Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli fərmanı ilə təsdiq edilmiş Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsində dəyişikliklər edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına baxılması, qəbul edilməsi və təsdiqi qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 483 nömrəli fərmanının 4-cü hissəsini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 2, maddə 80, ¹ 3, maddə 235; 2007, ¹ 9, maddə 870; 2008, ¹ 11, maddə 970; 2009, ¹ 5, maddə 323; 2011, ¹ 2, maddə 85) ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 7.2-1-ci və 14.2-1-ci yarımbəndlər əlavə edilsin:

"7.2-1. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir;";

"14.2-1. Orqanın tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini təsdiq edilmək üçün qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim edir;";

1.2.  8.1-ci, 9.1-ci, 14.2-ci və 14.5-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

"8.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;";

"9.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;";

"14.2. Orqanın aparatının struktur bölmələrinin, tabeliyində olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) və elmi-texniki şurasının əsasnamələrinin təsdiqi barədə, həmçinin bu əsasnamənin 17-1-ci bəndində Orqanın kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;";

"14.5. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Orqanda qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;";

1.3. aşağıdakı məzmunda 17-1-ci bənd əlavə edilsin:

"17-1. Orqanın kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

17-1.1. Orqanla digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar;

17-1.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidentiya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Orqana tapşırılmış konkret normativ hüquqi aktlar;

17-1.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;

17-1.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;

17-1.5. Orqanın rəhbərinin təşəbbüsü ilə Orqanın kollegiyasının müzakirəsinə çıxarılan bu əsasnamənin 14.2-ci yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktlar;

17-1.6. bu əsasnamənin 17-1.1-17-1.5-ci yarımbəndlərinə uyğun olaraq Orqanın kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişikliklərin edilməsi.";

1.4. 19-cu bənd ləğv edilsin;

1.5. 22-ci bəndin ikinci cümləsi çıxarılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində:

2.1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 63-cü maddəsində nəzərdə tutulmuş amilləri ehtiva edən mərkəzi icra hakimiyyəti orqanları əsasnamələrinin müddəalarını aradan qaldırmaq məqsədi ilə təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 mart 2012-ci il

 

Azərbaycan.- 2012.- 18 mart.- S. 1.