Bakıda Novruz
bayramı münasibətilə ümumxalq şənliyi
Azərbaycan
Prezidenti İlham Əliyev şənlikdə iştirak
etmişdir
Azərbaycan xalqının ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram münasibətilə martın 19-da Bakıda ümumxalq şənliyi keçirilmişdir. Qədim Qız qalasının qarşısındakı meydan yenə də izdihamlı idi. Ətrafdakı binalar al-əlvan plakatlarla bəzədilmişdi. Meydanda Novruzun rəmzi olan nəhəng səməni də var idi.
Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir.
Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd edilir. Xalqımızın böyüklüyü ondadır ki, heç bir qadağa ona Novruzu unutdura bilməmişdir. O, ən çətin zamanlarda belə öz bayramını qoruyub yaşatmış, milli adət-ənənələrini unutmamış, onları bu günümüzə gətirib çatdırmışdır.
Hələ respublikamıza rəhbərliyinin birinci dövründə - ulu öndər Heydər Əliyev sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşırdı. Novruzun qədim köklərə malik olduğunu, xalqımızın qəlbində əbədi yaşadığını vurğulayan ulu öndər Heydər Əliyev bu bayramı imperiyanın sərt rejimi dövründə respublika miqyasında yüksək səviyyədə keçirilməsinə nail olmuşdur. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra xalqımız nəcib adətlərin, milli dəyərlərin, xeyirxahlığın, insana, təbiətə məhəbbətin tərənnümçüsü olan Novruzu daha böyük təntənə ilə qeyd etməyə başlamışdır. Novruz çətinliklərdən keçərək öz haqqına qovuşdu. Novruza ümumxalq mahiyyəti verən Heydər Əliyev bayramlarda xalqla bir yerdə olur, insanları təbrik edir, ona milli birlik və həmrəylik tövsiyə edirdi. Novruzu xalqımızın əziz bayramı kimi səciyyələndirən Heydər Əliyev bu xidməti ilə də xalqın qədim adət-ənənələrinə son dərəcə bağlılığını göstərmişdir.
Təbiətlə əlaqədar olan bu gözəl bayramımızın indi dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Bu, keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran Prezident İlham Əliyevin hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir. "Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır", - deyən Prezident İlham Əliyev onun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu da qeyd etmişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı da artıq UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz günü elan etmişdir. Bu layihə Azərbaycan dövlətinin təşəbbüsü ilə həyata keçirilmişdir.
İndi Azərbaycan Novruzu yeni siması ilə qarşılayır. Paytaxtımızın və bölgələrimizin abadlaşması istiqamətində görülən irimiqyaslı işlər təbiətin yeniləşməsi ilə həmahənglik təşkil edir. Hər tərəfdə gedən abadlıq-quruculuq işləri Azərbaycanın əsl yüksəliş, tərəqqi yolunda olduğunu bir daha təsdiqləyir. Bu işlərin qədimliyi, tarixiliyi qorumaq, müasir standartlar tətbiq etməklə aparılması ölkədə tarixi keçmişimizə diqqətdən xəbər verir. Dövlətin iqtisadi və sosial siyasətinin insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəlməsi isə sabaha inamı artırır.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliklərində iştirak etmək üçün Qız qalasının qarşısındakı meydana gəldilər.
Meydana toplaşmış minlərlə şəhər sakini, paytaxtın qonaqları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.
Milli geyimli uşaqlar Azərbaycan Prezidentinə və xanımına bayram xonçası təqdim etdilər. Uşaqlar Prezident İlham Əliyevi və Mehriban xanım Əliyevanı Novruz bayramı münasibətilə təbrik etdilər.
İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.
Dədə Qorqud xeyir-dua verərək Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.
Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət
ustalarının baharı, Azərbaycanı tərənnüm
edən mahnıları ətrafa yayılır, bayram şənliyinin
iştirakçılarında xoş ovqat doğururdu.
Prezident İlham Əliyev Novruz tonqalını
alovlandırdı.
Dövlət başçısı bayram şənliyində
nitq söylədi.
Azərbaycan Prezidenti İlham Əliyevin
nitqi
- Əziz dostlar!
Hörmətli
xanımlar və cənablar!
Mən sizi və bütün Azərbaycan xalqını
Novruz bayramı münasibətilə ürəkdən təbrik
edirəm, hər bir Azərbaycan ailəsinə səadət,
uğurlar arzulayıram.
Novruz Azərbaycan xalqının ən sevimli
bayramlarından biridir. Xalqımız əsrlər boyu bu gözəl
bayramı qeyd edir. Hər bir ailədə
Novruz əziz bayram kimi qeyd edilir. Müstəqil
Azərbaycan ancaq 20 ildir ki, Novruzu dövlət bayramı kimi
qeyd edir. İyirmi il ərzində bu bayram, doğrudan da,
həm rəsmi bayram kimi qeyd edilir, həm geniş şəkildə,
bütün ölkəmizdə hər bir Azərbaycan vətəndaşı
baharın gəlişinə sevinir, hər bir Azərbaycan ailəsi
bu bayram günlərində bir yerdə olur. Bir neçə il bundan əvvəl Azərbaycanda Novruz
bayramının beş gün qeyd edilməsi ilə
bağlı imzaladığım sərəncamın da məqsədi
məhz ondan ibarət idi ki, bu Novruz günlərində hər
bir Azərbaycan ailəsi bu bayramı qeyd etsin. Şənbə
və bazar günlərini də əlavə etsək, bu il bayram günləri yeddi gündür.
Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə
sadiqdir. Dövlətimiz bu dəyərlər üzərində
qurulubdur. İyirmi il ərzində
milli dəyərlərə münasibətimiz, milli ənənələrimizə
hörmətimiz bizi daha da gücləndirdi. Bu
gün müstəqil Azərbaycan bu əsaslı və
güclü milli təməl üzərində öz gələcəyini
qurur. Biz müasir dövlət qururuq,
dünyaya inteqrasiya edirik, dünya proseslərində
uğurla, fəal iştirak edirik. Ancaq
çox güclü milli-mənəvi dəyərlərimiz
bizim üçün əsasdır.
Biz ümumbəşəri dəyərlərə
sadiqik, ümumbəşəri dəyərləri
bölüşürük. Milli dəyərlər
isə bizim üçün həm keçmişimizə olan
münasibətdir, hörmətdir, eyni zamanda, gələcəyə
atılan addımlardır. Mən çox
şadam ki, Azərbaycanda gənclər də milli-mənəvi
dəyərlər əsasında tərbiyə olunurlar. Gənclər milli ruhda böyüyürlər.
Milli ruhun yüksək səviyyədə
olması bizi - azərbaycanlıları bir xalq kimi daim yüksəklərə
qaldıracaqdır.
Əsrlər boyu xalqımız müstəqillik arzusu ilə
yaşamışdır. Biz müxtəlif ölkələrin,
imperiyaların tərkibində yaşamışıq, ancaq
milli mənliyimizi heç vaxt itirməmişik. Hər zaman milli dəyərlər, Azərbaycan dəyərləri
bizi daha da gücləndirirdi. Xalqımız
üçün ən çətin anlarda bir millət kimi
özümüzü qorumaq üçün, ilk növbədə,
milli dəyərlərimiz, ənənələrimiz, milli
bayramlarımız, ana dilimiz öz rolunu oynamışdır.
Bundan sonra müstəqil dövlət kimi Azərbaycan
yalnız inkişaf yolu ilə gedəcəkdir. Müstəqilliyimizin
qısa tarixi bunu deməyə əsas verir. İyirmi il tarix baxımından kiçik bir
dövrdür. Ancaq bu illər ərzində
ölkəmiz çox uğurlu yol keçmişdir. Müstəqilliyimizi bərpa etdikdə Azərbaycanda
gedən xoşagəlməz proseslər faktiki olaraq müstəqilliyimizi
əlimizdən ala bilərdi. Ölkədə
hökm sürən xaos, anarxiya, səriştəsizlik, siyasi
rəhbərliyin xəyanəti ölkəmizi uçurum kənarına
qoymuşdu. Ulu öndər Heydər Əliyevin
Azərbaycana gəlməsi, Azərbaycan xalqının ona
göstərdiyi etimad və inam vəziyyəti köklü
şəkildə dəyişdirə bilmişdir. Ölkəmiz 1993-cü ildən bugünə qədər
inkişaf yolunu yaşayır, beynəlxalq mövqelərimiz
möhkəmlənir, daxildə vəziyyət müsbət
istiqamətdə inkişaf edir. Azərbaycan
dünya miqyasında ləyaqətli ölkə kimi
özünü tanıtdıra bilmişdir.
İyirmi
il ərzindəki uğurlar deməyə əsas
verir ki, ölkəmiz bundan sonra da inkişaf edəcək və
Azərbaycan dünya miqyasında daha da böyük yerə
malik olacaqdır. Keçən ilin oktyabr
ayında biz dünyanın ən mötəbər qurumu olan
BMT Təhlükəsizlik Şurasına seçildik. Bu, deyə bilərəm ki, 20 illik müstəqil həyatımızın
və uğurlu siyasətimizin məntiqi nəticəsi
olmuşdur. Təsadüfi deyildir ki, BMT Təhlükəsizlik
Şurasına seçilməyimiz müstəqilliyimizin bərpasının
20-ci ildönümünə təsadüf etmişdir. Bu, heç də təsadüfi deyildir. Bu, təsadüfdə əslində çox
böyük məna, çox böyük rəmzi xarakter
vardır. Çünki 20 il ərzində
ölkəmiz o qədər inkişaf edib və dünyaya
özünü o qədər tanıtdıra bilib ki, dünya
birliyi bizə inandı, bizi dəstəklədi. 155 ölkənin Azərbaycana inanması və Azərbaycanı
çox fəal şəkildə müdafiə etməsi bizim
böyük uğurumuzdur, Azərbaycan dövlətinin
böyük nailiyyətidir.
Biz artıq BMT-də fəal işə
başlamışıq. Əvvəlki dövrlərdə qeyd
etdiyim kimi, biz BMT Təhlükəsizlik Şurasında ədaləti
müdafiə edəcəyik. Dünyada
buna böyük ehtiyac vardır. Biz beynəlxalq
hüququ müdafiə edəcəyik. Çünki
bəzi hallarda beynəlxalq hüquq işləmir, beynəlxalq
hüquq normaları tapdalanır və bu baxımdan Azərbaycan
öz təcrübəsini də ortaya qoyacaqdır.
Bildiyiniz kimi, 20 ilə yaxındır ki, BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi qətnamələr icra
edilmir və bu ədalətsizlik bu gün də davam edir. Bəzi
hallarda qəbul edilmiş qətnamələr dərhal -
saatlar içərisində icra edilməyə başlayır.
Bizə gəldikdə isə, 20 ilə
yaxındır ki, bu qətnamələr kağız üzərində
qalıb. Bu, ədalətsizlikdir, bu, beynəlxalq
hüququn pozulmasıdır və böyük dövlətlərin
beynəlxalq hüququn pozulmasına laqeyd münasibətinin təzahürüdür.
Biz çalışacağıq ki, bu ədalətsizliyə
öz imkanlarımızla və bizi dəstəkləyən
ölkələrin fəal iştirakı ilə son qoyaq. Beynəlxalq
hüquq normaları bərpa edilməlidir. Bizim əzəli torpağımız olan
Dağlıq Qarabağ və ətraf bölgələr
işğalçılardan azad edilməlidir. Azərbaycanın dünya birliyi tərəfindən
tanınan ərazi bütövlüyü bərpa edilməlidir.
Azərbaycan ərazisində ikinci qondarma erməni
dövlətinin yaradılmasına imkan verilməyəcəkdir.
Azərbaycan suverenliyini, ərazi
bütövlüyünü bərpa etməlidir və bərpa
edəcəkdir.
Bizim bu mötəbər quruma seçilməyimiz, eyni
zamanda, ölkədə gedən proseslərin məntiqi nəticəsidir. Biz son illər ərzində
uğurlu siyasi və iqtisadi islahatlar aparmaqla ölkənin
dayanıqlı inkişafına nail ola
bilmişik. Bu gün Azərbaycan ilə əməkdaşlıq
etmək istəyən ölkələrin,
dostlarımızın sayı sürətlə artır.
Bizim başqa ölkələrdə diplomatik
nümayəndəliklərimizin də sayı artmaqdadır.
Yəni, Azərbaycan bu gün nəinki region
işlərində, dünya miqyasında müstəqil siyasəti
ilə seçilən ölkədir. Biz 20
ildir, sözün əsl mənasında, müstəqil həyat
yaşayırıq. Azərbaycan
xalqının taleyi Azərbaycan xalqının əlindədir,
xüsusilə, böyük dövlətlərin maraqlarının
kəsişdiyi bir bölgədə müstəqil siyasət
aparmaq böyük siyasi iradə, cəsarət və
müdriklik tələb edir.
Mən çox şadam ki, Azərbaycan xalqı həmişə
olduğu kimi, özünə xas olan bu gözəl
xüsusiyyətlərini ölkəmiz üçün ən
çətin anlarda nümayiş etdirir. Biz bundan sonra
da müstəqillik yolu ilə uğurla gedəcəyik. Bu gün qarşımızda bütün imkanlar,
bütün üfüqlər açıqdır. Beynəlxalq mövqelərimiz möhkəmdir. Daxildə siyasət sabitdir, ictimai-siyasi vəziyyət
çox yaxşıdır. Ölkədə
böyük sosial proqramlar icra edilir. Bu
proqramlar haqqında danışmaq üçün yəqin
ki, bir neçə saat vaxt lazım olacaqdır. Sadəcə olaraq, iki məqamı qeyd etmək istəyirəm.
Keçən il 900 minə yaxın
pensiyaçının orta pensiyası əhəmiyyətli dərəcədə,
təqribən 40 faizə yaxın
artırılmışdır. Bu gün Azərbaycanda orta
pensiyanın səviyyəsi orta maaş səviyyəsinin
40 faizini təşkil edir. Bu, inkişaf etmiş
ölkələr üçün xas olan nəticədir.
Bu yaxınlarda sovet dövrü əmanətlərinin
qaytarılması ilə əlaqədar müvafiq sərəncam
imzalanmışdır. Bu da çox ciddi siyasi addımdır.
Çünki müstəqil Azərbaycan
dövləti keçmiş əmanətlərin
qaytarılması işində hüquqi cəhətdən
heç bir öhdəlik daşımır. Ancaq mən hesab etdim ki, bu, ədalətli olar və
dövlət büdcəsində böyük məbləğ
nəzərdə tutulur ki, biz gələn ilin sonuna qədər
bütün əmanətlərin qaytarılmasına nail olaq.
Bir daha demək istəyirəm ki, bu, çox
ciddi sosial və siyasi addımdır və bizim nə qədər
güclü sosial siyasət aparmağımızı əyani
şəkildə göstərir.
Əlbəttə, biz nə sosial, nə xarici siyasət
sahələrində uğurları güclü iqtisadi baza
olmadan əldə edə bilməzdik. Məhz buna görə
biz əsas istiqaməti bu sahəyə yönəltdik.
Son 8 il ərzində iqtisadiyyatımız
3 dəfə, büdcəmiz təxminən 15 dəfə
artmışdır. Bu gün biz güclü
iqtisadiyyata malik olan ölkəyik. Bizim
böyük valyuta ehtiyatlarımız vardır. Biz öz hesabımıza yaşayırıq,
heç kimdən asılı deyilik. Əksinə,
biz artıq yeni iqtisadi strategiyamızı icra edərkən
xarici ölkələrə kreditlərin verilməsinə
başlamışıq. Hesab edirəm ki,
bu da çox gözəl göstəricidir. Bu, bizə gələcəkdə həm iqtisadi, həm
də siyasi cəhətdən böyük iqtisadi və siyasi
dividendlər gətirəcəkdir və artıq gətirir.
Biz bu siyasəti davam etdirəcəyik, maliyyə
resurslarımızı şaxələndirilmiş şəkildə
lazım olan layihələrə istiqamətləndirəcəyik.
İqtisadi sahədə əldə edilmiş nailiyyətlər
bölgələrdə də öz təsirini göstərir. Hər bir
bölgədə canlanma, inkişaf, quruculuq var, abadlıq
işləri gedir. Bölgələr,
rayonlar arasında sağlam rəqabət aparılır.
Bu da məni çox sevindirir. Mən tez-tez bölgələrdə oluram və
görürəm ki, hər bir yerdə quruculuq işlərinə
böyük həvəs vardır. Hər
bir rayonda sakinlər istəyirlər ki, onların şəhərləri,
kəndləri daha da gözəl, daha da abad olsun.
Bir sözlə, ölkəmizdə ümumi ruh yüksəkliyi,
ümumi quruculuq meyilləri çox güclüdür və
bu, onu göstərir ki, Azərbaycan cəmiyyəti sağlam
cəmiyyətdir. Bir daha demək
istəyirəm ki, bu sağlamlığın əsas mənbəyi
milli dəyərlərimizdir. Biz bu dəyərlərə
sadiqik və daim bu dəyərləri uca tutacağıq.
Eyni zamanda, müasir dünyaya inteqrasiyamız da
çox uğurludur. Biz müstəqil
dövlət kimi ümumi işlərə öz töhfəmizi
veririk, regional proseslərdə fəal iştirak edirik.
Bu gün enerji, nəqliyyat layihələrinin
icrasında Azərbaycan bölgədə söz sahibidir. Bizim təşəbbüsümüzlə
icra edilən layihələr nəinki bölgə
üçün, Avropa üçün, dünya
üçün əhəmiyyətlidir. Biz
bunu bilirik. Biz gücümüzü
yaxşı bilirik. Bilirik ki, Azərbaycanın
maraqlarını nəzərə almadan bölgədə
heç bir təşəbbüs uğurla nəticələnə
bilməz. Biz bu təşəbbüsləri
enerji layihələrinin icrası ilə
başlamışıq. Sonra isə bu,
artıq nəqliyyat sektoruna təsirini göstərməyə
başlamışdır. Nəticə
etibarilə bu gün siyasi sahədə də istənilən
təşəbbüs, bölgədə irəli sürülən
təşəbbüs Azərbaycan ilə
razılaşdırılmalıdır. Yaxın
tarixin mənzərəsi mənim sözlərimi çox
gözəl şəkildə təsdiqləyir.
Bizim siyasətimiz isə xoşniyyətlidir. Biz
bütün ölkələrlə qarşılıqlı
surətdə faydalı və qarşılıqlı hörmət,
bir-birinin işlərinə qarışmamaq əsasında
münasibətləri qururuq. Bu, ədalətli
və məntiqi mövqedir. Biz heç bir
ölkənin daxili işlərinə
qarışmırıq. Əlbəttə,
heç vaxt imkan verə bilmərik ki, kimsə bizim daxili
işlərimizə qarışa bilsin. Baxmayaraq,
belə cəhdlər vardır və istisna edilmir ki, bundan
sonra da olacaqdır. Halbuki Azərbaycanın
uğurlu inkişafı və bizim güclü iradəmiz
artıq bu səylərin səngiməsinə gətirib
çıxarmalıdır. Ümid edirəm
ki, belə də olacaqdır.
Hər halda seçdiyimiz yol inkişaf yoludur. Bizi bu yoldan heç kim döndərə bilməz. Heç
bir qüvvə bizi seçdiyimiz yoldan çəkindirə
bilməz. Çünki bu yol Azərbaycan
xalqının rifahını təmin edən yoldur. Bu yol Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi
üçün seçilibdir. Bu yol tərəqqi,
demokratiya yoludur. Ölkəmizin bu
böhranlı illərdə uğurlu inkişafı bir daha
onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur.
Bu gün keçmişdə bəzən bizə
tövsiyələr verən beynəlxalq maliyyə
qurumları da artıq razılaşmağa məcburdurlar ki,
seçdiyimiz yol düzgün yoldur. Avropada böhran davam
edir. İqtisadi-maliyyə
böhranının ikinci dalğası yaşanır. Bəzi ölkələr defolt ərəfəsindədir.
Bəzi ölkələrdə kredit reytinqləri
əhəmiyyətli dərəcədə aşağı
salınır. Amma Azərbaycanın kredit
reytinqləri yüksəlir. Həmin
reytinq agentlikləri Avropa ölkələrinin reytinqlərini
aşağı salırlar, bizim reytinqlərimizi
artırırlar. Bunu görməmək
mümkün deyildir. Bəzi antiazərbaycan
qüvvələri nə qədər çalışsalar
da, bizdə gedən inkişafı görməmək, bunu
inkar etmək mümkün deyildir.
Bu inkişaf həm statistikada, həm də abadlaşan
şəhərlərdə, gözəlləşən
rayonlarımızda və gözəlləşən
Bakıda özünü göstərir. Bakı bizim
paytaxtımızdır, Bakı bizim əziz şəhərimizdir.
Hər bir azərbaycanlı üçün
yaşadığı yerdən asılı olmayaraq, Bakı mərkəzdir.
Bu gün Bakı, doğrudan da, paytaxt şəhərinə
layiq olan bir şəhərdir. Bakının
tarixi gözəlliyi bu gün müasir infrastruktur layihələrinin
tamamlanması ilə zənginləşdirilir.
Bakının
kənd və qəsəbələrinin sosial-iqtisadi
inkişaf Proqramı keçən ildən icra edilir və əminəm
ki, gələn il uğurla başa
çatacaqdır. Bütün qəsəbələrdə
sosial infrastruktur layihələri icra ediləcəkdir. Bakı gözəlləşir, Bakıda
bütün tarixi binalar bərpa edilir. Bakı
bu gün parklar, bağlar, bağçalar şəhəridir.
Bakı bu gün dünya miqyasında ən
gözəl şəhərlərdən biridir. Bu, reallıqdır.
Şəhərimizin inkişafı ilə bağlı gələcək
planlarımız vardır. İlk növbədə,
biz tarixi keçmişimizə böyük hörmətlə
və ehtiyatla yanaşmalıyıq. "İçərişəhər"
Dövlət Qoruğu çox böyük həssaslıqla,
ehtiyatla və məhəbbətlə, tarixilik gözlənilməklə
yenidən bərpa edilir. Bütün dini
abidələrimiz, məscidlərimiz, ictimai yerlər,
küçələr abadlaşdırılır. Müasir Bakını təcəssüm etdirən
bulvarımız genişləndirilir. Bulvarın tarixi
uzunluğu 3,5 kilometr məsafəni əhatə
edir. Yeni bulvar tikilir. Yeni
bulvar yəqin ki, bir-iki aydan sonra artıq
açılacaqdır. Yeni bulvarın
uzunluğu 2 kilometrə yaxındır. Bu,
gözəl bir bulvar olacaqdır. Yeni
bulvardan sonra Dövlət Bayrağı Meydanı
başlayır. Dövlət Bayrağı Meydanında
tikilən dənizkənarı gəzinti yerləri, - əslində
o da bulvarın davamıdır, - 7,5
kilometrdir. Yəni, biz tarixi bulvarımızı
bir neçə dəfə artırırıq. Nəticə etibarilə bir-iki aydan sonra vətəndaşlarımız
və şəhərimizin qonaqları təqribən 13-15 kilometr
məsafədə bu bulvardan istifadə edəcəklər.
Bayraq Meydanında möhtəşəm abadlıq
işləri aparılır və yaxın zamanlarda hər bir
Azərbaycan vətəndaşı bu imkanlardan istifadə edəcəkdir. Orada indi son
tamamlama işləri aparılır. Yeni
parklar salınır. Şəhərimizin
tarixini əks etdirən, paytaxtımızın rəmzlərindən
biri olan funikulyor yenidən qurulur. Gözəl
Xalça Muzeyi tikilir. "Bakı
Venesiyası" yenidən qurulur və kanallar genişləndirilir.
Əminəm ki, orada zövqoxşayan bir mənzərə
yaranacaqdır. Parklar abadlaşır.
Bütün parklarda quruculuq işləri
aparılır. Bu yaxınlarda Koroğlu
parkı yenidən qurulubdur. İndi Dədə
Qorqud parkında böyük işlər gedir, süni göllər
yaradılır.
Yəni, bütün bunları biz insanların rahat
yaşaması üçün edirik. Bakıda işləmək
və yaşamaq üçün bütün imkanlar
vardır. Mən istəyirəm ki,
Bakı dünya miqyasında ən gözəl şəhərlərdən
birinə çevrilsin. Əminəm ki,
gün gələcək və biz deyəcəyik ki, Bakı
dünyanın ən gözəl şəhəridir. Belə də olmalıdır. Azərbaycan
vətəndaşları ən gözəl şəraitdə
yaşamalıdırlar. Həm
böyük şəhərlərdə, həm kəndlərdə.
Hər bir kənd üçün indi konkret
proqramlar var və onlar icra edilir.
Əziz dostlar, bu gözəl bayram günlərində
hava da bizimlə həmrəydir. Bu qış çox
sərt keçmişdir və mən şəxsən
xatırlamıram ki, Xəzər dənizi nə vaxtsa donsun.
İndi məndən yaşda daha da böyük
olanlar xatırlayırlar ki, 1953-cü ildə Xəzər dənizi
donmuşdur. Yəni, bu, fövqəladə
bir hal idi və biz hamımız səbirsizliklə bu gözəl
günəşli günləri gözləyirdik. Bu da çox rəmzi xarakter daşıyır ki, məhz
bayram günündə Günəş də bizimlə bərabərdir.
Mən arzu edirəm ki, bundan sonra bütün dövrlərdə
daim Azərbaycan səmasında Günəş
saçsın! Daim bizim yolumuzu Günəş
işıqlandırsın. Çünki
bizim yolumuz haqq yoludur, ədalət yoludur, inkişaf yoludur.
Bir daha sizi və bütün Azərbaycan xalqını
bu gözəl bayram münasibətilə ürəkdən təbrik
edirəm, hər bir Azərbaycan vətəndaşına
cansağlığı və uğurlar arzulayıram. Sağ olun.
* * *
Sonra Azərbaycan Prezidenti və xanımı Dənizkənarı
Milli Parka gəldilər.
Dövlət başçısı İlham Əliyevi və
xanımı Mehriban Əliyevanı Novruz bayramının əsas
personajları olan Kosa və Keçəl
qarşıladılar.
Kosa və Keçəl Prezidenti və
xanımını bayram münasibətilə təbrik etdilər,
dövlət başçısı ilə yumurta
döyüşdürdülər.
Azərbaycanın müxtəlif bölgələrini təmsil
edən özfəaliyyət kollektivlərinin
çıxışları maraqla qarşılandı. Prezident
İlham Əliyev və Mehriban Əliyeva aşıqların,
muğam ifaçılarının
çıxışlarını dinlədilər.
Milli Parkda təşkil edilən "Şərq
bazarı" bayram şənliyinə xüsusi çalar
qatırdı.
Burada ölkəmizin müxtəlif bölgələrində
hazırlanmış sənətkarlıq nümunələri
nümayiş olunurdu.
Dövlət başçısına və
xanımına hədiyyələr təqdim edildi.
Bir tərəfdə isə gənc pəhləvanlar
xalça üzərində qurşaq tutur, idmançılar
məharətlərini göstərirdilər.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva
və şənliyin digər iştirakçıları bu səhnələri
maraqla izlədilər, qədim el sənətlərinin
nümunələrinə baxdılar.
Dövlət
başçısı və xanımı bərəkətli
Azərbaycan torpağında yetişdirilmiş məhsulların
bayram şənliyi çərçivəsində təşkil
edilmiş sərgisi ilə tanış
oldular.
Azərbaycan Prezidenti və xanımı burada bişirilən
plovun dadına baxdılar. Ulu babalarımızdan
bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin
nümayiş olunduğu mərasimdə, həmçinin
Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat
nümunələri də təqdim edilirdi. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva
bayram şirniyyatları ilə çay içdilər.
Dövlət başçısı və xanımı,
həmçinin gənc rəssamların, modelyerlərin və
el sənətkarlarının əl işlərinə
tamaşa etdilər.
İncəsənət ustaları, meyxanaçılar,
aşıqlar, kəndirbazlar, nağaraçılar
xalqımızın adət-ənənələrini, qədim
el sənətlərini nümayiş etdirirdilər.
Milli parkda təşkil edilmiş "Şərq
bazarı"nda, həmçinin Azərbaycanın müxtəlif
bölgələrində yetişdirilən və istehsal olunan
ərzaq məhsulları da sərgilənmişdi. Bu sərgi bir
daha təsdiqləyir ki, Azərbaycan Prezidentinin ölkədə
ərzaq təhlükəsizliyinin təmin olunması ilə
bağlı verdiyi tapşırıqlar uğurla yerinə
yetirilir.
Azərbaycan Qol Güləşi Federasiyasının
üzvlərinin çıxışları diqqətlə
izlənildi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
pəhləvanlar və güləşçilərlə
xatirə şəkli çəkdirdilər.
Bahar qız Prezident İlham Əliyevə və Mehriban
xanıma bayram xonçası təqdim etdi.
Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin
nümunələri də şənlik
iştirakçılarında maraq doğurdu.
Dənizkənarı Milli Parkda təşkil olunan bayram tədbiri
zamanı Prezident İlham Əliyevə Azərbaycanda
keçiriləcək 17 yaşadək qadın futbolçular
arasında dünya çempionatına oyunların ilk bileti təqdim
edildi.
Dövlət başçısına çempionatın
oyunlarına bilet satışı barədə də məlumat
verildi.
Bildirildi ki, bu il sentyabrın 22-də Tofiq
Bəhramov adına Respublika Stadionunda start götürəcək
bu mötəbər yarışa biletlər aprelin 16-dan onlayn
satışa çıxarılacaqdır.
Azərbaycan
Prezidenti və xanımı 2020-ci il Yay
Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə
bağlı aparılan dəstək kampaniyası çərçivəsində
Beynəlxalq Olimpiya Komitəsinə müraciət
formasını imzaladılar.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban
Əliyeva Dənizkənarı Milli Parkdan şəhərin mənzərəsini
seyr etdilər.
Dövlət başçısı onun pişvazına
və bayram gəzintisinə çıxmış Bakı
sakinlərinə və paytaxtımızın qonaqlarına
Novruz münasibətilə bir daha xoş arzularını
yetirdi.
Novruz
bayramı münasibətilə keçirilən şənliklərdə
Baş nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay Əsədov,
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və
digər rəsmi şəxslər iştirak edirdilər.
Bayram şənliyi incəsənət ustalarının,
el sənətkarlarının ifasında rəngarəng
konsert proqramı ilə axşamdan xeyli keçənədək
davam etdi.
AzərTAc
Azərbaycan.- 2012.- 20 mart.- S. 1-2.