Ləpələrin çatmadığı sahillər

 

Maraqlı və qəribə bir faktdır ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əksəriyyəti ya bahar, ya da payızda anadan olub. Bu da taleyin qismətidir. Yaradıcı insanların daxili aləmi kimi, dünyaya gəldikləri günqeyri-adiliyi ilə seçilib. Görkəmli nasir, ədəbiyyatşünas alim, publisist, tərcüməçi İsmayıl Şıxlı ötən əsrin əvvəllərində - xalqımız Novruz bayramını qeyd etdiyi məqamda dünyaya gəlib. Ata-anası üçün Tanrının göndərdiyi bu oğul payı sonralar Azərbaycan ədəbiyyatının əsas sütunlarından biri oldu.

Onun atası Qəhrəman müəllim dövrünün mövqeli ziyalılarından, tanınmış pedaqoqlarından biri idi. Qazax rayonunun II Şıxlı kəndində doğulan, ibtidai təhsilini qonşu Kosalar kəndində alan gənc İsmayıl sonralar Qazax Pedaqoji Məktəbinə daxil olub. Buranı bitirdikdən sonra bir müddət I Şıxlı, Daş Salahlı və Kosalar kəndlərində müəllim, dərs hissə müdiridirektor vəzifələrində çalışmışdır. Gəncliyi dövrün çox çətin və ağır sınaqları ilə üzləşən İsmayıl Şıxlının Bakıya gəlişi repressiyaların at oynatdığı vaxta düşdü. Belə bir məşəqqətli zamanda Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə qəbul olundu. Burada Mikayıl Rəfili, Əli Sultanlı kimi şəxsiyyətlərdən dərs aldı. O elə bir nəslin nümayəndəsi idi ki, həmin dövrün DTK-sı onu heç vaxt nəzarətsiz qoymazdı. Çünki Şıxlı ocağından sayılıb-seçilən övladlar çıxmışdı. "Rus artilleriyasının babası" adlanan general Əliağa Şıxlınski, general Cavad bəy Şıxlınski, dövrün ağır təqiblərindən qurtulmaq naminə ömrünü mühacirətdə keçirən hərbçi Qiyas bəy Şıxlınski və onlarca başqaları II Şıxlıda doğulub boya-başa çatmışdı. Bəziləri "inski" soyad sonluğunu rusdangəlmə zənn etsələr də əslində bu, XIX əsrin sonlarında dəbdə olan polyak soyad sonluğundan götürülüb. Beləliklə, Şıxoğlular Şıxlınski olublar. Məhz bu səbəbdən də hələ tələbəlik illərində İsmayıl Şıxlı dəfələrlə sorğu-suala çəkilib.

Doğrudan da, insanın olumu ilə ölümü arasında heç vaxt xarakteri dəyişmir. İsmayıl Şıxlı gəncliyindən ağsaqqal çağına kimi kişi ömrü yaşayıb. Heç vaxt satqınlıqla arası olmayıb. Xatirələrindən aydın olur ki, unudulmaz tənqidçimiz Mehdi Hüseyn Şıxlı ocağına ehtiram əlaməti kimi İsmayıl Şıxlıya "Paşam" deyərmiş. Kim bilir İkinci Dünya müharibəsi başlanmasaydı və repressyaların qılıncı qına girməsəydi, İsmayıl Şıxlı bu ac qurdun caynaqlarından xilas ola biləcəydimi? Müasirlərinin, qələm dostlarının xatirələrindən öyrənirik ki, "Qara taun"un növbəti qurbanı İsmayıl Şıxlı ola bilərdi. Amma 1941-ci ildə başlanan İkinci Dünya müharibəsi Azərbaycan oğullarının həyatını alsa da, ailələri başsız qoysa da repressiyaların tüğyan edən fırtınasının qarşısını aldı. Əlbəttə, müharibə xofu da dəhşətli idi. 1937-ci ilin caynaqlarından qurtulanları indi də ağır döyüşlər, soyuq səngərlər, ölüm-dirim meydanları gözləyirdi.

1941-ci ildə İsmayıl Şıxlı müharibəyə göndərilib. Ön cəbhələrdə vuruşan İsmayıl Şıxlı Qafqaz, Krım, III Belarusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüş yolu keçib. Qələmə aldığı "Cəbhə gündəlikləri"ndə beşillik müharibə həyatı öz əksini tapıb. Təkcə cəsur əsgər deyil, həm də  mərd, qürurlu azərbaycanlı kimi cəbhədə öz dostları arasında böyük nüfuzu və hörməti olub. Komandirini azğınlığına görə tərk-silah etsə də, hətta ona güllə atsa da, o dövrün hərbi qanununa görə İsmayılı nə "cərimə batalyonu"na, nə də Yaponiya ilə davaya göndəriblər. Üç sutka həbs kəsiblər, sonra da beş gün artırıblar. Gündəlikdən oxuyuruq: "...Məni kazarmamızın zirzəmisinə saldılar. Uşaqlar gizlicə şinelimi verdilər, yeməyimi gətirdilər. Hardansa süd də tapdılar". Müharibədən sonra bir qış günündə İsmayıl Şıxlı doğma kəndlərinə qayıtdı. Yenidən oxumaq, elmin daha uca zirvələrini fəth etmək üçün APİ-nin filologiya fakültəsinin aspiranturasına daxil olan İsmayıl Şıxlı bir müddət burada müəllim, baş müəllim, kafedra müdiri vəzifələrində çalışıb. Sonrakı bioqrafiyası Yazıçılar İttifaqı ilə bağlıdır.

İsmayıl Şıxlı bədii yaradıcılığa şeirlə başlayıb. "Quşlar" adlı ilk şeiri 1938-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunub. Müharibədən sonra isə nəsrə meyil göstərən İsmayıl Şıxlının "İnqilab və mədəniyyət" jurnalında (1947) "Həkimin nağılı" adlı hekayəsi oxuculara təqdim edilib. Beləliklə, dövri mətbuatda İsmayıl Şıxlının əsərləri müntəzəm dərc olunmağa başlayıb. Onun yaradıcılığı olduqca zəngindir. Çoxlu hekayəsi, folklor əsasında yazılmış nəsr nümunələri, povest və romanları var. Oçerkləri, ədəbiyyatşünaslıqla bağlı tədqiqat əsərləri kitab şəklində çap edilib. Xüsusilə də, XX əsr xarici ədəbiyyatın tədqiqi ilə bağlı filologiya elmləri namizədi İsmayıl Şıxlı maraqlı araşdırmaların müəllifidir. Uzun illər ali  məktəblərdə onun hazırladığı "XVIII əsr xarici ədəbiyyat tarixi", "XX əsr xarici ədəbiyyat tarixi" adlı kitabları dərs vəsaiti kimi istifadə olunub.

"Ayrılan yollar" romanı ilə ədəbiyyat tariximizə dissident ədəbiyyatının yaradıcısı kimi daxil olan İsmayıl Şıxlı həm oxucuların, həm də ədəbi tənqidin diqqətini çəkdi. Həyat gerçəkliklərini olduğu kimi qələmə alan İsmayıl Şıxlı sanki  bu əsərini yazmaqla özünün istedadını sınağa çəkərək qarşıda ona böyük şöhrət gətirəcək "Dəli Kür"ü yazmağa tələsdi. Bu faktdır ki, böyük yazıçı heç bir şey yazmasaydı belə, təkcə "Dəli Kür" əsəri ilə Azərbaycan ədəbiyyatında əbədi qalacaq bir mövqeyə sahib çıxacaqdı. Xalq yazıçısı Anar yazıb: "Dəli Kür" nəinki nəsrimizdə, həm də ictimai şüurumuzda, milli özünüdərkimizdə dönüş yaradan əsərlərdəndir". Həqiqətən də, "Dəli Kür" elə bir zamanda ədəbiyyat səmasında şimşək kimi çaxdı ki, sovet təfəkkür tərzinə xas olan bədii əsərlər oxumaqdan oxucular bezmişdi. Ədəbiyyatda bəyin, xanın pisləndiyi və təhqir edildiyi bir zamanda mərd, kişi xasiyyətinə malik bir bəy surəti - Cahandar ağa obrazını yaratmaq təkcə istedad deyil, həm də hünər və cəsarət idi. İsmayıl Şıxlı repressiyanı da, müharibəni də görmüşdü. Lakin buna baxmayaraq o həyat həqiqətinə söykənərək ədəbiyyata yeni nəfəs, yeni obraz gətirdi. Cahandar ağa kimi vüqarlı, əyilməz, obraz yaratması əslində İsmayıl Şıxlının Azərbaycan bəylərini acı taleyə məhkum edənlərə bir yazıçı kinayəsi ilə meydan oxuması kimi səciyyələndirilməlidir. Öz qəhrəmanının müsbət keyfiyyətlərini, qeyri-adi məziyyətlərini və həm də nöqsanlı görünə biləcək ziddiyyətli məqamlarını təbii yaradan müəllif bütün bunları elə ustalıqla bacardı ki, Cahandar ağa ədəbiyyatımızın şah obrazlarından birinə çevrildi. Onun qüsurları da böyüklüyü, hünəri, cəsarəti, əsl bəyliyi qarşısında əriyib itdi. Cahandar ağa oxucular tərəfindən dərin rəğbətlə qarşılandı və sevildi. Əsəri hələ əlyazma şəklində oxuyan Mehdi Hüseyn ədəbi hadisəyə çevrilməmiş bu roman haqqında İsmayıl Şıxlıya göndərdiyi məktubunda yazırdı: "Dəli Kür" əsərini dünən gecə oxuyub qurtardım. Düzünü deyim ki, mən səndən yaxşı əsər gözləyirdim, amma bu cür qüvvətli və təsirli bir əsər yazacağını (məhz indi, bu illərdə) gözləmirdim. Əhsən, bərəkallah! Son on ildə oxuduğum heç bir əsər məni bunca sarsıtmamışdı. Səni öpürəm və qələbəni birlikdə bayram edəcəyimiz günü səbirsizliklə gözləyirəm. Qardaşın Mehdi Hüseyn. 12 noyabr 1962-ci il". Bu məktubdakı "məhz indi, bu illərdə" ifadəsinin verdiyi işarə də aydındır.

Tənqidçi Bəkir Nəbiyevin fikrincə, "Dəli Kür" gərgin dramatik toqquşmalar, qüdrətli xarakterlər romanıdır". Bəlkə də elə buna görə, əsər kitab şəklində çıxanda əl-əl gəzdi. Müxtəlif dillərə tərcümə edildi. Hətta 1970-ci ildə İsmayıl Şıxlının ssenarisi əsasında eyniadlı film çəkildi. Əlbəttə, "Dəli Kür" filmi roman kimi təsirli olmadı. Deyilənə görə, filmin bir neçə kadrını "sovet qayçısı" doğrayıb. Yazıçının dostları qeyd edirlər ki, İsmayıl Şıxlı arzulayırdı ki, "Dəli Kür" yenidən çəkilsin.

Əsərdə milli kolorit, adət-ənənəyə sadiqlik, əsl bəyzadə surəti, xanım obrazı, dəliqanlı cavanlar, "Kür qırağının ələ düşməz təbiəti elə təbii, gözəl, yaddaqalan ştrixlə yazılıb ki, "Dəli Kür" romanı ədəbiyyatımızın qızıl fonduna daxil olmuş ən qiymətli nəsr nümunəsinə çevrildi. "Dəli Kür" XX əsr Azərbaycan ədəbiyyatının ədəbi hadisəsi idi. Bu hadisənin xoş sorağı illəri aşmaqda davam edir. Həqiqətən də İsmayıl Şıxlının bir müəllif və vətəndaş kimi ən böyük uğuru onun milli ruhlu yazıçı olmasıdı ki, bu məziyyət də əsərlərinə yol açıb. Ötən əsrin sonlarında Azərbaycanda baş verən ictimai-siyasi hadisələr,  ermənilərin Dağlıq Qarabağda törətdiyi olaylar, soydaşlarımızın Ermənistan adlanan yerdən, əslində tarixi dədə-baba ocaqlarından vəhşiliklə qovulması, müstəqilliyimizlə bağlı ayağa qalxan xalqımızın təlatümlü günləri İsmayıl Şıxlının istər yazıçı, istərsə də vətəndaş kimi həm taleyindən, həm də yaradıcılığından izsiz keçmədi. O zaman İsmayıl Şıxlı Azərbaycan Ali Sovetinin deputatı idi. O xalqla birlikdə meydanlara çıxırdı. 20 Yanvar faciəsində, Bakı fövqəladə vəziyyətdə yaşadığı bir zamanda heç nədən çəkinmədən, qorxmadan Ali Sovetin iclas salonuna gəlməsi, rəyasət heyətində əyləşib həmkarı Bəxtiyar Vahabzadə ilə birlikdə məclisi təmkinlə idarə etməsi  gözlərimizin önündən çəkilməyib. O zaman hər kəsin dilindən belə fikirlər qopurdu: "Halal olsun, İsmayıl Şıxlı əsl Cahandar ağadır. Heç nədən qorxub çəkinmir". Bir də vaxtilə yada saldığı "sapı özümüzdən olan baltalar" atalar sözü dillər əzbərinə çevrildi. Kreslo naminə millətinin şəhid olmuş övladlarının meyiti üzərindən keçərək Moskvaya vəzifə dalınca qaçan, xəyanətkar "rəhbər" haqqında hirsimizi, qəzəbimizi məhz İsmayıl Şıxlının müdrik sözləri ilə ifadə edirdik. Ömrünün son günlərini şəkər xəstəliyinin ağır fəsadları ilə çarpışmaqda keçirən xalq yazıçısı İsmayıl Şıxlı yaradıcılığından əlini çəkə bilmirdi. Onun son əsəri "Ölən dünyam" olub. Yaxın dostlarının, həmkarlarının yazdığına görə  yazıçının səhhəti imkan vermədiyindən onun bu əsəri diktə vasitəsilə ömür-gün yoldaşı Ümidə xanım tərəfindən kağıza köçürülmüşdür. "Dəli Kür" romanı kimi bu əsər də milli özünüdərk, qüvvətli xarakterlər toplusudur. "Ayrılan yollar"da  başlanan "Dəli Kür"də davam edən məram "Ölən dünyam"da yeni zirvəyə ucalıb. Əslində bir neçə ailənin, insanın taleyinin timsalında xalqımızın dərdlərini dilə gətirən müəllifin sanki illərlə sinəsində yığılıb qalmış, lakin deməyə imkanı olmayan bir sıra etiraz və kinayələri bu əsərdə daha açıq şəkildə öz əksini tapmışdır. Uzaq keçmişə söykənən müəllif müasirlərimizin  duyğu və düşüncələrindən, mübarizələrindən çıxış edərək yeni bir əsər ortaya qoymuşdur.

Tənqidçi İntiqam Qasımzadə yazır: "İllər uzunu ənənəvi nəsr təhkiyəsindən kənara çıxmayan, klassik roman janrının bütün qaydalarına riayət edən İsmayıl Şıxlı "Ölən dünyam"da çərçivələri dağıdaraq, bəzən qəhrəmanlarının taleyi ilə bağlı bir epizodu Azərbaycan miqyasında baş verən qlobal ictimai-siyasi proseslərin təsviri əvəz edib. Və yaxud, aramla qələmə alınmış  psixoloji vəziyyətdən sonra... süjetin bir hissəsini sürətlə nəql edib keçir". Bu da maraqlıdır. Tufan yatandan sonra sakitlik başlayır. Elə bil yeri-göyü dağıdan çovğunlar olmamış, küləklər əsməmiş, həqiqətən də sovet imperiyasının başımıza gətirdiyi repressiyalar, sarsıntılar, düçar olduğumuz qondarma sistemlərlə bərabər, bu dünyanın var-dövləti də - hamısı gəldi-gedərdi. Qalan paralanan Vətəndi, ağır əziyyətlərə düçar olmuş xalqdı və bunları heç nə olmayıbmış kimi seyr edən dağlardı, çaylardı.

Romanlarının şöhrəti bəzən bir məsələni unutdurur. İsmayıl Şıxlı həm də istedadlı hekayənəfis idi. İri əsərləri ilə bərabər onun hekayələrində də mənəvi-əxlaqi dəyərlər öz əksini tapırdı. "Məni itirməyin", "Köynək", "Namus qaçağı", "Namərd gülləsi", "Qızıl ilan" və başqa hekayələri mövzu və məramına görə romanları ilə bir yolda inamla addımlayan nümunələrdi. İsmayıl Şıxlının hansı əsərini oxusan, gözlərinin qarşısında böyük bir mənzərə açılır, lövhələr yaranır. Sanki bu əsərləri yaradan iki müəllif olub. Yazıçı və rəssam. Çox maraqlı və qəribə ədəbi üsuldur ki, biz bunu İsmayıl Şıxlıda hiss etmişik. Təbiəti deyil, yaratdığı obrazların daxilixarici aləmlərini elə təqdim edir ki, onun obrazları təkcə mənəviyyatları deyil, nurlu simaları ilə də yaddaşlara çökür. İsmayıl Şıxlının əsərlərində rəssam işi var. İsmayıl Şıxlı ictimai-siyasi xadim kimi də fəaliyyət sahibi idi. Yuxarıda dediyimiz kimi, xalqımızın ağır günlərində həmişə meydanlarda olub. Müstəqillik uğrunda mübarizədə İsmayıl Şıxlının da böyük əməyi var. ...Yumşaq təbiətli, ağırtaxtalı və istedadlı yazıçı olan İsmayıl Şıxlı həqiqətən kişi ömrü yaşayıb. Zahirən sakit təsir bağışlasa da, əsərlərini oxuduqca onun qəlbində hansı fırtınaların, üsyanların yatdığı bəlli olur. Həmkarları təsdiqləyirlər ki, Yazıçılar Birliyinə rəhbərlik  etdiyi bütün dövrlərdə İsmayıl Şıxlı həmişə ağayanamülayim təbiətli olub. Heç kəsi incitməyib, bir kimsənin yaradıcılığına qərəzli müdaxilə olunmasına yol verməyib. O qədər xeyirxah və nəcib adam olub ki, heç bir qalmaqalın, dartışmanın ləpələri onun sahilinə çata bilməyib. Bir insan kimi çalışdığı bütün vəzifələrdən yuxarıda dayanırdı İsmayıl Şıxlı.

 

 

 Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 17 mart.- S. 11.