Kanadada nəşr edilən Calgary Herald qəzetində Azərbaycanın bu ölkədəki səfirinin Vəhşilik bütün dünyada ifşa olunmalıdır başlıqlı məqaləsi işıq üzü görmüşdür

 

 Kanadada nəşr edilən "Calgary Herald" qəzetinin 25 mart tarixli nömrəsində Azərbaycan Respublikasının bu ölkədəki səfiri Fərid Şəfiyevin "Vəhşilik bütün dünyada ifşa olunmalıdır" ("Atrocities should be condemned world wide") başlıqlı məqaləsi dərc edilmişdir.

Azərbaycanın Kanadadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, bu məqalə Xocalı ilə bağlı həqiqətləri inkar edən Ermənistanın bu ölkədəki səfiri Armen Yeganyanın "Təhrikedici ritorika sülhlə nəticələnməyəcək" sərlövhəli yazısına cavab olaraq dərc edilmişdir.

Qeyd olunmalıdır ki, Kanadanın Kalqari şəhərinin meri Nahed Nenşi (Naheed Nenshi) Xocalı faciəsinin ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktı kimi tanınması ilə bağlı bəyanatla çıxış etmişdir.

Münaqişənin Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionuna qarşı ərazi iddiası nəticəsində başladığını və təqribən 30 min insanın həyatına son qoyduğunu bildirən səfir F.Şəfiyev BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünün tanındığını və həmin sənədlərdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxarılmasının tələb olunduğunu oxucuların diqqətinə çatdırmışdır.

Azərbaycanlıların ermənilər tərəfindən etnik təmizlənməyə məruz qaldığı və Ermənistan silahlı qüvvələrinin  törətdikləri Xocalı soyqırımının buna bir misal olması məqalədə xüsusilə vurğulanmışdır. Məqalədə Xocalıda baş verənlərin bir sıra beynəlxalq təşkilatlar və jurnalistlər tərəfindən qeydə alındığı və burada soyqırımını ermənilərin törətdiyinin sübut olunduğu göstərilmişdir.

Məqalə ilə aşağıdakı internet ünvanda tanış olmaq olar: http://www.calgaryherald.com/news/Atrocities+should+condemned+world+wide/6355939/story.html

 

 

Azərbaycan.- 2012.- 28 mart.- S. 3.