Azərbaycan-Rusiya ticarət əlaqələri inkişafdadır

 

 Siyasi xarakterinə görə ən müxtəlif mərhələləri geridə qoyan Azərbaycan-Rusiya münasibətləri iki onillikdən artıqdır ki, beynəlxalq hüququn iki müstəqil subyekti səviyyəsində davam edir. Heç şübhəsiz, coğrafi yaxınlıq, tarixən formalaşmış mədəni-mənəvi dəyər və ənənələr, birgə keçdiyimiz yolun ağır sınaq və imtahanları bu qonşuluq münasibətlərinə xoş ovqat, rəvan ahəng qatan, hər şeyə rəğmən, soyumağa qoymayan kifayət qədər ciddi sayıla biləcək amillər cərgəsindədir.

İki ölkə arasındakı iqtisadi-ticari əlaqələrin ötən ilki yekunları, vəziyyəti və perspektivləri barədə Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyinin başçısı cənab Yuri Şedrinə bir neçə sualla müraciət etdik:

- Yuri Yevgenyeviç, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın bugünkü vəziyyətini necə səciyyələndirərdiniz?

- Həmişə yüksək səviyyəsi ilə fərqlənən, dostluq, mehriban qonşuluqstrateji tərəfdaşlığa söykənən Rusiya-Azərbaycan ticarət-iqtisadi əlaqələrini dinamik inkişaf edən və pozitiv perspektivlərə malik münasibətlər kimi xarakterizə etmək mümkündür. Belə bir optimizmi səbəbləndirən faktlar sırasında 2011-ci ilin yekunlarına görə qarşılıqlı mal dövriyyəsinin 3 milyard dollarlıq səviyyəni keçməsini göstərmək mümkündür. Bu rəqəm postsovet dövrü ikitərəfli əlaqələr tarixində ən yüksək göstəricidir. Beləliklə, hər iki ölkənin dövlət başçılarının qarşıya qoyduqları vəzifə artıqlamasilə yerinə yetirilmişdir. Qeyd etmək yerinə düşərdi ki, biz azərbaycanlı tərəfdaşlarımızla 2009-2010-cu illərin qlobal maliyyə böhranının fəsadlarından itkisiz qurtula bildik ki, bu da aramızda təşəkkül tapmış ənənəvi işgüzar əlaqələrin sabitliyini və müəyyənliyini nümayiş etdirir. Yüksək göstəricisi ilə fərqlənən 2008-ci illə müqayisədə ötən il qarşılıqlı ticarətin həcmi 28,1 faiz artmış, Rusiyanın Azərbaycana ixrac-idxal "zənbili" müvafiq olaraq 25,8 və 39 faiz artmışdır.

Rusiya Azərbaycana mal ixrac edən ölkələr arasında lider mövqelərini qoruyub saxlamaqdadır. Xam nefti çıxmaq şərti ilə həm də Azərbaycan məhsullarının əsas idxalçısıdır.

- İki ölkənin idxal və ixracının əsasını hansı məhsullar təşkil edir?

- Bəri başdan belə bir mühüm məqamı qeyd etmək istərdim ki, Rusiya ilə Azərbaycan enerji ehtiyatları bazarına neftqaz ixracına meyilli ölkələr olmalarına baxmayaraq, qarşılıqlı əmtəə dövriyyəsində həmin məqam demək olar ki, yoxdur. Yəni, dünya enerji bazarının konyunkturundan asılı deyilik. Qarşılıqlı ticarəti onun şaxəliliyi fərqləndirir. Mal dövriyyəsinin əhəmiyyətli qismini əlavə dəyər vergisinin tətbiq edildiyi qeyri-xammal, o cümlədən maşınqayırma sənayesi məhsulları təşkil edir. Ötən ilin statistik məlumatlarına istinad etsək, ümumi ixracın payında maşınqayırma, avtomobil, kimya sənayesi məhsulları, metal, taxta, tikinti materialları, ərzaq malları üstünlük təşkil etmişdir. Azərbaycanın idxal "çanta"sında nəqliyyat vasitələri, daxiliyanma mühərriklərinin detalları, dərman preparatları, kağız, şüşə, buğda və digər məhsul və materiallar da yer alıb.

Öz növbəsində, Azərbaycan da 2011-ci ildə Rusiyaya əmtəə ixracını artırmışdır. Rusiyada ölkənizdə becərilən ekoloji təmiz meyvə və tərəvəzə ehtiyac artdığından ixracın əhəmiyyətli hissəsini ərzaq və kənd təsərrüfatı məhsulları təşkil edir.

ARDNŞ-lə "Qazprom" ASC arasındakı danışıqlara əsasən, ölkəmizə Azərbaycan qazının idxalında artıma doğru dinamika müşahidə edilməkdədir və düşünürük ki, qət edilən göstərici 3 mlrd.kub metr ola bilər.

Bildiyiniz kimi, ixracı stimullaşdıran amillər arasında ehtiyac, tələbat, coğrafi yaxınlıq, qiymət, tərəfdaşlığın formalaşmış ənənələri ilə yanaşı, həmin ölkədəki makroiqtisadi mühit, iqtisadi inkişafın və elmi-texniki tərəqqinin səviyyəsi, liberal islahatların həyata keçirilmə vəziyyəti, sahə üzrə fəaliyyəti tənzimləyən normativ-hüquqi baza və ən başlıcası, qarşılıqlı faydalı əməkdaşlığa meyilxoş məram da mühüm yer tutur. Bu mənada, Azərbaycan çox əlverişli və məqbul partnyordur. Əlalxüsus, son illər artan iqtisadi potensialı, investisiya imkanları bu ölkəni tərəfdaşlıq üçün daha da çəlbedici edir.

- İkitərəfli əməkdaşlığın yeni hüdudları müəyyənləşdirilibmi? Yeni birgə layihələr nəzərdə tutulubmu? Qarşılıqlı investisiyaların mövcud durumu və əməkdaşlığın coğrafiyası barədə nə deyə bilərsiniz?

- Bir qədər konkret olmağa çalışacağam. Öncə belə bir müstəsna məqama toxunum ki, Azərbaycan artıq sərmayədar axtaran ölkədən özü sərmayə qoyan ölkəyə çevrilmişdir. Gürcüstanda, Türkiyədə, Avropada iri maliyyə tutumlu investisiyalar Azərbaycanın tərəfdaş kimi beynəlxalq imicinə işləyən faktlardır. Etiraf edim ki, qarşılıqlı investisiyaların bugünkü səviyyəsi şəxsən məni qane etmir: nə ölkələrimizin mövcud potensialına, nə də maliyyə-iqtisadi imkanlarına uyğun gəlir. Ancaq hər halda, gedirbu işləri gələcək böyük əməkdaşlıq layihələrinin "elçisi" saymaq olar.

Tranzitlə Rusiya, Azərbaycan və İran ərazilərindən keçməklə Hind okeanı hövzəsi ilə Avropanı birləşdirəcək yeni dəmir yolu xəttinin çəkilişi ilə bağlı razılaşmalar hələ də aktual olaraq qalır. Azərbaycanlı adamları iki il sonra Soçidə keçiriləcək Qış Olimpiya oyunları çərçivəsində həyata keçirilən iri layihələrdə fəal iştirak edirlər.

Ötən il Azərbaycanda Tatarıstan Respublikasının, Həştərxan vilayətinin hökumət və işgüzar dairələrinin nümayəndələri, Rusiyanın hökumət başçısının müaviniRusiya Prezidentinin ŞQFD-dəki səlahiyyətli nümayəndəsi A.Q.Xloponinin başçılığı ilə Şimali Qafqaz Federal Dairəsinin bütün subyektlərinin nümayəndələrinin iştirakı ilə biznes-forumlar təşkil edildi, adı çəkilən subyektlərin iqtisadiinvestisiya potensialının təqdimatı keçirildi. Səfərlərin nəticəsi kimi Azərbaycanla Həştərxan vilayəti, Dağıstan, İnquşetiya, Qaraçay-Çərkəs, Şimali Osetiya-Alaniya ilə ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq sahəsində hökumətlərarası razılaşmalar imzalandı, Sumqayıt və Nevinnomısk şəhərlərinin qardaşlaşması barədə razılaşma əldə olundu.

Kazan şəhərinə və ŞQFD-nin subyektlərinə Azərbaycanın iqtisadi inkişaf naziri Ş.Mustafayevin başçılıq etdiyi nümayəndə heyətinin cavab səfərlərində Rusiyanın bu regionlarında həyata keçirilməsi nəzərdə tutulmuş investisiya layihələri üzrə əldə edilmiş razılaşmalar bir daha möhkəmləndirildi. Həştərxan vilayəti ilə əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyev  Həştərxan şəhərinin Fəxri vətəndaşı adına layiq görüldü.

Adı gedən səfərlər zamanı azərbaycanlı sərmayədarları buğda və meyvə-tərəvəz məhsullarının yetişdirilməsi və emalı, ağac emalı və turizm sahəsində təkliflər daha çox maraqlandırdı. Ötən il Krasnodar diyarının Beloreçensk rayonunda "Azərsun holdinq"in vəsaiti hesabına çayçəkici fabriki tikilərək istismara verilmişdir. Meyvə-tərəvəz konserv zavodunun tikintisi başa çatmaq üzrədir. Yenə də bu diyarın Otradnı rayonunda "Mətanət-A" şirkəti yaxın zamanlarda quru tikinti qatqıları zavodunun tikintisinə başlayacaqdır.

Yüksək texnologiyalar, elm tutumlu sahələr üzrə də əməkdaşlıq imkanları dəyərləndirilməkdədir, bu istiqamətdə konkret işlər gedir. Aprel ayında ticarət nümayəndəliyinin təşkilatçılığı və iştirakı ilə Rusiyanın "Peredovıe texnoloqii svyazi" MMC ilə "Bakı telefon şəbəkəsi" İB rəhbərliyinin görüşü keçirilmişdir və hazırda 100 faizlik Rusiya kapitalı ilə törəmə müəssisənin qeydiyyatdan keçirilməsi ilə bağlı məsələ həll edilməkdədir. Bu qəbildən daha bir işgüzar və müəyyən əməkdaşlıq niyyətləri vəd edən görüş Rusiyanın "Tretiy Rim" investisiya təşkilatı ilə "Avesta" konserni arasında keçirilmişdir.

Biz əməkdaşlığın istənilən səviyyəsində maraqlıyıq və birbaşa təmasları da çox rasional və məqbul üslubu hesab edirik. Məsələn, 2011-ci ilin noyabr ayında Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri V.Doroxin Samux rayonunda bölgənin adamları ilə görüşmüş, "NAA" şirkətinin meyvə-tərəvəz saxlanması və emalı kompleksinin, eləcə də "AzRus - Dostluq" birgə Azərbaycan-Rusiya müəssisəsinin - iri istilik təsərrüfatının fəaliyyəti timsalında rusiyalı tərəfdaşlarla əməkdaşlığın perspektivləri barədə faydalı fikir mübadiləsi aparmışdır.

Ondan bir ay öncə Bakıda "Xəzər-Lada" ASC-nin yeni diler mərkəzinin açılışında iştirak etmişik.

İl ərzində "Qraz" və "Sibirskaya orqanika" MMC-lərin, "Moskovskie partnerı" İK, "Çermetinvest" və "Donskoy tabak" ASC-nin nümayəndələrinin azərbaycanlı tərəfdaşlarla işgüzar görüşləri də təşkil edilmişdir.

Bütövlükdə, Rusiya Federasiyasının 71 subyekti Azərbaycanın yüzlərlə təsərrüfat strukturu ilə xarici iqtisadi əlaqələrdə iştirak edir.

- Sirr deyil ki, bəzən genişmiqyaslı biznes fəaliyyətini həyata keçirməyə iştirakçı ölkələrin qanunvericiliyindəki bəzi boşluqlar, lüzumsuz bürokratiya, konkret istiqamətlər üzrə fəaliyyəti tənzimləyən normativ sənədlərin olmaması əngəl törədir. Bu sahədə vəziyyət necədir və son olaraq əməkdaşlığın diversifikasiyası barədə nə deyə bilərsiniz?

- Liberal iqtisadiyyatdan, diversifikasiyadan, investisiya mühitindən və sərmayələrin ölkələr arasında oynadığı böyük iqtisadi-siyasi roldan danışarkən mütləq ortaya kapital qoyuluşlarının müdafiəsi və təminatı ilə bağlı sırf hüquqi prosedurlar çıxır. Razılaşaq ki, dünyanın heç bir yerində heç bir sahibkar öz kapitalını heç vəchlə riskli, münasibətlərin hüquqi tənzimlənməsi sferasında xaosnihilizmin hökm sürdüyü məkana yatırmaz. Hökumətlərarası komissiyalar səviyyəsində bu sahədə müntəzəm və məhsuldar getsə də, qarşılıqlı şəkildə razılaşdırılıb qəbul olunmasını gözləyən müəyyən normativ-hüquqi sənədlər var. Azərbaycanın gömrükvergi orqanlarında "bir pəncərə" sisteminin tətbiq edilməsi sahibkarlar tərəfindən təqdir olunur. Çünki nəticə etibarilə qarşılıqlı investisiyaların da, ixrac-idxal əməliyyatlarının da, maraqetibar faktorunun da kökündə məhz sahibkara, adamına ölkəsinin müvafiq aidiyyəti qurumları tərəfindən yaradılmış şəraitin keyfiyyəti durur.

Ötən ilin mart ayında Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın sahələr və regional formatda ikitərəfli ticarət-iqtisadi əlaqələrin vəziyyətinə və inkişaf perspektivlərinə həsr olunmuş geniş 13-cü iclası keçirildi. bu iclasda da hüquqi-müqavilə bazasının təkmilləşdirilməsi məsələləri xüsusi müzakirə predmeti oldu. İl ərzində milli energetika sistemlərinin paralel işinin təmin edilməsi, Azərbaycan neftinin Rusiya ərazisindən tranziti, kapital qoyuluşlarının qarşılıqlı müdafiəsi və təqdir edilməsi, əmək miqrasiyası, Ümumittifaq Sərgi Mərkəzində Azərbaycana uzunmüddətli icarəyə pavilyonun verilməsi, Samur çayı üzərindəki sərhəd körpüsünün yenidən qurulması və digər ikitərəfli sənədlər müzakirə olunmuşdur. Hazırda 2015-ci ilədək uzunmüddətli iqtisadi əməkdaşlıq proqramının layihəsi razılaşdırılmaq mərhələsindədir.

Perspektivlərə gəldikdə isə biz ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivlərini optimist qiymətləndiririk. Artıq təşəkkül tapmış ənənəvi əlaqələrin möhkəmlənməsi ilə yanaşı, ticarət nümayəndəliyi əməkdaşlığın yeni istiqamətlərini axtarmaqda maraqlıdır. Hər şeydən öncə, İKT, kosmonavtika, bərpa olunan enerji mənbələrindən istifadə, nanotexnologiya kimi yüksək texnologiyalı innovasiya sahələrinə vurğu edirik. Gələcəkdə də regional əlaqələrin coğrafiyasını genişləndirəcək, onların səmərəliliyini artırmağa çalışacağıq. İnvestisiya əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə qaldırmağa çalışacağıq. Belə ki, onun indiki vəziyyəti, bayaq da qeyd etdiyim kimi, milli iqtisadiyyatların potensial imkanlarına uyğun gəlmədiyi üçün tərəfləri qane edə bilməz. Hesab edirəm ki, bu prosesə yaxın vaxtlarda Rusiyada yaranmış yeni struktur - eksport kredit və investisiyaların sığortalanması üzrə agentlik, habelə Azərbaycan Prezidenti İlham Əliyevin investisiya eksportunun genişləndirilməsi ilə bağlı tövsiyələri təkan verəcəkdir.

Əgər desəm ki, ikitərəfli iqtisadi əməkdaşlığın müsbət və məhsuldar səviyyəsində ölkələrimiz arasındakı etimad, dostluq və şəffaf münasibətlərin böyük payı vardır, nəsə yeni bir şey icad etmiş olmaram. Məhz həmin faktorlar Rusiya-Azərbaycan əməkdaşlığının uzunömürlüyünü, möhkəmliyini və perspektivlərini təmin edir.

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.- 2012.- 28 mart.- S. 4.