Rəcəb Tayyib Ərdoğan Barak Obama ilə Dağlıq Qarabağ probleminin həlli yollarını müzakirə etmişdir

 

 Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasının paytaxtı Seulda Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində ABŞ Prezidenti Barak Obama ilə keçirdiyi görüşdə Dağlıq Qarabağ probleminin həlli yollarını müzakirə etmişdir.

R.T.Ərdoğan jurnalistlərə bildirmişdir ki, ABŞ Prezidentinə ATƏT-in Minsk qrupunun artıq 20 ildir vasitəçilik missiyasını davam etdirdiyini və bugünədək heç bir konkret nəticə əldə olunmadığını söyləmişdir. Baş nazir demişdir: "Problemin həlli üçün Azərbaycan ilə birlikdə səylərin artırılması məsələsində Türkiyə də üzərinə düşəni edə bilər. Lakin ABŞ, Rusiya və Fransa da Ermənistana təsir etməlidirlər".

Türkiyənin Baş naziri ABŞ Prezidentinin diqqətinə onu da çatdırmışdır ki, qondarma "erməni soyqırımı" məsələsində tarixçilərin işinin parlamentlər və siyasi arenada görülməsi də düzgün deyildir.

B.Obama bu fikirlə razılaşmış və özünün də bundan narahat olduğunu dilə gətirmişdir.

Türkiyənin Baş naziri demişdir ki, mən aprel ayında bu məsələnin yenidən konqresin gündəliyinə salınmamasının zəruriliyini də söylədim.  

 

 

 Oqtay BAYRAMOV

 

Azərbaycan.- 2012.- 28 mart.- S. 1.