İsveçdə Novruz bayramı qeyd edilmişdir

 

 İsveçin paytaxtı Stokholmda Novruz bayramı münasibətilə mərasim keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Botşurka bələdiyyəsinin rəhbərliyi, bu ölkədə yaşayan və təhsil alan soydaşlarımız, türk, rus, Çin icmalarının və İsveç ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbir Azərbaycandan bəhs edən filmin nümayişi ilə başlamışdır.

İsveçdə yaşayan soydaşlarımız Babək Azad, Eluca Atalı, Ayidə Əmir Haşimi və digər çıxış edənlər iştirakçılara xalqımızın qədim bayramı Novruzun tarixi və onun əsas xüsusiyyətləri barədə məlumat vermişlər. Bildirilmişdir ki, bu bayram sülh, dostluq, ənənəvi saflıq, gözəllik, birlik, təbiətin oyanışı bayramıdır. Mərasimdə Azərbaycan mədəniyyəti, tarixi, incəsənəti, azərbaycanlıların İsveç cəmiyyətinə inteqrasiyası ilə bağlı da məlumat verilmiş, şeirlər, mahnılar səsləndirilmişdir.

Hallunda kitabxanasının əməkdaşı Peter Björkman Novruz münasibətilə iştirakçıları təbrik etmiş, tədbirin əhəmiyyətindən danışmışdır. Azərbaycan ədəbiyyatı ilə yaxından maraqlandığını diqqətə çatdıran P.Björkman, dahi şair Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı tədqiqat aparacağını bildirmişdir.

Sonda tədbir iştirakçıları Azərbaycan mətbəxinin nümunələrindən dadmışlar.

Tədbirlə bağlı Stokholmun Botşurka radiosunda jurnalist Leif Bakkströmun təqdimatı ilə geniş reportaj da səsləndirilmişdir.

 

 

Azərbaycan.- 2012.- 20 mart.- S. 5.