180 yaşlı təhsil
ocağı
Bu il yüz səksən yaşı tamam olan Şəki şəhər 5 nömrəli tam orta məktəb ilk dəfə Şəkidə (Nuxada) rus-tatar qəza məktəbi kimi fəaliyyətə başlayıb. Bu işə böyük rəğbətlə yanaşan yerli əhali kirayə məktəb binası üçün vəsait də toplayıb. İlk vaxtlar iki sinifdən ibarət olan qəza məktəbində üç müəllim çalışıb. Onlardan biri məktəb müdiri, biri fənn müəllimi olub. Üçüncü müəllim isə Azərbaycan dili və şəriətdən dərs deyib. Sonralar digər fənləri Rusiyada təhsil almış məzunlar tədris ediblər.
Məktəb fəaliyyətə başlayandan iki il sonra şagirdlərin sayı 29-a çatıb. Bunların da 21 nəfəri tacir övladları olub.
1835-ci ildə Zaqafqaziya məktəblərinin nizamnaməsi təsdiq ediləndən sonra ikisinifli mövcud qəza məktəbləri üçsinifli məktəblərə çevrilib. Tədris olunan fənlərin sayı artırılıb. Zaqafqaziyada ən çox işlədilən Azərbaycan dilinin tədrisinə isə diqqət artırılıb. Bu zaman qəza məktəbində artıq 5 müəllim çalışıb.
Siniflərin və şagirdlərin sayı artdıqca məktəb üçün yeni bina tikmək zərurəti yaranıb. Yerli əhalinin məktəbə maddi yardımı artıb. Yığılan vəsait barədə Zaqafqaziyanın o zamankı baş hakimi baron Rozenə məlumat verilib və yeni məktəb binasının tikilməsi üçün xahiş olunub. Tezliklə bu barədə müvafiq sərəncam imzalanıb.
Şəki qəza məktəbində ilk kitabxana da yaradılıb. 1845-ci ilin məlumatına görə, burada 360 adda kitab və tədris vəsaiti olub.
1867-ci ildə yeni nizamnaməyə əsasən üç əsas sinifdən əlavə hazırlıq sinifləri də açılır və ilk dəfə olaraq təhsil haqqı tətbiq olunub. Tədris planına yeni fənlər, latın və Avropa dilləri də daxil edilib.
1877-ci ildə Şəki qəza məktəbi üçsinifli şəhər məktəbinə çevrilib. Məktəbdə Azərbaycan və rus dilləri, hesab, həndəsə, rəsm, rəsmxət, tarix, coğrafiya, təbiətşünaslıq, şəriət və digər fənlər tədris olunub.
Artıq 1890-cı ildə məktəbdə 136, beş il sonra isə 167 şagird təhsil alır. Həmin vaxta qədər 12 buraxılış üzrə məktəbin 125 məzunu olur. Onu da qeyd etmək lazımdır ki, həmin dövrdə musiqi sinfi ancaq Şuşa və Şəki məktəblərində fəaliyyət göstərib.
Şəki şəhər məktəbi nəzdində ayrıca bazar günü məktəbi (kursu) də təşkil edilib. Əsasən yaşlı insanların qəbul edildiyi bu məktəb əhali arasında böyük rəğbət qazanıb.
Bu məktəbin məzunları arasında çox məşhur şəxslər olub. Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, Heydər Əfəndiyev, Cəlil Hüseynov, Sabit Rəhman, Əbdüləzəl Dəmirçizadə, Əlövsət Sadıqov, Şirməmməd Hüseynov və digər tanınmışlar məhz bu məktəbin yetirmələri olublar.
1981-ci ildə məktəbin 150 illiyi respublika səviyyəsində qeyd edilib və məktəb Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunub. Müəllimlərdən Diləfruz Axundova və Ruqiyyə Hüseynova əməkdar müəllim adına layiq görülüb.
1988-ci ildən məktəb Şəki şəhəri, Füzuli küçəsi, 4 ünvanında yerləşir. Burada hazırda 600-ə yaxın şagird təhsil alır. Bütün ixtisaslar üzrə kifayət qədər öz işini yaxşı bilən 90 nəfərlik müəllim heyəti çalışır.
Şəki şəhər 5 nömrəli tam orta məktəb öz qədim şöhrətini həmişə yaşatmağa çalışır. Məzunlardan hazırda üçü Prezident təqaüdçüsüdür, beşi xaricdə - Koreyada, Almaniyada, Türkiyədə təhsil alır.
Bu il Şəki şəhər 5 nömrəli tam orta məktəbin 180 illik yubileyinin keçirilməsi nəzərdə tutulub. Bununla əlaqədar təşkilat komitəsi də yaradılıb. Məktəb üçün 320 şagirdlik yeni tədris korpusunun tikilməsi yubiley sevincinə əlavə sevinc qatacaqdır.
Südabər İSMAYILOVA,
Şəki
Şəhər Təhsil Şöbəsinin müdiri
Azərbaycan.- 2012.- 17 mart.- S. 11.