Azərbaycan
qadınları çoxsaylı uğurlar
əldə ediblər
Azərbaycanda səfərdə olan İsveçin "Qadın və cəmiyyət" təşkilatının nümayəndə heyəti dünən Milli Məclis Sədrinin müavini Bahar Muradova ilə görüşüblər. Qonaqları salamlayan Bahar Muradova bildirib ki, Azərbaycan və İsveç arasında qarşılıqlı münasibətlər mövcuddur. Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu cür əlaqələr hər iki ölkənin xalqları arasında olan münasibətlərin inkişafına da təsir göstərir.
Milli Məclis Sədrinin müavini Bahar Muradova deyib ki, "Qadın və cəmiyyət" təşkilatının tərkibində İsveçin ictimai-siyasi həyatına kifayət qədər öz təsirini göstərən xanımlar var və onların ölkəmizə səfəri Azərbaycan-İsveç münasibətlərinin daha da möhkəmlənməsi üçün zəmin yaradacaq: "Sizin Azərbaycana səfəriniz zamanı kifayət qədər ciddi məsələlər müzakirə olunacaq və keçirdiyiniz görüşlər qadın amilinin cəmiyyətin inkişafında nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha üzə çıxaracaq. Biz bu xanımların ölkələrində qazandıqları hörməti bir örnək kimi qəbul etmişik. Ancaq bu gün Azərbaycanda da qadınlar çoxsaylı uğurlar əldə ediblər. Bu gün sərbəst şəkidə söyləyə bilərik ki, Azərbaycan demokratik dövlətdir və ölkəmizdə xanımlar bütün yaradılmış imkanlardan istifadə hüququna malikdirlər və onlar artıq konkret naliyyətlər ortaya qoyublar".
Bahar Muradova diqqətə çatdırıb ki, bu gün Azərbaycan parlamentində 20 qadın deputat var. Xanımlar Milli Məclisin, cəmiyyətin işində yaxından iştirak edirlər.
Sonra "Qadın və cəmiyyət" təşkilatının nümayəndə heyətinin rəhbəri Marqareta Ling-Vannerus çıxış edərək bildirib ki, Azərbaycana gəlməzdən öncə onlar Belarusda, Litvada, Latviya, Estoniyada olublar. Onun sözlərinə görə, səfərdə məqsəd Azərbaycan və İsveç qadınları arasında əlaqələr qurmaq və bunu inkişaf etdirməkdir. Xanım Marqareta eyni zamanda, qeyd etdi ki, Stokholmda yerli hakimiyyət və Nazirlər Kabineti işçilərinin 43 faizini qadınlar təşkil edir. İsveçdə qadınlara seçki hüququ 1919-cu ildə verilib və 1921-ci ildən aktiv siyasətə başlayıblar. Eyni zamanda, ölkənin siyasi partiyaları da qadın üzvlərinin sayını artırır.
Görüş zamanı ölkəmizə qonaq gəlmiş müxtəlif peşə sahibi olan 15 isveçli xanım özlərini təqdim edərək gördükləri işlərdən danışıblar.
Sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2012.- 18 mart.- S. 3.