Vətəndaşların müraciəti obyektiv araşdırılır

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi tərəfindən müxtəlif bölgələrdə, həmçinin nazirlikdə vətəndaşların qəbul edilməsi, həmin vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar Azərbaycan Respublikası Prezidentinə, Nazirlər Kabinetinə, Milli Məclisə, müxtəlif instansiyalara ünvanladıqları şikayət ərizələrinin onların özlərinin iştirakı ilə araşdırılması istiqamətində tədbirlər davamlı xarakter alıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu istiqamətdə növbəti tədbir kimi martın 17-də əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov nazirlikdə daha bir qrup vətəndaşı qəbul edib. Şikayət ərizələri nazirliyin uyğun şöbələrinin mütəxəssisləri tərəfindən araşdırılarkən ayrı-ayrı vətəndaşların ünvanlı dövlət sosial yardımının təyinatı, əlillik qruplarının verilməsi və s. ilə bağlı qanunvericilik barədə məlumatsız olduqları, bu səbəbdən əsassız şikayət ərizələri yazdıqları müəyyən edilib. Həmin insanlara müvafiq qanunvericilik ətraflı şəkildə izah olunub.

Eyni zamanda, bir sıra vətəndaşların şikayət ərizələrində haqlı narazılıqların əksini tapdığı və belə narazılıqların yerli strukturların bəzi əməkdaşları tərəfindən bəzən vətəndaş müraciətlərinə biganə və səhlənkar münasibət göstərilməsi hallarından irəli gəldiyi məlum olub. Vətəndaşların haqlı narazılığına səbəb olan hallara yol vermiş əməkdaşlarla bağlı tədbirlər görülməsi barədə tapşırıq verən nazir Fizuli Ələkbərov hər bir vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun və ədalətli həlli ilə əlaqədar müvafiq strukturlara göstəriş verib. Vətəndaşların qəbulu zamanı onlardan yoxsulluq vəziyyətindən çıxmaq üçün potensial imkanlara malik olanların gələcəkdə "Özünədəstək" proqramına cəlb edilmələri qərara alınıb.

Qəbul zamanı minik avtomobili ilə təmin olunmaq üçün növbədə dayanan, yaşı 90-ı ötmüş Böyük Vətən müharibəsi əlilləri - Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər Hüsü Təhməzov və Məhərrəm Məhərrəmov, Astara rayon sakini Ağabəy Dadaşov, Göygöl rayon sakini Şaban Cəfərov NAZ-Lifan markalı minik avtomobilləri ilə təmin olunublar. Onlar əlillərə, o cümlədən Böyük Vətən müharibəsi əlillərinə göstərilən daimi diqqət və qayğıya, həmçinin Novruz bayramı ərəfəsində onlara minik avtomobili hədiyyəsi ilə sevinc bəxş edildiyinə görə dövlətimizin rəhbərinə sonsuz minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, bu, nazir Fizuli Ələkbərov tərəfindən 2011-ci ilcari ilin ötən dövrü ərzində keçirilən sayca 16-cı qəbuldur. Ümumiyyətlə, bu müddətdə nazirnazirliyin digər rəhbər şəxsləri tərəfindən Bakı, Gəncə, Şirvan,  şəhərlərində, Oğuz, Göyçay, Şəki, Ağcabədi, Yevlax, Masallı, Samux, Füzuli, Şamaxı, Salyan və digər rayonlarda ümumilikdə 800 nəfərə yaxın vətəndaş qəbul edilərək onların müraciətləri obyektiv və ədalətli araşdırılıb. Vətəndaş qəbulları nəticəsində şikayət məzmunlu müraciətlərin sayı xeyli azalmaqla, eyni zamanda nazirliyin strukturlarında çalışan əməkdaşların vətəndaşlarla münasibətlərində məsuliyyət hisləri gücləndirilib.

 

 

 Elçin CƏFƏROV

 

Azərbaycan.- 2012.- 20 mart.- S. 9.