Azərbaycanın Türkiyədəki səfirliyində Novruz şənliyi və "İrs-Miras" jurnalının təqdimatı olmuşdur
Azərbaycanın Türkiyədəki səfirliyində Novruz şənliyi və "İrs-Miras" jurnalının türk dilində nəşr edilmiş ilk nömrəsinin təqdimatı olmuşdur.
Mərasimdə Türkiyə Prezidenti Aparatının baş katibi Mustafa İsen, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri İsmet Sezgin, "İrs-Miras" jurnalının baş redaktoru Musa Mərcanlı, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Kemal Fahir Genç, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, TBMM-in deputatları, Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, ictimaiyyət və diaspor nümayəndələri, çoxlu sayda KİV təmsilçiləri iştirak etmişlər.
Səfir Faiq Bağırov qonaqları salamlayaraq Əfqanıstanda 12 türk əsgərinin şəhid olmasından duyduğu dərin hüznü ifadə etmiş və bununla bağlı qardaş xalqa başsağlığı vermişdir. O, Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikinin mətnini oxumuşdur.
F.Bağırov bildirmişdir ki, geniş oxucu kütləsinə malik olan və müxtəlif dillərdə buraxılan "İrs-Miras" jurnalı bundan sonra türk dilində də nəşr olunacaqdır. Novruz bayramının məna və mahiyyətindən ətraflı bəhs edən səfir tədbir iştirakçılarını bu bərəkət bayramı münasibətilə təbrik etmişdir.
"İrs-Miras" jurnalının baş redaktoru Musa Mərcanlı bildirmişdir ki, 10 yaşında olan bu nəşr dünyanın bir çox ölkəsində oxuculara Azərbaycanın tarixi, adət-ənənələri, dinamik inkişafı və zəngin mədəni irsi ilə bağlı həqiqətləri çatdırır. Qardaş Türkiyədə də bu jurnalın buraxılması əlamətdar hadisədir.
Türkiyə Prezidenti Aparatının baş katibi Mustafa İsen iki qardaş ölkənin sevincli bir günündə səfirliyimizdə olmağından böyük məmnunluq duyduğunu söyləmiş, xalqlarımızın və dövlətlərimizin güclü həmrəyliyindən bəhs etmişdir.
Sonra tədbir iştirakçılarına Şenol Talınlının ifasında klassik Azərbaycan musiqisinin nümunələri təqdim olunmuşdur.
Oqtay BAYRAMOV
Azərbaycan.- 2012.- 20 mart.- S. 8.