdır.
Kitabın müəllifi Vaqif Allahverdiyev böyük şairin poetik axtarışlarında milli kökə, milli özünüdərkə, keçmişə bağlılığı parlaq şəkildə üzə çıxarıb və milli vətənpərvərlik ruhunu təhlil edib:
Bu qəmim, bu dərdim dağlardan ağırdı
Arazın suyuna qarışıb axıram.
Füzuli həsrətlə qürbətdən Vətənə baxırdı,
Mən isə Vətəndən - Vətənə baxıram.
Zəngin ədəbi xəzinəsi, poeziyası dərin tarixi köklərə malik olan Azərbaycan şeirində Bəxtiyar Vahabzadə yaradıcılığı məxsusi bir mərhələ təşkil edir.
Daş ürəklərdə yanıb daşları sındırdı muğam
Haqqa düşmən olanı haqqa tanıtdırdı muğam.
Bu fikrin fəlsəfi yükü o qədər ağır, həm də böyükdür ki, heyrət mərtəbəsinə qədər ucalır. Müəllifin vurğuladığı kimi böyük şairimizin məqsədi milli-mənəvi ideyanı, azərbaycançılıq ideologiyasını milli mentalitetimizə çevirmək olub.
Valeh CƏFƏROV
Azərbaycan.- 2012.- 17 mart.- S. 11.