Ürəyin hökmü, səsin rəngi

 

 Bənzərsiz səsi, oxşarsız avazı ilə qəlblərə dərin iz salan Yavər Kələntərli onu tanıyanların yaddaşında xeyirxah, mülayim təbiətli, həssas bir insan kimi qalıb. Görkəmli tarzən Qurban Pirimov bu unudulmaz ifaçı haqqında belə deyib: "Yavər muğamı kişi cəsarəti ilə oxuyan xanəndədir. Adı Yavər, özü dilavər". Yüzlərlə mahnı oxuyub Yavər xanım. Azərbaycan muğamlarını, xalq mahnılarını özünəməxsus şəkildə ifa edərdi. Təəssüflər olsun ki, bu məşhur xanəndənin oxuduğu muğamlardan bircə "Şur"un lent yazısı saxlanılır. Nə yaxşı ki Yavər Kələntərlinin ifasında bu muğamı lentə alıblar. Yoxsa biz nəsil Yavər Kələntərlinin necə səsə, avaza malik olduğunu haradan bilərdik? Qəzəlxan Əliağa Vahid o dövrdə Azərbaycan musiqi sənətində öz sözünü deyən qadın ifaçılar barədə ürəyindən keçənləri qələmə alıb. Həmin şeirin sonluğunda Yavər xanımın da adı var. Müğənninin dilindən verilən həmin poetik parçada oxuyuruq:

 

Həqiqətimlə Cahan parlayır Sürəyya tək,

Münəvvər ölkəmin hər zaman Yavəriyəm.

 

Həqiqətən də ötən əsrin 30-cu illərində Azərbaycan musiqisinin xanımlardan ibarət gözəl bir çələngi vardı. Bu çələngin ən ətirli güllərindən olan Həqiqət Rzayeva, Cahan Talışinskaya, Sürəyya Qacar və nəhayət, Yavər Kələntərli musiqimizin inkişafında, təbliğində böyük fədakarlıq göstəriblər.

Əslən Şamaxıdan olan Yavər xanım elə bir zamanda dünyaya gəldi ki, o, bələkdə ikən doğulduğu yurdda dəhşətli zəlzələ baş verdi. İnsan tələfatı ilə nəticələnən bu fəlakətdən qurtulanlar öz doğma ocaqlarından didərgin düşdülər. O zaman Yavərin atası da həlak olub. Uşaqlıq illərini yada salanda Yavər xanım çox kövrələrdi. Anasının onun hansı çətinliklə saxladığını qəlb ağrısı ilə dilə gətirər, sonra da doğmalarına ağı deyərdi:

 

 Mən aşiq, çaşdı zəlzələ,

Çox aşdı-daşdı zəlzələ.

Zəhmət çəkib çini qab aldım,

Sındırdı qaçdı zəlzələ.

 

Görkəmli tədqiqatçı alim R.Hüseynov "Kələntərlilər" adlı tədqiqat əsərində yazıb: "Onların nəslinə Şamaxıda "çavuşlar" deyərdilər. Yavər xanımın babasının qəsidə oxumaqda məharəti Şirvanda məşhurmuş. O, Mustafa xanın qəsidəçisiymiş. İyirmi bir dəfə Kərbəla səfərində olmuş Abbas kişi - Yavərin atası səs sarıdan baxtlıymış, yanıqlı avazı varmış. Amma Yavər xanım o səsi eşitməmişdi. Atasını zəlzələ ondan alanda Yavər qırx günlük imiş".

Yavərgilin nəsli həqiqətən sözə, sənətə bağlı olub. Şair Abbas Səhhət Yavərin doğma bibisi oğlu idi. Yavər Bakıda yaşasa da, həmişə qohumları, əqrəbaları ilə yaxından əlaqə saxlayar, get-gəl edər, məktublaşardılar.

Həmişə öz-özünə zümzümə etməyi sevən, Azərbaycan bayatılarını, demək olar ki, əzbər bilən Yavər əslində heç nədən yarımadı. Erkən yetimliyin acısını daddı, doğma yurddan didərgin düşdü. Onların nəslində hamı muğamı, musiqini sevsə də, Yavər maneələrlə üzləşdi. Ona "qız uşağı oxumaz", - dedilər. Onun səhnəyə gəlişi də bir təsadüf nəticəsində oldu. Yavər Zamanova (onun əsl soyadı belə idi) Qızlar məktəbində oxuyurdu. 1916-cı ildə burada Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsəri tamaşaya qoyuldu. Yavərə kişi rolu tapşırıldı. Əlbəttə, Yavərin qohumları onu sənətdən, səhnədən uzaq tutmaq üçün əllərindən gələni edirdilər. Ancaq qızcığazın yanıqlı avazı, məlahətli səsi dahi Üzeyir Hacıbəylinin diqqətini çəkmişdi. Üzeyir bəy Yavərin qardaşı Hacıbala Zamanovla Qori seminariyasında bir yerdə oxumuşdular. Tələbəlik dostu idilər. Bu səbəbdən də Üzeyir Hacıbəyli onlara tez-tez gələrdi. Günlərin birində "Leyli və Məcnun" operasının məşqinin aparıldığı vaxtlarda Üzeyir Hacıbəyli Yavəri dinləyərkən qəti qərarını verir. Bu səs Leyli üçün doğulub. Təəssüf ki, bəstəkarın arzusunu Yavərgilin ailəsində müsbət qarşılamayıblar. Amma ona etiraz da etməyə ürəkləri gəlməyib. Bəstəkarın təkidi ilə Yavər 1922-ci ildə birillik musiqi kursunu bitirib. Amma yenə də səhnəyə uzanan yollar ağır maneələrə dirənib. Yavər yalnız ailə çərçivəsində - qohum-əqrəbanın məclislərində oxuya bilərdi. Amma bu nəsildə heç kim ağlına gətirə bilməzdi ki, vaxt gələcək, o, Yavər Kələntərli kimi məşhurlaşaraq öz adını Azərbaycan musiqi mədəniyyətinin tarixinə qızıl hərflərlə yazacaq.

Gəncliyində isə ilk sevdasının acısını yaşadı. Onu sevdiyi oğlana yox, qohum-əqrəbanın seçdiyi lənkəranlı bir müəllimə - Xudaverdiyə ərə verdilər. Tale onun üzünə gülmədi. Xudaverdi Kələntərli Yavərin oxumasına icazə vermədi. Bu izdivacın ömrü 18 il çəkib. Tale onlara bir oğul da ərməğan edib. Amma bu 18 ilin hər günü Yavər üçün çox ağır keçib. Xatirələrdən, hətta Yavər xanımın öz əli ilə yazdığı məktublardan bəlli olur ki, o, əri tərəfindən mütəmadi olaraq döyülərək təhqir edilirdi. Bu illər ərzində onlar bir-birlərinə nə qədər dözüm göstərsələr də, ulduzları barışmadı. Hər salam bir savaşa çevrilirdi. Bir gün Yavər xanımın dayısıgildə qurulan ailə məclisində bəstəkar Müslüm Maqomayeviştirak edirdi. İş elə gətirib ki, Müslüm söhbət zamanı söyləyib: "Eşitmişəm ki, Yavərin gözəl səsi var, musiqi istedadına malikdir, muğamatı yaxşı bilir. İstərdim ki, bu məclisdə oxusun". Uzun çək-çevirdən sonra Yavər həyat yoldaşının razılığını alaraq ayağa qalxıb. O, "Segah" üstdə "Leyli və Məcnun" operasından bir qəzəl oxumağa başlayan kimi məclis dərin sükuta qərq olub. Onun məlahətli səsi hamını valeh edib. İkinci dəfə yenə də oxumasını arzulayıblar. Yavər xanımın bu  dəfə ürəkləri dağlayan "Kəsmə şikəstə"si eşidilib. Həmin gündən sonra Müslüm Maqomayevin təkidi ilə Yavər Kələntərli tədbirlərə dəvət alıb. Müslüm Maqomayevin sözünü yerə sala bilməyən Xudaverdinin razılıq verməkdən başqa əlacı yox idi. Beləliklə, 1924-cü ilin payızında Maarif evində Yavər Kələntərli konsert verib. Onu tarda Bədəlbəy Bədəlbəyli, skripkada Cəmo Cəbrayılbəyli müşayiət ediblər. Üzeyir bəyin məsləhəti ilə Yavər Kələntərli muğamı dərindən öyrənmək üçün o dövrün məşhur xanəndələri Cabbar QaryağdıoğluSeyid Şuşinskidən dərs alıb. Artıq sənətə uzanan yolun başında əzəmətlə dayanmışdı Yavər xanım. Geriyə dönəsi deyildi. Xudaverdi müəllim bütün bunlara dözüm gətirə bilmədi. Onların ailə həyatı sona yetdi. Könülsüz qurulan ailə, sevgisiz, məhəbbətsiz keçən günlər bir gün dağılmalı idi. Yavər xanım oğlu Şahbazın xətrinə familiyasını dəyişmədi. Həm də ərinin qohum-əqrəbası da onu çox sevirdi. Sonralar xanəndə olacaq Haşım və aktrisa kimi məşhurlaşacaq Münəvvər Kələntərlilər də məhz Yavər xanımın qayğısı sayəsində öz arzularına qovuşdular. Onun ürəyi çox geniş idi. Baxmayaraq ki, ərindən zülmlər gördü, təhqirlərə məruz qaldı, döyüldü, söyüldü, arzularının üzərindən illər boyu qara xətt çəkildi. Yavər xanım bunların hamısını unutmağı bacardı. Son nəfəsinədək qapısı nəinki Kələntərli nəslinin, bütün azərbaycanlıların üzünə açıq idi.

1937-ci ildə onu Opera Balet Teatrına dəvət etdilər. Teatr tariximizə Leyli ("Leyli Məcnun"), Əsli ("Əsli Kərəm"), Ərəbzəngi ("Şah İsmayıl) rollarının mahir ifaçısı kimi düşdü. Filarmoniyada Yavər Kələntərlinin konsertinə boş yer tapılmazdı.

Tale onun üzünə gülümsəmək istəsə , özü demişkən, bəxti qara gəlmişdi. On yeddi yaşlı ciyərparasını xəstəliyin pəncəsindən xilas edə bilmədi. Onu dəfn edəndə Yavərə elə gəlirdi ki, daha hər şey sona çatdı. Üzeyir bəy Yavəri bu tənhalığın əlində məhv olmağa qoymadı. Bir müddət dərdi ilə başbaşa qalan Yavər Kələntərlinin Üzeyir Hacıbəylinin təşəbbüsü ilə hər ay Opera Teatrından maaş alsa da, səhnəyə qayıtmaq fikri yox idi.

Bir axşam qapı döyülür. Üzeyir Hacıbəyli ilə Səməd Vurğun onu ziyarətə gəlirlər. Yavər əslində mülayim, həssas, mehriban insan olsa da, özünəməxsus inadkarlığı, sözünün üstündə durmağı da vardı. Onun ən həssas yeri, sonralar özü demişkən, bəlkə zəif cəhəti Üzeyir Hacıbəylinin sözündən çıxa bilməməsi idi. Beləliklə, yenidən opera səhnəsinə döndü Yavər xanım. Budəfəki səs tamam başqa idi. Sinəsindən qaynayan avaz sadəcə oxumaq deyildi, Yavər Kələntərli səsilə ağlayırdı...

Söyləyirlər ki, Üzeyir Hacıbəyli vəfat edəndə Yavər Kələntərli onun tabutu başında ağı deyib. Elə yanıqlı, dərdli oxuyub ki, daş-divar da ağlayırmış. Özünün gözlərindən yaş bulaq kimi axırmış. Nəzərləri birdən yanında dayanmış Mircəfər Bağırova sataşıb. Səsini qəflətən kəsərək edəcəyini bilməyib. Mircəfər dəsmalını çıxarıb gözlərinin yaşını silə-silə "oxu, oxu" deyib. Bu faktı da yazıçı Çingiz Abdullayevin anasından eşitmişik ki, həmişə sərt, rəhmsiz təsir bağışlayan Mircəfər Bağırov həqiqətən Üzeyir Hacıbəylinin vəfatı zamanı hönkür-hönkür ağlayıb.

Musiqi valı 1938-ci ildə buraxılıb. 1940-cı ildə əməkdar artist fəxri adına layiq görülüb. 1941-ci ildə Yavər Kələntərli ilk dəfə İranda olub. Mərənddə, Xoyda, Şapurda, Miyanədə konsertlər verib. Hətta Təbrizdə olan konserti xüsusi anşlaqla keçib. Qadınlar üçün nəzərdə tutulan bu konsertdə bütün tamaşaçılar çadrada gəlibmişlər. İkinci dünya müharibəsi illərində Yavər Kələntərlinin səsi cəbhədən gəlib.

Rəhmətlik Rübabə Muradova Yavər xanımı çox sevirdi. Görünür, bəxt səs sarıdan eyni qismətə sahib olduqlarından muğam xalq mahnılarımızın mahir ifaçısı Rübabə xanım Yavər Kələntərlini həmişə özünə ustad sayıb. Ömrünün tənha günlərini yaşayan, dərdə qocalığa baş əyən Yavər Kələntərlini tez-tez yoxlayan, onu tək qoymayan, ümidsizliyin əlindən qoparmağa çalışan Rübabə Muradova bu görüşlərdə həmişə zümzümə edərək qəribə bir ovqat yaradardı:

 

 Zil duyulmazdı bəm olmasaydı,

Sevincin qədrini bilməzdi insan,

Kədər olmasaydı, qəm olmasaydı.

 

Onda elə bil dünyanı Yavər xanıma bağışlayırdın. Böyük məhəbbətlə Rübabəni bağrına basaraq "Sən yaxşı varsan" deyərdi. İndi o günlərdən illər ötüb. Hər iki böyük sənətkar haqq dünyasına qovuşub. Səsləri isə bizə yadigar qalıb. Hər dəfə eşitdikcə, dinlədikcə musiqi mədəniyyətimizin bu zərif çiçəklərini ehtiramla xatırlayırıq! Kim tutub dünyanı min il qalacaq, səsiniz, xatirəniz, ürəklərdəki sevginiz minillikləri aşacaq.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 18 mart.- S. 6.