Bizi gözləyən yurd yerləri var...
Təbiət hərdən şıltaqlıq edib üz-gözünü bozartsa da, mart ayında torpağın cana gəlməsi, ötən ilin payızından isti ölkələrə uçub getmiş qanadlı köçərilərin geri qayıdaraq ağacların quşqonmaz budağında quruyub qalan yuvalarını bərpa etməsi ilə bir daha təsdiqlənir ki, yaşıl donlu bahar ömrümüzə - həyatımıza və həyətimizə ayaq basmaqdadır.
Martı tarixən "təbiətin oyanış" ayı da adlandırıb müdriklərimiz. Çayların buzu əriyir, arx kənarlarında yerin yeddi qatına kök atmış yarpız soyuq-sazaqdan qorxmayıb Günəşə tərəf boylanır. Zirvəsi bəyaz dağlar baharın gəlişini duyub ağ libasını dəyişməyə hazırlaşır. Qaya dibinə sığınmış novruzgülüyə elə gəlir ki, ondan tez oyanan yoxdur. Amma baxıb görəndə ki danaqıran "onu yuxuya verib", boynunu əyib kövrəlir, kol dibində göyərən bənövşəni səsləyir... Təbiət bax beləcə, yenidən canlanır, qış donunu soyunmaqla yeni bir fəslin gəlişindən xəbər verir.
Novruz günlərinə qədər dörd həftə yol gələn yaz fəsli Sudan keçib, Odda bişib, Yelin qanadlarında özünü Torpağa yetirəndə baxıb görüb ki, qarçiçəyi yerin bağrını yarıb. Novruzun təbiətə gətirdiyi oyanış, deyirlər ki, aran yerlərində daha çox hiss olunur. Lakin dağların Novruz bayramını necə qarşılamasının şahidi olanlar bu həqiqəti bəzən qəbul edə bilmirlər ki, bunun da öz səbəbləri var.
Adətən, söyləyirlər ki, Novruz bayramı günlərində (hətta çərşənbələr başlayandan) qəmli notlardan uzaq olmaq lazımdır. Bu da folklorumuzdan gəlmədir: dəm dəmi gətirər, qəm də qəmi. Ağrı-acılarımızı tonqalda yandırırıq ki, yeni baharımız, yazımız xoş əhval-ruhiyyə gətirsin, şadlıq və sevincli günlər qədəm bassın həyatımıza. Lakin gecə ilə gündüz, axşamla səhər öz axarındadır. Demək, xeyirlə şər də qaçılmazdır. Belə günlərdə qəmlənmək olmaz, lakin nə yazıqlar ki, bu da hələlik mümkün deyil. Düşmən tapdağında qalan yurdlarımızda Novruz tonqalları qalanmır. Dədə Qorqud boylarından boy verən bu oyanış tapdaq altındakı yurdlarımızda 20 ildən də artıqdır ki, gecikir. Çünki orada yağı torpağı əkib-becərmir, əksinə, zəhərli silahlarla onu yaralayır. Ancaq düşmən bilməlidir ki, Novruz bayramının o torpaqlarda da yenidən keçirilməsinə elə çox qalmayıb...
Kəlbəcərlilərin də Novruz tonqalları 20 ildir ki, dağların zirvəsində qalanmır. Düşmən tapdağında inləyən torpağımızın sinəsinə çəkilən dağlar qaysaq bağlamadığı kimi, o yerlərdən perik salınmış insanlar da Novruzu aran ellərində keçirirlər. Çünki 1993-cü ilin martı onlar üçün bayram ayı kimi deyil, faciə, müsibətli günlərlə yaddaşlarına yazıldı. Onlar hər yeni gələn Novruzdan dilək diləyirlər ki, növbəti bayramı dağlarda qarşılasınlar. O yerlərdən qopub gəlmiş ağbirçək və ağsaqqalların sayı azaldıqca bunun Novruz bayramına təsiri olurmu görən? Uzun illər "Maraloyunu" və "Kilimarası" folklor ansamblının ifaçısı olmuş, Beynəlxalq Folklor Festivalının laureatı Süleyman Süleymanov söyləyir ki, bahar bayramı - yaz bayramı kimi keçirilən respublika miqyaslı bütün tədbirlərin iştirakçısı olub: "İçərişəhərin Novruz şənliklərində diqqətçəkən konsert proqramlarından biri də "Maraloyunu" və "Kilimarası"nın təqdim etdiyi nömrələrdir. Hər il ümumrespublika Novruz şənliyinə qatılan bu folklor ansamblının çıxışları əcnəbi qonaqların da marağına səbəb olur. Milli teatrın əsasını təşkil edən bu kimi meydan tamaşaları özlərində xalqımızın qədim mədəniyyətə və incəsənətə malik olduğunu əks etdirir. Demək, Novruz bayramı həm də milli-mənəvi dəyərlərimizə xalq məhəbbətinin tərənnümüdür".
Kəlbəcərdə Novruz bayramının keçirilməsinə gəlincə, həmsöhbətim deyir ki, tədbirə təkcə yalnız mədəniyyət və incəsənət işçiləri, aşıq və folklorçularımız deyil, kəlbəcərlilərin hər biri hazırlaşırdı. Evlərdə və həyətlərdə aparılan səliqə-sahman, abadlıq insanlarda yüksək əhval-ruhiyyə yaradardı. Çərşənbə axşamlarında kəndin orta yaşlı və cavanlarından ibarət dəstələr düzülər, əvvəlcə ötən il yas mərasimi düşmüş həyətlərə gedər, dualar oxuyardılar. Sonra evin yiyəsindən ocağın üstünü boş qoymamaq xahiş olunar, hətta özləri bayram qazanı asardılar. Bu mərasimi başa vurub uşaqlar folklor oyunlarından istifadə edərdilər. Məsələn, onlar "Kosa-kosa" oyunu ilə məzhəkə göstərər, Keçəlin torbasını doldurmaq üçün min bir hoqqa çıxarardılar. Fındıqla "Çalayaatma" oyunu nə qədər maraqdoğuran idisə, "Dirədöymə" daha çox gənci bir cıza (araya) toplayardı.
Novruz gecələrini sübhə kimi yatmayan təkcə oğlanlar və ya orta yaşlı kişilər deyil, qızlar da olurdular. Kənd qızlarının bir evə yığılması və orada mərasimlə bağlı müxtəlif oyunlar keçirmələri oğlanların da marağını çəkərdi. O gecələrdə təkcə sevgililər görüşməz, qız bəyənməyə çıxanlar da az olmazdı. Qızlar şirniyyat bişirər, nənələrindən qalma yadigarları yada salar - bəxtlərini sınayar, qapıpusmaya çıxardılar. Daha bir maraqlı oyun "Yelləncək" idi. Hündür yerlərdən kəndirlə yelləncək asardılar. İkiqat asılmış kəndirin bir tərəfində oğlan, digərinkində isə qız oturardı. Üz-üzə oturmuş bu cütlükləri bəzən yarızarafat-yarıgerçək sevgililər də adlandırırdılar. Çünki qızlar yalnız bəyəndiyi oğlanla birlikdə yelləncəyə minərdilər.
Qonşuların və qohumların, eləcə də küsülülərin bir-birinin evinə ayaq açması milli birliyin göstəricisi sayılırdı. Bayram günlərində küsülülər barışmalı, kimsə qanıqara olmamalı, xoş sözlər danışmalıdır. Çünki qapının arxasında "bəxtinə çıxan sözlər"i səbirsizliklə, təlaş və həyəcanla gözləyənlər olur. "Duzlu kömbə" yeyib yatanların yuxularının çin olacağı inamının da tarixi çox qədimlərə gedib çıxır...
Maraqlıdır ki, Novruz bayramı günlərində bişirilən xörəklərin və şirniyyatın dadı tamamilə özgə cür olur. O günlərin ən əziz və dadlı şirniyyatından biri əyirdək adlanırdı. Əyirdəyi digər şirniyyatdan fərqləndirən təkcə dadlı-duzlu olmasında deyil, bişirilməsində idi. Süddə və yağda yoğrulmuş xəmir kiçik-kiçik doğranaraq yun darağının dəmir dişləri ilə bəzək vurulduqdan sonra yağda qızardılardı. Deyirlər ki, əyirdək Novruz şirniyyatlarının ən qocamanıdır.
Belə deyirlər ki, qalanan tonqalların qığılcımları göyləri yandırmasa da, düşmənin bağrını yarır, yarasaların gözlərini qamaşdırır. Dədə Qorqud Oğuz oğluna tapşırıb ki, dağların başında üç tonqal qalasın. Qoy düşmən bilsin ki, Oğuz yurdunun ocağı yanır... Bunun rəmzi mənası, təbii ki, olmamış deyil. Üç tonqal qələbə rəmzidir! Üç tonqal qalamağa qadir olan xalqımızın Novruz bayramının özəllikləri az deyil. Onları sadalamaq fikrindən uzaq olsaq da, qeyd etməyə dəyər ki, bu milli bayramın əsrlər və minilliklər yola salması onun digərlərindən fərqli cəhətləridir. Vaxtilə dini don geydirilən və buna görə də sovetlər tərəfindən keçirilməsi yasaq edilən Novruz, əslində, mahiyyətini özü göstərir. O, təbiətin canlanması ilə fəsillərin yerinin dəyişməsini göstərir. Demək, il təzələnir.
Milli-mənəvi sərvətlərimizin siyahısına daxil olan Novruz bayramı özəllikləri ilə fərqlənir. Bəlkə də türk xalqlarının yeganə bayramıdır ki, bu əziz günlərdə böyüklü-kiçikli hər kəsin qəlbinə bir bahar təravəti, yaz duyğuları - coşqunluq, yüksək əhval-ruhiyyə dolur.
Zaman-zaman müxtəlif təzyiqlərdən və təqiblərdən qorunub saxlanan Novruz bayramı 70 illik sovetlər dövründə "Bahar şənlikləri", yaxud folklor ansambllarının iştirakı ilə "Yaz bayramı-saz bayramı" adı ilə keçirilirdi. Onu da qeyd etməliyik ki, xalqımız bu milli bayramının öz adı ilə keçirilməsinin yasaq edilməsi dövrünü yaşasa da, o, özünün varlığını qoruyub saxladı. Bu da Novruz bayramının xalqımızın milli-mənəvi sərvətlərinin sahibi olmasından irəli gəlir. Novruz şənliklərində folklor ansambllarının xüsusi iştirakı da bu mənada təsadüfi deyil. Milli teatrımızın bünövrəsini qoymuş meydan tamaşaları, məzhəkəçilər, pəhləvanlar məhz öz məharətlərini daim Novruz şənliklərində nümayiş etdiriblər.
Bu bayramın milli xüsusiyyətlərindən biri də onun Vətənimizin hər guşəsində özünəməxsus şəkildə keçirilməsidir. Folklorumuzun yadigarı sayılan meydan tamaşalarında çıxarlan "hoqqalar", sadəcə, tamaşaçıları güldürmək deyil, əslində, onlarda tarixin ilkin qatlarında yaranmış və zaman-zaman formalaşmış maddi-mədəniyyət nümunələrinə xalq sevgisinin nümayişidir.
Qədəmləri uğurlu, bərəkət sovqatlı olsun Novruz bayramının. Bacalardan sallanan (bu gün isə qapı arxasında qoyulan papaq) torbalardan şirniyyat əskik olmasın. Hər diləkdən bir mətləb hasil olur, deyirlər. Qoy builki Novruz yurd nisgillilərə, sadəcə, təsəlli deyil, xoş ovqat gətirsin, ümidləri cücərtsin... İndi təbiətin elə çağıdır ki, uzaq ellərə getmiş quşlar da öz yuvalarına qayıdır. Bizi də gözləyən yurd yerləri var.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2012.- 20 mart.- S. 9.