Bağçada güllər, oxur bülbüllər...

 

21 mart Beynəlxalq Novruz Günüdür

 

 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi, Mədəni, İrs Siyahısına daxil edildi. 2010-cu ilin fevralında BMT Baş Məclisinin 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan edildi. Əslində, Novruz elə sülh və barış bayramıdır. Əgər bir millət söyləyirsə ki, Novruzda heç kəs küsülü qalmasın, nəhs sözlər danışmasın, qalmaqala, dava-dalaşa yol verilməsin, süfrəsi bərəkətli, ömrü şən, ruzisi bol olsun, bu, Novruzun bəşəriliyinə nümunə deyilmi? İndi bizim bu milli və qədim bayramımızın beynəlxalq aləmdə qeyd edilməsi Azərbaycan dövlətinin bütün xalqlarla həmrəylik, dostluq və anlaşma şəraitində yaşamaq istəyinin əks-sədasıdır.

Novruzun qədim xalq bayramı olması haqqında tarixi və ədəbi mənbələrdə məlumat və fikirlərə rast gəlinir. Novruz haqqında geniş və çoxsaylı faktlarla zəngin mənbədən biri də Azərbaycan mifləridir. Eləcə də Azərbaycanda olan səyyahlar öz qeydlərində Novruzla bağlı maraqlı fikirlər söyləyiblər. Bu qədim bayramla bağlı məlumatlara Nizam əl-Mülkün "Siyasətnamə"sində də rast gəlirik. Zərdüştilik dövründə də qeyd edilən bayramın ən maraqlısı məhz Novruz idi. Ömər Xəyyam (1048-1131) "Novruznamə" adlı əsərində astronomik tədqiqatlara əsasən elmi surətdə göstərib ki, Novruzun yaranması Günəş təqvimi ilə bağlıdır. Novruz həqiqətən də ilin dəyişməsi deməkdir.

XVII əsrdə yaşamış fransız səyyahı Jan Şardən Şərq ölkələrinə səyahətə çıxır. Gəncədə, Naxçıvanda, Tiflisdə, İrəvanda, Təbrizdə, İsfahanda olur... Vətəninə qayıtdıqdan sonra "Səyahətnamə" adlı kitab yazır. Maraqlıdır ki, onun səfərlərindən biri mart ayına düşdüyündən o, Azərbaycanda qeyd edilən Novruz bayramının iştirakçısı olub. Həmin bayramla bağlı "Səyahətnamə" adlı kitabında yazırdı ki, Səfəvilərdə dini və mülki bayramlar lap çoxdur. Bu bayramların üçü təntənəli surətdə qeyd edilir: Orucluq, Qurban və Yaz bayramı. Yaz bayramı əslində Yeni il deməkdir. Həmin gün gecə ilə gündüz bərabərləşir. Fransız səyyahını heyrətə gətirən yumurtaların qızıl suyuna boyanması və insanların bir-birinə nadir tapılan, həm də bahalı əşyalardan - cavahiratdan, qızıldan, gümüşdən, parçadan, ətriyyatdan, qaş-daşdan hədiyyə verməsi olub. Bu cür bayramlaşmanın əkinçidən şaha qədər davam etməsi avropalı səyyahı daha çox heyrətləndirib. Xüsusilə də İrəvan bəylərbəyliyində keçirilən Novruz bayramı Jan Şardəni valeh edib. Səyyahı təəccübləndirən amillərdən biri də insanların bayramın birinci günü Allaha dua etmələri olub. Səyyah yazırdı: "Onlar sübh çağı bütün bədənlərini su ilə yuyurlar. Sonra tərtəmiz paltar geyinirlər, xoş sözlər danışırlar, bir-birləri ilə mehribançılıq edirlər. Bu ovqat onlarda Yeni ilin xoş keçəcəyinə, xoşbəxtlik gətirəcəyinə inam yaradır".

Əlbəttə, fransız səyyahının kitabında xoşa gəlməyən məqamlar, yanlış fikirlər də var. Amma bununla bərabər avropalı səyyahın Novruzu bəşəri bayram kimi dəyərləndirməsi təqdirəlayiqdir. Novruz həm də xalqımızın intellektual səviyyəsindən, təfəkküründən xəbər verir. Bu bayram həmişə eyni vaxta düşür.

Mətbuatımızın cəfakeşi Həsən bəy Zərdabi "Quyruq doğdu, çillə çıxdı" adlı məqaləsində yazırdı: "Təəccüblüdür ki, bizim heç bir yerdə oxumamış kəndli nə filan ayın neçəsi olduğunu, hətta ayların adlarını belə bilməyib. Amma onunla belə, təsbehini alaraq Novruzdan tutub hesab çəkib ki, quyruq doğmağa neçə gün qalıb və filan gün çillə çıxacaqdır. Bundan belə məlum olur ki, bu hesab çox doğru və asan hesabdır və bunun belə olmağına səbəb hesabın Novruzdan çəkilməyidir. Novruz ki o vaxt gün - bahar nöqtəsindən keçir, heç vaxt dəyişmir".

Orta əsrlərdə Azərbaycanda xüsusi şəxslər - astroloqlar Günəşin hərəkətini izləyər, bu barədə əhaliyə məlumat verərdilər. 1637-ci ildə alman səyyahı Adam Oleari Şamaxıda azərbaycanlıların Yeni il mərasimini - Novruzu necə qarşılamalarının şahid olmuş və bu barədə yazmışdır: "Astroloq tez-tez stolun arxasında durur, xüsusi alətlər vasitəsilə Günəşi müşahidə edir, Günəşin gecə ilə gündüzün bərabərlik nöqtəsinə çatacağı anı müşahidə edirdi. Elə ki gözlənilən məqam çatdı, astroloqun xəbəri ilə əlaqədar şəhərdə yaylım atəşləri açıldı. Şamaxı şəhərinin Qala divarları boyunca təbillər döyüldü, xalq şənliyə başladı".

Bu fakt göstərir ki, Novruz kor-koranə qəbul edilməyib. Onun kökündə elmi əsaslar dayanıb. Yeni ilin məhz martın 21-də başlanması tam elmi təsdiqini tapmışdır. Novruzun heç bir dinlə əlaqəsi yoxdur. O, xalqımızın məişəti, adət-ənənəsi, gün-güzəranı, həyat tərzi, təfəkkürü, intellektual səviyyəsi ilə qırılmaz tellərlə bağlı olub. Novruz nəsildən-nəslə, əsrdən-əsrə keçərək milli bayram  və xalq mərasimi kimi yaşamaqdadır.

Doğrudur, sovet hakimiyyəti illərində bir çox milli dəyərlərimizə qarşı səlib yürüşü yeridildi. İnsanları dinindən, imanından, adət-ənənəsindən, soykökündən, milli mənsubluğundan qoparmaq üçün baş alıb gedən qadağa və təzyiqlərin bir zərbəsi də, təbii ki, Novruza dəydi. Qəribədir ki, çox diktələrə boyun əymək məcburiyyətində qalan xalqımız nə dinindən, imanından ayrı düşdü, nə də Novruzu qəlbindən çıxarıb atdı. Acılı-ağrılı zamanın vahiməsinə baxmayaraq, Novruz yaşadı. Rəsmi tədbirlərdə, radio və televiziya verilişlərində onun adını dəyişdirib gah "Yaz bayramı", gah "Bahar bayramı", gah da yaz-tarla işlərinin başlanğıcı hesab etsələr də, xalq Novruzu məhəbbətlə qarşılayıb, ehtiramla keçirirdi. Şəkərbura, paxlava bişirilirdi, bayram plovu süzülürdü, səməni göyərdilirdi, həyətlərdə tonqal yandırılırdı. Qohum-əqrəba bir-birinin qapısını döyərək bayramlaşırdı. Amma bütün bunlar sanki bir örtük, bir pərdə axasında həyata keçirilirdi. Radio və televiziyalarda baharın gəlişi ilə əlaqədar konsertlər verilir, yazla bağlı mahnılar oxunurdu. Hər kəs öz imkanı və səlahiyyəti daxilində bu qədim bayramın əbədiyaşarlığına xidmət edirdi. Heç kim Novruzun adını çəkmirdi. Amma həmin əziz günlər xüsusi ovqatla qeyd edilirdi.

Əlbəttə, Novruzun üzərindəki qadağaları götürmək üçün Azərbaycan ziyalıları uzun müddət çarpışdılar. Unudulmaz Şıxəli Qurbanovdan başlamış neçə-neçə işıqlı şəxsiyyət Novruzun həyata qaytarılması yolunda fədakarcasına mübarizə apardı. Xalqımızın bir xoşbəxtliyi də onunla bağlıdır ki, 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbər seçildi. Məhz ümummilli liderin diqqəti və qayğısı sayəsində bayram günlərində Bakı küçələrində insanlar kütləvi şənliyə başladılar. Bahar qızı peyda oldu. Bizim yadımızdan çıxmayıb ki, yataqxanada yaşayan tələbələr Novruzu qeyd etmək üçün hansı qadağaların üstündən keçməli oldular. Otaqlarda göyərdilən səmənilər pəncərədən atılır, Fəxri xiyabana bayram xonçası aparan tələbə həbs edilirdi. Bizi bu əzablardan qurtaran məhz Heydər Əliyev oldu. Yaxşı yadımdadır, Şıxəli Qurbanovun qəbrini ziyarət edərkən əlində səməni tutan tələbə yoldaşımızı milislər apardılar. Müəllimlərimizdən biri söyləyirdi ki, Heydər Əliyev universitetin rektoruna irad tutaraq deyib: "Yaşıllığın nəyi pisdir ki, sən onu pəncərədən atırsan? Rəhmətə gedənləri ziyarət etmək kimə ziyan gətirir?" Məhz bu təpkidən sonra biz növbəti Novruzu, təbii ki, Bahar bayramı adı ilə qeyd etdik. Nə xoş ki, dövlət müstəqilliyimizin bərpasından sonra Novruzun həqiqətən də özünə layiq büsatlı günləri başladı. Ümummilli liderdən müsahibə alan bir jurnalistin "Sevdiyiniz bayram hansıdır" sualına ulu öndər Heydər Əliyev "Novruz" demişdir. Ömrümüzün ən fərəhli günlərindən biri idi ki, Novruz şənliklərində ulu öndər şəhər sakinləri ilə görüşər, onları bayram münasibətilə təbrik edər, Kosa ilə zarafatlaşar, yumurta döyüşdürər, öz xeyir-duaları ilə hər kəsdə xoş ovqat yaradardı.

İndi Novruz rəsmi bayramların sırasında əzəmətlə dayanıb. Onu layiqincə qeyd etmək üçün ölkə başçısı İlham Əliyevin sərəncamı ilə insanlar bir neçə gün işdən ayrılaraq öz bayramlarını qeyd edəcəklər. Həqiqətən də bu bayram istirahətini, insanlara mənəvi rahatlığı bəxş etdiyi üçün ölkə Prezidentinə minnətdarıq!

Nədənsə həmişə Novruz bayramı gələndə yadımıza Şəhriyarın, Səməd Vurğunun şeirləri düşür. Xüsusilə də "Heydərbabaya salam" mənzuməsi Novruz günlərində daha çox xatırlanır. Bu, ən çox onunla bağlıdır ki, ustad Şəhriyar bu məşhur əsərində Novruz bayramının sözlə portretini çox ustalıqla çəkib. Poemanın əksər bəndlərində Novruz mərasimlərinin təntənəsi o qədər doğma və zərif ifadə edilib ki, istər-istəməz Şəhriyar poeziyası doğma Novruzumuzun bir əlaməti kimi diqqət çəkir. Bu əsərin canlandırdığı mənzərələr sadəcə könül xoşluğu yaratmır, həm də bizim tariximizdi, adət-ənənəmizdi, həyatımızdı, dünəndən sabaha atılan körpülərdi:

 

Bayram idi, gecəquşu oxurdu,

Adaxlı qız bəy corabı toxurdu,

Hər kəs şalın bir bacadan soxurdu,

Ah, nə gözəl qaydadı şal sallamaq,

Bəy şalına bayramlığın bağlamaq.

 

Bütövlükdə "Heydərbabaya salam" mənzuməsi adamın ürəyinə elə xəfif toxunur ki, xəyalımızdan nələr keçmir?! Xüsusilə də Səməd Vurğunun poeziyasında ruh oxşayan, Novruzun özəlliklərini xatırladan elə şeirlər var ki, hələ də bizimlə yol gedir. Şairin öz səsi ilə lentə yazılmış belə unudulmaz məqamlardan biri:

 

Bahar, istəklimsən başdan-binadan,

Ən gözəl qızısan sən təbiətin,

Xoşbəxt yaranmısan, xoşbəxt anadan,

Gözünün odusan şeirin, sənətin,

Ən gözəl qızısan sən təbiətin.

 

Başqa bir şeirində isə yaşıl köynəyini geyinən meşələrə, daşların dibinə quş kimi qonan bənövşəyə, dağ döşünə çıxan qıvırcıq quzulara, bütövlükdə təbiətin özünə, Novruzun gəlişinə şair belə deyib: "Bahar nə xoş gəlir, ruha dad verir, xəyala, duyğuya qol-qanad verir". Bu mənzərələrin şair qəlbində yaratdığı kövrək xatirələrin poetik əks-sədası genişdir:

 

 

Göylərə baş çəkir Göyəzən dağı,

Axşam açıq olur Ayın qabağı,

Bizim gəlinlərin bayramqabağı,

Fəsəli yaymağı yadıma düşdü.

 

Ruhu xoş olsun Səməd Vurğunun! O, bu şeirləri sovet dövründə yazıb, repressiyaların at oynatdığı illərdə. Elə həqiqətlər var ki, onları etiraf etmək Allaha da xoş gedər. Qoy Novruzun suları gurhagur axsın. Torpaqda sünbüllər göyərsin, xoş sorağımız eldən-elə yayılsın. Şair demişkən, torpağa, daşa təzə nəfəs gəlsin, hər şey dəyişsin, həyat təzələnsin, təbiətdəki zümrüdlük insan ömrünün rənginə yeni çalarlar gətirsin.

Qoy 21 martda bütün dünya Novruzun gözəlliyinə, sülhsevərliyinə heyrət kəsilərək onu yaşadan xalqın qədimliyinə, əzəmətinə, böyüklüyünə bir daha əmin olsun. Ötən əsrin sonlarında - Novruz günlərində Azərbaycanda olan xarici ölkə səyyahlarının birinə bayram sovqatı olan bir xonça bağışlayırlar. O, xonçanın qarşısında diz çəkərək heyrətlə deyib: "Siz bunu necə bacarmısınız? Bu ki dünyanın bəzədilmiş simvoludur". Bu, Novruzumuzun qüdrətidir. Bütün bəlalardan, qadağalardan, təzyiqlərdən, quruluşlardan qalibiyyətlə çıxdı. Bu, ölkə rəhbərinin nailiyyətidir. Novruz sərhədləri aşdı, coğrafiyası genişləndi. Şairlərimizin arzuları çiçək açdı, xalqımızın duaları eşidildi. Həqiqətən də ruha nə xoş gəlir ki, qürurla, iftixarla, bəlkə də daha ucadan deyəsən: 21 mart Beynəlxalq Novruz Günüdür. Bayramınız mübarək, həmvətənlər! Bayramınız mübarək, Azərbaycanı sevənlər! Qədim xalq mahnısında deyildiyi kimi:

 

Bağçada güllər, oxur bülbüllər,

Belə deyirlər: yenə yaz gəlir...

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 20 mart.- S. 6.