Növbəti humanist addım insanlarda sevinc yaratdı

 

 Azərbaycan Prezidenti İlham Əliyevin humanizm prinsiplərinə əsaslanaraq Novruz bayramı münasibəti ilə imzaladığı əfv sərəncamı icra edildi. Əsası 1995-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu ənənə - insan hüquq və azadlıqlarının müdafiəsi, demokratik prinsiplərin inkişafı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi ideyası Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edir. Bütün siyasi fəaliyyəti humanizm prinsiplərinə əsaslanan ümummilli lider Heydər Əliyev 1995-ci ildə Azərbaycanda əfv və amnistiya institutunu yaratdı. Ulu öndərin imzaladığı əfv sərəncamları ən müxtəlif təbəqələri əhatə edirdi. Bu sərəncamlar qanunların aliliyi prinsipini tərəddüdsüz qəbul edən vətəndaşların reabilitasiyasına fundamental töhfələr verdi. Prezident İlham Əliyevin 15 mart 2012-ci il tarixli qərarı ilə imzalanmış əfv sərəncamı sayca 51-cı oldu və 62 nəfərə şamil edildi. Əfv edilən məhkumların və onların ailə üzvlərinin bayram sevinci ikiqat artdı. Prezidentin imzaladığı sərəncamın icra edildiyi cəzaçəkmə müəssisələrində olduğumuz zaman cəzalarının çəkilməmiş hissəsindən azad edilən şəxslər ölkə başçısına minnətdarlıq edərək bir daha cinayət törətməyəcəklərini bildirdilər. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində 4 məhkum azadlığa qovuşurdu. Cəzaçəkmə müəssisəsində insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, Penitensiar Xidmətin Baş İdarəsinin rəis müavini, ədliyyə polkovniki Hüseyn Əlixanov və müəssisənin rəhbərliyi məhkumların azadlığa buraxılması mərasimində  iştirak edirdilər. Məhkumlar qarşısında çıxış edən Hüseyn Əlixanov bildirdi ki, əfv sərəncamının mahiyyəti digər azadlığa çıxma şərtlərindən fərqlənir: "Əfv sərəncamı ilə azadlığa çıxan şəxslər daha çox məsuliyyət hiss edirlər. Təcrübə göstərir ki, əfv sərəncamı ilə azadlığa çıxan şəxslər sonralar təsadüfi hallarda cinayət törədirlər. Əfv sərəncamı bir qayda olaraq cəzaçəkmə müəssisələrində öz nümunəvi davranışına görə fərqlənən şəxslərə şamil olunur".

Ombudsman Elmira Süleymanova isə əmin olduğunu bildirdi ki, əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxaracaq, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklər.

Sonra məhkumlara əfv olunmaları ilə bağlı sənədlər təqdim edildi. Tahirov Ramil Ədəhəm oğlu, 1985-ci ildə anadan olmuş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 27 mart tarixli hökmü ilə 8 il,  Əsədov Kamil Mətləb oğlu, 1982-ci ildə anadan olmuş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2006-cı il 11 oktyabr tarixli hökmü ilə 8 il,  Səfərov Məmmədbağır Qarsalan oğlu, 1985-ci ildə anadan olmuş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2008-ci il 8 fevral tarixli hökmü ilə 7 il, və 1990-cı ildə anadan olmuş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 2009-cu il 17 dekabr tarixli hökmü ilə 3 il 6 ay azadlıqdan məhrum edilmiş Abuşov Misir Sakit oğlu və başqaları Novruz bayramı ərəfəsində bu humanist addımı yüksək dəyərləndirib, dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirdilər. Azadlığa çıxan məhkumlar bir daha ailələrinə belə kədərli günləri yaşatmayacaqlarını, Azərbaycan dövləti üçün layiqli vətəndaş olacaqlarını söylədilər.

Bayırda isə sevinc hissindən göz yaşlarını gizlədə bilməyən valideyinlər azadlığa çıxan övladlarını həsrətlə gözləyirdilər. Məhkum Tahirov Ramilin atası Ədəhəm Tahirov onlara bu xoş günü yaşadan Prezident İlham Əliyevə, onun ailəsinə minnətdarlıq etdi. "Biz dövlət başçısına minnətdarıq. O, atası, ulu öndər Heydər Əliyevin yolu ilə gedir və bütün Azərbaycan xalqı onun arxasındadır. Dövlət başçımız hər bayramda məhkumları əfv edir, onların günahını bağışlayır".

Azadlığa çıxan 22 yaşlı Misir Abuşovun qohumları isə Novruz bayramını onlar üçün ikiqat bayrama çevirən dövlətimizin başçısına uzun ömür, can sağlığı arzuladılar.  

Prezident İlham Əliyev Novruz bayramı münasibəti ilə 62 ailəyə hədsiz sevinc bəxş etdi. Dövlət başçısının bu humanist addımı həm azadlığa çıxanlar, həm də cəzaları azaldılan şəxslər, onların ailə üzvləri, valideynləri, yaxınları tərəfindən böyük sevinclə qarşılandı. Bu qətiyyətli addımı ilə Prezident İlham Əliyev bir daha təsdiqlədi ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi dövlətin daim diqqət mərkəzində saxladığı zəruri məsələlərdir. Ölkəmizdə bu istiqamətdə görülən işlər isə beynəlxalq aləmdə yüksək dəyərləndirilir.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2012.- 18 mart.- S. 3.