Qədəmlərin düşərli olsun, ulu Novruz!

 

Yenə gəldi yaz ayları. Gizləndiyi buludların arxasından silkələnib çıxdı Ay.   Qışın qar soyuğuna yaz günəşi hücum çəkdi, şaxtaların bağrına qəm ələmi ələdi. Onun odlu nəfəsi səs saldı dörd bir yana. Öz hərarəti ilə insanlara sevinc gətirən  bahar yenə də nurunu səpdi göyə, yerə. Hər tərəfi donduran, küləyiylə qarı göydə ovduran qışın qarşısına çıxdı öz odlu nəfəsiylə. Qarını ələyən buludların, "mən buralar şahıyam" söyləyən soyuqların, buza dönən suların eyni açıldı həmən. Söylədilər ürəkdən: Bahar gəlir, ay aman! Nərgiz sevindi yaman. Bənövşə boylandı dörd bir yana. Xırda tumurcuqlar: - Ay ana, bahar bumu? - pıçıldadılar.

Boylandı buludların arxasından Günəş. Torpağın bağrına yayıldı atəş. Göy otların çevrildiyi çəmənliyə bülbüllər qonaq gəldi. Buludlardan axan yaz yağışları təbiətin köksünə sanki gözəllik səpdi. Geri dönən quşların səsi düşdü hər yana. Təbiət qida verdi vücuda, ruha, cana. Bir yerə toplaşanlar halay qurub oynadılar, güldülər, öz qəlb arzularını dilə belə gətirdilər:

 

 Əzizinəm daşına,

Qurusuna, yaşına.

Sən tut mənim əlimdən,

Mən dolanım başına.

 

Əzizim tər çiçəklər,

Tərsinə tər çiçəklər.

Həsrət araya qonsa,

Tər sinə tər çiçəklər.

 

Əzizim qəmə düşdüm

Sənsiz aləmə düşdüm.

Gördüm o gül üzünü,

Nə gözəl dəmə düşdüm.

 

Əzizim, yaz qapımı,

Əlinlə yaz qapımı.

Ey, bəxtlərin açarı,

Gözəlcə yaz qapımı.

 

Əzizim, daşdı yarım,

Daşlardan daşdı yarım.

Həsrətini çəkməkdən

Quruyub, daşdı, yarım.

 

Ömrün bu şən çağında solunda, həm sağında bülbül koldan atlandı. Qızılgülün ürəyi bu sevgidən atlandı. Məhəbbətin alovu qarışdı oda həmən. Öz yaşıl donunu geyindi çəmən.

 

 Əzizinəm düzə gəl,

Çəmənə gəl, düzə gəl.

Döyüb qonşu qapısın

Çaşıb elə bizə gəl.

 

Belə keçən şən gündə oyanan duyğuların içi qəmə bələndi. Yada düşdü Şuşamız, Ağdam, Kəlbəcər, bir də xarı bülbülün qəlb dağlayan siması. Səsləndi könlün gizli qovğası:

- Bağışla bizi, ulu Novruz! Sənin hər gəlişin böyük sevincdir bizə. Sən yeni can verirsən ruhumuza, günümüzə... Sənin gücün önündə susur fəslin qış ömrü. Hər kiçicik oyanış təbiətin bağrına yaşıllıq səpir. Dünən qarla örtülən çəmən tanınmaz olur. Qar altından boylanan bənövşənin, ətrini dörd yana yayan nərgizin, göydə dövrə vuran quşların nidasısan sən. Gəlişinlə dünya boyda sevinci endirirsən yerə sən. Qışın qarın, soyuğun muma döndərib uçurursan yellərə. Tökülən yarpaqların tumurcuq istəyini yerinə yetirirsən. Bunun üçün borcluyuq Ayına, Günəşinə.

- Sənin gəlişini əsirlikdə keçirənlər var, ulu Novruz! Bu gün xarı bülbül qan ağlayır yanmış ocaqların külünə baxaraq. Bəmbəyaz dünyanın qəm yükünü daşıyan ellərimiz, obalarımız hələ də düşmən tapdağındadır. Şəhid ellərimizi dolaşan babaların ruhu ağı deyir, ulu Novruz! Hələ də qardaş, ər, oğul yolu gözləyənlər var. Adna axşamlarında azad olan ruhların sərgərdan dolaşdıqları o torpaqların ah-naləsi var.

- Bağışla bizi, Bahar! Sənin qədəmlərinə səpilən gülün, çiçəyin üzündəki qəmi, kədəri görürsənmi? Biri gülən, digəri yaş axıdan gözlərdən yaranmayıbmı yağışlar? Bəxtiyarların, Əlilərin, Mübarizlərin, Fəridlərin intiqamını almasaq, yandırılan vətəndaşlarımızın, qəbri viran qoyulan, təhqir edilən babalarımızın ruhu bizi bağışlamayacaq.

- Bağışla bizi, ulu Novruz! Yenə sənin gəlişini Qarabağsız qarşılayırıq. İçimizdəki həsrəti nə qədər gizlətsək də, gözlərimizdəki nisgilin mənbəyidir bu. Taleyi insana Allah verir. Hərə öz həyatını yaşayır. Heç kəsə nəsib olmayıb ki, ona verilən ömrün bir zərrə artığını, ya da əskiyini  yaşasın.

Torpağın da öz taleyi var. O, yüzlərin, minlərin, milyonların yükünü çəkir. Doğum anından qəbir evinə qədər hər kəsə öz çılpaq qoynunda yer verir. Anamız torpağın övladları olmaq necə böyük şərəfdir, ulu Novruz! Böyüklü, kiçikli dünyanın gərdişinə sinə gərən yazın yazdığı gözəlliklərin sonu yaxşı olub həmişə. Tanrı hələ heç kəsin haqqını kimsədə qoymayıb. Sevgidən, arzudan, istəkdən, əməldən və ləyaqətdən keçən ömür yolunun bahar çağında səndən bizi bağışlamağını diləyirik. Qoy gələn baharda içimizdəki qəmin, kədərin izi yağan qarlarınla, yağışlarınla silinib getsin.

 Tanrının hökmüylə nur tökülsün dörd yana. Qədəmlərin uğurlu, düşərli olsun, ulu Novruz!

 

 

 Akif ƏLİYEV

 

Azərbaycan.- 2012.- 18 mart.- S. 8.