Pakistanın nüfuzlu Balochistan Today jurnalında Xocalı - soyqırımı salnaməsi, XX əsrin faciəsi sərlövhəli məqalə çap olunmuşdur

 

 Pakistanın nüfuzlu "Balochistan Today" jurnalında "Xocalı-soyqırımı salnaməsi, XX əsrin faciəsi" sərlövhəli məqalə dərc olunmuşdur.

Ölkəmizin Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, jurnalın baş redaktoru Yar Məhəmməd Badininin müəllifi olduğu məqalədə 1992-ci il fevralın 26-da Xocalı şəhərində erməni faşistləri  tərəfindən törədilmiş hadisənin Azərbaycan tarixinin ən qanlı və faciəli səhifəsi olduğu vurğulanmışdır. Yazıda uzun müddət mühasirədə saxlanılmış Xocalıda keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə ermənilərin azərbaycanlı uşaqlara, qadınlara, yaşlı insanlara qarşı törətdikləri vəhşiliklər barədə ətraflı məlumat verilmişdir. Müəllif oxuculara müstəqil ABŞ jurnalisti Tomas Qoltsun Xocalı faciəsindən bəhs edən kitabını oxumağı tövsiyə etmişdir.

Ümummilli lider Heydər Əliyevin Xocalı faciəsi ilə bağlı dediyi fikirlərin də yer aldığı məqalədə müəllif erməni şovinistlərinin Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin 200 ildən çoxdur ki, davam etdiyini, 1948-1953-cü illərdə 150 min, 1988-ci ildə isə 250 min azərbaycanlının Ermənistandan deportasiya olunduğunu yazır. Jurnalist bütün bunların "dənizdən-dənizə Ermənistan" xülyasını həyata keçirmək məqsədi ilə edildiyini,  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də bu planın tərkib hissəsi olduğunu vurğulamışdır.

Məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ ilə yanaşı, respublikamızın daha yeddi rayonunun zəbt edildiyi qeyd olunmuşdur. Vurğulanmışdır ki, bu işğal nəticəsində 1 milyon azərbaycanlı öz doğma yurd-yuvalarından didərgin düşmüş, 30 min insan isə qətlə yetirilmişdir.

Baş redaktor məqaləsində yazır ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmişdir. Seyran Ohanyan, Serj Sarkisyan, Robert Koçaryan kimiləri beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır. Bütün dünya parlamentləri, beynəlxalq təşkilatlar, mütərəqqi qüvvələr militarist Ermənistanın Azərbaycana qarşı törətdiyi bu soyqırımı qəti şəkildə ittiham etməlidirlər. Bəşəriyyətə qarşı törədilmiş bu vəhşilikdə məsuliyyət daşıyanlar öz cəzalarını almalıdırlar ki, bu cür cinayətlər bir də təkrarlanmasın.

Yazıda Xocalı soyqırımını əks etdirən fotolar da yer almışdır.

Jurnalda tədqiqatçı-alim, xanım Sarvat Raufun da "Xocalı soyqırımı yad edilir" sərlövhəli  məqaləsi də dərc edilmişdir. S.Rauf yazısında soyqırımı sözünü beynəlxalq qanun çərçivəsində təhlil etmiş və 1992-ci il fevralın 26-da Xocalıda baş verən faciənin təfərrüatlarından ətraflı məlumat vermişdir. Erməni faşistləri tərəfindən törədilmiş cinayətin məqamlarını təhlil edən alim Xocalıda dinc əhaliyə qarşı həyata keçirilmiş ağlasığmaz qəddarlıqların soyqırımı anlayışına tam uyğun olduğunu vurğulamışdır. Məqalədə  müəllif "Human Rights Watch" təşkilatının Xocalı soyqırımını dünyada indiyədək törədilmiş ən böyük faciə adlandırılması faktını da diqqətə çatdırmışdır. S.Rauf beynəlxalq təşkilatları "Xocalıya ədalət" kampaniyasına dəstək verməyə çağırmışdır.

 

 

Azərbaycan.- 2012.- 28 mart.- S. 3.