Bakıda Azərbaycan
ilə Yunanıstan arasında diplomatik əlaqələrin
qurulmasının 20 illiyinə həsr olunmuş konfrans
keçirilmişdir
Martın 27-də Bakıda Azərbaycan ilə Yunanıstan arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş konfrans keçirilmişdir.
Konfransı açan Yunanıstanın Azərbaycandakı səfiri İoannis Metaksas ölkələrimiz arasında əlaqələrdən danışmışdır. Diplomat vurğulamışdır ki, son 20 ildə Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafında mühüm irəliləyiş əldə olunmuşdur. Ötən illər ərzində Azərbaycan ilə Yunanıstan arasında 17 hökumətlərarası saziş və memorandum imzalanmışdır. Hazırda 10 sazişin layihəsi müzakirə olunur.
Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edən İ.Metaksas humanitar sahədə də əməkdaşlığın inkişaf etdiyini bildirmişdir. Diplomat demişdir ki, Afina Milli və Kapodistr Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əsası qoyulmuş əməkdaşlıq çərçivəsində Bakıda qədim yunan sivilizasiyasının tarixi və dili üzrə yeni kurs açılacaqdır. Bu kurs tələbələrə Avropanın tarixi və mədəniyyəti ilə tanış olmaq imkanı yaradacaqdır.
Səfir vurğulamışdır ki, Azərbaycan və Yunanıstan prezidentlərinin qarşılıqlı səfərləri ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafına töhfə verir. Bu səfərlər zamanı imzalanmış çoxsaylı sənədlər qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi üçün hüquqi baza yaradır.
Parlamentlərarası əlaqələrin vacibliyini qeyd edən İ.Metaksas hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyətlərini, deputatların qarşılıqlı səfərlərini yüksək qiymətləndirmişdir.
Yunanıstanda davam edən iqtisadi böhrana toxunan diplomat bunun ölkələrimiz arasında ikitərəfli əməkdaşlığa təsir göstərmədiyini qeyd etmişdir. İ.Metaksas Yunanıstanın Azərbaycandakı səfirliyinə iş adamlarının xeyli sorğu göndərdiklərini və onların ölkəsi ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırmışdır.
Konfransda iştirak edən Azərbaycan Milli Məclisinin Sədr müavini Valeh Ələsgərov da 20 il ərzində ölkələrimiz arasında münasibətlərin intensiv inkişaf etdiyini vurğulamışdır.
Azərbaycanın Avropada oynadığı mühüm rolundan danışan V.Ələsgərov bildirmişdir ki, respublikamız enerji ehtiyatlarının mənbəyi və tranzit ölkə olaraq, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib yer tutur. Yunanıstan da Azərbaycan kimi tranzit ölkədir. Azərbaycanın Avropa bazarlarına çıxarılan karbohidrogen ehtiyatları Yunanıstanın ərazisindən keçir.
V.Ələsgərov ölkələrimiz arasında parlamentlərarası əlaqələrin də uğurla inkişaf etdiyini vurğulamışdır.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan ilə Yunanıstan arasında münasibətlərin siyasi, iqtisadi və humanitar sahələrdə inkişaf etdiyini bildirmişdir.
Azərbaycan-Yunanıstan münasibətlərinə mühüm təsir göstərən amillərdən birinin də rəsmi Afinanın ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsi olduğunu qeyd edən deputat demişdir: "Biz Avropa Şurası, Avropa Parlamenti, ATƏT və digər beynəlxalq təşkilatlarda bir istiqamətdə çalışırıq, eyni dəyərləri müdafiə edirik. Hazırda Azərbaycan-Yunanıstan əlaqələri Azərbaycan-Avropa münasibətləri çərçivəsində xüsusi əhəmiyyətə malikdir".
AzərTAc
Azərbaycan.- 2012.- 28 mart.- S. 4.