Novruz bayramı tarixi-mədəni irsə bağlılığımızı parlaq nümayiş etdirir

 

 Bu fikirləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrikində bildirmişdir

 

 Azərbaycan xalqı əsrlər boyu zəngin ənənə və dəyərlərini yaşadaraq yad təzahürlərdən hifz etmişdir. Əsrlərin sərt sınaqlarından üzüağ çıxan xalqımız tarixinin ən keşməkeşli, çətin anlarında belə, mənəviyyatın təntənəsinə xidmət edən bu dəyərlərdən dönməyib, onları daim uca tutub. 70 il tərkibində yaşadığımız sovet imperiyası öz ideologiyasına uyğun təbliğat apararaq xalqımızı tarixi keçmişindən, milli-mənəvi dəyərlərindən uzaqlaşdırmaq istəsə də, buna əsla nail olmayıb.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Novruz bayramı dövlət səviyyəsində qeyd olunur, ölkə başçısı xalqı rəsmi müraciətlə təbrik edir. Milli Məclisdə qəbul olunmuş "Azərbaycan Respublikasının bayramları haqqında" qanuna və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram günü hesab edilmir.

Minilliklər içərisindən keçib gələn bu qədim el bayramı tarix boyu qadağalara və təqiblərə məruz qalsa da, öz gözəlliyini indi də saxlayır. Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm  hissəsini özündə ehtiva edən unikal mədəniyyət hadisəsidir. Bu bayrama tarixi inkişaf yönümündən baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğu aydın görünür. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, Türkiyədə və Orta Asiya türk dövlətlərində Novruz mart ayında bayram kimi qeyd olunur. Novruzun milli taleyimizdəki yerini, müstəqillik əldə etmiş gənc Azərbaycan Respublikasının dövlət quruculuğundakı məqamını, bir xalq, millət və dövlət kimi milli dirçəlişimizdəki rolunu məhz etnik özünütəşkil mexanizmi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bu bayramı milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirmişdir. Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklükyaşam gücü ilə qidalandıran fenomen kimi qymətləndirmişdir.

Novruz bayramı sovetlər birliyi dövründə rəsmən yasaq edilsə də, ümummilli lider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etmiş, folklorşünaslıq və fəlsəfə sahəsində aparılan elmi tədqiqatlarda onun ideoloji-siyasi əhəmiyyəti dolayı şəkildə önə çəkilmişdir. Ötən əsrin 70-ci illərində isə Novruz bayramı ilk dəfə olaraq məhz ulu öndərin xeyir-duası ilə rəsmən qeyd olunmuş, televiziya ilə yayımlanmışdır. Ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqının milli ruhunu yüksəldir, milli irsə, tarixə böyük məhəbbət yaradır, özünüdərki gücləndirirdi. Novruz adət-ənənələri o dövrdə çəkilmiş filmlərdə də özünə yer tapırdı. Hər dəfə "Dəli Kür" filmini seyr edəndə Novruzun necə təbliğ olunduğunu əyani şəkildə görürük. Bəli, məhz müdrik rəhbərin qayğısı ilə o illərdə qorunub saxlanılan milli-mənəvi dəyərlər sonralar Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasında müstəsna rol oynamışdır.

Lakin 1991-ci ilin oktyabrında müstəqillik nemətinə qovuşan Azərbaycanda yaşanan ziddiyyətli, təlatümlü proses və faciələr isə Novruzun əsl xalq bayramı kimi yüksək-əhval ruhiyyədə keçirilməsinə imkan vermədi. Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə respublika rəhbərliyinə qayıdışından sonra Azərbaycanın üzləşdiyi bir sıra musibətlər, faciələr aradan qaldırılmış, vətəndaş qarşıdurmasının qarşısı alındı. İctimai-siyasi sabitlik təmin olundu, maddi rifah halı ildən-ilə yaxşılaşan xalqımız Novruz bayramını yüksək əhval-ruhiyyədə qeyd etməyə başladı. Novruz dövlət səviyyəsində yüksək səviyyədə qeyd edilməklə yanaşı, dünya azərbaycanlılarının milli bayramına, effektiv ideoloji-siyasi təsir amilinə çevrildi. Ulu öndər 1994-cü ilin yazından başlayaraq hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi, ümumxalq şənliklərinə qatılaraq xalqımıza ikiqat sevinc yaşatdı, ölkə vətəndaşlarına Vətənin çiçəklənməsi naminə birlik, həmrəylik, saflıq və təmizlik arzuladı.

Hər bir məsələdə ulu öndərin ideyalarına tapınan Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan mühüm əhəmiyyət kəsb edərək çağdaş dövrün reallıqları ilə şərtlənir. Prezident İlham Əliyevin xalqımıza Novruz təbrikində bu mövqe bir daha aydın görünməkdədir. Bu bayramı müqəddəs milli irs hesab edən dövlət başçısı demişdir: "Novruz bayramı xalqımızın ən sevimli bayramlarındandır. Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində biz yüz illərdən bəri keçmişimizin çətin və mürəkkəb dövrlərində nikbinliymizi qoruyub saxlamış, gələcəyə daim ümidlə baxmışıq. Novruz ənənələrinin layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir. Ən ali bəşəri keyfiyyətləri özündə toplayan böyük mənəviyyat və hikmət xəzinəsi olaraq yaz bayramı tarixi-mədəni irsə bağlılığımızı parlaq nümayiş etdirir".

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində 2003-cü ildə Azərbaycan muğamının YUNESKO tərəfindən "Bəşəriyyətin şifahiqeyri-maddi irsinin şah əsəri" elan olunması, aşıq sənəti, Azərbaycan xalçaları ilə bağlı həyata keçirilmiş genişmiqyaslı fəaliyyət dövlətin mədəniyyət siyasətində xalqın sakral energetikasına bağlı milli dəyərlərin prioritet kimi götürülməsinin nə qədər doğrureal olduğunu təsdiqləyir. Bu istiqamətdə 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və Novruz bayramının qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi Azərbaycanın siyasətində Novruzun milli özünütəşkil və yaşatma mexanizmi kimi nə qədər böyük gücə, etnoenergetik qüvvəyə malik olduğunun parlaq sübutudur.

Azərbaycanın təşəbbüsü ilə BMT-nin 2010-cu il 23 fevral tarixdə martın 21-ni  Beynəlxalq Novruz Günü elan etməsi də bu bayramın bəşəri miqyasda roluna yüksək önəm verdiyinə dəlalət edir. Xalqımızın milli bayramı Novruzun BMT Baş Məclisi tərəfindən beynəlxalq gün kimi tanınması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən müvafiq qətnamə layihəsi hazırlanmış, digər dövlətlərlə razılaşdırılması və BMT-də qəbulunun təmin edilməsi üçün ölkəmizin BMT yanında daimi nümayəndəliyinə təqdim edilmişdir. Fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyası gündəliyinin "Sülh mədəniyyəti" adlı 49-cu bəndinə müvafiq olaraq, Azərbaycanın təsəbbüsü ilə irəli sürülmüş və Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniyanın həmmüəllifi olduğu "Beynəlxalq Novruz Günü" adlı qətnamə layihəsinin təqdimatını keçirmişdir. Tədbirdə Novruz bayramının qeyd edilməsinin tarixi, onun nəinki Azərbaycanda, o cümlədən Balkanlarda, Qara dəniz hövzəsi ölkələrində, Qafqazda, Orta Asiyada və Yaxın Şərqdə, ümumilikdə üç yüz milyon insan tərəfindən təntənəli şəkildə üç min ildən artıq bir müddət ərzində qeyd edilməsi barədə məlumat vermişdir. İclasın sonunda yekdilliklə qəbul olunan qətnaməyə əsasən, BMT Baş Məclisi Novruz bayramının Şərq və Qərb mədəniyyətlərinin xüsusiyyətlərini, əməkdaşlıq və həmrəylik ideallarını özündə ehtiva etdiyini nəzərə alaraq, dövlətlər arasında bundan sonra da geniş həmrəylik, yüksək hörmət və ehtiramı təşviq etmək məqsədi ilə martın 21-ni Beynəlxalq Novruz Günü kimi tanıyır, BMT-nin üzvü olan dövlətlərin Novruz ilə bağlı məlumatlılığının artırılması üçün səy göstərməyə çağırır. Eyni zamanda, BMT-nin üzvü olan dövlətləri və onun ixtisaslaşdırılmış orqanlarını, fondlarını, proqramlarını, həmçinin bu məsələ ilə maraqlanan digər beynəlxalq və regional təşkilatları, eləcə də qeyri-hökumət təşkilatlarını Novruz bayramını keçirən dövlətlərin təşkil etdikləri təntənəli mərasimlərdə iştiraka dəvət edir.

Prezident İlham Əliyev Bakıda Novruz bayramı münasibətilə təşkil olunan şənlikdə bildirmişdir: "Novruz Azərbaycan xalqının ən sevimli bayramlarından biridir. Xalqımız əsrlər boyu bu gözəl bayramı qeyd edir. Hər bir ailədə Novruz əziz bayram kimi qeyd edilir. Müstəqil Azərbaycan ancaq 20 ildir ki, Novruzu dövlət bayramı kimi qeyd edir. İyirmi il ərzində bu bayram, doğrudan da, həm rəsmi bayram kimi qeyd edilir, həm geniş şəkildə, bütün ölkəmizdə hər bir Azərbaycan vətəndaşı baharın gəlişinə sevinir, hər bir Azərbaycan ailəsi bu bayram günlərində bir yerdə olur. Bir neçə il bundan əvvəl Azərbaycanda Novruz bayramının beş gün qeyd edilməsi ilə bağlı imzaladığım sərəncamın da məqsədi məhz ondan ibarət idi ki, bu Novruz günlərində hər bir Azərbaycan ailəsi bu bayramı qeyd etsin".

 

 

 Elnur HACIALIYEV

 

Azərbaycan.- 2012.- 28 mart.- S. 9.