Moskvada Azərbaycan rəssamı Məryəm
Ələkbərlinin sərgisi açılmışdır
Moskva Müasir İncəsənət Muzeyində gənc və istedadlı Azərbaycan rəssamı Məryəm Ələkbərlinin "Novruz yeni gündür" adlı sərgisi açılmışdır. Ekspozisiya Moskva hökuməti, Moskva şəhər Mədəniyyət Departamenti və Moskva Müasir İncəsənət Muzeyi tərəfindən təşkil edilmişdir. Sərgidə rəssamın son üç ildə müxtəlif texnikadan istifadə edərək portret, natürmort, mənzərə janrlarında çəkdiyi 80-dən çox əsəri nümayiş etdirilir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sərginin açılışını Rusiyanın və Azərbaycanın mədəni həyatında əhəmiyyətli hadisə adlandıraraq demişdir: "Məryəm öz istedadı ilə bu gün bir çoxları üçün - həm özü, həm də əsərlərinə tamaşa edənlər üçün yeni dünya açmışdır. Onun əsərləri güclü daxili ekspressiya, rəng duyumu ilə təəccübləndirir, insan təxəyyülünü heyran qoyur. Onun minnətdarlıq dolu ən səmimi sözlərə layiq olan valideynlərinin bu məsələdə şəksiz böyük rolu vardır".
Sərginin kuratoru, tanınmış sənətşünas, Moskva Foto Evinin banisi və direktoru Olqa Sviblova Məryəm Ələkbərlinin qeyri-adi yaradıcılığını yüksək qiymətləndirmişdir. Onun sözlərinə görə, Məryəm Ələkbərlinin əsərlərinin gözqamaşdırıcı parlaqlığına, gənc rəssamın əsərlərinin ətrafa saçdığı daxili hərarətə heyrandır: "İncəsənət, həyatımızdakı hər bir problemə qalib gəlməyə kömək edir. Mən güclü energetikası olan bu əsərlərə həqiqətən məftunam. Mən həmçinin Məryəmi böyük sevgi ilə əhatə etmiş valideynlərinə minnətdaram". Sənətşünas xüsusi vurğulamışdır ki, Məryəmin yaradıcılığı ilə təsadüfən tanış olmuşdur və belə düşünmüşdür ki, bu əsərlər rus, alman və ya fransız avanqardına məxsus böyük rəssamların fırçasından çıxmışdır. O demişdir: "Elə təəssürat yaranmışdır ki, onun əsərləri sanki alışıb-yanır, onlardan ətrafa hərarət yayılır. Məryəmin əsərləri elə bir enerji saçırdı ki, özümə yer tapa bilmirdim. Mən bu əsərlərin sehrinə düşmüşdüm".
Məryəm Ələkbərlinin artıq püxtələşmiş rəssam, burada nümayiş etdirilən əsərlərin isə özlüyündə qiymətli olduğunu xüsusi vurğulayan sənətşünas demişdir: "Mən bu gün Məryəmin öz səhifəsini açdığı milli mədəniyyəti təbrik edirəm".
Məryəmin üslubunu məşhur rəssam Matislə müqayisə edən Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli Azərbaycan rəssamının istedadına valeh olduğunu bildirmişdir. Onun sözlərinə görə, Məryəmin formaları ümumiləşdirmək kimi nadir istedadı vardır: "O, nadir istedaddır. Bir çox rəssamlar bütün ömrü boyu sadə xətlərlə obraz yaratmağa çalışırlar, o isə artıq bunu bacarır". Məryəmin əsərləri o dərəcədə onu ruhlandırmışdır ki, Sereteli Fransa və ABŞ-da onun sərgisinin keçirilməsini, habelə ona əməkdar rəssam adının verilməsini təklif etmişdir.
Z.Sereteli demişdir: "Məryəm rəssamlıqda nadir hadisədir. O, artıq əsl rəssamdır. Məryəm kimi istedadlı insanların olması Azərbaycan dövləti üçün böyük sevincdir. O, haqlı olaraq bütün mükafatlara layiqdir".
RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy demişdir ki, istedadlı Məryəm Ələkbərlinin əsərləri ilə tanış olanda biz parlaq, fərdi və nadir olan əsl sənətdən zövq alırıq: "Məryəmin valideynləri Oqtay bəy və Fatma xanım Abdullazadələr dünyaya xüsusi həssaslıq və nəzakətlə yanaşan qeyri-adi ziyalı azərbaycanlı ailəsidir. Biz dünyanın zənginliyi hissini Məryəmin əsərlərində aşkar edirik ki, bu da bizi yaxşı mənada təəccübləndirir. O, geniş ürəyə, heyrətamiz intuisiyaya, təsirli forma hissinə malikdir".
Rəssamın anası, Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə sərginin təşkilatçılarına, belə bir sərginin Moskvada təşkil edilməsində böyük zəhməti olan ayrı-ayrı şəxslərə minnətdarlığını bildirərək demişdir: "Məryəm yalnız və yalnız indiyədək əhatə olunduğu sevgi sayəsində Məryəm ola bilmişdir. Ətrafında sevgi və ona heyranlıqla baxan baxışlar nə qədər çox olsa, o, bir o qədər çox və yaxşı əsərlər yaradacaqdır. O, sevgimizi toplayaraq bizə iki qatını qaytarmaq kimi fantastik bir bacarığa malikdir. Dünyamız da belə bir münasibətdən gözəlləşəcək, xoşbəxt və xeyirxah olacaqdır". O, sərginin kuratoru Olqa Sviblovaya, səfir Polad Bülbüloğluna, Azərbaycanın RF-dəki səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundovaya, "Baku" jurnalına, sərgidə iştirak edən İnna Kostinanın şəxsində Məryəmin bütün müəllimlərinə xüsusi minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, Məryəm dünyanı qəlbi ilə duyur və onun əsərləri ruhu qidalandırır. Onun əsərləri sərgiyə gələnlərdə heyranlıq hissi doğurmuşdur. Onlar bildirmişlər ki, insanla qeyri-verbal səviyyədə danışan bu əsərlərdən gözünü çəkmək mümkün deyildir. Daun sindromundan əziyyət çəkən uşaqlarla işləyən tanınmış Rusiya rəssamı və fotoqrafı Vladimir Mişutin demişdir: "Mən Məryəmin istedadına valeh olmuşam, hesab edirəm ki, o, müasir təsviri sənətdə əsl hadisədir". Məryəmin öz daxili aləmini rənglərin zənginliyi ilə ifadə etmək, forma və rənglərlə cəsarətlə işləyərək parlaq, ahəngdar və təhlükəsiz bir dünya yaratmaq bacarığı sərgiyə gələnləri valeh etmişdir. Onun bir çox əsərləri uşaq kimi həssas və pakdır. Görünür, "paklıq" sözü rəssamın bu sözün hər bir mənasında nadir olan yaradıcılığına uyğun gələn ən münasib epitetdir.
Qeyd edək ki, Moskva Müasir İncəsənət Muzeyində sərgi aprelin 8-dək davam edəcəkdir, martın 30-da isə Məryəm Ələkbərlinin albomunun təqdimatı olacaqdır.
Asya HACIZADƏ
Azərbaycan.- 2012.- 28 mart.- S. 8.