Almaniyanın xarici işlər naziri Qido Vestervelle Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını vacib hesab edir

 

Almaniya mətbuatı Almaniyanın xarici işlər naziri Qido Vestervellenin Cənubi Qafqaz ölkələrinə rəsmi səfərinə geniş yer ayırmışdır.

AzərTAc stern.de saytına istinadla xəbər verir ki, Cənubu Qafqaza səfərini Ermənistanda başa vuran Almaniyanın xarici siyasət idarəsinin başçısı Qido Vestervelle bu ölkəyə səfəri çərçivəsində Yerevanda Serj Sarkisyanla görüşmüşdür. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin mümkün həlli yollarının müzakirə olunduğu bildirilir. Almaniyanın xarici işlər naziri Q.Vestervelle Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasının region üçün vacib olduğunu xatırlatmışdır. Nazir münaqişə tərəflərini iradə nümayiş etdirməyə, kompromis yollar axtarmağa, bütün səylərini problemin sülh yolu ilə həllinə yönəltməyə çağırmışdır.

Dağlıq Qarabağın ərazisinin beynəlxalq hüquqa görə Azərbaycana məxsus olduğunu diqqətə çatdıran stern.de internet portalı Azərbaycan ərazilərinin hələ də ermənilər tərəfindən işğal altında saxlanıldığını qeyd etmiş, müstəqilliyini formal saxlayan Ermənistan kimi zəif dövlətin bu münaqişədə Rusiyadan faktiki asılı olduğunu bir daha nəzərə çatdırmışdır.

 

 

Azərbaycan.- 2012.- 18 mart.- S. 3.