Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur

 

 Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında Vergi Məcəlləsinin 14-cü və Mülki Məcəllənin 390-cı maddələrinin şərh olunmasına dair konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiymətinin əmlakın icarəyə verilməsindən əldə olunan gəlirə verginin hesablanması məqsədilə tətbiqi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci və 390-cı maddələrində təsbit edilmiş mülkiyyət hüququnu və müqavilə azadlığını pozmur.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur.   

Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiyməti icarə münasibətlərindən bu qərarın qüvvəyə mindiyi tarixdən sonra əldə olunmuş gəlirdən vergitutma məqsədləri üçün istifadə edilə bilər.  

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqanya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

 

 

Azərbaycan.- 2012.- 18 mart.- S. 3.