Görülən işlər də çoxdur, nəzərdə tutulan tədbirlər də

 

Son illər Ucar rayonunda abadlıq-quruculuq işləri uğurla gedir. Sosial-iqtisadi layihələrin icrası Ucarın simasını tamamilə dəyişərək yeniləşdirir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Ucarla bağlı nəzərdə tutulan tədbirlərin sistemli şəkildə həyata keçirilməsi rayonun kompleks inkişafına zəmin yaradır. Artıq yenidənqurma və tikinti-quruculuq işləri kəndləri də əhatə edir. Rayonda qazlaşdırma, elektrik enerjisi, içməli su təminatı məsələləri ilə bağlı əhəmiyyətli tədbirlər görülür.

Hər bir rayonun sosial-iqtisadi inkişaf göstəriciləri tikinti-quruculuq işlərinin miqyası ilə də şərtlənir. Bu baxımdan Ucarda da xeyli iş görülüb. Ötən il rayonda Heydər Əliyev Mərkəzinin, şahmat məktəbinin yeni binalarının, uşaq xəstəxanasının və poliklinikanın əsaslı təmirdən sonra açılışları olub. Rayonun su və kanalizasiya sisteminin yaradılmasının təməlqoyma mərasimi keçirilib. Bütün bu tədbirlərdə ölkə Prezidenti İlham Əliyev iştirak edərək Ucar ictimaiyyətinin nümayəndələrinə öz ürək sözlərini çatdırıb, qarşıdakı işlərdə ucarlılara uğurlar arzulayıb.

Rayonda tikinti ünvanlarının sayı çoxdur. Təhsil, səhiyyə, idman, mədəniyyət və digər sosial yönümlü obyektlər tikilərək istifadəyə verilir. Yerli əhalinin inşasının başa çatmağını səbirsizliklə gözlədiyi obyektlərdən biri də yeni konserv zavodudur. Zavodun istifadəyə verilməsi ilə xeyli iş yerləri açılacaq. Ümumilikdə Ucarda son səkkiz ildə 2801-i daimi olmaqla 11641 yeni iş yeri açılıb. Təqdirəlayiq haldır ki, bu iş yerlərinin açılmasında yerli sahibkarlar fəal iştirak edirlər.

Rayonda "Yeniləşən Azərbaycana yeni məktəb" devizi altında məktəb binalarının tikintisi uğurla davam etdirilir. Heydər Əliyev Fondunun vəsaiti ilə 320 şagirdlik Alpı, 380 şagirdlik Qazıqumlaq kənd tam orta məktəblərinin, eləcə də rayon şahmat məktəbinin, dövlət vəsaiti hesabına 240 şagirdlik şəhər 3 və 360 yerlik şəhər 4 nömrəli orta məktəblərinin yeni binaları tikilib istifadəyə verilib.

Rayon icra hakimiyyətindən aldığımız məlumata görə, 2004-2011-ci illərdə Ucarda 11 tam orta məktəb binası inşa edilib. Bu isə əvvəlki 20-25 illə müqayisədə xeyli çoxdur.

Hazırda hər biri 240 şagirdlik şəhər 5 nömrəli və Qazyan kənd 3 nömrəli tam orta məktəb binalarının tikintisi davam edir. Hər iki məktəb yeni dərs ilində istifadəyə verilməlidir. Bərgüşad kənd 2 nömrəli tam orta məktəbinə yeni bina tikilməsi üçün torpaq sahəsi ayrılıb və yaxın vaxtlarda tikintiyə başlanılması nəzərdə tutulub.

Heydər Əliyev Fondunun dəstəyi ilə Ucar uşaq xəstəxanasının və rayon poliklinikasının əsaslı təmir olunması iş şəraitinin xeyli yaxşılaşdırılmasına və tibb xidmətinin yüksəlməsinə zəmin yaradıb. 118 çarpayılıq xəstəxananın, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının, məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi rayon şöbəsi binalarının tikintisi isə ilin sonunadək başa çatdırılmalıdır.

Ucarda yol tikintisi də diqqətdə saxlanılır. Rayon ərazisindən keçən Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Ucar-Yevlax hissəsinin tikinti layihəsi üzrə 16.5 kilometrinin, Ucar-Kürdəmir hissəsinin tikinti layihəsi üzrə 31.5 kilometrinin inşası başa çatdırılıb.

Rayondaxili və kəndlərarası yollar da asfaltlaşdırılır. Müsüslü-Qazyan avtomobil yolunun 4, 5 kilometrlik hissəsində asfalt və çınqıl işləri görülüb. Ucar şəhərinin müxtəlif küçə və döngələrinə 22000 kvadratmetr həcmində asfalt döşənib.

Bəli, görülən işlər də çoxdur, nəzərdə tutulan tədbirlər də. Başlıcası isə işə əzmkar münasibətdir. Belə olan halda bu ilin də uğurla başa çatdırılacağına indidən əminlik yaranır.

 

 

 T.NƏZƏRLİ

 

Azərbaycan.- 2012.- 28 mart.- S. 10.