Yaşıl iqtisadiyyatın inkişafı dövrün tələbidir

 

Azərbaycan -2020: təklif edirəm

 

İqtisadiyyatın davamlı inkişafının təmin olunması üçün qarşıda duran əsas vəzifələrdən biri də təbii sərvətlərdən səmərəli istifadə edilməsi və ətraf mühitə  atılan müxtəlif  tullantıların azaldılmasıdır. Əgər iqtisadiyyatda əmək vasitələrindən, müxtəlif texnologiyalardanxammallardan istifadə etməklə məhsul istehsal olunaraq  müxtəlif  tullantılar  (bərk, mayeqaz halında) yaranırsa, yaşıl iqtisadiyyatda müxtəlif  tədbirlər (elmi-texniki-ekoloji-iqtisadi) həyata keçirməklə həmin tullantılar azaldılır və mümkün hallarda  onlardan səmərəli istifadə olunaraq  ətraf mühitə təsirlər də minimuma endirilir.

Hazırda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində 32 rayonda   və 8 şəhərdə, eləcə də Naxçıvan Muxtar Respublikasının  2 rayonunda su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulmasının təmin edilməsi ilə əlaqədar layihələr  həyata keçirilir. Azərbaycan hökuməti ilə Dünya Bankının həyata keçirdiyi  "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri" layihəsi çərçivəsində isə ölkənin 21, həmçinin Naxçıvan Muxtar Respublikasının 5 rayonunda su təchizatı, kanalizasiya sistemiqurğular yenidən qurulur. Verilən məlumatlara görə, bir sıra rayonlar üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) üzrə hesabatlar yekunlaşlmış, Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Lerik rayonları üzrə isə su təchizatı, kanalizasiya sistemləri və çirkab su təmizləyici qurğularının tikinti layihəsi ilə əlaqədar müqavilələr bağlanmışdır. Bunlardan əlavə, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək  tədbirlər planında Bakının 8 rayonunda yerləşən 57 qəsəbədə və yaşayış məntəqəsində, eləcə də  Abşeron rayonunun 4 qəsəbəsində və 4 kəndində su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması layihələri həyata keçirilir. Bu tədbirlər sırasında su ehtiyatlarından səmərəli istifadə etməklə KürAraz çayları boyunca yerləşən kəndlərin sakinlərini içməli su ilə təchiz etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həmin ərazilərdə 188 sutəmizləyici qurğuların quraşdırılması da əlavə olunsa, onda sözügedən sahə üzrə görülən işlərin miqyası və coğrafiyası barədə tam təsəvvür yaranar.

Lakin Abşeron yarımadasında böyük suvarma əhəmiyyətinə malik olan  Abşeron kanalı boyu tikilmiş bağ evlərindən axıdılan kanalizasiya  suları və bərk məişət tullantıları  ilə çirklənmə  davam edir. Baxmayaraq ki, kanalın təmizlənməsi və suburaxma qabiliyyətinin artırılmasına şərait yaradan layihə işlənib hazırlanmışdır, bununla belə, əhalinin sıx məskunlaşdığı  Bakının  və Sumqayıtın bağ massivlərində su təchizatı və kanalizasiya xidmətlərini yaxşılaşdırmaq, eləcə də bərk məişət tullantılarını idarə etmək (yığılması, daşınması,  emal olunması, yerləşdirilməsi) üçün müvafiq layihələrin   həyata keçirilməsinin də vaxtı çatmışdır.

Məlumdur ki, iqtisadiyyatın dinamik inkişafının nəticəsi olaraq ölkədəki avtomobillərin sayı artmaqda davam edir. Təkcə 2011-ci  ildə avtomobillərin sayı 59,8 min ədəd artaraq 1042,3 minə çatmışdır və hazırda orta hesabla  hər 100 ailədən 42-də şəxsi minik avtomobili var. Amma unutmayaq ki, avtomobil nəqliyyatından  atmosferə atılan  tullantıların tərkibində  insan orqanizmi və ətraf mühit  üçün zərərli olan karbon, azot, kükürd oksidləri, karbohidrogenlər, üzvi turşular, qurğuşun,  bərk hissəciklər və s. var. Yalnız Bakının daxili  marşrutlarında gün ərzində  3000-ə yaxın müxtəlif  tutumlu  avtobuslar  sərnişinlərə xidmət göstərir. Bundan əlavə, Bakı Şəhər Beynəlxalq və Şəhərlərarası Avtovağzaldan respublikanın rayonlarına müxtəlif marşrutlar üzrə gün ərzində 500-550 avtobus yola salınır. Düzdür, son illər həmin marşrutlarda işləyən müxtəlif tutumlu avtobuslar təzələnir. Bununla belə, bu cür tədbirlər davam etdirilməli və kiçik tutumlu avtobuslar təzələnməlidir. Eyni zamanda, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan avtomobillər ilkin mərhələdə AVRO-2 standartlarının tələblərinə cavab verməlidir. Azərbaycanda AVRO-3 standartına keçmək üçün tədbirlərin hazırlanması (normativ sənədlərin tətbiqi, yanacağın keyfiyyətinin yaxşılaşdırılması), bu standartın tələblərinə cavab verməyən  avtomobillərin ölkəyə gətirilməsinin qadağan olunması, sahibləri tərəfindən küçələrə, dalanlara, yaşayış məntəqələrinə atılan müxtəlif təyinatlı yararsız, müxtəlif təhlükə mənbəyi olan  avtomobillərin yığışdırılması, avtomobilləri ayrı-ayrı hissələrə ayıraraq onların emalını  həyata keçirən zavodun tikilməsi də həyata keçirilməlidir. Bunlardan savayı, yaxın  illərdə reallaşacaq "Bakı Şəhərinin Mərkəzi Hissəsinin Müfəssəl Planlaşdırılması Layihəsi"ndə  avtomobillərin atmosferə atdığı tullantıları azaltmaq üçün  trolleybuslar, elektromobillər, velosipedlər üçün xüsusi yolların çəkilməsi, yolların kəsişməsinin minimuma endirilməsi, küçələrin ətrafında yaşıllıqlardan geniş istifadə olunması nəzərə alınmalıdır.

Atmosfer havasına atılan istixana qazları əsasən yanacaq - energetika kompleksində  neftin və qazın istehsalı, emalı və enerji istehsalı zamanı yaranır. ARDNŞ ilə Dünya Bankının Qlobal Qaz Yandırmalarının azaldılması üzrə Tərəfdaşlıq Təşkilatı arasında bağlanmış sazişə əsasən, "ARDNŞ-də səmt qazının azaldılması planı" hazırlanmışdır. "Günəşli" yatağında və "Neft Daşları" NQÇİ-də  həyata keçirilən alçaq təzyiqli qazların yığılması və nəqli  layihəsi çərçivəsində tutulan səmt qazlarının illik həcminin müvafiq olaraq  310 milyon  və 203,6 milyon kubmetr olması nəzərdə tutulmuşdur. Yeri gəlmişkən qeyd edək ki, ARDNŞ-nin həyata keçirdiyi tədbirlər sayəsində 2006-cı ildə atmosferə atılan tullantıların həcmi 578,6 milyon kubmetrdən 2010-cu ildə 298,3 milyon kubmetrə qədər azalmışdır. bp şirkəti 2011- ci ilin üç rübü ərzində 2,8 milyard kubmetr səmt qazını sualtı boru kəməri vasitəsilə Səngəçal terminalına və oradan da ölkənin daxili istifadəsi üçün dövlət qaz şəbəkəsinə göndərmişdir.

Ölkədə enerji istehsalında alternativ və bərpa olunan enerji  mənbələrindən istifadə olunması üçün Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə   Dövlət Agentliyi tərəfindən müəyyən layihələr həyata keçirilmişdir. Bu  yaxınlarda təsdiq edilmiş 2012 -2020-ci illər üçün respublikada alternativ və bərpa olunan enerji  mənbələrindən istifadəyə dair dövlət  strategiyasının hazırlanması zamanı alternativ və bərpa olunan enerji  mənbələrinin hesabına istilikelektrik   enerjisi istehsalının istiqamətləri və stimullaşdırıcı tədbirlər müəyyənləşməli, normativ-hüquqi baza yaradılmalı, iqtisadiyyatın bütün sahələrində bu mənbələrdən istifadə olunması təmin edilməlidir. Strategiyada alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunmasını tənzimləyən, beynəlxalq tələblərə cavab verən qanunvericilik aktlarının, milli standartların hazırlanıb qəbul  edilməsi bu işi sürətləndirər.

Dünya Bankının və Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə ölkəmizdə "Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi" layihəsi həyata keçirilir. Layihənin həyata keçirilməsində əsas məqsəd Bakı şəhəri ərazisində bərk məişət tullantılarının idarə edilməsinin müasir səviyyədə təşkil olunmasıdır. İlk dəfə olaraq Bakıda bərk məişət tullantılarının ceşidlənərək yığılması ilə əlaqədar pilot layihələri həyata keçirilir. "Təmiz Şəhər" ASC tərəfindən ötən il İçərişəhər ərazisində "Çeşidlə və kömək et" layihəsinin həyata  keçirilməsində məqsəd sakinlərin tullantıları düzgün idarə olunmasından və onların çeşidlənməsi haqqında məlumatlandırılmaq idi. Belə ki, sakinlər evlərində topladıqları  tullantıları qidaqeyri-qida növləri üzrə çeşidləyərək xüsusi olaraq ayrılmış yaşıl və göy rəngli konteynerlərə atmışlar. Qala qəsəbəsində tullantıların yığımının və daşınmasının müasir standartlara cavab verməsini təmin etmək məqsədilə 120-dən artıq tullantı meydançası qurulmuş, evlərdə çeşidlənmiş tullantıların atılması üçün hər meydançada 2 konteyner qoyulmuşdur. Hazırda bərk məişət tullantılarının çeşidlənərək ayrılması və onların təkrar  emalını həyata keçirmək məqsədilə illik gücü 200 min ton olan mexaniki və yarımavtomat çeşidləmə xəttinin quraşdırılması davam etdirilir. Xətdə çeşidləmənin apaılması nəticəsində bərk məişət tullantılarından emala yararlı komponentlər (kağız, şüşə, plastik məmulatlar) ayrılaraq emala göndəriləcək, təhlükəli tullantılar (dərmanlar, boyalar, kimyəvi maddələrin qabları, batareya, akkumulyator, elektron məmulatlar) aidiyyəti yerlərə təhvil veriləcək, yanmaya yararlı tullantılar isə Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna göndəriləcək. Lakin bu zavodun illik gücü 500 min ton olduğu üçün (zavod bu ilin axırına kimi istismara verilməlidir) çeşidləmə xətlərinin sayı, onların yerləşdiyi ərazi dəqiqləşdirilməli, həmin çeşidləmə xətlərinin quraşdırılması və fəaliyyətə başlaması isə qısa müddət ərzində həyata keçirilməlidir.

Bakı şəhərində bərk məişət tullantılarının yığılması ilə Bakı Şəhər İcra Hakimiyyəti məşğul olur. Şəhərdə bərk məişət tullantılarının yığılması müasir dövrün tələblərinə cavab vermir. Bu ilin may ayında Bakıda mötəbər  "Avrovizion-2012" beynəlxalq  müsabiqəsi keçiriləcək. Fikrimizcə, Bakı ərazisində tullantıların tam yığılmasını və daşınmasını təmin etmək məqsədilə  konteynerləri və zibil yeşikləri məhəllə daxilində optimal yerləşdirilməli, tullantıların yığılıb daşınması "Təmiz Şəhər" ASC-yə həvalə olunmalıdır.

Regionlarda isə bərk məişət tullantılarının idarə edilməsi, demək olar,  həyata keçirilmir. Belə ki tullantılar vaxtında daşınmadığı üçün ətraf mühitə müxtəlif təsirlər göstərir, tullantılar daşındıqdan sonra hara gəldi (çay kənarına, yaşayış məntəqələrinin yaxınlığına) boşaldılır. Buna əsas səbəb tullantıların yerləşdirilməsi üçün  xüsusi hazırlanmış poliqonların olmamasıdır. Ölkədə turizmin inkişaf etdiyi  turizm obyektlərinin genişləndiyi bir vaxtda regionlarda bərk məişət tullantılarının idarə olunmasına böyük ehtiyac var.

2011-ci ilin məlumatına görə, hazırda sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrin sayı 2690-dan çoxdur.  100 müəssisənin isə  tikintisi davam edir. Aydındır ki, hər bir müəssisə istifadə etdiyi xammaldan, tətbiq etdiyi avadanlıqlardan və texnologiyalardan,  eləcə də istehsal etdiyi məhsuldan  asılı olaraq  ətraf mühitə müxtəlif təsirlər göstərir. Bu təsirlər uzun və qısamüddətli olmaqla bərabər,  bir təsirdən başqa bir təsir də yaranır. Buna görə də, tikintisi həyata keçiriləcək  müəssisələrin ətraf mühitə təsirləri araşdırılır və nəticədə ƏMTQ hesabatları hazırlanır. Həmin hesabatlar müvafiq icra orqanlarında ekoloji ekspertizadan keçdikdən sonra həmin müəssisələrin tikintisinə rəsmi icazə verilir. Bu səbəbdən "Ətraf mühitə təsirin qiymətləndirilməsi" haqqında və "Ekoloji ekspertiza" haqqında qanunların qəbul edilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər sürətləndirilməlidir. ƏMTQ haqqında qanun yeni tikilən bütün müəssisələrə tətbiq olunmalı, bu layihələr ictimai müzakirədən keçməli və hesabatlara  dair söylənilən təkliflər və iradlar nəzərə alınmalıdır. Bununla bərabər, müəssisələr tərəfindən müxtəlif tullantılar haqqında Dövlət Statistika Komitəsinə təqdim olunan hesabatların vaxtında və düzgün hazırlanmasına tələblər gücləndirilməli, onları vaxtında verməyən və yanlış məlumatlarla təqdim edən  müəssisələrə qarşı cərimələr tətbiq olunmalıdır.

2020-ci ilədək dövrü əhatə edən "Azərbaycan 2020 - gələcəyə baxış" İnkişaf Konsepsiyasında yaşıl iqtisadiyyatın da inkişafı, onun hədəf və istiqamətlərinin müəyyən edilməsi də məqsədəmüvafiq olardı.

 

 

 Şamil MÖVSÜMOV,

ekologiya və energetika

sahəsində müstəqil ekspert

 

Azərbaycan.- 2012.- 28 mart.- S. 10.