TürkPA-nın fəaliyyəti, beynəlxalq əməkdaşlığı və həyata keçirdiyi layihələr geniş müzakirə olunmuşdur

 

 MDB Parlament Asambleyası Şurasının 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Almatıda səfərdə olan Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov martın 26-da TürkPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin rəhbəri Nurlan Niqmatulin ilə görüşmüşdür.

R.Həsənov TürkPA-nın, eləcə də daimi komissiyaların fəaliyyəti, beynəlxalq əməkdaşlığı, həyata keçirilən layihələr barədə sədrə ətraflı məlumat vermişdir.

TürkPA-nın Bişkekdə keçirilməsi nəzərdə tutulan III plenar sessiyasına hazırlıq prosesi də diqqət mərkəzində olmuşdur.

Nurlan Niqmatulin TürkPA-nın fəaliyyətinə xüsusi önəm verildiyini, təşkilatın türkdilli dövlətlər arasında müxtəlif sahələrdə körpü rolunu oynadığını bildirmiş, katibliyin fəaliyyətini yüksək qiymətləndirmişdir. O, TürkPA-nın işinin gücləndirilməsi, beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində katibliyin fəaliyyətinə Qazaxıstan Parlamenti tərəfindən hərtərəfli dəstəyin davam etdiriləcəyini vurğulamışdır.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 28 mart.- S. 3.