Britaniya parlamentinin Lordlar Palatasında İDEA beynəlxalq ətraf mühit kampaniyasının təqdimatı olmuşdur

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə çıxış etmişdir

 

 Martın 23-də Britaniya parlamentinin Lordlar Palatasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın İDEA beynəlxalq ətraf mühit kampaniyasını təqdim etməsinin şərəfinə Lordlar Palatasının üzvü Məhəmməd Şeyx tərəfindən rəsmi ziyafət təşkil olunmuşdur. 

AzərTAc xəbər verir ki, Britaniyanın "EcoMuslim" ekoloji qurumunun və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşkilatçılığı ilə İDEA kampaniyasının təqdimat mərasimi keçirilmişdir. Tədbiri Britaniyanın "EcoMuslim" ekoloji təşkilatının icraçı direktoru Ömər Faruk açaraq çıxış etmişdir.

Müasir Azərbaycanın inkişafının mühüm istiqamətlərini və son illərdə ölkədə həyata keçirilən ətraf mühit təşəbbüslərini diqqətə çatdıran Ömər Faruk İDEA kampaniyasının əsas fəaliyyət istiqamətləri və bu təşəbbüsün Cənubi Qafqaz ölkələri üçün aktuallığını vurğulamışdır.

Sonra lord Məhəmməd Şeyx çıxış etmiş, təqdimatın əhəmiyyətini vurğulamış,  son illərdə Azərbaycanın regionalqlobal siyasətdə rolunun artdığını və yerinin möhkəmləndiyini bildirmişdir. Ölkənin ən yeni tarixinə toxunan lord Məhəmməd Şeyx Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən geoiqtisadi, nəqliyyat və enerji layihələri haqqında geniş məlumat vermişdir. Sonra lord Azərbaycanın müasir inkişafı, ölkədə son illərdə reallaşdırılan iqtisadisiyasi təşəbbüslər barədə danışmışdır.

Ətraf mühitin qorunması ilə bağlı problemlərdən və Lordlar Palatasında dəstəklənən təşəbbüslərdən danışan Məhəmməd Şeyx İDEA kampaniyası çərçivəsində həyata keçirilən tədbirləri də qeyd etmişdir.

Daha sonra İDEA kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyeva çıxış etmişdir. Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən ətraf mühit layihələri haqqında ətraflı məlumat vermişdir. O, həmçinin kampaniya çərçivəsində planlaşdırılan yeni layihələr və Azərbaycan gənclərini "Rio+20" konfransına səfərbər etmək üçün BMT-nin İnkişaf Proqramı ilə birgə aparılan əməkdaşlıq barədə danışmışdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti İDEA-nın  orta məktəblərdəki könüllülərinin fəaliyyətinə də toxunaraq demişdir: "Biz inanırıq ki, ekoloji maarifləndirmə uşaqlıq illərindən izah və tədris edilməlidir. Təbiətə sevgionun mühafizəsinin əhəmiyyəti ibtidaiorta məktəblərin siniflərində mənimsənilməlidir. Gənclər ekoloji harmoniyanın önəmini anlamalı, təbiətin həyatı necə mühafizə etdiyini öyrənməli və öz gündəlik fəaliyyətlərinin ətraf mühit üzərindəki təsirini uşaq yaşlarından dərk etməlidirlər. Müəllimlər uşaqlara davamlı yaşam üçün önəmli olan bilik, bacarıq və dəyərləri bütün yaş çağlarında aşılaya bilmək imkanına malikdirlər. Mənim kampaniyamın da əsas fəaliyyət istiqaməti insanların ətraf mühitlə iç-içə yaşam üçün düzgün davranış və hərəkətlərini təmin etməkdə erkən təhsilin rolunu önə çəkməkdir".

Leyla xanım Əliyeva demişdir ki, Cənubi Qafqaz dünyanın biolojiaqro müxtəlifliklərlə zəngin regionlarından biridir. Bu regionda  subtropik meşələrə, Böyük Qafqazın  buzlaqqarla örtülmüş zirvələrinə, aran zonasında çöl və yarımsəhralara rast gəlmək mümkündür.

Cənubi Qafqazda demək olar ki, hər növ iqlim qurşağı mövcuddur. Məsələn, 11 iqlim qurşağından Azərbaycanda 9-na rast gəlmək mümkündür.

Qafqaz regionu iqlim dəyişikliyinin təsirlərinə çox həssasdır və bu da istənilən iqtisadi fəaliyyətin planlaşdırılması zamanı nəzərə alınmalıdır. İqlim dəyişikliyinin mənfi nəticələri kənd təsərrüfatından tutmuş turizmə qədər bütün sahələrə, xüsusilə də su sektoruna öz təsirini göstərə bilər.

Sovet İttifaqının süqutundan sonra Cənubi Qafqazda kəskin ekoloji, səhiyyə və iqtisadi təhlükələr yarada biləcək bir sıra ətraf mühit problemləri üzə çıxmışdır. Qeyri-qanuni ovçuluq, otlaq sahələrinin və meşələrin məhvi və nəzarətsiz urbanizasiya nəticəsində regionun bioloji müxtəlifliyi təhlükə altında qalmışdır. Regionun bütün dövlətləri Bioloji Müxtəliflik haqda Konvensiyanı və digər müvafiq beynəlxalq müqavilələri ratifikasiya etmiş, bununla da təbiətin qorunması üçün müəyyən öhdəliklər götürmüşlər.

Lakin regiondakı mövcud dondurulmuş və fəal münaqişələr ekosistemə çox mənfi təsir etmişdir. Azərbaycanın işğal olunmuş rayonlarında meşələrin qəsdən yandırılması vəhşi flora və faunanı təhlükə altında qoymuşdur. Qafqaz bəbiri kimi nadir heyvanlar tükənmə riski ilə üzləşmişdir.

Cənubi Qafqazın hər üç ölkəsində bir sıra ekoloji təhlükələr ciddi ekoloji tənəzzülün müşahidə olunduğu ərazilərdə öz əksini tapır. İnsanlara qarşı ekoloji təhlükələrin mənbələri təkcə meşə qırılmaları, təbii sərvətlərin düzgün istifadə edilməməsi, su çirklənməsi və təbii fəlakətlərdə deyil, həmçinin sənaye istehsalı, nüvə və radioaktiv tullantılarda da özünü büruzə verir.

Ermənistanın Metsamor şəhəri yaxınlığında Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə blokunun tikilməsi regionun ətraf mühit təhlükəsizliyinə zərbədir.  Azərbaycan Cənubi Qafqaz regionu ölkələri arasında UNECE-nin (BMT-nin Avropa üzrə İqtisadi Komissiyası) Su Konvensiyasını ratifikasiya etmiş yeganə dövlətdir. Transsərhəd su ehtiyatları ilə bağlı problemlərin həllində əməkdaşlıq istəyinin olmaması yeraltı və yerüstü sərvətlərin çirklənməsinə, çay sularının azalmasına və su çatışmazlığına səbəb olmuşdur.

Regionun üzləşdiyi bütün bu ekoloji təhlükələrin fonunda, cəmiyyətin gənc üzvləri arasında əməkdaşlıq ətraf mühitin qorunmasının mühüm elementinə çevrilir. Bu təhlükələr bir daha sübut edir ki, ətraf mühit çağırışları beynəlxalq ekoloji idarəetmənin daha da möhkəmləndirilməsi yolu ilə həll edilməlidir.

Ölkəmiz barədə geniş məlumat verən Leyla xanım Əliyeva Azərbaycanın tarixinə də nəzər salaraq demişdir: "Mən Şərqdə ilk parlamentli demokratiya qurmuş, 1918-ci ildə qadınlara kişilərlə bərabər siyasi hüquqlar verən və  qabaqcıl Qərb dəyərlərini mənimsəmiş ilk müsəlman ölkəsində doğulmaqdan çox qürur duyuram. Azərbaycan Şərq dünyasında ilk operanın, ilk musiqili komediyanın, ilk Qərb üslublu teatrın və ilk baletin vətənidir. Burada həm də müsəlman dünyasında ilk dəfə olaraq qadınlar üçün orta məktəb tikilmişdir. Mənim vətənim "ilklər" diyarıdır və hər zaman dözümlülüyü, dini və mədəni müxtəlifliyi, adət-ənənələri ilə tanınmışdır. Azərbaycan kəsişmələr məkanıdır: AvropaAsiya, Şərq və Qərb".

Rəsmi ziyafətin sonunda Leyla Əliyeva Azərbaycan nümayəndə heyəti adından lord Məhəmməd Şeyxə ölkəmizi təcəssüm etdirən xatirə hədiyyələri təqdim etmişdir.

Tədbirdə Britaniya parlamentinin üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusların nümayəndələri, müxtəlif ekoloji təşkilatların təmsilçiləri, eləcə də Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov,  Dövlət Neft Şirkətinin ekoloji məsələlər üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə də iştirak etmişlər.

 

 

Azərbaycan.- 2012.- 28 mart.- S. 2.