Aztəminatlı təbəqə diqqət mərkəzindədir

 

 Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan vəzifələri uğurla yerinə yetirən Mingəçevir şəhəri son illər sürətlə abadlaşır, aydan-aya yeniləşib gözəl görkəm alır. Başdan-başa parklar, xiyabanlar, yaşıllıqlar diyarı olan bu sənaye şəhərində əhalinin aztəminatlı təbəqəsinin sosial ehtiyaclarının ödənilməsi diqqət mərkəzindədir. Dövlətin sosial siyasətinin mühüm istiqaməti olan bu sahədə ədalət prinsipini qorumaq, şəffaflığı təmin etmək, dövlət qayğısının öz ünvanına çatmasına nail olmaq üçün məqsədyönlü iş aparılır. Mingəçevir Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi və Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir Şəhər Şöbəsi öz fəaliyyətində "Ünvanlı sosial yardım haqqında", "Sosial müavinətlər haqqında" qanunlara, respublika hökumətinin müvafiq qərar və sərəncamlarına əsaslanır, bütün hallarda obyektivliyin qorunmasına böyük önəm verirlər.

Mingəçevir şəhərində ünvanlı sosial yardım alan 1891 ailə, aylıq sosial müavinət alan 4576 nəfər qeydiyyatdadır. Sosial müavinət alanlardan 1398 nəfəri əlilliyə görədir, 698 nəfəri isə sağlamlıq imkanları məhdud olan uşaqlardır.

Respublikanın bütün bölgələrində olduğu kimi, Mingəçevirdə də əhalinin aztəminatlı təbəqəsi dövlətin artan davamlı qayğısından razılıq edir. Əlbəttə, bunun üçün kifayət qədər tutarlı əsaslar da var. Bir faktı qeyd etmək bunun məntiqi təsdiqidir. Respublika Prezidentinin 23 dekabr 2011-ci il tarixli fərmanına əsasən, aylıq sosial müavinətlərin, təqaüdlərin, kompensasiyaların və birdəfəlik müavinətlərin 10 faiz artması şəhər üzrə 5008 nəfərə şamil edilmişdir.

Dövlət Sosial Müdafiə Fondu Mingəçevir Şəhər Şöbəsində 16951 nəfər əmək pensiyaçısı qeydiyyatdadır. Bunlardan 10494 nəfəri yaşa, 5106 nəfəri əlilliyə görə, 1351 nəfəri isə ailə başçısını itirdiyinə görə pensiya ilə təmin olunmuşdur.

Bu günlər Mingəçevir Əhalinin Sosial Müdafiəsi Mərkəzinin qayğıları daha da artmışdır. Novruz bayramı münasibətilə Mərkəzin Sosial Məişət Xidməti bölməsində çalışanlara əlavə tapşırıqlar verilmişdir. Onlar bayram günlərində fərqli xidmət göstərməyə çalışırlar. Mərkəzin Sosial Məişət Xidməti bölməsində çalışanların sayı 40 nəfərdir. Onlar şəhərdə yaşayan 473 nəfər tənha ahıl və əlil qocaya xidmət edirlər.

Şəhərdə 195 nəfər Çernobıl əlili yaşayır. Onlar da qayğı ilə əhatə olunmuşlar. Çernobıl qəzasının 25 illiyi münasibətilə keçən il onların hər birinə 200 manat məbləğində birdəfəlik sosial yardım verilmişdir. Şəhəri ikiyə bölən ana Kürün sağ sahilində Çernobıl əlilləri üçün zona üzrə reabilitasiya mərkəzinin tikintisinin reallaşmasından ötrü bütün zəruri hazırlıq işləri görülmüşdür.

Baharın ilıq nəfəsi duyulduğu bu bayram günlərində dövlət qayğısından güc alan şəhər sakinlərinin üzü gülür. Dövlətin öz vətəndaşına sahib çıxdığı, arxa durduğu bir ölkədə yaşamaq sözün həqiqi mənasında xoşdur.

 

 

 Lazım QULİYEV

 

Azərbaycan.- 2012.- 20 mart.- S. 9.