Azərbaycanın
Milli İncəsənət Muzeyi öz
qapılarını “Fransa
inciləri”nə açdı
Respublikamızın sosial-mədəni həyatındakı inkişaf, bir sıra sahələrdə əldə olunan tərəqqi onun beynəlxalq əlaqələrinin daha da genişlənməsinə öz müsbət təsirini göstərməkdədir.
İnkişaf etmiş Avropanın ölkəmizə getdikcə artmaqda olan marağı da bilavasitə bundan qaynaqlanır. Belə demək mümkünsə, Azərbaycan maraqların təkcə kəsişən nöqtəsində deyil. Son illər paytaxt Bakının bir sıra beynəlxalq tədbirlərə ev sahibliyini də bura əlavə etsək, fikrimizi bir qədər də ətraflı əsaslandıra bilərik. Əlbəttə, müstəqil Azərbaycan ilk növbədə, əcnəbi dostlarımızın marağını bir də ona görə çəkir ki, ölkəmizin təbii sərvətlərindən olan "qara qızıl" Avropa məkanının enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rola malikdir. Azərbaycan yalnız iqtisadi inkişafına görə deyil, digər sahələrdə də region dövlətlərini geridə qoyub. Dünyanın aparıcı dövlətlərinin diqqətini daha çox çəkməyə başlayan Azərbaycanın bir sıra məşhur mədəniyyət mərkəzləri ilə sıx əməkdaşlığında Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilir.
Paytaxt Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində möhtəşəm açılışı ilə yadda qalan "Fransa inciləri" mövzusundakı sərgi də məhz Heydər Əliyev Fondunun humanist fəaliyyətə əsaslanan təşəbbüslərindən biri kimi mədəniyyət tarixinə yazıldı. Fondun növbəti təşəbbüs və dəstəyi ilə açılış mərasimi keçirilən adıçəkilən tədbir Bakının mədəni həyatında olduqca vacib hadisə sayılır. Sərginin açılış mərasimində qeyd edildiyi kimi, bu önəmli hadisənin gerçəkləşməsində Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Mədəniyyət və Turizm Nazirliyinin, Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın dəstəyi xüsusi əhəmiyyət daşıyır.
Xatırladaq ki, iki ay müddətində 400-dək nadir sənət incilərinin nümayiş olunacağı sərgi Azərbaycan Milli İncəsənət Muzeyi, Dövlət Muzeylər Birliyi - Böyük Saray tərəfindən, Luvr, Orse muzeylərinin, Fransa Milli Kitabxanasının, Milli Mebel və Milli Qobelen, Bove və Savonri manufakturalarının, qəsrlər üzrə dövlət təsisatının, Versal sarayının və incəsənət əsərləri sərgilənən ölkənin bir sıra digər mədəniyyət qurumlarının iştirakı ilə təşkil edilir.
Adıçəkilən beynəlxalq tədbirin təşkil olunmasının əsası ötən ilin aprel ayında Parisdə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən qoyulub. Bu tədbirin keçirilməsində əsas məqsəd Fransanın dünyaya bəxş etdiyi nadir sənət əsərlərini Bakı tamaşaçılarına göstərməklə yanaşı, Azərbaycanın bu kimi mədəni hadisələrə ev sahibliyi etməyə hazır olduğunu bir daha göstərmək, xalqımızın incə zövqünün tarixinin qədimliyini əyani şəkildə təsdiqləməkdir.
Əlbəttə, hər bir mədəni əməkdaşlıq tərəflər arasında eyni zamanda, siyasi, iqtisadi anlaşma kimi də qəbul edilir. Bu mənada "Fransa inciləri" sərgisini Azərbaycan-Fransa mədəni əməkdaşlığının yeni səhifəsi kimi də dəyərləndirmək mümkündür. Dünyanın bir sıra dövlətlərinin paytaxtlarında keçirilməsi nəzərdə tutulan sərginin ilk olaraq Bakıda reallaşması qeyd edildiyi kimi, tərəflər arasındakı mövcud tarixi, mədəni əlaqələrin daha da möhkəmləndirilməsi və genişləndirilməsi göstəricilərindən biridir.
Heydər Əliyev Fondunun pezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın möhtəşəm sərginin açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, son illər tərəflər arasında mədəni əlaqələrin daha da genişlənərək tamamilə yeni səviyyəyə çıxmasında Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın böyük səyləri olub: "Əziz dostlar, bu gün Azərbaycanın Milli İncəsənət Muzeyi öz qapılarını Fransanın incəsənətinə - incə zövq və zəngin mədəni irsə malik olan bir ölkənin yaradıcılıq ənənələrinə açır. Sərgidə təqdim olunan xalçaçılıq, təsviri incəsənət nümunələri, qravürlər və fotoşəkillər, dekorativ sənət əşyaları Fransanın ən möhtəşəm muzeylərinin kolleksiyalarından gətirilibdir".
Fransa incəsənətinin korifeylərinin əsərləri ilə birbaşa tanışlıq üçün bu sərginin çox gözəl imkan yaratdığını bildirən Azərbaycanın birinci xanımı onu da xüsusi olaraq vurğuladı ki, keçmişə nəzər salmaqla hər iki dövləti birləşdirən mədəni tellərin qırılmazlığını görmək olar: "Fransa incəsənəti ölkəmizdə hər zaman yüksək dəyərləndirilib və fransız dilinə, ədəbiyyatına, musiqisinə olan rəğbət bütün dövrlərdə hiss olunubdur. Keçmişə nəzər salsaq, Fransa-Azərbaycan mədəni tellərini sadalamaq mümkündür. Bu sırada hələ XIX əsrdə məşhur yazıçı Aleksandr Dümanın ölkəmizə səfəri və səfər zamanı xan qızı Xurşidbanu Natəvan ilə görüşü, dahi Üzeyir bəyin 1995-ci ildə Parisin "Femina" teatrında fransız dilində tamaşaya qoyulmuş "Arşın mal alan" operettasını, Fransada vaxtilə nəşr olunan "Qafqaz" jurnalının redaktoru Ceyhun Hacıbəylini və Fransa ədəbiyyatına "Banin" imzası ilə daxil olan və ilk fransızdilli yazıçımız Ümbülbanu Əsədullayevanı xatırlamaq olar".
Belə mədəni tədbirlərin təkcə xalqları deyil, dövlətlərin də bir-birinə qarşılıqlı etimadının formalaşmasında mühüm və vacib amil sayıldığını bildirən UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva onu da qonaqların nəzərinə çatdırdı ki, dünya mədəniyyəti müxtəlif xalqlara xas olan incəsənətin ən dəyərli nümunələrini özündə birləşdirir. Onun sözlərinə görə, fransız xalqı dünya mədəniyyətinə silinməz şedevrlər bəxş edib. Ümumbəşəri mədəniyyətdə silinməz izlər qoymuş bir xalqın incəsənət incilərindən ibarət bu möhtəşəm sərgi zövqləri oxşamaqla yanaşı, tərəflər arasındakı qədim köklərə və ənənələrə malik əlaqələrin daha da möhkəmləndirilməsində bir vasitəyə çevriləcək.
Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran Azərbaycanın fransız xalqının sənət incilərinə göstərdiyi diqqət və marağa, xüsusən, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan bir sıra mədəniyyət layihələrinə görə təşəkkürünü bildirməklə yanaşı, bu əlaqələrin getdikcə möhkəmlənəcəyinə əminliyini də vurğuladı: "...mən hətta bu sərgini nəinki "Fransa inciləri", həmçinin "Azərbaycan inciləri" adlandırardım. Bu, məhz onunla bağlıdır ki, Azərbaycan tərəfi bu cür tədbirlərə xüsusi önəm verir. Əslində, Sizin bu işə göstərdiyiniz böyük maraq çox əhəmiyyətlidir. Fransada, ümumiyyətlə, bu cür mədəni tədbirlər xüsusi nüfuza malikdir və bu baxımdan biz hesab edirik ki, əgər Azərbaycan tərəfi, azərbaycanlılar Fransa mədəniyyətinə bu cür maraq nümayiş etdirirlərsə bu, o deməkdir ki, Fransada Azərbaycanı tanıyanların sayı çoxalır. Xüsusən də, Sizin Fransada mövcud ictimai rəyə təsiriniz artır və kütləvi informasiya vasitələri ilə ölkənizi tanıtmağa imkanlarınız genişlənir".
Fransa mədəniyyətinə göstərdiyi dərin marağa görə təşəkkürünü bildirən fransalı nazir onu da nəzərə çatdırdı ki, bu maraq və qonaqpərvərlik təmsil etdiyi ölkənin rəsmi dövlət, hökumət və eyni zamanda, ictimaiyyəti tərəfindən yüksək dəyərləndiriləcək. Xalqımızın çox zəngin mədəni irsə malik olduğunu deyən F.Metteran Azərbaycan Prezidentinin Fransadan gələn nümayəndə heyətini qəbul etməsindən məmnunluğunu ifadə edərək bir daha yaxın tarixə, daha doğrusu, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövrə nəzər salaraq ulu öndər Heydər Əliyevin dövlət başçısı seçildikdən sonra ilk rəsmi səfərinin məhz onun ölkəsinə etməsini xatırlatdı. O zaman Azərbaycan öz dövlət müstəqilliyini yenicə qazandığından, Avropanın nüfuzlu və inkişaf etmiş ölkələri ilə hərtərəfli əlaqələr qurması mühüm əhəmiyyət daşıyırdı. Fransanın isə həmin dövlətlər sırasında xüsusi yeri vardı. Hər iki tərəfin təkcə dövlət rəsmilərinin deyil, eyni zamanda, xalqlarının bu əlaqələrin möhkəmləndirilməsinə maraqları təsadüfi deyildi.
Yeri gəlmişkən onu da xatırladaq ki, bu kimi mədəni əlaqələrin inkişafına ehtiyac duyulduğundan, fransız kinofilmlərinin də respublikamızda birgə layihə əsasında sərgilərinin nümayişi nəzərdə tutulur.
Ümumiyyətlə, Fransanın Azərbaycanla ikitərəfli əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin getdikcə dərinləşməsində və genişlənməsində aparılan dövlət siyasətinin xüsusi rol oynadığı da sərginin açılışında diqqətdən yayındırılmadı.
Sərgiyə gəlincə, təkcə onu qeyd etmək kifayətdir ki, burada Edqar Deqa, Ogüst Roden, Anri-Tuluz Lotrek, Jan Batist Simeon Şarden, Ejen Delakrua, Ögüst Renuar kimi dünya şöhrətli, məşhur fransız rəssamlarının əsərləri ilə tanış olmaq imkanı var. Sərginin möhtəşəmliyi bir də ondadır ki, bura gətirilən əsərlərin arasında elələri var ki, onlar ilk dəfədir saxlanılan muzeydən kənara çıxarılır. Ekspozisiyanın qeyri-adiliyi burada Fransa tarixinin ayrı-ayrı dövrlərini özündə əks etdirən sənət incilərinin olmasındadır. Sərgiyə gələnlər Bakıda Fransa ruhunu hiss etmək kimi bir imkanı da qazanacaqlarına əmin ola bilərlər.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2012.- 18 mart.- S. 5.