Şəkidə regional müşavirə keçirilmişdir

 

Şəki Regional Ədliyyə Şöbəsində Şəki və Göyçay regionları üzrə ədliyyə orqanlarının  2011-ci ildəki fəaliyyətlərinin yekunlarının müzakirəsinə həsr olunmuş regional müşavirə keçirilmişdir.

Müşavirədə Şəki və Göyçay regional ədliyyə şöbələrinin əməkdaşları, hər iki regional şöbənin ərazi yurisdiksiyasına aid rayonların yerli ədliyyə orqanlarının rəhbərləri, Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi, baş icra məmuru, III dərəcəli dövlət ədliyyə müşaviri Xanlar Zeynalov, Bələdiyyələrlə İş Mərkəzinin İnzibati nəzarət idarəsinin rəisi Həbib Yusifov, nazirliyin Təşkilat-nəzarət, Qeydiyyat-notariat və İcra baş idarələrinin məsul əməkdaşları iştirak etmişlər.

Müşavirəni açan Xanlar Zeynalov görülən işlərlə yanaşı, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması yollarına toxunmuşdur.

Şəki Regional Ədliyyə Şöbəsinin rəisi Rəhman Məmmədov və Göyçay Regional Ədliyyə Şöbəsində rəhbərliyi təmsil edən Ruslan Osmanlı hesabat məruzələri ilə çıxış etmişlər. Məruzələrdən sonra ayrı-ayrı yerli ədliyyə orqanlarının rəhbərləri dinlənilmişdir. Sonda Xanlar Zeynalov regionlarda ədliyyə orqanlarının fəaliyyətinin səmərəliyinin daha da artırılması üçün tapşırıq və tövsiyələri çatdırmışdır.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2012.- 20 mart.- S. 9.