Yolun rəvan, işin
avand olsun, Xəzər neftçisi!
Xəzər neftçiləri deyirlər ki, dənizdə işləməyin
çətinliyi platformaya
vertolyotdan, yaxud gəmidən düşdüyün
dəqiqədən başlanır.
İlk addımdan ta neftin, qazın çıxarılmasının ən çətin əməliyyatlarına qədər
həmişə diqqətli,
ayıq-sayıq olmalısan.
Çünki ən mürəkkəb
avadanlıqların əhatəsindəsən.
Ətraf isə dənizdir, yalnız dəniz...
Azərbaycan neftçiləri bir neçə onillikdir "Günəşli" yatağındakı stasionar dərin özüllərdən məhz belə qeyri-adi şəraitdə neft və qaz hasil edirlər. Təbiətin səxavəti və burada çalışan mütəxəssislərin gördükləri çoxsaylı geoloji-texniki tədbirlərin nəticəsidir ki, yatağın ehtiyatları hələ tükənməyib. Neft və qaz çıxaranlar da hasilatı sabit saxlamaq üçün bacardıqları qədər çalışırlar. Buradakı özüllərdən yeni-yeni quyuların qazılması davam edir.
"Günəşli" yatağı "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən istismar olunur. İdarənin inzibati binaları ilə yanaşı, neft və qazçıxarma sexlərinin biri də Çilov adasında yerləşir. 1950-ci ildən istismar edilən "Çilov" yatağında hasilat getdikcə çətinləşir. Çünki adətən yataq yaşa dolduqca layların təzyiqi düşür, sulaşma çoxalır, bir sıra problemlər ortaya çıxır. Buna baxmayaraq, Çilov neftçiləri son illərdə hasilatı sabit saxlamağa nail olublar.
Yazın küləkli, payızın qasırğalı, qışın qarlı, çovğunlu günlərində adada və dənizdə çalışan neftçilərin işi ikiqat çətinləşir. Bununla belə, onlar Xəzərə - əmək növbəsinə tələsirlər. Onları dənizə aparan gəminin limana yan almasını, vertolyotun meydançaya enməsini səbirsizliklə gözləyirlər.
Dumansız hava və qasırğasız dəniz yolları, özüllərdə salamatlıq, avand iş, təhlükəsiz əmək - onlara arzuladığımız bunlardır.
Azərbaycan.- 2012.- 18 mart.- S. 1.