İnkişaf sürətli mərhələyə
qədəm qoyur
Azərbaycan 2020: Güclü
dövlət, yüksək rifah
Qədim Göyçay son dövrlər
daha sürətli inkişaf mərhələsini
yaşayır. Rayonda abadlıq-quruculuq işlərinin
miqyası genişlənir. Regionların sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramında Göyçay
rayonu ilə bağlı nəzərdə tutulan 15 tədbirin
icrası ilə əlaqədar görülən işlər əhalinin
sosial rifahının yaxşılaşdırılmasına da
təsir edir.
Ölkə
Prezidenti İlham Əliyev Göyçaya səfəri
zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşündə demişdir: "Göyçay
rayonunun çox böyük potensialı vardır. Kənd təsərrüfatının,
digər sahələrin, emal sahələrinin inkişafı
üçün lazımi tədbirlər görülür. Mən
ümid edirəm ki, Göyçay həmişə olduğu
kimi, növbəti illərdə də Azərbaycanda iqtisadi
inkişaf sahəsində ön sıralarda olacaqdır.
Bütün bu işləri görmək üçün əlbəttə
ki, rayon ictimaiyyəti səfərbər olunmalıdır. Bu səfərbərlik
vardır və mən ümid edirəm ki,
Göyçayın uğurlu inkişafı növbəti illərdə
də davam edəcəkdir".
Ötən
il Göyçayda 20,7 milyon manatlıq sənaye məhsulu
istehsal edilib. Bu isə bir il əvvələ nisbətən
40,3 faiz çoxdur. Müvafiq olaraq meyvə şirələri
istehsalı 41,4 faiz, süd emalı 40,7 faiz, çörək
istehsalı 54,6 faiz, təbii asfalt istehsalı 79,4 faiz
artıb.
2011-ci
ildə iqtisadi və sosial sahələrin inkişafı
üçün bütün maliyyə mənbələrindən
əsas kapitala 37,5 milyon manat və ya 2010-cu ilə nisbətən
50,2 faiz çox investisiya yönəldilib.
Tikinti-quraşdırma işlərində istifadə
edilmiş investisiyanın həcmi əvvəlki illə
müqayisədə 48,5 faiz artaraq 34,7 milyon manat olub.
İnvestisiyaların 88,5 faizi istehsal təyinatlı obyektlərin
tikintisində istifadə edilib.
Regional
Dövlət Proqramında nəzərdə tutulan vəzifələrin
uğurla yerinə yetirilməsi nəticəsində rayonun
sosial-iqtisadi inkişaf tempi xeyli artıb. Bu baxımdan son səkkiz
ildəki göstəricilər də qazanılan nailiyyətlərin
əyani sübutudur.
Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının icrasının ilk ilindən etibarən Göyçay rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 45,1 milyon manatdan 209,8 milyon manata çatıb. İqtisadi artım 4,7 dəfə çox olub. Son səkkiz ildə sənaye məhsulunun həcmi 5,2 dəfə, rayona qoyulan investisiyanın həcmi 53 dəfə artaraq 37,5 milyon manata yüksəlib.
Ərzaq təhlükəsizliyinin təmin olunmasında əvəzsiz rol oynayan kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədi ilə istehsalçılara güzəştli şərtlərlə toxum, yanacaq, gübrə və texnikanın verilməsi bu sahəyə çox ciddi təsir göstərib. 2004-cü ilə nisbətən aqrar sahədə ümumi məhsul istehsalı 3 dəfə artaraq 89 milyon manata çatıb. Hazırda ümumi daxili məhsulun strukturunda kənd təsərrüfatının xüsusi çəkisi 42,4 faiz təşkil edir. Meyvə saxlamaq üçün soyuducu anbar və kameraların inşa edilməsi, nar emalı üzrə ixtisaslaşmış müəssisələrin əsaslı yenidən qurulması kənd təsərrüfatı əməkçilərinin meyvəçiliyə marağını daha da artırıb. Son 8 ildə meyvə bağlarının ümumi sahəsi 2,5 dəfə artaraq 5259 hektara çatdırılıb. 2011-ci ildə rayonda meyvə istehsalı 61,8 min ton olub ki, bu da 2004-cü ilə nisbətən 24,8 min ton çoxdur. Rayon iqtisadiyyatı üçün böyük əhəmiyyəti olan narçılığın inkişafına diqqət artırılıb: son iki ildə 1000 hektara yaxın yeni bağ salınıb, nar bağlarının ümumi sahəsi 3619 hektar olub.
Kənd yaşayış məntəqələrinin suvarma suyu ilə təminatının etibarlılığını yüksəltmək məqsədi ilə Göyçay çayının məcrasında ümumi smeta dəyəri 2 milyon manat olan qurğu istifadəyə verilib. Bu qurğunun istifadəyə verilməsi 8 min hektara yaxın suvarılan torpağın ilin bütün fəsillərində fasiləsiz suvarma suyu ilə təmin edilməsinə imkan yaradıb.
Göyçayın sənaye müəssisələrində ərzaq məhsulları istehsalının inkişaf etdirilməsi üçün bir sıra mühüm tədbirlər həyata keçirilir. Göyçay konserv və süd zavodlarında əsaslı yenidənqurma işləri aparılması üçün 11 milyon manat investisiya qoyulub, ən müasir tələblərə cavab verən dəzgah və avadanlıqlar quraşdırılıb. Bu müəssisələrdə istehsal olunan məhsullar yüksək rəqabət qabiliyyətli olduğuna görə onların 80 faizə qədəri xaricə, o cümlədən Avropa ölkələrinə ixrac olunur.
Respublika əhalisinin quş əti ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə rayondakı 528 min başlıq broyler quşçuluq fabrikində əsaslı yenidənqurma işləri aparılıb, bütün sexlər yenidən qurulub, müəssisədə yeni qablaşdırma və kəsim sexləri istifadəyə verilib. Hazırda burada müasir texnologiya əsasında əlavə sexlər inşa edilməklə istehsal gücünün iki dəfə artırılması nəzərdə tutulur.
Dövlət proqramına uyğun olaraq rayonda böyük tikinti işləri görülür. 2011-ci ildə tikinti-quruculuq işlərində istifadə edilmiş investisiyaların həcmi əvvəlki illə müqayisədə 48,5 faiz artaraq 34,7 milyon manat olub. 2004-2011-ci illərdə rayonda 8 orta məktəb binası tikilib istifadəyə verilib, 7 orta məktəb binası əsaslı şəkildə yenidən qurulub. Hazırda 3 kənddə 940 yerlik məktəb binaları, Göyçay şəhərində isə 40 yerlik uşaq bağçası tikilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 21 və 24 mənzilli yaşayış binaları da inşa edilib. Son iki ildə Heydər Əliyev Mərkəzi, müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksi istifadəyə verilib.
Göyçaya əlavə yaraşıq verən möhtəşəm və yeni bir memarlıq nümunəsi də Heydər Əliyev Mərkəzidir. Mərkəzin ümumi sahəsi 1,5 hektardır. Ərazidə abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, dekorativ güllər və ağaclar əkilib, fəvvarələr quraşdırılıb. Heydər Əliyev Mərkəzinin qarşısında 40 metr uzunluqda, 6 metr hündürlükdə şəlalə fəvvarə kompleksi yaradılıb.
Hazırda rayon mərkəzində Dövlət Bayrağı Meydanı inşa edilir. Gənclər evinin tikintisi üçün hazırlıq işləri görülür, çoxmənzilli binaların üz hissələri müasir memarlığa uyğunlaşdırılaraq yenidən qurulur.
Rayonda yerli xammaldan tikinti materialları istehsalına diqqət xeyli artırılıb, kərpic istehsal edən 2 müəssisə istifadəyə verilib, Göyçay Kərpic Zavodunda əsaslı yenidənqurma işləri aparılmaqla onun istehsal gücü 1,5 dəfə artırılıb. Rayonun Cəyirli kəndinin ərazisində istehsal gücü 1 milyon kubmetrə yaxın daş doğrayan qurğu kompleksi, şəhərin sənaye zonasında qum-çınqıl istehsal edən iki müəssisə işə salınıb.
Sahibkarlığa yaradılan şərait, onlara güzəştli kreditlərin verilməsi nəticəsində rayonda çoxlu sayda müxtəlif təyinatlı yeni özəl müəssisələr yaradılıb.
Ötən ilin may ayında sahibkarların vəsaiti hesabına smeta dəyəri 800 min manat, istehsal gücü saatda 120 ton olan asfalt zavodu, saatlıq istehsal gücü 60 kubmetr olan beton zavodu işə salınıb.
Əhalini il boyu təzə meyvə və tərəvəz məhsulları ilə təmin etmək məqsədi ilə rayonun Ərəbcəbirli kəndində Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə 2000 tonluq, Potu kəndində 750 tonluq soyuducu anbar kompleksləri istifadəyə verilib.
Hazırda rayonun Yalman kəndində fondun ayırdığı kredit hesabına üzüm qəbulu müəssisəsi və sutkada 8 ton spirt istehsal edən qurğu kompleksi tikilir. Yeni yaradılmış və bərpa olunmuş müəssisələrdə 2009-2011-ci illərdə 1817 daimi iş yeri açılıb. Bütövlükdə son 8 ildə 6518-i daimi olmaqla 8562 yeni iş yeri açılıb.
Rayon əhalisinin elektrik enerjisi, qaz və içməli su ilə təminatının daha da yaxşılaşdırılması istiqamətində gərəkli işlər görülür. Təkcə 2011-ci ildə dövlət proqramına müvafiq olaraq rayonun 7 kənd yaşayış məntəqəsinə təbii qaz verilişi bərpa edilib. Asiya İnkişaf Bankının ayırdığı kredit hesabına şəhərin içməli su ilə təchizatının yenidənqurulması işlərinin ikinci mərhələsinə başlanılıb, içməli su mənbəyi olmayan 2 kənddə sutəmizləyici qurğular istifadəyə verilib.
Ölkəmizdə alternativ enerji mənbələrindən geniş istifadə edilməsinə diqqət artırılır. Bu baxımdan Yuxarı Şirvan kanalının rayonun Bığır kəndi ərazisindən keçən hissəsində "Göyçay-1" su elektrik stansiyasının inşası çox əhəmiyyətlidir.
Rayonda yol infrastrukturunun təkmilləşdirilməsi də diqqətdə saxlanılır, kəndlərarası avtomobil yollarının yenidən qurulması istiqamətində əməli tədbirlər görülür. Artıq Muğanlı-Yevlax avtomobil magistralının Göyçay rayonu ərazisindən keçən hissəsinin əsaslı tikinti işlərinə başlanılıb.
Ölkə Prezidentinin 28 iyul 2011-ci il tarixli sərəncamı ilə Ləkçıplaq-Yalman-Şıxbəy-Məlikkənd-Şıxəmir kəndlərini birləşdirən yolun inşasına 2,5 milyon manat vəsait ayrılıb. Ümumi uzunluğu 11,6 kilometr olan həmin yolun tikintisi qısa müddət ərzində başa çatdırılıb və yol ötən ilin dekabr ayında istifadəyə verilib. Bu qayğıya görə göyçaylılar dövlət başçısına dərin minnətdarlıqlarını bildirirlər.
Göyçayda yeni məktəb binalarının tikintisinə də xüsusi diqqət yetirilir. Ötən il Şıxbəy kəndində 180 yerlik yeni məktəb binası istifadəyə verilib. Şəhər 3 nömrəli və Qaraməryəm kənd tam orta məktəblərinin binalarında əsaslı yenidənqurma işləri görülüb.
Göyçayda yerli sahibkarlar və iş adamları rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsində, əhalini narahat edən problemlərin həllində fəal iştirak edirlər. Bunun nəticəsidir ki, ötən il rayon üzrə sənaye məhsulunun 76,3 faizi özəl sektorda istehsal olunub, başqa sözlə, əvvəlki illə müqayisədə qeyri-dövlət sektorunda sənaye məhsulu istehsalı 52,8 faiz artıb.
İnvestorların rayona cəlb edilməsi üçün mühüm işlər görülür. Elə buna görə hər il konserv, süd və kərpic zavodlarına, broyler quşçuluq fabrikinə milyonlarla manat investisiya qoyulur. Yeri gəlmişkən qeyd edək ki, ötən ilin may ayında şəhərin sənaye zonasında "ATF" MMC-nin vəsaiti hesabına smeta dəyəri 800 min manat, istehsal gücü saatda 120 ton olan asfalt zavodu istifadəyə verilib.
2012-ci ildə Sahibkarlığa Kömək Milli Fondundan 19 sahibkar 1,9 milyon manat güzəştli kredit alıb. Hazırda rayonun Yalman kəndində fondun ayırdığı kredit hesabına üzüm qəbulu müəssisəsi və sutkada 8 ton spirt istehsal edən qurğu kompleksi tikilir.
Bu il İkinci Kənd İnvestisiya layihəsi çərçivəsində Göyçayın 11 kənd yaşayış məntəqəsində icma layihələri həyata keçiriləcəkdir. Bunlar əsasən ərazilərdə kollektor-drenaj şəbəkələrinin təmizlənməsi, kəndarası yolların təmir edilməsi, içməli su ilə təminatın yaxşılaşdırılması ilə bağlı layihələrdir.
Bu il Çərəkə, Ləkçıplaq və Ulaşlı-Şıxlı kəndlərində inşa edilən yeni məktəb binalarının və şəhər 1 nömrəli uşaq bağçasının binasının da istifadəyə verilməsi nəzərdə tutulub.
2011-ci ildə sahibkarların vəsaiti hesabına bir sıra istehsal, ticarət və xidmət obyektləri də istifadəyə verilib, Göyçay şəhər mehmanxanasında müasir tələblərə cavab verən əsaslı yenidənqurma işləri görülüb. Hazırda iş adamlarının vəsaiti hesabına şəhərdə iki yeni şadlıq evi, dördmərtəbəli ticarət mərkəzi, Qaraməryəm kəndində yeni ticarət kompleksi inşa olunur. Özəl sektorun inkişafı, şübhəsiz ki, insanların maddi imkanlarının artması ilə də şərtlənir.
Rayonda əhaliyə göstərilən rabitə və poçt xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində də gərəkli işlər görülür. 2011-ci il ərzində analoq tipli avtomat telefon stansiyalarının yenidən qurulması tam başa çatdırılıb, müasir rəqəmsal tipli elektron ATS-lərlə əvəz olunub. Bir sıra yaşayış məntəqələrində, o cümlədən Göyçay şəhərindəki, Bığır, Qaraman, Qarabaqqal, Məlikkənd kəndlərindəki ATS-lərdə genişləndirmə işləri görülüb.
Rayonda bütün poçt şöbələri müasir kompyuter avadanlıqları ilə təmin olunub. Keçən il rayonun Çaxırlı, Ləkçıplaq və Ərəbcəbirli kəndlərində müasir tələblərə cavab verən poçt şöbələri istifadəyə verilib.
Rayonda sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi istiqamətində mühüm işlər görülür. Ötən il yardımla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etmiş 1797 aztəminatlı ailənin 7185 üzvünə ünvanlı sosial yardım təyin olunub və hər bir ailəyə düşən orta aylıq yardımın məbləği 103,17 manat, hər bir nəfərə düşən orta aylıq yardımın məbləği isə 21,5 manat təşkil edib. Hazırda mərkəz tərəfindən 3310 nəfərə sosial müavinət təyin olunaraq ödənilir. Mərkəzdə tək, ahıl vətəndaşlara və əlillərə evlərdə sosial məişət xidməti göstərilməsi də mövcud təlimatın tələblərinə uyğun həyata keçirilir. 276 nəfər ahıl və əlil mərkəzin sosial-məişət xidməti şöbəsi tərəfindən xidmətə götürülüb. Hazırda 28 sosial işçi onlara öz evlərində xidmət göstərir.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində əməyə, ailə başçısını itirməyə və əlilliyə görə pensiya alanlar haqqında bütün məlumatlar avtomatlaşdırılıb və baza məlumat sistemi yaradılıb. Bütün pensiya və müavinət alanlar plastik kartlarla təmin olunub. Ancaq kənd yaşayış məntəqələrində bankomatların olmaması ilə bağlı çətinliklər hələ də qalmaqdadır.
Söhbət zamanı Göyçay RİH başçısı Mənsur Məmmədov rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qarşıda xeyli vəzifənin durduğunu da qeyd etdi.
2012-ci ildə Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində 58,7 p/km su şəbəkəsi, 43,2 km kanalizasiya şəbəkəsi yenidən qurulmalı, 2 ədəd 2 min kubmetrlik, 1 ədəd 500 kubmetrlik su anbarları inşa edilməli, 2 ədəd subartezian quyusu qazılmalıdır. Şəhadət kəndində isə çirkabtəmizləyici qurğular stansiyasının tikintisinə başlanılacaqdır. Şəhərin içməli su təminatını daha da yaxşılaşdırmaq məqsədi ilə "Azərsu" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Göyçay şəhərindən 12 km şimalda Göyçay çayının məcrasında yeni drenaj süzgəc sistemi qurulacaq və oradan mövcud anbarlara qədər daşıyıcı kəmər çəkiləcəkdir.
"Göyçay-1" su elektrik stansiyası da bu il istifadəyə verilməlidir. Bu il kənd yaşayış məntəqələrinin təbii qazla təminatının bərpası ilə bağlı böyük proqram da həyata keçirilməlidir. Bir çox təmir-tikinti işlərinin başa çatdırılacağı, yeni obyektlərin təməlinin qoyulacağı da gözlənilir.
Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında ölkə Prezidenti İlham Əliyev demişdir: "Mən hesab edirəm ki, gələcək 2 il ərzində biz hamımız çox fəal işləməliyik ki, Dövlət Proqramını vaxtından əvvəl və böyük həcmdə icra edək, ölkəmizin uğurlu inkişafını təmin edək".
Dövlət başçısının bu çağırışına cavab olaraq göyçaylılar da yüksək əzmkarlıqla çalışaraq, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə söz verirlər.
Telman NƏZƏRLİ
Azərbaycan.- 2012.- 18 mart.- S. 4.