Argentina Senatında Azərbaycanda səfirliyin təsis edilməsini dəstəkləyən sənəd qəbul olunmuşdur

 

Argentina Milli Konqresinin yuxarı palatası Senat "Qardaş ölkə olan Azərbaycan Respublikasında Argentina səfirliyinin açılmasına məmnunluğun ifadə edilməsinə dair bəyanat" adlı sənəd qəbul etmişdir.

Sənədin müəllifi Senatda Azərbaycan ilə dostluq qrupunun sədri senator Pablo Veranidir.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, sənəddə deyilir ki, Argentina 1992-ci il martın 9-da Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olmuş, həmin vaxtdan etibarən dövlətlərimiz arasında dostluq əlaqələri və əməkdaşlıq yaranmışdır. Bu illər ərzində Azərbaycan ilə Argentina arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra sənədlər imzalanmışdır. Ötən il avqustun 23-də  Argentina Senatında Azərbaycan ilə dostluq qrupu yaradılmışdır.

Sənəddə vurğulanır ki, Azərbaycan ilə Argentina bir-birini tamamlayan imkanlara, xüsusilə də, elm, texnologiya, enerji, kənd təsərrüfatı sahələrində geniş əməkdaşlıq potensialına malikdir. Hazırda iki ölkənin iqtisadi əlaqələrində nəzərəçarpan inkişaf müşahidə olunur, 2010-cu ildə ticarət dövriyyəsi 44 faiz artmışdır.

Bundan əlavə, sənəddə qeyd olunur ki, geniş imkanlar vəd edən Azərbaycan-Argentina əməkdaşlığı hər iki ölkənin bir-birində diplomatik nümayəndəliyinin təsis etməsinə zəmin yaratmışdır. Məhz bu məqsədlə Azərbaycanın 2010-cu ildə Buenos-Ayresdə səfirliyi fəaliyyətə başlamış və bu il Argentina hökuməti də Bakıda səfirlik açmaq qərarına gəlmişdir.

Yekunda Azərbaycanda Argentinanın diplomatik nümayəndəliyinin təsis edilməsi ilə bağlı Prezidentin imzaladığı dekretin alqışlandığı bildirilir.

Xatırladaq ki, cari ilin fevralın 28-də Argentina Prezidenti Kristina Fernandes de Kirşner ölkəsinin Azərbaycanda səfirliyinin təsis edilməsinə dair fərman imzalamışdır. Bu ilin martın 2-də Azərbaycanda rəsmi səfərdə olmuş Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman fərmanın surətini Azərbaycan hökumətinə təqdim etmişdir.

 

 

Azərbaycan.- 2012.- 20 mart.- S. 11.