Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurası işçi
qruplarının ilk toplantıları keçirilmişdir
İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının katibliyində işçi qruplarının ilk toplantıları keçirilmişdir.
Şuranın baş katibi Xəlil Akınçı AzərTAc-a bildirmişdir ki, sərmayə mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın diversifikasiyası, nəqliyyatın inkişafı və sahibkarlıq subyektlərinin əməkdaşlığı məsələləri üzrə dörd işçi qrupu 2011-ci il oktyabrın 13-də Astanada keçirilmiş iqtisadiyyat nazirlərinin toplantısının qərarı ilə yaradılmışdır. Həmin tarixdə Almatıda Türkdilli Ölkələrin I Zirvə toplantısında dövlət başçıları Bişkekdə keçiriləcək ikinci toplantıya qədər konkret qərarların hazırlanması tapşırığını vermişdilər. İşçi qruplarının məqsədi iqtisadi əməkdaşlıq və ticari əlaqələrin möhkəmlənməsi istiqamətində təkliflərin hazırlanmasıdır.
İşçi qruplarının toplantılarında hazırlanmış analitik hesabatlar hər bir ölkənin müvafiq nazirliklərinə göndəriləcək və cari ilin ikinci yarısında keçiriləcək növbəti toplantıda müzakirə edilməsi üçün vahid bir təkliflər paketi halında təqdim olunacaqdır. Türkiyə, Azərbaycan və Orta Asiyanı birləşdirəcək ən qısa yol olan Xəzər dənizi keçidinə ehtiyac olduğu, Bakı-Tbilisi-Qars dəmir yolu və digər mühüm layihələr üzrə daha geniş beynəlxalq əməkdaşlığın zəruriliyi də bu paketə daxil olacaqdır.
İşçi qrupları iqtisadiyyat nazirlərinə təqdim etmək üçün tövsiyələr hazırlamışlar. Tövsiyələrdə Xəzər dənizi keçidlərinin sürətləndirilməsi üçün ortaq bir şirkət qurulması, Xəzərdəki limanların quru yolları ilə birləşməsini təmin edəcək infrastrukturun təkmilləşdirilməsi, üzv ölkələrin ticari əlaqələri yaxşılaşdırmaq üçün beynəlxalq sazişlərə qoşulmaları, dənizə çıxışı olmayan ölkələrin Türkiyənin limanlarından və logistika mərkəzlərindən istifadə etmələri, hər il ortaq sərgi və biznes forumların təşkil olunması, təcrübə mübadiləsi üçün kursların keçirilməsi, hər bir üzv ölkənin digərlərində ticarət müşavirliklərinin açılması, kiçik və orta sahibkarlığın əməkdaşlıq imkanlarının genişləndirilməsi və birgə məlumat mərkəzi və internet saytının yaradılması məsələləri öz əksini tapmışdır.
Oqtay BAYRAMOV
Azərbaycan.- 2012.- 28 mart.- S. 8.