Daşkənddə
böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun
90 illiyi ilə əlaqədar xatirə gecəsi
keçirilmiş, “1001 gecə” baleti göstərilmişdir
Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrı ilə birgə tanınmış Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Fikrət Əmirovun 90 illiyi ilə əlaqədar xatirə gecəsi keçirmişdir.
Tədbirdə diplomatik korpusun əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun fəalları iştirak etmişlər.
Teatrın foyesində Fikrət Əmirovun portreti və böyük bəstəkar haqqında görkəmli musiqi xadimlərinin söylədikləri fikirləri əks etdirən stend qoyulmuşdur. Qonaqlara F.Əmirovun yaradıcılığı haqqında materiallar paylanmışdır.
Azərbaycanın Özbəkistandakı müvəqqəti işlər vəkili Akif Əliyev teatra toplaşanları salamlamış, Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrdən danışmış, Özbəkistan teatrlarının səhnəsində Azərbaycan müəlliflərinin əsərlərinin tamaşaya qoyulmasının dostluq əlaqələrimizin daha da gücləndirilməsinə təkan verəcəyini bildirmişdir. Diplomat demişdir ki, dünya şöhrətli bəstəkarın əsərləri ancaq Bakı, Moskva, Kiyev, Daşkənd teatrlarında deyil, Avropanın bir çox ölkələrinin tanınmış teatrlarında tamaşaya qoyulmuşdur və onun əsərlərinə maraq azalmır.
Azərbaycanın və Özbəkistanın xalq artisti, tanınmış opera rejissoru Firudin Səfərov Fikrət Əmirovla dostluğundan danışmış, böyük bəstəkarla bağlı xatirələrini söyləmiş, onun əsərlərinin dünyanın ən mötəbər musiqi salonlarında səsləndiyini qeyd etmişdir.
Teatrın baş baletmeysteri, F.Əmirovun "1001 gecə" baletinin quruluşçu rejissoru, Özbəkistanın xalq artisti İbrahim Yusupov əsərin bədii dəyəri və musiqi xüsusiyyətləri haqqında danışaraq bildirmişdir ki, bu əsər 1997-ci ildən bu teatrın səhnəsindədir və hər tamaşa beləcə anşlaqla keçir. Özbəkistanda Azərbaycan musiqisinə həmişə böyük maraq olub ki, bu da Azərbaycan mədəniyyətinin və incəsənətinin böyüklüyündən xəbər verir.
Sonra böyük bəstəkarın "1001 gecə" baleti göstərilmişdir. Tamaşada əsas rolları Özbəkistanın xalq artisti Tamalla Muxammedova, əməkdar artistlər Vadim Qellertov və Nadejda Şilova ifa etmişlər.
Qulu KƏNGƏRLİ
Azərbaycan.- 2012.- 18 mart.- S. 6.