Sənayeləşməyə
dövlət qayğısı daha da artırılacaq
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev ölkədəki iqtisadi yüksəlişi, dünya standartlarına uyğun yeni texnologiyanın tətbiqini və sənayeləşmənin uğurlu gedişini qeyd etməklə bərabər, bu sahənin bundan sonra da sürətlə inkişaf etdiriləcəyini bildirmişdir: "Bizim məqsədimiz məhz bundan ibarətdir. Qeyri-neft sektorunun, qeyri-neft sənayesinin inkişafı. İndi bu ilin birinci ayının yekunları da onu göstərir - qeyri-neft sənayesi 10 faizdən çox artmışdır. Çox güclü sənayeləşmə prosesi gedir. Mən bu məsələ ilə bağlı bir neçə il əvvəl danışmışdım. Demişdim ki, Azərbaycanda sənayeləşmə prosesi sürətlə getməlidir və biz bunu görürük".
Həqiqətən də, ötən il ölkəmizin inkişafı üçün uğurlu il olmuşdur. 2011-ci ilin xarakterik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, qeyri-neft sektoru sürətlə inkişaf etmişdir. Yaradılan və yaradılmaqda olan yeni sənaye müəssisələri uzunmüddətli inkişaf strategiyasının aparıcı xəttini təşkil edir. Uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizin iqtisadi gücü durmadan artır, dünya standartlarına uyğun infrastruktur layihələri həyata keçirilir, insanlara firavan sosial həyat şəraiti yaradılır. İqtisadçı ekspertlər də bildirirlər ki, Azərbaycandakı kimi özəl sektora dəstək MDB ölkələrinin heç birində yoxdur. Bu dəstək, ilk növbədə, dövlət dəstəyidir. Ölkə rəhbəri sahibkarlarla, iş adamları ilə Bakıda, Bakıətrafı qəsəbə və kəndlərdə, eləcə də bölgələrdə mütəmadi görüşlər keçirib, 500-ə qədər sənaye müəssisəsinin açılış mərasimində iştirak edib.
2011-ci ildə ölkədə 72 min 400-ü daimi olmaqla, 94 min yeni iş yeri və 5 mindən çox müəssisə açılmışdır. Azərbaycan Prezidentinin tapşırığı ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2012-ci ilin iki ayı da nəzərə alınmaqla güzəştli şərtlərlə sahibkarlara 900 milyon manat kredit verilmişdir. Onların mütləq əksəriyyəti bölgələrə və demək olar ki, hamısı iqtisadiyyatın ən vacib sahələrinə yönəldilmişdir.
Konfransda o da qeyd olunmuşdur ki, sahibkarlara veriləcək kreditlərin həcmi ildən-ilə artırılacaqdır. Sənaye sahəsində dövlətin əsas məqsədi 2012-ci ildə də istehsalın dayanıqlı və yüksək artım templərinin təmin edilməsinə, milli məhsulun rəqabət qabiliyyətliliyinin, sənayedə investisiya və innovasiya fəallığının daha da artırılmasına, qeyri-neft sektorunun daha sürətli inkişafına və stimullaşdırılmasına, idxaldan asılılığı azaltmağa və əhalinin məşğulluğunun artırılmasına nail olmaqdır.
İkinci dövlət proqramı çərçivəsində respublika və yerli əhəmiyyətli 690 kilometrədək avtomobil yolları, o cümlədən 220 kilometr kənd yolları çəkilmiş və təmir olunmuş, 25 yeni körpü və tunel inşa edilmiş, avtovağzal kompleksləri, Qəbələ beynəlxalq hava limanı və digər həyat əhəmiyyətli obyektlər istifadəyə verilmişdir. Sumqayıt Texnoparkında ağır maşınqayırma və sənaye qazları, Qaradağda müasir tikinti materialları, Abşeronda mebel və MDF istehsalı, Naxçıvanda biskvit və şokolad, tikiş, qarışıq yem fabrikləri, Samuxda meyvə qurudulması və emalı, Ağcabədidə və Tovuzda süd emalı, Ağsuda və Şəkidə şirə və şərab, Xaçmazda kondensator zavodları və digər sənaye müəssisələri bu qəbildəndir. İl ərzində 91 min metr kollektor-drenaj şəbəkələri tikilmiş, 63 min metrdən çox suvarma kanalları çəkilmiş və ya yenidən qurulmuşdur. Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə etməklə hazırda 23 quşçuluq fabriki, 5 heyvandarlıq kompleksi, 14 soyuducu və taxıl anbarı, 13 istixana kompleksi, 5 süd emalı, 3 ət emalı, 4 konserv, 8 çörək zavodu və digər müəssisələr tikilir.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Yevlax, Mingəçevir, Göyçay, Şəki, Qusar, Lənkəran şəhərlərində və bir çox digər yerlərdə infrastruktur təminatı yaxşılaşmış, sahibkarlıq fəaliyyəti üçün imkanlar daha da genişlənmişdir. Bu da regionlarda rəqabət qabiliyyətli və ixrac yönümlü məhsullar istehsal edən, müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılması ilə nəticələnmişdir. Regionlarda istehsal olunan bir çox məhsullarımız artıq Avropa və Amerika bazarlarına da ixrac olunur. Bu da birbaşa əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına təsir edir, sosial infrastrukturlar yeniləşir, bölgələrin görkəmi dəyişir, yeni sənaye müəssisələri istifadəyə verilir.
Hazırda tikilməkdə olan Gəmiqayırma zavodu, Qaradağ və Ağstafa rayonlarındakı sement zavodları, Günəş panelləri zavodu, Hacıqabuldakı kafel-metlax, Sumqayıtdakı kağız emalı, bitki yağları zavodları, xovlu iplik, parça və boya fabrikləri, gübrə zavodu istifadəyə veriləndə minlərlə yeni iş yerləri açılacaq. Məhz bu cür nəhəng işlər sayəsində Azərbaycan bu gün sürətlə sənayeləşən ölkələr sırasına daxildir. Bütün bu uğurlar ümummilli lider Heydər Əlyevin siyasi kursunu Prezident İlham Əliyevin uğurla davam etdirməsinin bəhrəsidir. Bir sözlə, ölkədəki mövcud olan ictimai-siyasi sabitlik məhz həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətləri olan qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması sabahın daha böyük uğurlarından xəbər verir.
Rəhman SALMANLI
Azərbaycan.- 2012.- 18 mart.- S. 3.