Fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərini mükafatlandırmışlar

 

 Martın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurası tərəfindən Novruz bayramı münasibətilə keçirilən ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.

AzərTAc xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, Milli Məclisin deputatları  və KİV təmsilçiləri iştirak etmişlər.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli iştirakçıları Novruz bayramı münasibətilə təbrik etmişdir. Artıq üçüncü ildir keçirilən müsabiqənin əhəmiyyətindən danışan fondun icraçı direktoru müşahidə şurasına  94 yazının təqdim edildiyini bildirmişdir. V.Səfərli qeyd etmişdir ki,  müsabiqə 10 istiqamətdə 30 mövzu üzrə müəyyənləşdirilmişdir. Yazı müsabiqəsi fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği, uşaq və gənclərin fiziki və mənəvi inkişafı, dinimilli tolerantlıq və başqa istiqamətlər üzrə keçirilmişdir.

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbir iştirakçılarını xalqımızın qədim bayramı Novruz münasibətilə təbrik etmişdir. Əli Həsənov bu bayramın əsrlərin sınaqlarından çıxdığını, min illər boyu təkmilləşə-təkmilləşə xalqımızın həyatında, adət-ənənəsində mühüm yer tutduğunu bildirmişdir. Şöbə müdiri Novruz bayramı münasibətilə fond tərəfindən keçirilən bu ənənəvi müsabiqəni yüksək dəyərləndirmiş, mükafatların jurnalistlər üçün əsl bayram hədiyyəsi olduğunu demişdir.

Əli Həsənov bildirmişdir ki, fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi  Azərbaycan jurnalistlərinin sosial vəziyyətinin yaxşılaşdırılması, daim dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunması, əməklərinə qiymət verilməsi məqsədi daşıyır. Azərbaycanın mediası üçün stimul olan belə tədbirlərin və layihələrin dövlət tərəfindən dəstəkləndiyini deyən Əli Həsənov bu istiqamətdə işin davam etdiriləcəyinə əminliyini söyləmişdir.

Prezident Administrasiyasının rəsmisi ümummilli lider Heydər Əliyevin jurnalistlərin fəaliyyətini və zəhmətini böyük fədakarlıq kimi qiymətləndirdiyini demişdir. Bildirilmişdir , jurnalistlər başqa sahələrin işçilərindən daha çox zəhmət çəkən və məsuliyyət daşıyan insanlardır. Bu gün dövlətimiz tərəfindən yaradıcı insanların fəaliyyətinin layiqincə qiymətləndirildiyini diqqətə çatdıran Əli Həsənov Prezident İlham Əliyevin imzaladığı "Azərbaycanın mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" sərəncamına əsasən jurnalistlər üçün tikilən binanın tezliklə təhvil veriləcəyini bildirmişdir. Qeyd edilmişdir , bu evlər daha çox ehtiyacı olanlara və ən layiqli jurnalistlərə veriləcəkdir. Bu da dövlətimizin yaradıcı insanlara qayğısının əyani sübutudur.

 Jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirən Əli Həsənov bildirmişdir ki, media mənsubları Azərbaycanda ictimai fikrin formalaşmasında, cəmiyyətlə dövlət arasında münasibətlərin inkişafında yaxından iştirak edir. Belə insanlara qayğı göstərmək Azərbaycan dövlətinin borcudur.

Bildirilmişdir ki, bu müsabiqə əslində, rəmzi xarakter daşıyır. Əli Həsənov müsabiqədə qalib gəlməyən jurnalistlərin ruhdan düşməmələrini, əksinə, daha böyük axtarış və tədqiqat aparmalarını, belə tədbirlərin sayının artırılmasını tövsiyə etmişdir.

Qeyd edilmişdir , KİVDF jurnalistlərin irəli sürdüyü təşəbbüsləri ümumiləşdirməli və vahid bir konsepsiya şəkilinə salaraq Azərbaycan mediasına dövlət dəstəyini lazımi səviyyəyə gətirməlidir. Fondun vəzifəsi jurnalistlərimizin sosial şəraitinin yaxşılaşdırılması, jurnalistikamızın,  medianın inkişafına dövlət dəstəyinin səmərəliliyini təmin etməkdir. Əli Həsənov bu proseslərin həyata keçirilməsində fondun fəaliyyətini yüksək qiymətləndirmişdir.

Prezident Administrasiyasının şöbə müdiri Azərbaycanın nailiyyətlərini qeyd etmiş, qarşıdakı illərin də ölkəmiz üçün uğurlu olacağına əminlik bildirmişdir.

Bu il ölkəmizin transmilli tədbirlərə ev sahibliyi edəcəyini deyən Əli Həsənov vurğulamışdır , "Eurovision-2012" mahnı müsabiqəsində iştirak etmək üçün dünyanın ayrı-ayrı ölkələrindən Azərbaycana qonaqlar gələcəkdir. Azərbaycan qonaqpərvərliyi çərçivəsində onların layiqincə qarşılanması, yola salınması bir millət və dövlət kimi bizim borcumuzdur. Şöbə müdiri bildirmişdir ki, BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş Azərbaycan dünyanın transmilli proseslərinin bilavasitə iştirakçısı, regionun lider dövlətidir. Jurnalistlər tərəfindən bu proseslərin işıqlandırılması, dövlət siyasəti, xarici ölkələrlə münasibətlərə dair mətbuatda yayılan yazılar dövlətimizə vacib dəstəkdir. Biz bütün sahələrdə fəaliyyətimizi əlaqələndirməli, yaradıcı insanlarla, həmçinin cəmiyyətimizin digər üzvləri ilə ünsiyyətimizi daha da gücləndirməliyik.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, filologiya elmləri doktoru, İctimai TeleviziyaRadio Yayımları Şirkəti Yayım Şurasının sədri, professor Cahangir Məmmədli müsabiqənin əhəmiyyətindən danışmış, belə layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırmışdır.

Cahangir Məmmədli  KİVDF tərəfindən keçirilən bu müsabiqələrin jurnalistikanın inkişafına son dərəcə böyük təsir göstərən bir vasitəyə çevrildiyini bildirmişdir.

Sonda qaliblər fondun xüsusi diplomupul mükafatı ilə təltif olunmuş, tədbir bədii, hissə və konsert proqramı ilə davam etmişdir.

 

 

Azərbaycan.- 2012.- 18 mart.- S. 2.