Almatıda MDB Parlamentlərarası Assambleyasının 20 illiyi ilə əlaqədar yubiley iclası keçirilmişdir

 

 Qazaxıstan Parlament Məclisi mətbuat xidmətinin verdiyi məlumata görə, Almatıdakı "Dostluq evi"ndə MDB Parlamentlərarası Assambleyasının (PA) 20 illiyi ilə əlaqədar yubiley sessiyası keçirilmişdir.

Xüsusi sessiyada Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə deputatlar Arif Rəhimzadə, Rüfət Quliyev, Hacı Salayev, Rauf Əliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslərdən ibarət Azərbaycan nümayəndə heyəti, həmçinin Rusiya Federasiyası,  Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ukrayna, Maldova və Ermənistan parlamentlərinin sədrləri, Türk PA-nın baş katibi Ramil Həsənov və bir sıra digər beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.

Qazaxıstan Senatının sədri Kayrat Mami dövlət başçısı Nursultan Nazarbayevin yubiley sessiyasının iştirakçılarına təbrik məktubunu oxumuşdur. Sonra K.Mami bildirmişdir ki, 1992-ci il martın 27-də Almatıda, elə bu qədim binada MDB PA-nın yaradılması ilə əlaqədar Saziş imzalanmışdır və bu gün inamla demək olar ki, ötən 20 il ərzində regional əməkdaşlığın genişləndirilməsi istiqamətində böyük işlər görülmüşdür.

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko görülən işlərə yüksək qiymət vermiş, MDB PA-nın fəal iştirakı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, Dnestryanı və Abxaziya münaqişələrində atəşkəs elan olunması, sülhünsabitliyin qorunmasında sülhməramlı səylərin böyük rolu olduğunu qeyd etmişdir.

Oqtay Əsədov bildirmişdir ki, bu ölkələr arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin genişləndirilməsində MDB PA-nın rolu danılmazdır və mən əminəm ki, işlər bundan sonra da davam etdiriləcəkdir.

Sessiyada MDB-nin üzvü olan ölkələr arasında əlaqələrin dərinləşdirilməsi, MDB PA çərçivəsində əməkdaşlığın perspektivləri və digər məsələlər müzakirə olunmuşdur.

Sonra Valentina Matviyenko qonaqlara "MDB PA-nin 20 illiyi" yubiley medalını, Kayrat Mami isə parlamentin sədrlərinə "Qazaxıstan müstəqilliyinin 20 illiyi" yubiley medalını təqdim etmişdir.

Yekunda MDB PA-nın 20 illiyi haqqında Bəyanat qəbul edilmişdir.

 

 

Qulu KƏNGƏRLİ

 

Azərbaycan.- 2012.- 29 mart.- S. 2.