Polis
orqanlarında orta rəis heyəti vəzifələrinə
xidmətə qəbul üzrə müsabiqənin qalibləri
ilə görüş olmuşdur
Novruz bayramı ərəfəsində - martın 19-da respublikanın daxili işlər naziri general-polkovnik Ramil Usubov polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin qalibləri ilə görüşmüşdür.
DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbiri giriş sözü ilə açan daxili işlər naziri qalibləri təbrik etmiş, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasətinin həyata keçirilməsində böyük uğurların qazanıldığını, dövlətimizin başçısının çıxış və nitqlərində Azərbaycanın parlaq gələcəyinin yüksək intellektə, sağlam dünyagörüşə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğuladığını bildirmişdir. Ölkə rəhbərliyinin gənclərə hər zaman böyük diqqət və qayğı göstərdiyini xatırladan nazir yüksək mənəvi və iş keyfiyyətlərinə malik bacarıqlı və istedadlı gənclərin ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları, onların dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilməsi üçün bütün zəruri addımların atıldığını, hazırkı tədbirin də bunun bariz nümunəsi olduğunu diqqətə çatdırmışdır. R.Usubov demişdir ki, respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan 273 nəfər daxili işlər orqanlarında xidmətə qəbul üçün müraciət etmiş, onlardan "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamə ilə müəyyən olunmuş tələblərə cavab verən 120 namizəd Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanlarına buraxılmışdır. Qaydalara əsasən, test imtahanlarında 65 və daha çox bal toplamış 56, o cümlədən 45 ali hüquq, 11-i isə ali pedaqoji təhsilli namizəd bu çətin sınaqdan uğurla çıxmışdır.
DİN-in Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev daxili işlər orqanlarında xidmətə qəbulun yekun nəticələri barədə tədbir iştirakçılarına məlumat verərək vakant vəzifələrin və namizədlərin siyahısını elan etmişdir. Qeyd olunmuşdur ki, xidmətə qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi məqsədi ilə "Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin elan edilməsi Qaydaları"na əsasən respublikanın polis orqan və hissələrində vakant vəzifələrə qəbul üçün kütləvi informasiya vasitələrində, o cümlədən mərkəzi, yerli telekanallarda və qəzetlərdə, DİN-in internet saytında dəfələrlə elanlar verilmiş, müsabiqəyə 50 vakant yer elan olunmasına baxmayaraq, daxili işlər naziri tərəfindən imtahanları müvəffəqiyyətlə vermiş 56 namizədin hamısının daxili işlər orqanlarında xidmətə qəbul olunması barədə müvafiq göstəriş verilmişdir. Həmin göstərişin icrası olaraq, bütün iddiaçılar respublikamızın şəhər, rayon polis orqanlarında istintaq, təhqiqat və bayır xidmətlərindəki vakant vəzifələrə təyin olunmuşlar.
Salyan RPŞ-nin müstəntiqi vəzifəsinə təyin olunan polis leytenantı Rüstəm İsmayılov gənc zabitlər adından çıxış edərək müsabiqənin şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında həyata keçirildiyinə, gənclərə olan xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirmiş və əmin etmişdir ki, gələcək xidməti fəaliyyətlərində onlara göstərilən yüksək etimadı doğruldacaqlar.
Tədbirə yekun vuran nazir general-polkovnik Ramil Usubov "polis leytenantı" xüsusi rütbəsinin poqonlarını müsabiqənin qaliblərinə təqdim etməklə həyatlarında ən əlamətdar günlərdən biri - zabit vəzifələrinə təyin olunmaları və Novruz bayramı münasibətilə onları təbrik etmiş, çətin və şərəfli xidmətlərində uğurlar arzulamış, xidməti fəaliyyətdə polis adını daim uca tutmağı, insan və vətəndaş hüquq və azadlıqlarını nümunəvi qorumağı, vətəndaşların qəbuluna və müraciətlərinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşmalarını tövsiyə etmişdir.
Nazir əmin olduğunu bildirmişdir ki, gənc
zabitlər qarşıya qoyulmuş tapşırıqları
və vəzifələri yüksək məsuliyyətlə
yerinə yetirəcək, dövlətçiliyə sədaqətlə
xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli
və prinsipial olacaq, ölkəmizdə sabitliyin nümunəvi
təminində səylərini əsirgəməyəcək,
onlara göstərilmiş etimadı əməli fəaliyyətlə
doğruldacaqlar.
Azərbaycan.- 2012.- 20 mart.- S. 4.