Günümüz himnlə açılıb, marşla bağlanmalıdır

 

 Sovet dönəmində hərbi vətənpərvərlik mövzusunda müxtəlif janrda, formada yetərincə ədəbiyyat nümunələri, bədii-sənədli filmlər, musiqi əsərləri yazılıb. İndio əsərləri oxuyanda, filmlərə baxanda istər-istəməz riqqətə gəlirsən. Məsələn, "Uzaq sahillərdə", "Bizim Cəbiş müəllim", "Onun böyük ürəyi", "Tütək səsi", "Sizi dünyalar qədər sevirəm" adlı Azərbaycan filmlərinə bu günmaraqla baxılır. Bəs indi vəziyyət necədir? Üzləşdiyimiz ədalətsizliklər haqqında yaradıcı insanlar hansı səpkidə əsərlər yaradırlar? Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, böyüməsinə rəvac verən bədii filmlər çəkilirmi? Musiqi əsərləri bəstələnirmi?

İnsafla desək, bəstəkarlarımız hərbi vətənpərvərlik mövzusunda diqqət çəkən, maraqlı, dolğun, eləcə də müxtəlif həcmli, janrlı əsərlər yaradıblar. Mərhum bəstəkar Vasif Adıgözəlov şair Teymur Elçinin sözlərinə 1989-cu ildə "Qarabağ şikəstəsi" oratoriyasını bəstələdi. Bu əsər həm Azərbaycanda, həm də qardaş Türkiyədə səsləndirilərək böyük rəğbətlə qarşılandı. Unudulmaz bəstəkar ömrünün sonunadək hərbi vətənpərvərlik mövzusunda uğurlu əsərlər yaratdı. Məsələn, "Odlar yurdu", "Çanaqqala", "Qəm karvanı" oratoriyası, "Çəkin Qarabağdan qara əlləri", habelə solist, xorsimfonik orkestr üçün "Şuşam, laylay" mahnısı və nəhayət, sonda "Natəvan" operası. Hərbi vətənpərvərlik mövzusunda bəstəkarlar həqiqətən, müxtəlif janrlarda möhtəşəm əsərlər yaradıblar. Sadəcə, onların adlarını çəkmək bəs edər ki, bu barədə müəyyən təsəvvür yaransın. Ramiz Mustafayevin "Salatın" oratoriyası, "Haqq səninlədir, Azərbaycan" kantatası, Tofiq Bakıxanovun "Yeddi saylı Qarabağ harayı" simfoniyası, Aqşin Əlizadənin "Ana torpaq" odası, Eldar Mansurovun bu mövzuda xeyli sayda mahnısı, Ceyhun Allahverdiyevin müxtəlif simfoniyaları, Vasif Allahverdiyevin tar üçün "Qarabağ balladası", nəfəsli orkestr üçün "Türk marşı", xalq çalğı orkestri üçün "Cəngi sədası", Mobil Babayevin "Məmləkətim" kantatası, Elnara Dadaşovanın müxtəlif romans və mahnıları, Tahir Əkbərin "Azadlığa gedən yollar", "Azərbaycan" odaları, Rəşid Şəfəqin "Ana torpaq Qarabağ" vokal xor silsiləsi, Sərdar Fərəcovun "Matəm harayları" simfonik lövhəsi, Oqtay Kazımovun "Qarabağ lövhələri" simfonik süitası, Azər Rzayevin simfoniyaları, Sevda İbrahimovanın "Vətən şəhidləri" kantatası, tarsimli orkestr üçün "Sənin üçün darıxmışam, Şuşa", İsmayıl Hacıyevin "Qarabağ" simfoniyası. Siyahı olduqca böyükdür. Bu bəstəkarların hər birinin hərbi vətənpərvərlik mövzusunda bir neçə, bəzən də 10-dan artıq əsəri var. Ötən illərdə bəstəkar Firəngiz Əlizadənin bəstələdiyi "Qarabağnamə" operası (libretto N.Paşayevaya məxsusdur) OperaBalet Teatrında tamaşaçılara təqdim edildi. Bəli, bəstəkarlarımız bu mövzuda yetərincə əsərlər yaradıblar. Bu, başqa söhbətdir ki, həmin əsərlər nə dərəcədə ekranda, efirdə, konsert salonlarında, mərasimlərdə səsləndirilir.

Əlbəttə, bəstəkarlarımız hərbi vətənpərvərlik mövzusunda həm iri əsərlər, həm də mahnılar, marşlar yazırlar. Bəstəkar Oqtay Rəcəbovun 35 mahnıdan ibarət "Vətən nəğmələri" adlı məcmuəsi böyüməkdə olan gənc nəsil və əsgərlər üçün nəzərdə tutulub.  Sovet dövründə cəmi bir televiziya fəaliyyət göstərirdi. Bəstəkarlarımız da heç olmasa, ayda iki mahnını həmin televiziyaya təqdim edə bilirdi. Vətənpərvərlik mövzusunda yazılan mahnılar birinci növbədə, qəbul olunurdu və təbliğ edilirdi. İndi bu ənənə yaddan çıxıb. Bir tərəfdən qeyri-professional bəstəkarların keyfiyyətsiz, mənasız "mahnıları" ekranları zəbt edir, digər tərəfdən də telekanallarda baş verənlərə nədənsə göz yumulur! Bir milyona yaxın qaçqını, məcburi köçkünü olan ölkədə bu qədər də şou proqramı olar?

Haqlı gileylər də eşidilir: yazmaqla deyil ki?! İndi hansı televiziya hərbi vətənpərvərlik mövzusunda yazılmış əsərlərin müsabiqəsini keçirir? Gərək günümüz himnlə açıla, marşla bağlana. Əksinə, özəl kanalların əksəriyyəti  qalmaqallar məkanına çevrilib. Vətənpərvərlik mövzusu çoxunun yadına düşmür. Əgər telekanalların əksəriyyətində əsl sənət əsərləri ikinci plana keçirsə, onların yerini orta və aşağı səviyyəli, zövqləri korlayan "musiqilər" tutursa, gənc nəsil hərbi vətənpərvərlik mövzusunda bəstələnmiş melodiyalardan necə xəbər tutsun? Bizim korifeylərimizin - Üzeyir Hacıbəylidən tutmuş Tofiq Quliyevə kimi, eləcə də indi səmərəli fəaliyyət göstərən peşəkar bəstəkarlarımızın hərbi vətənpərvərlik mövzusunda çoxlu əsərləri var. Musiqi əsərləri o zaman xalqın malına çevrilir ki, yaxşı təbliğ olunsun, səsləndirilsin, millətə çatdırılsın. Biz heç də əyləncəli proqramların əleyhinə deyilik. Sadəcə, üstünlük vətənpərvərlik mövzusunda olan əsərlərə verilməlidir! İndiki şəraitdə bizim buna böyük ehtiyacımız var!

Hərbi vətənpərvərlik tərbiyəsindən söhbət açarkən ilk olaraq Qarabağ mövzusunda yazılmış əsərlər yada düşür. Bu da təbiidir, xalqımızın ən ağrılı yeri Qarabağdır, işğal altında qalan torpaqlarımız, yurd itkisi, şəhidlər, döyüşlərdə əlil olmuş insanlardır. Bir sözlə, faciənin miqyası təsəvvür olunduğundan qat-qat çoxdur. Son illərdə Qarabağın tarixi keçmişindən, etnoqrafiyasından, uğrunda gedən qanlı döyüşlərdən, müharibənin törətdiyi faciələrdən, şücaət göstərmiş, şəhid olmuş qəhrəmanlardan xeyli bədii və publisistik əsərlər yazılmışdır. Təəssüf doğuran odur ki, yaxşı ilə pisin saf-çürük edilməsinə, istedadla yazılmış əsərlərin vaxtında, qərəzsiz və vicdanla təhlil edilib qiymətləndirilməsinə lazımi diqqət yetirilmir. Nəşr olunan bədii əsərlərin təbliği, reklamı demək olar ki, yoxdur.  Qəzet və jurnal səhifələrində çap olunan bəzi resenziyalar, təqdimat mərasimlərindən hazırlanmış bəsit, məzmunsuz reportajlar geniş oxucu kütləsi arasında elə bir əks-səda doğurmur. Ümumiyyətlə, bədii əsərlərin təbliğinə həsr olunmuş televiziya verilişləri yoxdur. Belə olan halda kitaba maraq olarmı?

Bu gün ədəbi əsərlər çox məhdud tirajla çap olunur. Respublikamızda kitab ticarəti təşkilatı olmadığından yazılan əsərlər paytaxtın darvazasından kənara çıxmır. Nəticədə nəsillər arasında mənəvi əlaqələr, oxucu səviyyəsinin tarazlığı itir və əyalətlərdə yaşayan oxucular istədikləri kitabları əldə etməkdə çətinlik çəkirlər.

Biz müharibənin müvəqqəti atəşkəs rejimində yaşayan bir ölkənin vətəndaşlarıyıq. Əslində, ərazi bütövlüyü uğrunda mübarizə gündəlik həyat normasına çevrilməlidir. İndi daha çox əyləncələr, mənasız "mövzular" meydan sulayır. Bunun da nəticəsində milli kimlikmilli şüur, yurda yiyəlik hissi kimi vətəndaş tərbiyəsi məsələsi kölgədə qalır. Dünya bəzən bizim həqiqətə inanmaq istəmir. İlk növbədə, yaradıcılığın bütün sahələrində bu məsələyə xüsusi önəm verilməlidir. Hərbi vətənpərvərlik tərbiyəsi mövzusunda kitablar yazılmalı, mahnılar, marşlar oxunmalı, sənədli-bədii filmlər çəkilməlidir. Əsas odur ki, arxa cəbhədə hər birimizin vətəndaş mövqeyi olsun. Olsun ki, bu, sabah tarixin və millətin mühafizəsi üçün qalxan rolunu oynasın. Qarabağ məsələsində böyük Azərbaycan düşüncəsini beyinlərə köçürəcək mükəmməl əsərlər yetərincə yaranırmı? Bəziləri söyləyirlər ki, filmlər çəkmək üçün maddi imkanlar zəifdir. Bu, doğrudanmı belədir? Necə olur ki, zövqsüz kliplərə, şoulara, müğənniciklərin konsertlərinə, "qastrollarına", qalmaqallarına sponsorlar tapılır, söhbət hərbi vətənpərvərlikdən gedəndə ortaya maliyyə problemləri çıxır?! Söhbət köksümüzdə vətəndaş mövqeyində çırpınan ürəyin olmasından gedir. Məgər ötən əsrin əvvəllərində, ondan da öncə xalqı maarifləndirmək, onu cəhalətdən xilas etmək naminə qəzet-jurnal nəşr edəndə, teatr yaradanda, film çəkəndə həmin şəxsiyyətlər var-dövlət içində üzürdülər? Xeyr, onların zəngin mənəviyyatları var idi! Təəssüf ki, əziyyət çəkib keçmişimizi öyrənməkdən, bir millət olaraq gələcəyimizi düşünməkdən qaçırıq. Əziyyət çəkməkdən çox əylənməyə meyilliyik! Televiziyalar ən baxımlı saatlarda para qazanmaq naminə konkret şirkət sahiblərinin zövqünə uyğun proqramlar hazırlayırlar. Nə əxlaqi, nə mənəvi dəyərini düşünmədən bütün axşamı özlərinin zövqlərinə uyğun tamaşaçıları da "əyləndirirlər". Müxtəlif qəzet və dərgilər də həmin şou aləmindən rəzil xəbərlər yazmaqla məşğuldurlar. Bu cür yaşam tərzinə işıqlı insanlar dözə bilmirlər! Biz indi qəhrəman üçün susamışıq. "Vətəni sevmədən onu kimsəyə sevdirmək olmaz" həqiqəti var. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində vətənin qorunmasının bütün maraqlardan üstün olmasını sübut edəcək işlərin təbliği önə çəkilməlidir! İstər ssenaristlərin, istərsə də rejissorların bir devizi olmalıdır - vətən, torpaq naminə! Əgər bu şüar hədəf götürülərsə, torpağına yiyəlik etmək mütləqliyi və vacibliyi şüurlara köçürülər. Bunun üçün nə etmək lazımdır? Hər kəs öz sahəsində qabiliyyətini ortaya qoymalıdır. Yazılacaq əsər də, tamaşaya qoyulacaq pyes də, oxunacaq mahnı da, çəkiləcək film də peşəkarlara tapşırılmalıdır. Bəlkə belə bir şüar irəli sürək ki, vətən və torpaq naminə bütün peşəkarlar birləşsin?!

Azərbaycan Respublikası Dövlət Film Fondunun direktoru, Mədəniyyət kanalının rəhbəri kinoşünas Cəmil QULİYEV:

- Son illər Azərbaycan kinosuna dövlət qayğısı durmadan artmaqdadır. Milli serialların çəkilməsi ilə bağlı ölkə başçısı İlham Əliyevin xüsusi sərəncamı oldu. Bu sahənin inkişafına maddi vəsait ayrıldı. Elə bunun nəticəsində də bu sahədə xeyli uğurlar əldə edilmişdir. İstər xalqımızın tarixi keçmişi ilə bağlı, istərsə də Qarabağ mövzusunda tammetrajlı filmlər çəkilir. Hərbi vətənpərvərlik mövzusunda son vaxtlar xeyli film istehsal olunaraq tamaşaçıların ixtiyarına verilmişdir. Kinorejissorlarımızdan Ceyhun Mirzəyevin "Fəryad", Gülbəniz Əzimzadənin "Ümid", Ənvər Əblucun " atlı oğlan", Rüfət Əsədovun "Arxada qalmış gələcək", Eldar Quliyevin "Girov", Ramiz Əzizbəylinin "Yalan", Elxan Qasımovun "Biz qayıdacağıq", Vasif Məmmədzadənin "Lal çinar" bədii, Cahangir Zeynallının "Qaçqınlar", Tofiq İmirlinin "Qədirin sorağında", "Qarabağ düyünü", Xamis Muradovun "9 dəqiqə", Nicat Feyzullayevin "Şirvanda izim qaldı" və digər sənədli filmlər çəkilmişdir. Bundan başqa, dövlət vəsaiti hesabına maliyyələşən "Bu meydan, bu ekran" kinolayihəsində də səkkiz adda film istehsalata buraxılmışdır.

Qeyd edək ki, hərbi vətənpərvərlik mövzusunda çəkilən hər bir filmdə kinematoqrafçılar buz bulaqlı, zümrüd ormanlı, münbit və bərəkətli Qarabağımızın tezliklə azad olunacağını ekran görüntüləri ilə tamaşaçılara çatdırmışlar. Qeyd edilən hər bir filmdə vətən torpaqlarının qaytarılmasına, qaçqınlarımızın öz yurd-yuvalarına dönəcəklərinə inam kimi böyük amala çağırış diqqəti cəlb edir. Bu ekran əsərlərində müqəddəs ideyaya böyük inamla yanaşı, erməni işğalçılarının xalqımıza qarşı törətdikləri vəhşiliklər də əksini tapır. Bütün bu filmlərin süjet xəttində bədnam qonşularımız tərəfindən xalqımızın başına gətirilən fəlakətlər durur. İndi kinoteatrların, demək olar ki, fəaliyyətinin dayandırıldığı, eləcə də tamaşaçıların bu mədəniyyət ocaqlarına maraqlarının azaldığı bir zamanda ekran əsərlərinin təbliğində müəyyən çətinliklər var. Bu işi televiziyalar yerinə yetirməlidir.

Bədii yaradıcılıq gerçək həyatın inikası olduğundan onda cəmiyyəti narahat edən, insanları düşündürən problemlərin əksini görmək və gözləmək, əlbəttə ki, təbiidir. Sevincini, kədərini, uğurlarını, bir vətəndaş kimi özümüzünkü bildiyimiz Vətənimizin müharibə şəraitində mövcudluğu, xain düşmənlərimiz tərəfindən bizə sırınmış hərb, nəticədə vətənimizin Qarabağ kimi əvəzsiz və gözəl bir parçasının düşmən əlinə keçməsiylə baş verən faciələr, dəhşətlər, insan fəlakətləri niyə çağdaş ədəbi prosesə yol tapa bilmir? Nədəndir ki, belə bir vaxtda hərbi vətənpərvərlik mövzusu müasir Azərbaycan ədəbiyyatının aparıcı mövzusuna çevrilə bilmir?

Hərbi vətənpərvərlik, konkret desək, Qarabağ müharibəsi haqqında əsərlər az yox, çox yazılır, kitablar nəşr edilir, qalın-qalın cildlər bağlanır, amma bütün bu ağır çəkili kitablar təəssüf ki, makulaturadan başqa bir şey deyil. Deyirlər son nəticədə kəmiyyət keyfiyyətə çevrilir, təəssüf ki,  bu fəlsəfi kateqoriyanı bədii yaradıcılığa aid etmək olmur. Ən müxtəlif, çox vaxt da natəmiz niyyətlərlə yazılan, hətta tərtib edilən  qalın-qalın kitablar insanların az-çox qalan müqəddəs hisslərini də təhqir edir. Yaxşı ki, oxuyan azdır, hamı bir-birinə kitabını gördüm deyir, oxudum deyən yoxdur! Mövzunun aktuallıgı arxasında gizlənib baltakəsməz kitablar baglayan yazıçını nə torpaq itkisi agrıdır, nə də vətənpərvərlik düşündürür. O cür onlarla "bədii" romanın, kitabın əvəzinə, istedadla yazılmış bir məqalə daha yaxşı, daha faydalıdır. Amma bu çoxluqlar içərisində adda-budda gözə dəyən həqiqi bədii əsərlərə də rast gəlirik.

Vətənpərvər olmaq üçün insan vətənini, elini-obasını sevməli, onun tarixini, indisini yaxşı tanımalıdır. Bu yerdə görkəmli yazıçı-publisist Mustafa Çəmənlinin Qarabağ xanlığının tarixindən bəhs edən, hər bir oxucuda güclü vətən, torpaq duyğusu oyadan "Xallı gürzə" romanı yada düşür. Səmimi yazıçı məhəbbəti ilə yazılmış bu roman başıbəlalı Qarabağ xanlığının tarixindən, Şuşanın təməlini qoyan Pənah xan Cavanşirdən bədii şəkildə söhbət açırsa,   yenə də Mustafa Çəmənlinin başqa bir romanı "Fred Asif" oxucunu müasir dövrümüzə gətirir. Aqil Abbasın  tək ədəbi aləmdə deyil, cəmiyyətimizdə həqiqətən, qəfil dolu effekti yaradan "Dolu" romanı oxuyanları sarsıtdı. Daha sonra Mövlud Süleymanlının "Erməni adındakı hərflər" analitik romanı  tarixi düşmənimizin xislətini öyrənmək, tanımaq, ermənilik sindromunu bilmək və düşmənə münasibətdə özünü də tanımaq baxımından faydalı əsər olmaqla bərabər, parlaq nəsr nümunəsidir.

Təəssüf ki, dramaturgiya sahəsində dediyimiz mövzuda mükəmməl əsərlərə rast gəlmək çox çətindir. O da məlumdur ki, rayon, başqa sözlə, əyalət teatrlarında  Qarabağ müharibəsi ilə bağlı ara-sıra pyeslər tamaşaya qoyulur və təbiidir ki, zəif konyunktura keyfiyyətli bu cür tamaşalar nəinki vətənpərvərlik hissləri tərbiyə edir, əksinə, tamaşaçını, yumşaq desək, bezdirir.

Amma həvəskar dramaturqları çox da qınamayaq, ümumiyyətlə, dramaturgiya bədii yaradıcılığın xeyli spesifik sahəsidir. Nəinki sosial sifariş olan ciddi hərbi vətənpərvərlik mövzusunda, hətta sərbəst mövzuda da pyes yazmaq asan başa gəlmir. Bununla belə, Akademik Milli Dram Teatrının səhnəsində Qarabağ mövzusu ilə bağlı iki əsərin adını çəkməsək, insafsızlıq olardı: Ramiz Novruzun "Hələ sevirəm deməmişdilər" və Hüseynbala Mirələmovun "Xəcalət" pyesləri. Hər iki tamaşanın quruluşçu rejissoru Bəhram Osmandır. Hələ Qarabağ yaralarının təzə olduğu, lentlərə alınmış dəhşətli xronikaların  teleekranlarda  vaxtaşırı göstərildiyi bir vaxtda tamaşaçını yalançı ah-vayla, şivənlə sarsıtmaq, vətənpərvər etmək mümkün deyil! Tamaşaçını və ya oxucunu ancaqancaq bədii sözün qüdrətiylə təsirləndirmək mümkündür. Çox yaxşı haldır ki,  adlarını çəkdiyimiz pyeslərin müəllifləri bunu bacarıblar.

Hərbi vətənpərvərlik mövzusu ilə bağlı müasir ədəbi prosesə etdiyimiz kiçik və ötəri bir ekskurs göstərdi ki, vəziyyət elə də ümidsiz deyil, sadəcə, biz olanları da oxumuruq,  görmürük. Ümumiyyətlə, cəmiyyətimizdə kitab oxumayanlar, teatr tamaşalarına baxmayanlar onların olmadığından  yeri gəldi-gəlmədi gileylənirlər. Onları da qınamaq istəməzdik, kitab təbliğatı bizdə yox dərəcəsindədir. Bu gün ən kütləvi təbliğat vasitəsi olan televiziya, populyar qəzetlər kitabların təbliğinə demək olar ki, yer vermirlər. Əlbəttə, biz də reallığı bilirik, yazıçının reklam haqqını ödəmək imkanı yoxdur, bəs telekanal rəhbərlərinin ziyalılıq vəzifəsi, qəzet redaktorlarının zərdabilik missiyası? Telekanallarımız gündə bir neçə dəqiqə kitab reklamına vaxt ayıra bilməzmi? Bəs məhsullarını reklam etdirən şirkətlərimiz necə? Vətənpərvərlik mövzusunda yazılmış  faydalı (!) bir kitabın nəşrini və reklam xərclərini  təmin edə bilməzlərmi? Hərbi vətənpərvərlik qaygıları elə yazıçınınmı boynuna düşməlidir?

O fikirdən də çox-çox uzağıq ki, vətəni qorumaq, torpağı düşmən tapdağından azad etmək üçün yalnız hərbi vətənpərvərlik mövzusunda çoxlu romanlar, pyeslər, şeirlər yazmaq lazımdır! Ölkəni, üstündə gəzdiyimiz torpağı, nəhayət, milli varlığımızı qorumaq üçün daha vacib məsələlər var,  amma  o da aydındır ki, həmin nəsnələri əldə etmək, hərəkətə gətirmək üçün  milli təəssüb hissi güclü olmalıdır. Vətənin qədrini bilmək üçün  vətəni sevmək lazımdır! Bu böyük, müqəddəs sevgini, məhəbbəti yaratmaq isə həm də ədəbiyyatın vəzifəsidir.

 

 

 Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 28 mart.- S. 11.