Türkiyənin nüfuzlu “Zaman” qəzetində professor Əli
Həsənovun “Xəzər - Qara dəniz hövzəsində enerji siyasətləri” məqaləsi
dərc olunmuşdur
Türkiyənin nüfuzlu "Zaman" qəzetində professor Əli Həsənovun "Xəzər - Qara dəniz hövzəsində enerji siyasətləri" sərlövhəli analitik məqaləsi dərc olunmuşdur.
Məqalədə keçmiş Sovet İttifaqının süqutundan sonra Orta Asiya və Xəzər hövzəsindəki zəngin enerji qaynaqlarının dünya bazarlarına açılması, beynəlxalq şirkətlərin bölgəyə marağının artması fonunda yeni geosiyasi və geoiqtisadi şəraitin formalaşması prosesi geniş şəkildə əsaslandırılmışdır.
Müəllif qeyd edir ki, müstəqilliyinə qovuşan Azərbaycan öz enerji siyasəti və iqtisadi maraqları istiqamətində seçdiyi beynəlxalq ortaqlar - Türkiyə və Qərb ölkələri ilə Xəzərin ona aid olan hissəsində neft və qaz yataqlarının işlənilməsi, hasil olunan enerji məhsullarının ixracı məsələsində öz iradəsini nümayiş etdirmişdir. Azərbaycanın bu səyləri yeni şəraitdə bütün Avrasiya bölgəsində və dünyada enerji siyasəti üzərində qurulmuş və ciddi rəqabətə yol açan, əsas və yardımçı dövlətlərin bir aktyor kimi meydana çıxdıqları yeni geosiyasi münasibətlərə təkan vermişdir.
Beynəlxalq analitiklərin irəli sürdükləri Orta Asiya, Xəzər hövzəsi və Cənubi Qafqazda transmilli enerji marşrutları və boru xətləri ilə bağlı məsələsində aparılan siyasətlərin bəzi təməl xarakterik xüsusiyyətlərinin və geosiyasi nüanslarının da diqqətə çatdırıldığı məqalədə qeyd olunur ki, bu xüsusiyyətlər zəngin neft və qaz yataqlarının işlənilməsi, hasil olunmuş məhsulun dünya bazarlarına çatdırılması üçün marşrutların müəyyən olunması, neft-qaz məhsullarının qiymətləri, ixracatın həyata keçirilməsi üçün Şərq-Qərb dəhlizi və boru kəmərlərinin reallaşması və digər məsələlərdən ibarətdir.
Məqalədə vurğulanır ki, Xəzər hövzəsinin zəngin neft və qaz ehtiyatlarına sahib olması qlobal dünyamızda bu bölgənin geosiyasi və iqtisadi əhəmiyyətini artırmaqda, planetimizin enerji təhlükəsizliyinin və strateji yanacaq ehtiyacının təminatında ən mühüm mənbələrdən birinə çevrilməkdədir.
Professor Əli Həsənovun
məqaləsinin tam mətnini
http://www.zaman.com.tr/haber.do?haberno=1264062&title=yorum-ali-hasanov-hazarkaradeniz-havzasinda-enerji-politikalari&haberSayfa=1
internet saytından oxumaq
olar.
Oqtay BAYRAMOV
Azərbaycan.- 2012.- 28 mart.- S.
3.