Stokholm şəhər kitabxanalarına AzərTAc-ın təşəbbüsü ilə Azərbaycan haqqında kitablar təqdim edilmişdir

 

 Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-ın təşəbbüsü və təşkilatçılığı ilə Stokholm şəhər kitabxanalarına Azərbaycan tarixi, mədəniyyəti və incəsənəti barədə ingilis dilində kitablar təqdim olunmuşdur. Hədiyyələr arasında "Azerbaijan-Heydar Aliyev Foundation", "Azerbaijan carpets-Masterpieces of Garabagh", "Azerbaijan-The land of Tolerance", "Azerbaijan: 100 Questions Answered" və başqa kitablar, instrumental, xalq musiqisi və muğamlardan ibarət CD-lər də vardır.

Stokholm şəhər kitabxanasının regional şefi  Elizabet Aldstedt hədiyyələrə görə AzərTAc-a təşəkkürünü bildirərək demişdir: "Çox gözəl kitablardır. Yeni kitablar lap yerinə düşdü, çünki Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində qalib gəlməsi daimi oxucularımızın ölkənizə marağını daha da artırmışdır".

Elizabet Aldstedt bu ilin aprelində Bakıya gəlmək niyyətindədir. Onun sözlərinə görə, kitablar son illər beynəlxalq aləmdə xeyli fəallaşan Azərbaycanı daha yaxşı tanımağa imkan verəcəkdir.

E.Aldstedt demişdir: "Biz hədiyyələri yeni kitablar rəfində yerləşdirəcəyik. Bizi Azərbaycan haqqında kitablarla yanaşı, Azərbaycan yazıçılarının əsərləri də maraqlandırır". Xanım Aldstedtin fikrincə, balaca azərbaycanlı oxucuları da unutmaq olmaz. Ana dilində nağıllar kitabları onlar üçün faydalı olardı.

Azərbaycan haqqında kitablar Ekeryo kitabxanasına da təqdim edilmişdir. Kitabxananın müdiri Osa Hyoberi hədiyyələrə görə təşəkkürünü bildirərək demişdir: "Bu, Azərbaycan haqqında ilk kitablardır və onlar kitabxanamızın rəflərinə düzüləcəkdir".

O.Hyoberi kitabxanada Azərbaycan gecəsinin təşkil edilməsi, Azərbaycan haqqında geniş məlumat verilməsi, videoçarxların nümayiş etdirilməsi təklifini irəli sürmüşdür. O demişdir: "Azərbaycan Şərq ilə Qərb arasında körpüdür. Biz oxucularımızın sizin zəngin mədəniyyətiniz, xalq musiqiləriniz, avropalılar üçün ecazkar muğamınızla tanış olmasını istəyirik".

 

 

Azərbaycan.- 2012.- 28 mart.- S. 3.