Ənənə ilə müasirliyin vəhdəti jurnalist peşəkarlığının əsasıdır

 

"Azərbaycan" qəzetinin və Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin birgə keçirdikləri "Azərbaycan mətbuatı: ənənə və müasirlik" mövzusunda "dəyirmi masa" Novruz bayramı ərəfəsinə təsadüf etmişdi. Qəzetin redaksiyasına vaxtilə müxtəlif mətbuat orqanlarında çalışmış, bir çoxunun qələmi  hələ də fəaliyyətdə olan jurnalistlər toplaşmışdılar. Əslində, bu tədbiri "köhnə dostların görüşü" də adlandırmaq olardı. Çünki "dəyirmi masa" arxasında Azərbaycan jurnalistikasının bugünkü nailiyyətləri və problemləri barədə hər cür rəsmiyyətdən uzaq olan səmimi söhbət gedirdi. İştirakçıların hər biri özünün uzun illər boyu topladığı təcrübədən çıxış edərək toxunulan mövzuda canıyananlıqla, təəssübkeşliklə danışırdı.

Maraqlı və təqdirəlayiq haldır ki, çıxışlar bir-birini təkrarlamır, müxtəlif mövzulara toxunulurdu. Daha doğrusu, çıxış edənlərin hər biri jurnalistikanın hansı sahəsində çalışmışdısa, hansı mövzularda qələm çalmışdısa, məhz ondan danışırdı. Diqqəti çəkən fikirlər söylənilir, faydalı təkliflər irəli sürülürdü.

Görüşdə gənc qələm sahibləri də iştirak edirdi. Odur ki, tədbir başqa bir aspektdən də mühüm əhəmiyyət kəsb edirdi. Cavan jurnalistlərə yaşlı həmkarlarının təcrübəsini öyrənmək üçün əyani imkan yaranmışdı. Təsadüfi deyil ki, "dəyirmi masa"nın mövzusu da deyilənlərlə üst-üstə düşürdü. Əslində, "ənənə və müasirlik" barədə danışmaq, fikir mübadiləsi aparmaq çağdaş jurnalistikamızı inkişaf etdirmək  üçün çox vacibdir.

 

"Dəyirmi masa"nı giriş sözü ilə açan "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:

- Azərbaycan mətbuatının   çox qədim və zəngin ənənələri var. Bunlar Həsən bəy Zərdabidən başlayır. Zərdabidən sonra da həm qələm, həm fikir, həm mənəviyyat nəhənglərimiz olub. Onlar xalqımıza təmənnasız xidmət göstəriblər. Bəzən özləri yoxsul, imkansız olublar. Lakin Azərbaycan xalqına zəngin mənəviyyatları ilə yol göstəriblər. Onlar xalqın savadlanmasında, ziyalı nəsillərin yetişməsində, millətin yeni qələm sahiblərinin formalaşmasında çox böyük rol oynayıblar. Bu ənənə daim nəsildən-nəslə verilib, ötürülüb. Sovet dövründə də qədim ənənə pozulmadı, yaşadı. Bütün qəliblərə, bütün çərçivələrə baxmayaraq, Həsən bəy Zərdabi məktəbi, Mirzə Cəlil məktəbi, onların xalqımızın dili, milli-mənəvi dəyərləri, mədəniyyəti ilə bağlı bütün fikirləri, ideyaları qorunub inkişaf etdirildi. Bu dövrdə yeni qələm sahibləri, yeni fikir ustadları yetişdi. Sevindirici haldır ki, mətbuatımız ənənəyə söykənərək irəlilədi. Artıq müstəqillik dövründə yaşayırıq. İctimai-iqtisadi formasiya dəyişib, sözün həqiqi mənasında, mətbuat və söz azadlığı mövcuddur.

Lakin mətbuat və söz azadlığının özünün də yaratdığı bir sıra problemlər ortaya çıxıb. Təəssüf ki, bu gün peşəkarlığın həddindən çox aşağı səviyyəyə düşməsi, mətbuatın təməl prinsiplərinə əməl olunmaması, peşə davranışı qaydalarının pozulması, insanlara şər və böhtan atılması, haqsız hücumlar edilməsi və s. kimi  nöqsanlar var. Biz jurnalistlər (mən köhnə jurnalistləri deyirəm) bununla  barışmaq istəmirik, barışmırıq. Çünki mətbuatımızın ənənələrinin qorunub saxlanması bizim üçün çox vacib, çox dəyərlidir. Bu məntiqlə də Mətbuat Şurasında Ahıl Jurnalistlər Məclisi yaradıldı və bu qurum çox uğurlu fəaliyyət göstərir.

Biz bu gün ahıl jurnalistləri redaksiyamıza dəvət etməklə, "dəyirmi masa"  keçirməklə istəyirik ki, həm onları kollektivimizlə tanış edək, həm də bizim cavanlar onları dinləsinlər, onlardan öyrənsinlər. Üstəlik, bunu qəzet səhifəsinə çıxarmaqla mətbuat haqqında dəyərli təklifləri insanlara çatdıraq. İstəyirik ki, onların fikirlərini bir daha gənclər, qəzetin nə olduğunu hələ kifayət qədər dərk etməyən şəxslər də eşitsinlər.

Hamınızı bir daha salamlayıram və "dəyirmi masa"nı aparmaq üçün sözü Ahıl Jurnalistlər Məclisinin sədri, əməkdar jurnalist Yusif KƏRİMOVA verirəm.

Y.Kərimov öncə Ahıl Jurnalistlər Məclisinin məqsəd və məramına toxunaraq dedi:

- Azərbaycan Mətbuat Şurası son illərdə milli jurnalistikamızın yüksəlişi, mətbuat işçilərinin rifahı naminə çoxlu sayda faydalı işlər görür, ictimaiyyətin diqqətini çəkən tədbirlər həyata keçirir. Önəmlisi odur ki, keçirilən tədbirlərdə gənc və orta yaşlı jurnalistlərlə yanaşı, ahıl qələm sahibləri də fəal iştirak edirlər. Bu da jurnalistikamızı təmsil edən nəsillər arasında körpü yaradır, yeniliklərlə təcrübəni, peşəkarlığı qovuşduraraq yaxşı ənənələrin daha da inkişaf etməsinə təkan verir. Bu səbəbdən də Mətbuat Şurası jurnalistika sahəsində layiqli xidmətləri və zəngin təcrübəsi olan yaşlı nəslin nümayəndələrini diqqətdən kənarda qoymamaq məqsədini ön plana çəkmişdir. Nəticədə Mətbuat Şurası nəzdində ictimai əsaslarla fəaliyyət göstərən belə bir qurum - Ahıl Jurnalistlər Məclisi yaradılmışdır.

Fəaliyyətinə 2010-cu ilin oktyabrından başlayan Ahıl Junalistlər Məclisinin əsas məramı yaşlı qələm yoldaşlarımızı unudulmağa qoymamaq, iş qabiliyyətini itirmiş, yaxud xəstəlikdən əziyyət çəkən, həyat eşqini itirməkdə olan həmkarlarımıza mənəvi dayaq durmaq, habelə dünyasını dəyişmiş görkəmli jurnalistlərimizin anım günlərini keçirməklə onların mətbuat sahəsindəki xidmətlərini və yaradıcılığını müasirlərimizə çatdırmaqdan ibarətdir. Ən əsası isə yaşlı jurnalistlərimizi "hərəkətə gətirmək", onları günümüzün aktual tədbirlərinə qoşmaq və cəmiyyət quruculuğuna yaxınlaşdırmaqla milli jurnalistikamızın inkişafı üçün faydalı ola biləcək "Ahıl+Cavan" tandeminə nail olmağın yollarını tapmaqdır.

Söz Mətbuat Şurasının sədri Əflatun AMAŞOVA verildi. O, "Mətbuat və söz azadlığı demokratik cəmiyyətin başlıca prinsiplərindəndir və bu prinsip ölkəmizdə bərqərar olur" mövzusunda söhbət açdı:

- Böyük anlamlarda dilə gətirilən mətbuat və söz azadlığı hər bir cəmiyyət üçün xarakterik sayılan və onun üzvlərinin mənafeyini uzlaşdıran dəyərlərdir. Həmin dəyərlərin gözlənildiyi cəmiyyət ona görə demokratikdir ki, orada media vətəndaşların dinc, birgəyaşam qaydalarının hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ilə uzlaşmasını təmin edir, fərqli düşüncəli insanların ortaq maraqlarını müəyyənləşdirir. Bu mənada 20 illik müstəqillik tarixinə malik Azərbaycanın özünəməxsus inkişaf yolu olub.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə yeridilən siyasət kursu jurnalistikamızda da hiss olundu. Bu mərhələni "itirilmişlərin bərpası" və ya belə demək mümkünsə, "ziyanlardan qorunmaq dövrü" kimi xarakterizə edərdim.

1998-ci ildə senzuranın ləğvi dövlətin media sahəsindəki sistemli fəaliyyət kursunun mühüm addımı kimi diqqət çəkdi. Amma bundan sonrakı proseslərin heç də rəvan getdiyini söyləmək olmaz. Çünki demokratik  təmayül kimi seçilən loyallıq xətti, əslində, keyfiyyət deyil, kəmiyyət dəyişikliyinə yol açdı. Bu isə jurnalistikanın azadlığını cəmiyyətin qərarlaşmış ab-havasına müxalif mövqeyə çıxardı ki, mövcud vəziyyət onun tənzimlənməsi zərurətini doğurdu. Bu gün 9 yaşını qeyd etdiyimiz Mətbuat Şurası, əslində, həmin zərurətdən yarandı. Onun əsas missiyası medianın demokratik mahiyyətini özünə qaytarmaq, prinsip kimi seçilən media azadlığı xəttinin obyektiv və subyektiv amillərin mənfi təsirinə uğramasından, sui-istifadəyə məruz qalmasından qorumaq idi.

Təbii ki, mətbuat və söz azadlığı prinsiplərinin formalaşmasında və belə demək mümkünsə, oturuşmasında qanunvericilik bazasının əhəmiyyəti böyükdür. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı dövrdən jurnalistika ilə bağlı ideyaların gerçəkləşməsində məhz qanunvericilik bazasının zənginləşdirilməsi mühüm işə çevrildi. Bu dövrü keyfiyyətcə tam yeni mərhələ kimi xarakterizə etmək üçün kifayət qədər əsaslar var. Mövcud mərhələnin ən böyük uğuru mediamızın hüquqi bazasının zənginləşdirilməsi ilə yanaşı iqtisadi müstəqilliyinin təminatına yönələn real tədbirlərin gerçəkləşdirilməsi, həmçinin problemlərin və onların real həlli yollarının müəyyənləşdirilməsidir.

Hazırda Azərbaycanda media zəngin hüquqi bazaya malikdir və bu baza qarşıya çıxan praktik situasiyalardakı ayrı-ayrı məqamlara adekvat sayıla bilər. Problem ondadır ki, kütləvi informasiya vasitələrinin ondan gözlənilənləri doğrultması adekvat təsir bağışlamır. Burada təbii amilləri də vurğulamaq lazımdır. İlk növbədə medianın iqtisadi vəziyyətinin aşağılığı qeyd edilməlidir. Əlbəttə, mövcud istiqamətdəki durumda ötən 2-3 illə müqayisədə nəzərəçarpacaq irəliləyişlər var. Bu mənada 2008-ci ildə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası"nın qəbulunu və konsepsiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun formalaşdırılmasını müstəsna hadisə kimi dəyərləndirmək lazımdır.

Konsepsiya dövlətin informasiya siyasətinin konstitusiyamızda ifadəsini tapan fikir, söz və məlumat azadlıqlarının təminatına, vətəndaşların sərbəst və maneəsiz informasiya almalarına yönəldiyini bir daha təsdiqləyib.

Bütün bunları nəzərə alaraq Azərbaycanda söz və mətbuat azadlığının cəmiyyətin başlıca prinsiplərindən biri kimi bərqərar olmasında mühüm mərhələnin geridə qaldığını söyləmək mümkündür. Lakin medianın demokratik institut statusuna  tam mənada yiyələnməsi üçün hələ çox işlər görülməlidir. Ümid edirəm ki, media ictimaiyyəti bu mühüm vəzifənin reallaşdırılması üçün üzərinə düşən missiyanı yerinə yetirməyi bacaracaq.     

Sonra Bəxtiyar SADIQOV "Azərbaycan iqtidarı müstəqil mətbuatın inkişafında maraqlıdır və daim ona dəstək verir", "Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərin dostu və qayğıkeşidir" mövzularında çıxış etdi:

- Azərbaycan müstəqillik dövrünə qədəm qoyduqdan sonra ölkə mətbuatında çox böyük keyfiyyət dəiyşikliyi əmələ gəldi. Mətbuatın inkişafı bir neçə mərhələdən keçdi. Birinci mərhələ müstəqil mətbuatın meydana gəlməsi dövrü idi. Bu dövr 1998-ci ilə qədər çəkdi. Müstəqil mətbuat yaranmışdı, amma onun fəaliyyətinin qanuni əsası yox idi. O dövrdə qəzetlərə senzura nəzarəti həyata keçirilirdi. Buna görə də müstəqil mətbuatın formalaşması prosesi ləngiyirdi.

Bundan sonrakı dövr mətbuatımızın mənəvi intibah dövrü oldu. Bu, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1998-ci ildə Mətbuatda dövlət sirlərini mühafizə edən Baş İdarə (Nazirlər Soveti yanında fəaliyyət göstərirdi, ona "qlavlit" deyirdik) ləğv olundu. Bununla da müstəqil mətbuatın formalaşması dövrü başlandı. Sonra KİV haqqında ikinci dəfə daha mükəmməl qanun qəbul olundu. Jurnalist fəaliyyətini hüquqi cəhətdən tənzimləyən, əsaslandıran, müxtəlif informasiya toplamaq azadlığını təmin edən və digər qanunlar qəbul olundu. Azərbaycan jurnalistləri artıq hüquqi cəhətdən əsaslanmış qanunlara istinad edərək fəaliyyət göstərə bilirdilər.

Sonrakı dövr Mətbuat Şurasının meydana gəlməsi dövrü oldu. Eyni zamanda Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. Qəzetlər dövlətsizləşdirildi, dövlətin tam nəzarətindən çıxarıldı. 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin qurultayında Mətbuat Şurası yaradıldı. O, legitim bir qurum və mətbuatın özü-özünü tənzimləyən bir qurum oldu. Bu da müstəqil mətbuatın inkişafında yeni bir mərhələdir. Artıq jurnalistlərin peşə davranışı qaydaları qəbul edildi, qurum mətbuatın problemləri ilə sistemli şəkildə məşğul olmağa başladı.

Ən nəhayət, 2009-cu ildə mətbuatın yeni dövrü, yeni mərhələsi başlandı. Bu da mətbuatın maddi durumuna dövlət dəstəyidir. KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyası hazırlandı və qəbul olundu. Bunun əsasında Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Fond bu gün də fəaliyyət göstərir. Qrantlı layihələr, yaradıcılıq müsabiqələri keçirilir. Bütün bu addımlar dövlətin həm qanunvericilik bazasını yaratması, həm senzuranın ləğvi, həm maddi dəstəyi idi. Bütövlükdə mətbuat, söz azadlığı ilə bağlı atılan bütün addımlar bir daha onu göstərir ki, Azərbaycan iqtidarı azad sözə daim dayaq durur.

Bizim vurğulamaq istədiyimiz başlıca məqam odur ki, ulu öndər Heydər Əliyev "Jurnalistlərin dostu" nominasiyası üzrə mükafata layiq görüldü. Senzuranın ləğvi, mətbuatın borclarının bağlanması və s. müstəqil mətbuatın inkişafı istiqamətində mühüm addımlar oldu. Bundan sonra Prezident İlham Əliyevin atdığı digər addımlar ona "Jurnalistlərin dostu" adını qazandırdı. Bilirsiniz ki, indi jurnalistlər üçün dövlət hesabına ev tikilir, bu çox mühüm bir işdir.  Prezident Mətbuat Şurasında idarə heyətinin üzvləri ilə görüşündə qaldırılan bir sıra məsələlərə müsbət reaksiya verdi. Bütövlükdə biz iqtidarın mətbuat və söz azadlığının inkişafına daimi qayğısını görürük.

Lakin mətbuatın hələ də həllini gözləyən bir çox problemləri var. Məsələn, mətbuatda peşəkarlıq səviyyəsi həddindən çox aşağıdır. Bu çox böyük problemdir. Mətbuatın siyasiləşdirilməsi problemi də var. Bu siyasiləşmə haradasa hadisələri obyektiv qiymətləndirməyə imkan vermir. Hərə hadisələrə öz partiyasının, öz qrupunun prizmasından baxır.

"Reket jurnalistika" yaranıb. İnsanlar qəzet səhifələrində haqsız olaraq təhqirlərə məruz qalırlar. Düzdür, Mətbuat Şurası belə hallarla mübarizəyə başlayıb! Müəyyən effekt var, amma neqativ halların olması da reallıqdır. Mətbuatın reklam bazarı hələ də tam formalaşmayıb. Məlumdur ki, jurnalistlər sosial cəhətdən heç də yaxşı yaşayan zümrəyə aid deyil. Bu məsələlərlə də bağlı müəyyən işlər görülür, zamana ehtiyac var. İstənilən qəzet köşkünə yaxınlaşıb istənilən sayda qəzet alıb elə-belə vərəqləməklə görərik ki, Azərbaycanda həqiqətən mətbuat, söz azadlığı var, müstəqil mətbuat var. Arzu edək ki, bunların səviyyəsi yüksək olsun!

Fəlsəfə elmləri doktoru Əlikram ABDULLAYEV öz çıxışında əsasən məmur və jurnalist probleminə toxundu:

- Zənnimcə, Azərbaycanda siyasi səviyyədə, hüquqi tənzimləmə səviyyəsində elə bir kəskin problem qalmayıb. Dünya təcrübəsinin ən yaxşı nailiyyətlərinə əsaslanan Azərbaycan iqtidarı mətbuat və dövlət münasibətlərini tam tənzimləyib və biz bununla fəxr edirik. Bununla belə, fikrimcə, jurnalist və məmur münasibətlərində müəyyən problemlər qalır. Bu elə bir məsələdir ki, heç vaxt gündəmdən çıxmır. Dünyanın heç bir ölkəsində buna etinasız qalmaq mümkün deyil. Bu, dinamik bir prosesdir və həll olunmuş məsələlərdən daim yeni məsələlər çıxır. Görünür, Azərbaycanda bu sahədə maariflənməyə ehtiyac var. Jurnalistlərlə, xüsusilə gənc jurnalistlərlə bu mövzuda görüşlər keçirilməlidir və bu konfliktin uzun sürən konfliktə çevrilməməsi üçün idarə edilməlidir. Məmur və jurnalist! Biz nə qədər istəsək də, bunlardan biri o birini ləğv edə bilməyəcək. Onlar əbədi qoşa yaşamalı, bir-birinə təzyiq etməli qüvvələrdir. İstər yazar, istərsə də məmur real prosesləri düzgün bilməli və başa düşməlidir. Biz buna nail olmalıyıq!

Azad jurnalist özünü azad hiss edə bilər, o tam sərbəstdir. Ancaq biz dünya təcrübəsindən də, öz təcrübəmizdən də bilirik ki, bu münasibətlər həm beynəlxalq, həm də hər bir dövlətin özünün daxilində qəbul olunan normativ hüquqi sənədlərlə tənzimlənir. Mən bu məsələni araşdırmışam. Demək olar ki, dünyanın əksər dövlətlərinin bu məsələyə baxışı uyğundur. Xüsusi model var, bu, beynəlxalq sənədlərdir və o modelə hamı uyğunlaşır. Həmin proseslərlə əlaqədar dövlətlər BMT-nin ixtisaslaşmış qurumlarına vaxtaşırı hesabat verir. Bu problemlər bəşəri problemlərdir. Yəni barışmaq, razılaşmaq lazımdır ki, azadlıq qanunla tənzimlənir.

Biz vətənin, milli mənəviyyatın, dilin təbliğini kifayət qədər edirik. Dövlət təbliğatını, dövlətin nə olduğunu da dərindən izah etməliyik. Bax, bunu kifayət qədər mənimsəməmişik. Bu istiqamətdə böyük işlər görülməlidir. Belə bir söz var: torpaq uğrunda ölən varsa, Vətəndir. Bunu bir balaca dəyişmək də olar: torpaq üstündə dövlətin varsa, Vətəndir. Yoxsa o torpaq sənin olmaz! Dövləti təbliğ etmək, sevmək, qorumaq, möhkəmləndirmək bizim çox mühüm vəzifələrimizdəndir!

Söz Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir SÜLEYMANZADƏyə verildi. O, "Qəzet bolluğunda oxucu marağını dolğun ödəyən müstəqil qəzet qıtlığı" mövzusunda danışdı:

- Ölkəmizdə nəşr olunan qəzetlərin sayı çoxdur. Amma bu qəzet bolluğunda normal müstəqil qəzet tapmaq çox çətindir. Doğrudur, özlərini müstəqil nəşr hesab edən nəşrlər var. Amma baxırsan, təsisçisi, redaktoru hansısa partiyanın üzvüdür. Oxucunu aldatmaq mümkün deyil, o çox həssasdır, hər sətirdə nəyin ifadə olunduğunu yaxşı bilir.

Etiraf edim ki, mən çox qəzet oxuyan adamlardanam. Hər gün köşkdən bir qoltuq qəzet alıram. Onların arasında iqtidaryönlü qəzetlər də olur, müxalifət mətbuatı da. Təbii ki, hər qəzet onun qarşısında qoyulan vəzifələri yerinə yetirməyə çalışır. Partiya mənsubiyyəti müstəqil fəaliyyət göstərməyə imkan vermir.

Ümumiyyətlə, təcrübə göstərir ki, iqtisadi müstəqillik olmadan müstəqil qəzet nəşr etmək mümkün deyil! Mənim yaxşı yadımdadır, bizim "Səhər" qəzeti oxucuların rəğbətini qazanmışdı. Qəzet kiçik olsa da, yüksək tirajla nəşr olunur, ictimai fikrə təsir edə bilirdi. Bu gün otuz qəzetə sığmayan informasiyanı biz o balaca qəzetə sığışdırırdıq. Bircə dəfə də olsun xahişlə, sifarişlə yazı dərc etmədik. Ona görə ki, heç kəsdən asılı deyildik. Elə ki kağız bahalaşdı, reklamların sayı azaldı, qəzetin nəşrində problemlər yarandı, bizi başa saldılar ki, siz kiməsə arxalanmalısınız, söykənməlisiniz. Əlbəttə, 1990-cı ilin qanlı yanvarında iki milyon tirajla nəşr edilib dərdli xalqın yarasına məlhəm olan, 1992-ci il fevralın 26-da Xocalı soyqırımı barədə əsl həqiqəti oxuculara çatdıran, müasir jurnalistikamızın ilk ənənələrini yaradan "Səhər" mətbuat tariximizdə olduğu kimi qalmaq istədi. İndi məndən soruşa bilərsiniz: bu gün əvvəlki "Səhər"i nəşr etmək mümkündürmü? Mən bu suala o vaxt müsbət cavab verə bilərəm ki, şəxsən özümün kifayət qədər maddi imkanım olsun.

Odur ki, bu gün Azərbaycanda müstəqil qəzetlərin qıtlığından yox, ümumiyyətlə, belə nəşrlərin olmamasından danışmaq lazımdır. Mən əminəm ki, nə vaxtsa müstəqil qəzetlər yaranacaq, redaksiyaların öz mətbəələri, səyyar satış şəbəkələri, yayım sistemi olacaq. Hiss olunur ki, dövlətimiz də müstəqil nəşrlərin yaranmasına maraq göstərir. Bu xoş münasibət və qayğı əvvəl-axır öz bəhrəsini verəcək.               

Görüşdə "Elm və həyat" jurnalının redaktoru Ülkər HÜSEYNOVA da iştirak edirdi. Onun çıxışı "Azərbaycan mətbuatında elmin təbliği"nə həsr olunmuşdu.

- "Elmsiz tərəqqi, tərəqqisiz isə həyat ola bilməz". Bu sözlərin müəllifi Azərbaycan mətbuatının cəfakeşlərindən olan, keçən əsrin əvvəllərində Naxçıvandakı mülkünü satıb Tiflisdə mətbəə alaraq "Şərqi-Rus" qəzetini nəşr edən M.Şahtaxtinskidir.

Uzun illər çalışdığım "Elm və həyat" jurnalında alimlərimiz və Azərbaycan elmi haqqında gedən yazılar bir daha göstərir ki, Azərbaycan xalqı dünyanın istedadlı xalqlarındandır. "Möminə Xatun" məqrəbəsinin memarı Əcəmi Naxçıvani, Şərqdə ilk "Ulduz" qlobusunun yaradıcısı, astronomiya, həndəsə, triqonometriya, fəlsəfə, mineralogiya, tibb, iqtisadiyyat, hüquq və s. elmlər sahəsində bu gün də aktuallığını itirməyən əsərlərin müəllifi Nəsirəddin Tusi, Bəhmənyar, Şihabəddin Sührəvərdi, Əbdülqadir Marağayi, mütəfəkkir şairlərimiz Nizami Gəncəvi, Füzuli və adlarını çəkmədiyim onlarla, yüzlərlə alimimiz elm tariximizdə xalqımızın üzünü ağ etmişlər.

Vaxtilə Məhəmməd Hadi ürək ağrısı ilə yazırdı ki, "yoxdur millətimin imzası imzalar içində". Əlbəttə, M.Hadi inkişaf etmiş Avropa ölkələrində elmin, tərəqqinin, xalqın maariflənmə səviyyəsinin yüksək olduğunu gördüyü üçün belə yazırdı. Lakin bu heç də o demək deyildi ki, azərbaycanlılar elmdən uzaq olublar.

Bu gün NASA-nın aparıcı alimlərindən olan XX əsrin dahisi - "qeyri-səlis məntiqin atası" Lütfi Zadə, Asim və Musa Yıldız qardaşları, qaz lazerinin banilərindən biri "Şərqin Eynşteyni" Əli Cavan, son illərdə Azərbaycandan getmiş, hazırda ABŞ-ın Kolorado ştatında çalışan, texnika elmləri doktoru Cahangir Babayev, ABŞ-da Traunhofer Molekulyar Biotexnologiya Mərkəzinin icraçı direktoru Vidadi Yusifov, yenə də ABŞ-da işləyən fizika-riyaziyyat elmləri doktoru Uğur Abdullayev, adlarını bilmədiyim, lakin dünyanın aparıcı dövlətlərinin ən sanballı elmi müəssisələrində uğurla çalışan azərbaycanlılar dünya elm tarixinə öz imzalarını atıblar.

Yarım əsrdən çoxdur ki, dünyada, o cümlədən Azərbaycanda elmi nailiyyətlər, Azərbaycan alimləri haqqında "Elm və həyat" jurnalı mütəmadi materiallar çap edir, elm yeniliklərini izləyib öz oxucularına çatdırmağa səy göstərir. İndi bu jurnalı qəzet köşklərindən almaq mümkün olmasa da, keçən əsrin 80-ci illərində 120-140 min nüsxə tirajla nəşr olunan, dünyanın altıda bir hissəsində yerləşən SSRİ adlı nəhəng bir dövlətin ən ucqar nöqtələrində - 136 şəhərində oxucuları var idi. Bu gün də öz nəşrini davam etdirən "Elm və həyat" jurnalı yenə də elmi, alimlərimizi təbliğ etmək, tanıtdırmaq missiyasını şərəflə yerinə yetirir.

"Elm" qəzeti də elmdən yazan mətbuat orqanlarındandır. Respublikada nəşr olunan onlarla qəzet daimi olmasa da, müxtəlif elmi problemlərdən bəhs edən məqalələr dərc edir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk nömrəsi işıq üzü görmüş "Azərbaycan"  qəzeti də Azərbaycan elminə, alimlərinə, elm yeniliklərinə həsr olunmuş yazılar dərc edir. Lakin bütün bunlar XXI əsr üçün çox azdır. Bir rəqəmi xatırlatmaq istəyirəm. İlk elmi-kütləvi jurnal XVII əsrdə işıq üzü görüb. Bu gün isə dünyada 25 mindən çox elmi-kütləvi jurnal çıxır. Bu dərgilərdə 1,5 milyona qədər yeni informasiya dərc olunur. "Elm və həyat" da bu dərgilərin siyahısındadır. ABŞ-da nəşr olunan jurnalların isə 82 faizi elmi-texniki jurnallardır.

Qəzet köşklərində elmi-kütləvi jurnalların sayı cüzidir. Xalqımızın elmi-kütləvi jurnallara marağı həmişə böyük olub. Bu gün "mətbuat bazarı"nda elmi təbliğ edən nəşrlərin sayı qənaətbəxş deyildir. Yüngül qazanc dalınca gedən naşirlərimiz ciddi elmi nəşrlərə maraq göstərmirlər. Məncə, "mətbuat bazarı"nda ciddi elmi nəşrlərin layiqli yerini tutmasının vaxtı çoxdan çatıb.

 

Ehtiyatda olan təhlükəsizlik polkovniki, jurnalist Əlövsət BƏŞİRLİ söz alaraq belə vacib bir məsələyə toxundu: "Ordu xalqın güvənc və qürur ünvanıdır, ondan məhəbbətlə yazılmalıdır".

- Ordu, hərbi-vətənpərvərlik mövzusu bir insan, azərbaycanlı, vətəndaş, jurnalist, hərbçi kimi məni həmişə dərindən-dərinə düşündürüb və yenə də düşündürür. Bu çox vacib və böyük məsuliyyət tələb edən mövzuda məqalələr, hekayə və povest yazmışam. Azərbaycan Silahlı Qüvvələrini xalqımızın güvənc və qürur ünvanı saymışam. Ordumuzdan məhəbbətlə, iftixarla və bəzən də ürək ağrısı ilə yazmışam.

"Qanla suvarılan ağac" povestində cəsur Azərbaycan qızı Qaratel qeyri-bərabər döyüşdə son gülləsinədək mərd-mərdanə vuruşur, əsir düşüb namusu ləkələnməsin deyə özünü sıldırım qayadan atır... Taqım komandiri Şahin döyüşçü yoldaşları ilə "Qayalıq" deyilən yerə gəlir, düşməni qəfil yaxalayıb məhv edir. O, dar cığırla enib sıldırım qayanın ayağında can verən Qarateli qolları arasına alanda qız gözlərini açır: "Şahin, sənsən? Yaxşı ki, özünü yetirdin, daha düşmənin murdar əli cəsədimə də toxuna bilməz... Anama de, ağlamasın. De ki, qızın tərtəmiz getdi... dağlarımızın çiçəyi kimi".

 Mən olmuş hadisəni yetərincə öyrənib qələmə almışam. Düşünmüşəm ki, axı nəyə görə qəhrəman oğul və qızlarımız haqqında az yazılır, hərbi-vətənpərvərlik mövzusu sistemli şəkildə yüksək səviyyədə işıqlandırılmır, bu çox vacib sahədə təbliğat-təşviqat işi zəifdir. Məktəb dərsliklərində, mətbuatda adda-budda yazılarla, televiziyada və radioda təkəm-seyrək göstərilən və səsləndirilən verilişlərlə qətiyyən kifayətlənmək olmaz.

İlk növbədə öz həmkarlarıma xitabən deyirəm ki, ordumuzdan, oğullarımızın əsgəri xidmətindən xoş niyyətlə yazsınlar, uğurlarımızı layiqincə dəyərləndirsinlər, oxuculara, xüsusən gənclərə yüksək vətənpərvərlik hisləri aşılasınlar. Yazıçı, jurnalist qələmi Mübariz İbrahimov kimi milli qəhrəmanlarımızın, peşəkar hərbçilərimizin yetişməsinə, boy sıralarının artıb möhkəmlənməsinə xidmət etməlidir.

Müstəqil Azərbaycanın Silahlı Qüvvələri gündən-günə güclənir, ən müasir silahlarla təchiz edilir. Belə ürəkaçan, təkzibolunmaz faktlar oxucuya  çatdırılmalı, hərbi-vətənpərvərlik qəzet və jurnalların, televiziya və radionun aparıcı mövzusu olmalıdır.

Şübhəsiz, hərbi hissələrdə çatışmazlıqlar da var, bəzən neqativ hallara da yol verilir və bunların tənqid olunması təbiidir. Ancaq bu məsələyə çox ciddi, əsl vətəndaş mövqeyindən yanaşılmalıdır: tənqid konkret faktlara söykənməli, peşəkarlıqla yazılmalı, göstərilən nöqsanlar da yubadılmadan aradan qaldırılmalıdır. Əks təqdirdə zahirən xırda görünən qüsurlar artaraq ciddi maneələrə, bəzən dözülməz neqativ hallara - ağır qəzalara, faciələrə gətirib çıxara bilər. Nəticədə bir-biri ilə sıx əlaqədə olan neqativ halların zəncirvari reaksiyası yaranar. Bunu möhtəşəm, nizami ordumuza yoluxmaq təhlükəsi olan virusa bənzətmək olar.

Əlaqədar qurumların dəstəyi, qətiyyəti ilə belə halların kökü kəsilməli, eyni zamanda təhlükəsizlik hər vəchlə gözlənilməli, hərbi sirr, məxfilik möhkəm-möhkəm qorunmalıdır.

Söhbətə "Xalq qəzeti"nin şöbə müdiri Tahir AYDINOĞLU qoşularaq "Jurnalistlər qaçqın və məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşmalıdırlar" dedi:

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, müharibənin bəla və fəsadları milli mətbuatımızın aparıcı və daimi mövzuları kimi haqlı mübarizəmizə informatik və təbliğati dəstək qazandırılmasına xidmət edir.

Dağlıq Qarabağ münaqişəsinin ilk zərbə dalğası Ermənistan ərazisindəki tarixi vilayətlərimizdə yaşayan 200 mindən artıq soydaşımıza dəydi. Onların  1988-ci ilin fevralından dekabrınadək kütləvi surətdə vəhşicəsinə incidilərək, var-yoxu əlindən alınaraq qovulması ilə nəticələndi. Azərbaycanın o zamankı rəsmi və rəhbər orqanları bu azğın, qəddar prosesin qarşısını almaqda aciz qaldı. Mövcud kommunist rejiminin nəzarətində olan rəsmi mətbuat da bu prosesin mahiyyətini və mənzərəsini əks etdirməkdən kənarda saxlandı.

Təəssuf ki, Azərbaycanın dövlət müstəqilliyi elan edilənədək Azərbaycan qaçqın probleminin həllində İttifaq dövlətindən hüquqi, eləcə də maddi-mənəvi yardım ala bilmədi. Kütləvi informasiya vasitələrinə isə bu məsələni beynəlxalq hüquq müstəvisindən işıqlandırmaq yasaq edildi. Aşıb-daşan, günü-gündən böyüyən xalq hərəkatının kəskin, cəsarətlə yanaşdığı qaçqın mövzusu rəsmi mətbuata yumşaldılmış və əhəmiyyətsiz şəkildə çıxarıldı. Bu isə o vaxtkı mətbuatı haqlı olaraq xalqın gözündən saldı. Nə yaxşı ki, cəsarətli publisistlərin yazılarında qeyri-formal nəşrlərin səhifələrində soydaşlarımızın Ermənistandan tamamilə çıxarılması müəyyən qədər xronikalaşdı.

Azərbaycan dövlət müstəqilliyini qazanar-qazanmaz Dağlıq Qarabağda kəskinləşmiş münaqişə, terror və vandalizm aktları dərhal alovlanıb qanlı müharibəyə çevrildi. Dinc əhali öldürüldü və yurdundan qovularaq məcburi köçkünə çevrildi. Beləliklə, Ermənistandan çıxarılmış 200 mindən artıq azərbaycanlı qaçqına öz ölkəsindən qovulmuş 50 min məcburi köçkün də əlavə olundu.

Dağlıq Qarabağı və ətraf 7 rayonu itirən xalqımız daha 750 min köçkünə sığınacaq verməli oldu. Beləliklə, son 20 ildə dilimizdə 1 milyonadək qaçqın və məcburi köçkün ifadəsi sabitləşdi. Bu sözlər KİV-in də gündəlik leksikonuna daxil oldu.

Dövlət müstəqilliyi dövründə ölkə KİV-i əsasən Dağlıq Qarabağ mövzusunda, eləcə də onun ən ağır nəticələrindən olan qaçqın və məcburi köçkün probleminin nizama salınmasında həmrəylik və dirəniş göstərir, bu bəlanın dünya ictimaiyyətinə çatdırılmasına çalışır. Lakin problemin açıqlanması zamanı ayrı-ayrı siyasi qüvvələrin bu mövzuya subyektiv, birtərəfli, ambisiyalar baxımından yanaşması da diqqəti cəlb edir. İkinci çatışmazlıq bu mövzudan daha çox ölkə daxilində söhbət açılması, bəşəri problemə çevrilmiş gənc Azərbaycan dövlətinin çiynində ağır yükə çevrilmiş bu məsələnin dünya mediası müstəvisinə geniş miqyasda çıxarılmamasıdır.

Problemin həllinə ilk illər beynəlxalq humanitar qurumlar müəyyən qədər dəstək versə də, son 15 ildə əsas ağırlıq Azərbaycan dövlətinin üzərinə düşür. Son 20 ildə 1 milyonadək qaçqın və məcburi köçkünün sosial məsələlərinin aradan qaldırılmasına yönəldilmiş 4,6 milyard dollar vəsaitin 3,7 milyardı dövlətin daxili mənbələri hesabına, 900 milyon manatı xarici qurumların köməyi sayəsində mümkün olmuşdur.

Milli mediamız Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda mübarizəmizdə dövlətimizlə, xalqımızla bir yerdədir. Bu mövzuda fasiləyə, qətiyyətsizliyə, məhəlləçiliyə yer yoxdur.

Söz "Xalq qəzeti"nin "dəyirmi masa"da iştirak edən digər əməkdaşına, Telman ƏLİYEVə verildi. O, "Uydurma erməni soyqırımı və ermənilərin türk soyuna qarşı törətdiyi soyqırımlarının milli mediamızda əksi" mövzusunda danışdı:

- Azərbaycan mətbuatında mənfur qonşularımızın saxta erməni soyqırımı yalanlarının ifşa edilməsi ilə bağlı saysız-hesabsız yazılar verilmişdir və bu iş  uğurla davam edir. Lakin erməni fitnələri də ara vermir. Guya 1915-ci ildə Osmanlı dövlətində 2 milyon erməninin soyqırımına məruz qalması barədə həyasız aksiyalar davam etdirildikcə bu yalanların ifşa edilməsi zərurəti də artır. Birinci dünya müharibəsi zamanı xarici imperialist dairələrin fitnəkar hərbi əməliyyatlarında, türklərə qarşı hücum əməliyyatlarında həlak olan ermənilərin sayı 300 mindən çox deyil. Halbuki erməni silahlı quldurları o illərdə bundan dəfələrlə artıq türkü və müsəlmanı Anadoluda və Qafqazda qətlə yetirmişlər. 1918-ci ilin yazında Bakıda, Qubada, Şamaxıda, Salyanda, Gəncədə, Qarabağda, Naxçıvanda, Qəbələdə və digər bölgələrdə erməni quldurlarının törətdikləri kütləvi qırğınlar əsl soyqırımı aktlarıdır. Bunlar təkzibedilməz tarixi həqiqətlərdir. Bunlar əsl soyqırımıdır.

1988-ci ildən bəri davam edən Dağlıq Qarabağ münaqişəsinin gedişində də dinc azərbaycanlılara qarşı saysız-hesabsız talan və qırğınlar törədilmişdir.

Xocalı qətliamı xalis soyqırımı kimi beynəlxalq aləmə tanıtdırılmaqdadır. Bu prosesdə ölkəmizin ardıcıl diplomatik siyasi tədbirləri ilə yanaşı, medianın da rolu misilsizdir. Ahıl jurnalistlər də bu mübarizədə xalqımızla bir sıradadır.

Daha sonra Azərbaycan mətbuatında dini tolerantlıq mövzusunun necə işıqlandırılması barədə danışmaq üçün söz "Kəlam" jurnalının redaktoru Mirəziz SEYİDZADƏyə verildi:

- Azərbaycanın mətbuat sahəsində apardığı siyasət fikir və söz azadlığı, vicdan azadlığı üzərində qurulub. Dövlətin din sahəsindəki bu siyasəti beynəlxalq hüquq prinsipləri və normalarına, Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ-hüquqi aktlara əsaslanır. Azərbaycanda hökumətin din sahəsində apardığı siyasət, vətəndaşların etiqad azadlığı haqqını təmin etmək sahəsində həyata keçirdiyi tədbir və qərarlar da öz müsbət bəhrələrini verməkdədir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda məscidlərlə yanaşı sinaqoqlar, kilsələr də fəaliyyət göstərir. Müxtəlif dini icmaların fəaliyyəti azaddır.

Ölkəmizdə dini etiqad azadlığı tamamilə təmin edilir, dini durum sabitdir,  dini tolerantlığın səviyyəsi yüksəkdir, dini mövzularda beynəlxalq konfranslar və görüşlər keçirilir, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyə yol verilmir. Dövlət orqanları bütün vətəndaşların, o cümlədən dini icmaların üzvlərinin hüquqlarını qoruyur. Cəmiyyətdə müxtəlif dinlərin nümayəndələri arasında lazımi dostluq mühiti hökm sürür.

Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Heç şübhəsiz, bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır.

Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi amili də böyük rol oynamışdır. VII-VIII əsrlərdə müsəlmanlar yəhudilik, xristianlıq və zərdüştiliyin tərəfdarlarına qarşı həmişə ehtiram və dözümlülük göstərmişlər.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu münasibətlər daha da yaxşılaşmağa başladı. Dözümlülük ruhunun qorunub saxlanılmasında müsəlman ruhanilərinin də danılmaz xidmətləri oldu. Müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir.

Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Dövlət başçısı müsəlmanlarla yanaşı, müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını da əsas dini bayramları münasibətilə təbrik edir.

Dözümlülük ənənələrinin qorunub saxlanılmasına Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz böyük töhfəsini verir. Dini icmaların başçıları arasında tam anlaşma və daha sıx əlaqələrin yaranması məqsədilə adıçəkilən idarənin rəhbərliyi mütəmadi olaraq onların iştirakı ilə görüş və seminarlar keçirir.

Bütün bu məsələlərin oxucuya hansı formada çatdırıldığı barədə danışmaq üçün söz "Vətən" nəşriyyatının direktoru Şəddat CƏFƏROVA verildi. Belə ki, onun çıxışı qəzetlərin siması və tərtibatı haqqında oldu:

- Müasir dövrümüzdə hər bir mətbu orqan oxucuları özünə cəlb etmək, dəst-xəttini fərqləndirmək üçün yaradıcılıq axtarışı aparmalıdır. Hər bir qəzetin düzgün tərtib olunması onun qrafik simasının ciddi şəkildə fərqlənməsinə imkan yaradır. Bu cəhət tərtibatın bütün sahələrində - sərlövhə, rubrika, başlıqlar, səhifələr, ayrı-ayrı materialların tərtibində, şriftlərdən istifadədə özünü aydın göstərməlidir.

Bir az da qəzet və jurnalların format tərtibatı haqqında. Bu sahədə də həm yeniliklər baxımından, həm də oxucunun göz zövqünü korlayan tərtibatlara rast gəlirik. Belə ki, vaxtı ilə A2 formatlı qəzetlərdə bir qayda olaraq 31/2 kvadratlıq - altı, 3 kvadratlıq - 7 sütundan, A3 formatlı qəzetlərdə isə 23/4 kvadratlıq 5 sütundan istifadə edilirdi. Hazırda çap olunan qəzetlərdə 3 sütundan 8 sütuna qədər istifadə edilir.

Qəzetlərdə mətnlər 6 kq-dan (nonparel) 10 kq-a (korpusa) qədər şriftlərindən istifadə olunur. Bu da qəzetin oxunaqlığına  yerləşdirilən materialın həcminə təsir edir. Bəzi qəzetlərdə yazıların məzmununun yaxşı açılmasına və qavranılmasına kömək edən tərtibat formalarından zəif istifadə edilir.

Qəzetlər poliqrafik vasitələrdən səmərəli istifadə etməklə materialların cəlbediciliyini artıra bilərlər. Redaksiyanın hazırladığı maket və tərtibatın elementləri nə qədər ifadəli olsa da, əldə edilən nəticə sonda qəzetin poliqrafik icrasından asılı olur. Qəzetin keyfiyyəti yığıcıların, dizaynerlərin, çap formasını hazırlayanların, çapçıların sənətkarlığından da xəbər verir. Bundan başqa, qəzetin siması kağızın və boyanın keyfiyyətindən və mətbəə imkanlarından da bilavasitə asılıdır. Son illər dövlətimizin çap işinə göstərdiyi qayğı nəticəsində bir sıra qəzetlərimiz rəngli dərc olunur. Biz artıq gerb və bayrağımızı öz rəngləri ilə çap edə bilirik. Lakin çap maşınlarının nəzərdə tutulan imkanlarından heç də səmərəli istifadə olunmur. Qəzetlərdə rənglər qəzetin ümumi sahəsinin 20-30 faizini təşkil edir. Əksər hallarda çap zamanı rənglər düz seçilmir. Bəzi qəzetlər açıq çəhrayı və yaxud da açıq mavi fonda ağ hərflərlə mətn verir. Təbii ki, bu mətn çətin oxunur, bəzən də heç oxunmur. Ümumiyyətlə, açıq rəngli fonlarda şriftlə yığılmış mətn oxunaqlılığı yalnız çətinləşdirir.

Bəzən qəzet və jurnallarda başlıqlar da düzgün seçilmir. Belə ki, 7 sətirli mətnə 3 sətirli başlıq verilir, aralarındakı fərq isə 10-12 punktluq olur. Çox vaxt da qəzetlər fotomontaja oxşayır. Orada mətndən daha çox müxtəlif şəkillər yerləşdirilir. Çap olunmuş şəkillərdə hansı mənzərənin təsvir olunduğu çətinliklə seçilir. Qəzetlərdə buraxılan orfoqrafik səhvlərə hətta başlıqlarda da rast gəlmək olur. Qəzetləri vərəqlədikcə aydın görünür ki, qəbul olunmuş standartlara riayət edilmir.

Əgər qəzetlərimiz deyilən bu və ya digər problemlərdən nəticə çıxarsa, öz qrafik simasını və məzmununu müsbət tərəfə dəyişməyə nail olacaq.

Azərbaycan mətbuatında zaman-zaman qadın jurnalistlər də çalışmışlar. Ənənə bu gün də davam edir. Qadın yazarların mətbuat tariximizdəki rolu barədə danışmaq üçün tədqiqatçı jurnalist, tarix elmləri doktoru Sabir GƏNCƏLİ söz aldı:

- 1911-ci ildə Bakıda Azərbaycan mətbuatı ailəsinə qoşulan ilk qadın jurnalımız "İşıq"ın işıq üzü görməsi tərəqqipərvər insanları, xüsusilə qadınları çox sevindirdi. Ziyalı qadınlar jurnala öz təbriklərini, maarifçilik istəklərini ifadə edən məqalələrini göndərdilər. Salatın Əhmədzadə fərəhlə qeyd edirdi: "Qafqaz müsəlman xanımlarının üfiq istiqbalını işıqlandıracaq "İşıq"ı təbrik edirəm".

Mövhumatın, qadın hüquqsuzluğunun hökm sürdüyü bir dövrdə qadının mətbuatda çıxış etməsi əsl qəhrəmanlıq idi. "İşıq" jurnalında biz onlarca qadının imzasına rast gəlirik. Cəmi iki il ömür sürmüş "İşıq" jurnalının 68 sayı çapdan çıxmışdır. Burada 30 nəfərə yaxın qadının imzası getmişdir. Xədicə xanım həyat yoldaşı, hüquqşünas Mustafa bəylə birlikdə bu jurnalın nəşrində böyük səy göstərmişdir.

Həmin dövrdə mətbuatda qadın məsələsi geniş yer alırdı. Azərbaycan ədiblərinin, mühərrirlərinin sıralarına qadın jurnalistlər də qoşulurdu. Belə ilk maarifpərvər qadınlardan Şəfiqə xanım Əfəndizadəni xüsusi qeyd etmək olar. Onun səsi ilk dəfə "Şərqi-Rus" (1903) qəzetindən eşidilmişdir. Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin demokratik və maarifçilik görüşləri Şəfiqə xanımın ədəbi-publisistik fəaliyyəti üçün bir ideya mənbəyi olmuşdur.

1918-1920-ci illərdə "Azərbaycan" qəzetində dərc etdirdiyi məqalələrində qadınları azadlığa və müstəqillik uğrunda mübarizəyə səsləyən Şəfiqə xanım mətbuat, mədəniyyət və maarif tariximizdə özünəməxsus yer tutur. Onun mübariz ruhlu məqalələri, hekayələri, ictimai və publisistik fəaliyyəti onlarla jurnalist qadının yetişməsində böyük rol oynamışdır. O, Ayna Sultanova, Mədinə xanım Qiyasbəyli ilə birlikdə 1923-cü ildə "Şərq qadını" jurnalının təşkili işində fəal iştirak etmiş, 1932-ci ilə qədər bu mübariz orqanın ədəbiyyat şöbəsinin müdiri işləmişdir.

"Şərq qadını"nın ilk redaktoru Ayna Sultanova, sonra əyalət müxbirindən peşəkar, mübariz redaktor səviyyəsinə yüksəlmiş "Köylü qızı" təxəllüsü ilə yazıb-yaratmış Gülarə Qədirbəyova, ictimai xadim Mina xanım Mirzəyeva, Xanımana Müftizadə və başqa fədailəri olmuşdur. 1938-ci ildən "Azərbaycan qadını" adı ilə bugünə qədər şərəfli yol gələn bu jurnal Azərbaycanda qadın jurnalistlərin yetişməsində bir məktəb olmuşdur. 89 illik tarixində onun səhifələrində yüzlərlə qadın çıxış etmişdir. Burada Şəfiqə Ağayeva, Ələviyyə Babayeva, Xalidə Hasilova, Ceyran Əbdürrəhimova, Svetlana  Nəcəfova, Gülxanım Göyçayeva, Sara Rəhimova, Lətafət Tağızadə kimi peşəkar jurnalistlər, yazıçılar çalışmışlar.

Azərbaycanın istedadlı jurnalist qadınları respublikamızın başqa mətbuat orqanlarında, radio və televiziyada, nəşriyyatlarda uğurla çalışır, mətbuatımızın inkişafına öz töhfələrini verirlər.

Respublikamız müstəqillik qazandıqdan sonra mətbuatımızın yeni dövrü başlamışdır. Əvvəllər 7-8 redaksiyada 3-4 qadın jurnalist çalışırdısa, indi qəzet və jurnalların da, ali təhsilli qadın jurnalistlərin də sayı xeyli artmışdır. Hətta onların bir çoxu təsisçi və baş redaktor kimi fəaliyyət göstərir.

Gənc jurnalistlərimizə, o cümlədən qadın yazarlarımıza dil, üslub və savad məsələlərinə xüsusi diqqət yetirmələrini tövsiyə etmək istəyirik. Qoy mətbuatımız həm mövzu, həm də bədii, gözəl, savadlı yazılarla oxucuların görüşünə gəlsin.

"Ənənə və müasirlik" məsələlərinin çözüldüyü "dəyirmi masa" arxasında söhbətdə, təbii ki, yeni jurnalist kadrların yetişməsindən də ətraflı bəhs olundu. Bu barədə danışmaq üçün söz BDU-nun Jurnalistika fakültəsinin dosenti Akif RÜSTƏMOVa verildi:

- KİV-in cəmiyyətdə artan rolu, genişlənən nüfuz dairəsi jurnalistika peşəsinə getdikcə daha ciddi yanaşmağı tələb edir. Jurnalistikanın bir ictimai institut kimi yeni məzmunda formalaşması onun mahiyyətinə yenidən baxmağı gündəmə gətirir. Bu prosesdə jurnalistin fəaliyyət prosesləri, ictimai, mənəvi, əxlaqi dəyərlərə riayət etməsi böyük əhəmiyyət kəsb edir.

Ölkəmizdə böyük quruculuq işləri gedir və mətbuat onları layiqincə işıqlandırır. Təbii ki, problemlər də mövcuddur və nöqsanlar həllini gözləyir. Di gəl qəzetlərin bir qismi yalnız quruculuq işlərinin təbliği ilə məşğuldur, digərləri isə nöqsanları qabardır. Yaxşı olardı ki, qəzetlər inkişafla yanaşı, nöqsanlara da öz səhifələrində yer ayırsın.

Bu gün gənc jurnalistlər nəsli yetişir ki, onlar da müstəqil mətbuatın formalaşmasında yaxından iştirak edirlər. Onların bir qismi iqtidar, bir qismi müxalifət, digər qismi isə müstəqil qəzetlərdə çalışan jurnalistlərdir. Əksəriyyətinin səviyyəsi qaneedicidir. Açıq desək, bəzi jurnalistlərdə peşəkarlıq zəifdir. Bu da özünü yazılarda açıq-aydın göstərir. Bunun nəticəsidir ki, mətbuatda etik normalar tez-tez pozulur. Jurnalistlər məhkəmələrə ayaq döyməli olurlar. Qəzetlərin məhkəməyə çəkilməsinin bir səbəbi məmur hikkələridirsə, digər səbəbi jurnalist səriştəsizliyi, onların peşəkarlığının natamamlığı ilə əlaqədardır.

Peşəkar jurnalist məsuliyyətli olmalı və fakta əsaslanmalıdır. Bu olmayanda vicdanlılıq, dəqiqlik, insana hörmət, qərəzsizlik, obyektivlik kimi prinsiplər pozulur. Biz tələbə jurnalistlərə bu prinsipləri aşılayırıq. Onlara deyirik ki, mətbuatda dərc olanan hər bir söz tirajlanaraq cəmiyyətin mənafeyinə də xidmət edə bilər, insanları uçuruma da apara bilər. Odur ki, hər bir jurnalist dərk etməlidir ki, peşəsinin mürəkkəbliyi cəmiyyət, insanlar, tarix qarşısında  sosial və mənəvi məsuliyyət daşımasındadır.

Bir məsələyə də toxunmaq istəyirəm. Azadlığı çox vaxt anarxiya kimi başa düşənlər də var. Azadlıq müəyyən çərçivədə fəaliyyət sərbəstliyidir. Çərçivə millətin, dövlətin mənafeyidir, o da qanunlara söykənir.

Fakültənin tələbələri haqqında deyə bilərəm ki, ümid verənləri çoxdur. Hazırda onlar "Student tims" qəzeti ilə yanaşı, "Jurnalist" qəzetini nəşr edirlər. "525-ci qəzet" və "Şərq" qəzeti tələbələrin yaradıcılıq laboratoriyalarıdır. "Xəzər" TV də tələbə jurnalistlərin formalaşmasında yaxından iştirak edir.

Yeri gəlmişkən onu qeyd edim ki, qabaqlar fakültəyə tələbə qəbulu müsabiqə yolu ilə aparılırdı. Üç turdan keçən abituriyent qəbul imtahanlarına buraxılırdı. Bunun üstün cəhəti o idi ki, fakültəyə yalnız jurnalist peşəsini sevənlər ərizə verirdi. İndi qəbul test üsulu ilə aparıldığından yazı qabiliyyəti olmayan, peşəyə maraq göstərməyənlər fakültəyə daxil olur. Onlar etiraf edirlər ki, jurnalist kimi işləməyəcəklər. Belələrinə nə qədər peşəkarlıqdan danışsan da, xeyri yoxdur. Baxmayaraq ki, dəfələrlə bu məsələni qaldırmışıq, nəticəsi olmayıb. Hər halda yaradıcılıq turunun keçirilməsinə ehtiyac var.

Bəs müasir jurnalistika sovet jurnalistikasından nəyi öyrənməlidir? Bu suala öz çıxışı ilə Yusif KƏRİMOV cavab verdi:

- Verəcəyim cavabın qısa variantı təxminən belədir. Əvvəla, hər hansı məsələyə münasibət bildirərkən zaman və məkan faktorunu unutmamalıyıq. "Sovet jurnalistikası" və "müasir jurnalistika" anlamları ayrı-ayrı zamanların, başqa sözlə, müxtəlif formasiyaların, ictimai quruluşların məhsulu olduğu üçün bir-birindən ilk növbədə mahiyyət etibarilə fərqlənir. Onlardan biri 70 il ərzində formalaşmış (hərçənd bu dövrün özünü də mərhələlərə bölmək olar) güclü totalitar dövlətin ideologiya silahı olan sovet jurnalistikası, digəri isə müstəqilliyini yenicə bərpa etmiş, sərbəst iqtisadiyyatın və demokratik cəmiyyət quruculuğunun çətin yollarını aşan gənc respublikanın hələ də özünün əsl modelini axtarmaqda olan müasir Azərbaycan jurnalistikasıdır. Belə olan halda, təbii ki, bu iki jurnalistika arasında keyfiyyət fərqləri də kifayət qədərdir. Məncə, onları müqayisə edərkən "yaxşı" və ya "pis" sözlərini işlətmək düzgün olmazdı. Çünki hər ikisi öz zamanı və ictimai quruluşu üçün daha faydalı olanı ön plana çəkərək təbliğ etmiş və etməkdədir.

Qaldı ki verilən suala, mən onun yönümünü bir qədər dəyişərdim: müasir jurnalistika sovet jurnalistikasından nəyi öyrənməməlidir? Bu suala cavab olaraq demək istərdim ki, ilk növbədə mütiliyi öyrənməməlidir. Çünki sovet jurnalistikası vahid mərkəzdən idarə olunan, sosializm ideologiyası ilə buxovlanan, yalnız imperiya maşınının sifarişlərini yerinə yetirən müti jurnalistika idi. Hər sahədə özünü göstərən bu asılılıq, üzüyolalıq milli jurnalistikamıza da zərbə vurmuş, onun dünya standartlarına yaxınlaşmasına mane olmuşdur. Təəssüf ki, mütilik azarının qalıqları miras kimi dövrümüzə də keçmişdir və cəmiyyətimizi demokratiya yolundan sapdırmaqda onun ziyanı az deyil.

Ümumiyyətlə, jurnalistikanın simasını, başqa sözlə, keyfiyyət göstəricisini müəyyən edən amil onun icraçıları, yəni jurnalistlərdir, daha doğrusu, onların peşəkarlığıdır. Bu sahədə sovet jurnalistikasından, sovet dövrü jurnalistlərindən öyrənməli cəhətlər çoxdur. Yazdığı mövzunun dərinliyinə varmaq üçün hər cür zəhmətə qatlaşmaq, peşəsinin şərəfini uca tutmaq, sözü yerində və zamanında demək, jurnalistikanın əxlaq kodeksinə maksimum əməl etmək, fəaliyyətində "biz"i "mən"dən üstün tutmaq, jurnalistikada biliyin və istedadın vəhdət təşkil etdiyini anlayaraq, daim öyrənmək həvəsi və s. bu cəhətlərdəndir.

Görüşdə çıxış edənlər eyni zamanda "Azərbaycan" qəzeti, burada dərc olunan yazılar haqqında da öz fikirlərini söylədilər. Qəzetin bütün mövzu və janrlarda çıxışlarının təqdirəlayiq olduğunu vurğulayaraq özlərinin bir sıra irad və təkliflərini də bildirdilər. Analitik yazıların  daha çox olması, qısa, maraqlı informasiyalara daha geniş yer verilməsi arzu edildi. Oxucuların məktublarından ibarət səhifələrin daha mütəmadi şəkildə verilməsi, hətta bölgələrdə onlarla görüşlərin keçirilməsi və bunun qəzetdə öz əksini tapması tövsiyə olundu.

Görüş iştirakçıları eləcə də işğal altında olan torpaqlarımız, yurd-yuvasından düşmən əli ilə perik salınmış qaçqın-köçkünlərin həyatı, xalqımızın qələbə əzmi barədə yazıları qəzetin hər nömrəsində oxumaq istədiklərini bildirdilər. Qəzetin elmə, alimlərimizin qazandığı nailiyyətlərə daha çox diqqət yetirməsi istəyi də ifadə edildi.

"Dəyirmi masa" iştirakçıları eləcə də "Azərbaycan"ın dinamizm, müasir qəzet nəşri texnologiyalarından daha çevik istifadə etməsini arzuladılar. Onun həmişə "Azərbaycan" adına laiyq olmasını dilədilər. Görüşdə Mirzə Fətəli Axundzadənin Həsən bəy Zərdabiyə yazdığı bu sözlər xatırlandı: "Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarənin zərifliyi və aydınlığı olmalıdır. Çünki sizin qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan adamlar üçün nümunə olmalıdır". Oxucular da, yazarlar da bu gün "Azərbaycan" qəzetini məhz bu istiqamətdə də yol göstərən, nümunə kimi görürlər.

"Azərbaycan" qəzetində təşkil olunmuş görüş bütün söylənən məram və vəzifələri yerinə yetirmək üçün təsirli vasitələrdən biri kimi dəyərləndirildi. Bunun bir ənənəyə çevriləcəyinə, bir başlanğıc olacağına, belə söhbətlərin digər redaksiyalarda, cavan kollektivlərdə də keçiriləcəyinə ümid ifadə edildi.

 

 

Azərbaycan.- 2012.- 28 mart.- S. 6-7.