Baş Prokurorluğun əməkdaşları İtaliyada keçirilmiş tədbirdə iştirak etmişlər

 

 İtaliyanın Serakuza şəhərində "İqtisadi və maliyyə cinayətlərinin aşkar edilməsi, istintaqı və kriminallaşdırılması sahəsində standartların müəyyən edilməsi" mövzusunda ixtisaslaşmış regional treninq-seminar keçirilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbir Avropa Şurasının Şərq Tərəfdaşlığının Düzgün İdarəçilik və Korrupsiyaya qarşı mübarizə layihəsi çərçivəsində bu qurumun Kriminalistika sahəsində Ali Elmi Tədqiqatlar İnstitutu (ISISC) ilə birgə təşkil olunmuşdur.

Bazel İdarəçilik İnstitutunun Əmlakın Bərpası üzrə Beynəlxalq Mərkəzinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının qarşısının alınması sahəsində ixtisaslaşmış ekspertləri seminar iştirakçılarına cinayət yolu ilə əldə edilmiş əmlakın aşkar edilməsi, izlənməsi, üzərinə həbs qoyulması, müsadirəsi, habelə bu sahədə beynəlxalq əməkdaşlıq vasitə və alətləri barədə mühazirələr oxumuşlar. Eyni zamanda, qabaqcıl dünya ölkələrinin qeyd olunan sahədə formalaşmış istintaq və məhkəmə təcrübəsi, mövcud qanunvericilik və beynəlxalq standartlar barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

Tədbir iştirakçıları praktiki tapşırıqların həll olunmasında fəal iştirak etmişlər. Ekspertlər interaktiv şəkildə keçirilən təlim zamanı tədbir iştirakçılarının suallarını cavablandırmışlar.

Ukrayna, Moldova və digər ölkələrin nümayəndə heyətlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasını Baş Prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Orxan İsayev, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin şöbə rəisi Rövşən Əliyev, şöbə prokuroru Rəşid Mahmudov, həmçinin Sumqayıt Apelyasiya və Xəzər rayon məhkəmələrinin hakimləri təmsil etmişlər.

 

 

Azərbaycan.- 2012.- 28 mart.- S. 8.